Xortdanın cəhənnəm məktubları
Məzmun
Səhifə 15 / 25 · 56%
Xalq sənə pul verib yaxalarını divan get-gəlindən qurtarırdı. Sənə iyirmi manat verəndə yüz manat xərcdən və neçə ilin avaralığından xilas olurdular. Sən də bunu hər bir mejevoy olan yerə gedib ispor qoyurdun. Nə qədər and içirəm inanmırlar. Gündə neçə dəfə qurğuşun əridib boğazıma tökürlər.
Dəsturov həqiqət, bir Allahdan qorxan, əhli-iman, xalis Əli şiəsi, şeyxi təriqətində bir kişi idi. Təharəti, izaləyi-nəcasəti gözləməkdə əvəzi yoxdur. Birdən labüd qalıb, bir erməniyə əl verəndən sonra evinə gedincə əlini havada saxlardı və evə gələndən sonra əlini möhkəm suya çəkərdi.
Əlində həmişə ağacı olardı. Gər bir məclisdə onun ağacı bir neçə erməni, ya rus ağacları ilə bir küncə qoyulsaydı, ağacı çuxasının ətəyi ilə tutub, gətirib evdə həmçinin, suya çəkəcək idi. Müsəlmanlıqda belə möhkəm adam idi.
Məclislərdə həmişə şəriətdən, təriqətdən söhbət salıb, İmamın min verst məsafədə nə olduğunu bilməyini sübut edərdi və Əli-ibni-ƏbuTalibin dünyanın xilqətindən qabaq varlığına neçə-neçə dəlillər gətirərdi. Həmçinin Əli ilə Allahın arasında bir fərq olmadığına Qurandan, üləmanın kitablarından, hədislərindən şahid gətirərdi.
Bir dəfə bir məclisdə üsuli mollaları ilə şeyxi mollaları arasında yuxarıda zikr olunan məsələlər üstündə böyük mübahisə oldu. Üsuli mollaları sübut edirdilər ki, İmama Allah tərəfindən əmr olmasa divarın dalında nə olduğunu bilməz. Şeyxilər də deyirlər:
– Vaxta ki, ona İmamət verilib, o hər şeyi bilir.
Bunu da deməliyəm ki, Qarabağda, Naxçıvanda və bir para Qafqaz şəhərlərində, Təbrizdə... bu məsələ üstündə axundlar camaatı İki tirə ediblər. Bu İki tirə həmişə bir-birilə ədavətdə idilər. Hətta bir-birlərinin küfrlərinə də hökm edirdilər.
Məclisdən çıxdıq. Dəsturov əlinin mənim kəmərimə keçirib dedi:
– Qardaşoğlu, bu üsulilər adlarını müsəlman qoyublar. Amma sırf kafirdirlər. Bunlar İmamın, xüsusən Əli-ibni-Əbu-Talibin məqamını bilmirlər. Mən Əli-ibni-Əbu-Talibin kəramətindən sənə bir şey söyləyim.
Sən də yeri düşəndə bu kafirlərə söylə. İnanmırlar, gedib Ağa Bağır Məclisinin kitablarına baxsınlar.
Vaxta ki, peyğəmbər əleyhissalam meraca getdi, yeddinci göyə çatanda səs gəldi: “Ya rəsulullah, buradan yuxarı daha çıxa bilməzsən, burada dayanacaqsan”.
Bu səs peyğəmbərin qulağına aşna gəldi. Əlinin səsinə oxşadı...
Qulaq ver, dürüst qulaq ver!
Bir az vaxtdan sonra bir ədəd yaqut məcməyidə peyğəmbərə Allah tərəfindən şirbrinc (südlü sıyıq) gəldi. Peyğəmbər ərz elədi ki, pərvərdigara, mən bu şirbrinci tək yeyə bilməyəcəyəm. Bu halda bir əl gəlib, onunla şirbrincdən götürüb, yeməyə məşğul oldu. Düyünün bir dənəsi haman əlin üstünə yapışdı.
Peyğəmbər meracdan qayıdıb, Əlini hüzuruna çağırdı. Baxıb nə gördü? Şirbrincin düyüsü Əlinin əli üstündə idi.
İndi gəl, bu əhvalatı bu kafirlərə anlat! Yüz deyəsən inanmayacaqlar. Əlinin məqamı belə böyükdür. Hələ bundan da bir qəribəsini nağıl edim...
Dedim:
– Buyurun!
Dəsturov başladı:
– Bir vaxt Mədinənin ətrafında bir böyük əjdaha peyda oldu. Bu heyvanın yetmiş min ərəş uzunluğu idi, yeddi min ərəş eni və yeddi min ərəş qalınlığı idi. Mədinə əhlindən kənara çıxanı əjdaha haman saat kamına çəkib udurdu. Belə ki, xalq qorxusundan evlərinə dolub, eşiyə çıxmağa cürət etmirdi.
Bir dəfə əjdahanın müqabilinə böyük qoşun göndərdilər: əjdaha qoşunun hamısını yaraq-əslihələri ilə bir yerdə kamına çəkib uddu.
Belə yaman heyvan idi!
Bir gün bu əjdaha daxil oldu Mədinənin küçəsinin birinə və küçə ilə sürünüb girdi Əbu-Talibin evinə. Əbu-Talibin adamları qaçıb künclərə qısıldılar.
Əli o vaxt bir yaşında idi və beşikdə yatmışdı. Bir də baxdılar: uşaq qollarını bələkdən çıxartmaq istəyir. Bir az çalışıb, əllərini bələkdən azad eləyib, bir əli ilə əjdahanın üst dodağından və bir əli ilə alt dodağından tutub, dartıb əjdahanı İki parça elədi.
Get bunu da kafirlərə söylə. İnadlıqlarından buna da inanmayacaqlar.
Bir dəfə Dəsturovun evində idim. Onun böyük oğlu bir kənarda oturub Vaqifin şeirlərini oxuyurdu. Birdən bu sözləri oxudu:
Alimü abid, müridü mürşidü şagirdi-pir,
Nəfsi-əmmarə əlində cümləsi olmuş əsir.
Dəsturov məndən xəbər aldı:
– Qardaşoğlu, “nəfsi-əmmarə” nə deməkdir?
Dedim:
– Yəni əmredici nəfs. İnsanı pis yollara dəvət edən nəfs.
– Yox, belə deyil. Bunu da gərək biləsən, elmin arta.
– Buyurun, əmi.
– Elə ki, Adəmlə Həvvanı behiştdən qovdular, şeytan öz oğlu Xənnası gətirib bunlara nökər verdi. Ər və arvad bu nökərin əlindən təngə
“Həmləyi-Heydəri” kitabından.
gəldilər. Hərçi çalışdılar, onun əlindən qurtara bilmədilər. Axır bir gün Xənnası aldadıb, özləri ilə dərya kənarına aparıb, orada bunun bir qolundan, bir qıçından tutub atdılar dəryaya. Elə ki, Xənnas suyun dibinə getdi, xatircəm olub evə qayıtdılar. Evə yetişib gördülər ki, Xənnas qapıda əyləşib.
Neçə gündən sonra Xənnası yenə aldadıb səhraya apardılar. Orada bir böyük ocaq qalayıb, Xənnası atdılar ocağın içinə. Xənnas yanıb kül oldu. Adəm və Həvva onun külünü havaya sovurub qayıtdılar. Gəlib yenə Xənnası qapıda oturmuş gördülər.
Bu da olmadı.
Bir müddət də keçdi. Bir gecə sübhədək ər-arvad fikirləşib sübh bir qazan su qaynadıb, Xənnası atdılar qaynar suyun içinə, Xənnas suda bişdi. Sonra Adəm və Həvva bişmiş Xənnası çıxardıb yedilər. O vaxtdan şeytan Adəm övladının qəlbində qalıb, onu hər bir pislik tərəfinə çəkir. “Nəfsi-əmmarə” buna deyirlər.
Dəsturovun ərizə yazmaqda yədi-beyzasi var idi; hər məsələ xüsusunda, hər idarəyə ərizə yazardı.
– Bəy, axır yağış yağmayır, nə etməli! Bağlarımız, əkinlərimiz yandı; bizə bir əlac!
– Nə çətin işdir, bir ərizə yazaram, sabah yağış yağar.
– Bəy, qonşunun qızına gözüm düşüb, hərçi çalışıram, zalım qızı
məhəl qoymur.
– Bir ərizə yazaram, bir könüldən min könülə sənə bənd olar.
– Bəy, bu ilin doludan və çəyirtkədən çox qorxusu var.
– Ərizə yazaram, bir dolu düşməz və çəyirtkələrin də ağızları bağlanar. Ərizə yazmaq üçün bir tək elm kifayət eləməz. Mən ali təhsil görməmişəm. Bununla belə, mənim başım darülfünundursa da, yenə ərizə işində kar görməz. Əldən-ələ, qələmdən-qələmə çox təfavüt var. Kişinin ki, əqidəsi möhkəm oldu və xülusüqəlb ilə əlinə qələm aldı, onun ərizəsi daşdan keçər. Necə də ki, keçir.
Dəsturov ərizələri və sair kağızları dəmir qələm və duru mürəkkəblə yazmaz idi. O deyirdi:
– Bunları kafirlər icad ediblər. Odur ki, onlarla yazılan ərizələrin də təsiri olmur.
Bəy həmişə təbrizlilər kimi qamış qələm işlədirdi.
Rus hökuməti Qafqaza malik olandan sonra sabiq xanlıqların əhalisindən rus imperatorunun adına minlərlə ərizə göndərildi. Bu ərizələri göndərənlər ata-babalarına xanlar tərəfindən verilmiş bəyliyin və xanlığın təsdiq olunmasını rus hökumətindən rica edirdilər. Rus hökuməti bu ərizələrə cavab olaraq Gəncədə, Bakıda, Lənkəranda, Şuşada və sair xanlıqlar mərkəzində “bəy komissiyası” adında iyirmi dörd üzvdən ibarət bir komissiya tərtib edib, ərizə verənlərin və sair xahiş edənlərin həqiqi bəy olmaqlarının təftiş və müəyyən edilməsini bu komissiyaların öhdəsinə verdi.
Komissiyanın birinə Dəsturov katib təyin olunmuşdu. Bu adam çox durbin olduğundan, bəy zümrəsinə düşənlərin hamısının xüsusi bir siyahısını tutub özündə saxlayırdı. O idi ki, bəyliyini sübut etmək istəyən birbaş gedərdi Dəsturovun qulluğuna. Dəsturov dəftərini açıb baxırdı.
Elə ki, dəftərdə o şəxsin babasının adını tapdı, o saat bir qədər ondan para alıb, canişin dəftərxanasına bir ərizə yazıb, o adamın babasının filan nömrədə bəy yazılması haqqında “bəy komissiyası” işlərindən surət istərdi. Və surət də, əlbəttə, gələrdi.
Bu iş Dəsturov üçün bir böyük mədaxil yolu olmuşdu. Və ömrünün axırınadək bu yolla dolanıb başı gora apardı. Dəsturovu cəhənnəmdə görəndə dedim:
– Pərvərdigara, belə müqəddəs kişi cəhənnəmə düşəndə bəs behiştə kim göndəriləcək?
Gözlərim qaraldı, başım gicəlləndi. Odabaşından xahiş etdim ki, məni tez buradan bir başqa yerə aparsın.
Odabaşı dedi:
– Gəl, bu yaxında bir kişi əyləşib. Görən tək tanıyacaqsan. Onun da halını görmək bəd olmaz.
Odabaşının dalınca bir qədər gedəndən sonra oddan yapılmış bir böyük otağa daxil olduq. Otağın divarlarının uzunu kürələr tİkilmişdi. Hər kürənin qabağında bir nəfər əli kürəkli mələk dayanıb, kürəklə kürədən qızarılmış pullar çıxarıb, kürə ətrafında düzülmüş adamların qabaqlarına atırdı. Adamların başlarının üstündə, əllərində odlu taziyanə tutmuş taziyanə tutmuş mələklər onları döyüb, pulları saymağa məcbur edirdilər.
Birdən bir səs eşitdim.
– Atam-atam! Vurma, görürsən ki, sayıram.
“Atam-atam” ləfzini eşidən tək, dostum hacını tanıdım: “Atamatam” onun təkyəyi-kəlamı idi. Hər kəslə danışsaydı deyərdi.
Kitabxana.az · https://kitabxana.az/works/haqverdiyev-xortdanin-cehennem-mektublari
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
İki pərdəli dramİştirak edənlər
Birinci pərdəPərdə açıldıqda İranda şəhər meydanı görünür. Səhnənin ortalığında Fazil Dərbəndinin*heykəli eşşək üstündə əyləşib, ətrafında neçə nəfər köhnə kulak, boyunlarında kəndir və*
İkinci pərdəQafqazda şəhər meydanında böyük izdiham. Arvad, uşaq, kişilər bir-birinə qarışıb. Səhnənin dalından təbil və zinc səsi gəlir. Şaxsey, vaxsey sədası eşidilir. Cavanların boyunlarına arvadlar bir-bir kəfən tikib, yola salırlar. Əkbər, əlində qılınc, qoltuğunda ağ, gəlib, arvadların içində anasını tapıb çağırır.Əkbər**. Ana gəl bu ağı mənim boynuma tik.
Yeyərsən qaz ətini, görərsən ləzzətiniKeyfiyyəti-qəribədir ki,üç məclisdə tamam olur
Başqa şairlərin şeirləri
Ey ağalar necə olurHalı yardan ayrılanın
AğlaramGənə yeni başdan dərdlərə düşdüm,Alışdım, dutuşdum, yandım, ağlaram,
GörünməzNazənin gözəllər seyrə gedirlər,Ol mahi-tabanım hani görünməz,
Hər nə kim almaq dilersən, al ilə gəl məndən alHər nə kim almaq dilersən, al ilə gəl məndən al,Aldanıram mən sənə, sən hər necə edərsən al.