Xortdanın cəhənnəm məktubları
Məzmun
Səhifə 16 / 25 · 60%
Uzaqgörən
Odabaşı dedi:
– Bu yer xəsislər yeridir və sənə göstərmək istədiyim də haman bu kişidir ki, görürsən.
Hacı Bakıda bir məşhur kişi idi. Istər dövlətdə, istər xəsislikdə.
Neçə ədəd böyük imarətləri, gəmiləri, karvansaraları var idi. Bununla belə, gündə İki abbasıdan artıq xərc etməzdi. Yol uzaq olanda faytona minməzdi, çünki beş şahı fayton pulunu böyük xərc hesab edərdi.
Həmişə qonkaya minərdi. Haraya istəsəydi, bircə şahı manata aparırdılar. Bəzi vaxt görürdü ki, yol uzaqdı, qonka da yoxdur, odur ki, faytona minmək lazım gəlir. Hacı dayanıb faytonları birbəbir ötürərdi: axırda cındır, ityatmaz fayton tapıb, ona yanaşıb, faytonçuya deyərdi:
– Atam-atam! Sən bu gün axşamadək şəhəri boş-bekar dolanacaqsan!
Heç kəs rəğbət eləyib, sənin faytonuna əyləşməyəcək. Üç şahı verim məni evə apar.
Faytonçu deyərdi:
– Ay hacı ağa, biz hamımız səni tanıyırıq. Sənin pulunun sayıhesabı yoxdur; belə simiclik nəyə lazımdır? Özün bilirsən ki, taqsı beş şahıdır; məndən İki şahı kəsib harana yamayacaqsan?
Hacı cavab verərdi:
– Yamadığım yeri yaxşı bilirəm. Mən dövləti beləliklə qazanmışam.
İndi ki, çox danışırsan, bir abbası al.
Axır faytonçunu bir abbasıya razı edib minərdi və deyərdi:
– Bizim bu əyyamın cavanları hamısı acından öləcəklər. Çünki çıxacaqlarını bilməyirlər. Böyük dövlət sahiblərinin mayaları belə şahılarla əmələ gəlib. Hər qəpiyin qədrini bilsən, sən də axırda bir kişi olarsan. Mənim ticarətim var, “kontorum” var, alacağım-verəcəyim var.
Görürsən, məsələn, bir nəfərə otuz, qırx min manat çatasıdır. Gəlib istəyəndə xahiş eləyirsən ki, üç gündən sonra gəlsin. Alıcı dinməyib gedir. Amma mənim üçün təfavütü çox olur. Otuz-qırx min manat bankda üç gün artıq yatanda filan qədər də artıq prosent gətirir.
İndi, atam, belə-belə hesablar var. Bizim cavanlarımız, o cümlədən mənim oğlanlarım belə hesabları başa düşmürlər. Faytonçu faytonu qızğın sürəndə görürsən çıxardıb bir manat bağışlayırlar. Atam, nə üçündür bu? Məgər mənzilə beş dəqiqə gec çatanda qiyamət qopar? Fayton yavaş-yavaş gedər, canına da bir xəta toxunmaz.
Mənzilə çatıb faytonçuya deyərdi:
– Bax, atam sənə bir abbası manat verdim; amma nəsihətlərim min tümənə dəyər. Qulağında saxla, lazım olar.
Günlərin bir günündə hacının bir gözü başladı xarablaşmağa. Qohuməqrəba hamısı hacıya göz həkimi yanına getməyi təklif etdilərsə də hacı qəbul etməyib dedi:
– Bu göz həkimləri hamısı qulaq kəsən, cib kəsənlərdir; adamın cibini soyub, dərdinə də əlac etmirlər. Ya görürsən, üç gündə sağalası naxoşluğu altı ay uzadırlar. Yox, atam, mənim həkim işim yoxdur; atababa müalicələrindən eləyəcəyəm, qurtarsın getsin.
Hacı bir gecə gözünə ağ ciyər bağlayıb yatdı. Bir neçə dəfə gözünə qız doğmuş arvadın südündən tökdürdü. Bir qonşu qarı, yumurtanın qabığını toz kimi edib, hacının gözünə səpməyi məsləhət gördü.
Onu da elədilər. Bir özgə qarı dedi ki, göz ağrısının müalicəsi mirvari tozudur. Hacı bu müalicəni baha görüb qəbul etmədi.
Xülasə, hacının gözü getdikcə xarablaşdı. Bir nəfər dərviş məsləhət gördü ki, təzə anadan olmuş kirpi balasını İki parça edib hacının gözünə bağlasınlar. Hər yeri axtardılar, təzə doğulmuş kirpi balası tapılmadı.
Axırda hacını həkim çağırmağa razı etdilər.
Həkim, hacının gözünə baxıb dedi:
– Gərək məni vaxtında çağıraydınız. Gözün naxoşluğu şiddət edib.
Amma yenə ciddi müalicə edilsə, ümid var ki, azar rəf ola.
Hacı həkimə dedi:
– Atam, sən gündə gəlib-gedib mənim üç manatlarımı çəkəcəksən, axırda da kim bilir gözüm sağalacaq, ya yox. Mən tacirəm, belə alışveriş mənə əl verməz. Sən gəl mənim gözümü “podrekə” götür. De görüm məndən neçə alıb, mənim gözümü sağaldacaqsan?
Həkim hacıdan yüz manat istədi. Hacı cavabında dedi:
– Yox, atam, əl verməz. Mən sənə bir kəllə qənd və bir girvənkə çay verərəm. Sən mənim gözümü sağaldarsan.
Həkim gülüb dedi:
– Hacı ağa, belə də sövda olarmı? Sizin tək zəngin adama belə danışıqlar yaraşarmı? Yoxsa zarafat eləyirsiniz?
– Yox, atam, zarafat-marafat yoxdur. Əsil sözdür ki, deyirəm.
– Onda bağışlayın, başqa həkim çağırın; bəlkə razı oldu. Xudahafiz!
– Xoş gəldin!
Həkim getdi. Hacı yanındakılara göz gəzdirib dedi:
– Mənim ömrüm keçib, ayağımın biri qəbirdədir. Yüz manatın yüz dərdi var. Mən bir gözlə də dolana bilərəm.
Bir azdan sonra hacının bir gözü kor oldu. Ölənədək taygöz yaşadı.
Bir gün hacı “kəntorunda” əyləşmişdi. Gəmi rəhbərlərindən birisi daxil oldu:
– Salaməleyküm, hacı ağa!
– Əleykəssalam, atam! Gəmi salamatmı gəldi? Yük çoxmu gətirdi?
– Bəli, hacı ağa, salamat gəldik. Yükümüz hamısı səbzədir.
– Səbzə yaxşı yükdür. Mənim pambıq yükü ilə aram yoxdur. Özü çox, vəzni az.
– Hacı ağa, bir iş var.
– Nə iş?
– Yolda gəmi fırtınaya düşdü. Belə ki, hər bir dəqiqədə bədbəxtlik gözlənirdi. Mən nəzir etdim ki, gəmi salamat gəlib çıxsın, bir qurban kəsim. Buyurun qoyun almaq üçün kassadan pul versinlər.
Hacının halı fövrən dəyişdi. Kassiri qeyzli çağırıb buyurdu ki,
“komandirə” on manat versin. Sonra üzünü komandirə tutdu:
– Atam, budur, sənə on manat verirəm. Get qoyun al, kəs! Ancaq bundan sonra bir də belə nəzirlər eləmə. Nəzir etmək istəyirsən deg nən:“Üç gün oruc tutaram”.
Hacının əlləri yanaraq, pul saymasına bir qədər tamaşa edəndən sonra yaxınlaşdım.
– Xoş gördük, hacı əmi, əhvalın necədir?
– Əhvalımın necəliyi göz qabağındadır. Sən kimsən, tanıya bilməyirəm.
Bəs səni niyə yandırmayırlar?
Dedim:
– Mən hələ diriyəm. Öləndən sonra bəlkə yandırdılar. Bu saat mən cəhənnəmə səyahətə gəlmişəm. Bir neçə gündən sonra qayıdacağam dünyaya.
– Amandır, atam, mənim halətimi heç kəsə nağıl etmə. Yoxsa hamı məni behiştdə bilir. Yoxsa gedib “Kaspi”də-zadda yazarsan, abrım tökülər.
Ancaq oğlumu görsən, ona xəlvətcə deginən ki, boş yerə mollalara pul verib mənə Quran oxutmasın, heç faydası yoxdur.
Dedim:
– Məgər oğlun hələ gəlib buraya çıxmayıbdır? O çoxdan gərək burada olaydı.
– Yoxsa oğlum öldü?
– Çoxdan! Təəccübəm, harada qalıb.
– Deməli, mənim yurdum kordur? Bəs mənim evlərim, paraxodlarım, karvansaralarım?
– Oğlun öləndən qabaq hamısını yöndəmə qoydu.
– Necə?
– Əvvələn, oğlun həştad min manat pul verib bir yaranallıq çini aldı...
Hacı dik atıldı:
– Ay səni şoğəribə qalasan, ədə ay or... yaranallığı neyləyirdin! Mən istəsəydim məvaciblə qapımda on yaranal nökər saxlardım. Sən də gedib, mənim tər töküb, qazandığım pulu verib yaranallıq alırsan?
Vay səni yerə girəsən!
– Hacı, dayan, sonrasına qulaq ver. Oğlun kluba üzv yazıldı.
– Ay başın batsın! Milyonların var, otur ye! Klubda, qumarbazlar məclisində sənin nə işin var? Mən ömrümün axırınadək klubun qapısını da tanımadım. Qumarbazlara yoldaş olan özü də qumarbaz olar.
– Elə də oldu. Sənin bankda nə qədər pulun var idi, hamısını baxtaladı.
Ondan sonra evlər, paraxodlar, karvansaralar hamısı birbəbir getdi. Istəyirdi ki, içində oturduğu evi də satsın. Qohum-əqrəba yığılıb, onu evdən qovdular, qaldı küçədə.
– Acından öldü?
– Yox, toxundan öldü. Onun arvadından savay bir rus qızı da aşnası var idi. Sənin sağlığında da o qız var idi; səndən xəlvət saxlayırdı. Sənin pullarından ildə neçə min manat o aşnasına xərc eləyirdi. Axır vaxt oğlunu bir naxoşluq tutmuşdu ki, həkimlər o naxoşluğa “it aclığı” deyirlər.
Sübhdən axşamadək yeyirdi, doymayırdı. Evindən qovulandan sonra aşnası onu yanına apardı, orada ölənədək... yedi öldü.
Hacı bunu eşidən tək tarap, dəydi yerə. Ürəyi getdi. Mələklər odlu taziyanələrlə onu döyüb özünə gətirdilər. Ayağa qalxıb mənə yalvardı:
– Atam sənə qurban, burada deyəsən sənin hörmətini saxlayırlar.
Deginən mənə bir belə əziyyət verməsinlər.
Dedim:
– Hacı əmi, bu yerdə mənim sözüm keçməz. Ancaq sənə bir tədbir tökə bilərəm. Bu yaxında Dəsturov adında bir kişi var. Ərizə yazmaqda çox qoçaqdır. Ona deginən Allaha bir ərizə yazsın. Bəlkə bir fayda verdi.
– Afərin! Yaxşıca tədbir tökdün. Rəhmətlik oğlu, keçəl dərman bilsə öz başına yaxar. Dəsturov qoçaqdır, çalışsın öz canını qurtarsın. Mənə onun ərizəsindən fayda olmaz. Özgə əlacın varsa, söylə.
– Özgə əlac bilmirəm. Ancaq, hacı əmi, sən böyük oğlunla da nainsaf rəftar elədin. Yaxşı iş görmədin.
– Necə? Nə elədim?
Kitabxana.az · https://kitabxana.az/works/haqverdiyev-xortdanin-cehennem-mektublari
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
İki pərdəli dramİştirak edənlər
Birinci pərdəPərdə açıldıqda İranda şəhər meydanı görünür. Səhnənin ortalığında Fazil Dərbəndinin*heykəli eşşək üstündə əyləşib, ətrafında neçə nəfər köhnə kulak, boyunlarında kəndir və*
İkinci pərdəQafqazda şəhər meydanında böyük izdiham. Arvad, uşaq, kişilər bir-birinə qarışıb. Səhnənin dalından təbil və zinc səsi gəlir. Şaxsey, vaxsey sədası eşidilir. Cavanların boyunlarına arvadlar bir-bir kəfən tikib, yola salırlar. Əkbər, əlində qılınc, qoltuğunda ağ, gəlib, arvadların içində anasını tapıb çağırır.Əkbər**. Ana gəl bu ağı mənim boynuma tik.
Yeyərsən qaz ətini, görərsən ləzzətiniKeyfiyyəti-qəribədir ki,üç məclisdə tamam olur
Başqa şairlərin şeirləri
Ey ağalar necə olurHalı yardan ayrılanın
AğlaramGənə yeni başdan dərdlərə düşdüm,Alışdım, dutuşdum, yandım, ağlaram,
GörünməzNazənin gözəllər seyrə gedirlər,Ol mahi-tabanım hani görünməz,
Hər nə kim almaq dilersən, al ilə gəl məndən alHər nə kim almaq dilersən, al ilə gəl məndən al,Aldanıram mən sənə, sən hər necə edərsən al.