Final

Səhnə pambıq tarlasını təsvir edir. Göz işlədikcə pambıq görünür.

Qarovulçu (daş üstündə əyləşib oxuyur):

Yaz gələndə şum elərik düzləri,

Ağ dərya tək pambıq tutar hər yeri.

Çıxsın düşmənlərin canı, gözləri,

Yaşa şuram, yaşa şuram, çox yaşa!

Fabriklərə axar pambıq selləri,

Mal toxunar, bəzəndirər elləri.

Sınsın düşmənlərimizin belləri,

Yaşa şuram, yaşa şuram, çox yaşa!

Qara dəryadır neftimiz, qazılar,

Tərifimiz dəftərlərə yazılar.

Düşmənlərin yazdıqları pozular,

Yaşa şuram, yaşa şuram, çox yaşa!

Açılıbdır məktəblərin qapısı,

Savadlanar kəndlilərin hamısı.

Deyər sənə hər kimin var namusu,

Yaşa şuram, yaşa şuram, çox yaşa!

Hacı Bayram (daxil olur). A gədə, burada oturub nə oxuyursan?

Qarovulçu. Neyləyim, ay hacı, oturmuşam, pambığın qarovulunu çəkirəm, kefim gəlir oxuyuram. Bircə tamaşa elə, düz-dünyanı pambıq başına götürüb. Baxdıqca ürəyim bir belə (əli ilə göstərir) olur, şadlığımdan oxuyuram.

Hacı Bayram. Pambığı kimdən qoruyursan?

Qarovulçu. Kimdən qoruyacağam: atdan, maldan, qoyundan, ulaqdan, kulakdan. (Oxuyur):

Yaşa şuram, yaşa şuram, çox yaşa!

Hacı Bayram. Oxu, oxu! Oxumalı günlərdir.

Qarovulçu. Əlbəttə oxumalı gündür. Mənim atam öləndə ağız pambığı üçün həftəbazarına adam göndərdik. İndi görürsənmi, nə qiyamətdəyik.

Uzaqdan zurna səsi eşidilir.

Hacı Bayram. O nə zurna səsidir? Kənddə toy var, nədir?

Qarovulçu. Yoxsa xəbərin yoxdur? Bu gün camaat pambıq yığımını başlayacaq. Odur kəndin camaatı, uşaqlı-böyüklü zurna-balabanla buraya gəlirlər.

Hacı Bayram. Yaxşı bayramdır, gəlsinlər. Mən də bir dostaşnamı görüm. Neçə ildir vətənimdən xəbərim yoxdur.

Qarovulçu. Harada idin, ay hacı?

Hacı Bayram. Uzaq yerlərdə idim, oğul. (Zurna səsi yaxınlaşır.) Pah, pah, tamam kənd gəlir: arvadlar, kişilər, qızlar, oğlanlar... O qabaqda gələn Salman deyilmi?

Qarovulçu. Necə S a l m a n?

Hacı Bayram. Kor İsrafilin oğlu.

Qarovulçu. Yoldaş Koroğlunumu deyirsən? Bizim ispolkomun sədridir, qoçaq oğlandır. Əsil Koroğludan da qoçaqdır. Bu işlər hamısı onun çalışmasındandır.

Hacı Bayram. Sağ olsun, mən onu uşaq vaxtında görəndə dedim ki, bu uşağın gözlərindən kamal yağır, bunun gələcəyi yaxşı olacaq. Onun bir balaca qardaşı da var idi.

Qarovulçu. Balaca qardaşı Imran oxuyub gəlib, İndi bizim maşıntraktor stansiyasına baxır.

Hacı Bayram. İsrafil dururmu?

Qarovulçu. İsrafil keçən il öldü.

Camaat, zurnaçılar qabaqda olaraq, səhnəyə gəlirlər. Komsomolçu qızlar və oğlanlar
əllərində qırmızı bayraqlar, gəlib dayanırlar.

Koroğlu (qabağa gəlir, zurna sakit olur). Yoldaşlar, biz öhdəmizə götürdüyümüz vəzifəni tamamilə yerinə yetirdik. Min iki yüz hektar yeri əkməyi boynumuza götürdük də, əkdik də. İndi bir vəzifə də var. Bu gündən pambıq yığımına qədəm qoyuruq. Gərək bu min iki yüz hektar yerin pambığından bir girvənkə də tələf olmasın.

Komsomolçuqız. Nəinki bir girvənkə, bir misqalı yerə düşməz.

Koroğlu. Yoldaşlar, bizim firqənin başında duran və dünya proletariatının rəhbəri yoldaş Stalin bir gözəl söz deyibdir. O deyir: “Dünyada elə bir səngər yoxdur ki, bolşeviklər onu ala bilməsinlər”. İndi qoy bizim min iki yüz, nəinki min iki yüz, səkkiz yüz əlli hektar pambıq əkməyimizə şəkk gətirənlər, qoy görsünlər ki, yoldaş Stalin bu sözləri havadan deməyibdir, bu, həqiqətdir.

Qocakəndli (irəli yeriyir). Yoldaş Koroğlu, sən dediyin adam mənəm. Mən köhnə vaxtda işlədiyimizə nəzərə alıb danışırdım. İndi baxıb səhvimi anladım. Bu həvəslə ki, camaat işə gedib, iki belə pambıq əkibbecərməyi bacarar.

Koroğlu. Yoldaşlar, sizin bu həvəslə işləyib vəzifənizi ifa etməyinizi mülahizə edərək, hökumət tərəfindən bizim kəndə bir traktor peşkəş olunur. Yaşasın Şura hökuməti!

Səslər. Yaşasın işçi-kəndli hökuməti! Yaşasın firqə rəhbəri yoldaş Stalin!

Hacı Bayram (Koroğluya tərəf gəlir). Salaməleyküm.

Koroğlu (zənlə baxıb). Hacı Bayram deyilsiniz?

Hacı Bayram. Oyam. Bu gün gəlmişəm.

Koroğlu. Harada idiniz, heç sizdən bir xəbər yox idi?

Hacı Bayram. Doğrusu, Şura hökuməti gələndən sonra mən davam gətirməyib, qızımı da götürüb keçdim İrana. İndiyədək orada idim. Qızım öldü, qaldım tək. Axır vətəndən uzaqda davam eləyə bilməyib, gəlmişəm. İndi sizin ixtiyarınızdayam. Günahım varsa tənbeh eləyin, yox isə qalım burada, mən də kəndlinin biri, sair adamlar kimi işləyim.

Koroğlu. Hacı, siz ölənədək keçmiş günlərinizi, qılıncının dalıqabağı kəsən zamanları unutmayacaqsınız. Ona görə, camaat sizin sidq-dildən şura tərəfdarı olduğunuza inanmayınca, sizi öz işlərinə qarışdırmayacaqlar.

Hacı Bayram. Mən istəyirəm ürək sözümü açam deyəm. Qoy camaat da qulaq assın.

Camaatdansəslər. Hacı Bayramdı!.. İndiyədək harada imiş? Necə arıqlayıbdır... Qarnında bilmərrə piy qalmayıb.

Koroğlu. Nə sözün var, de.

Hacı Bayram. Camaat, siz hamınız bilirsiniz ki, Şura hökuməti kəndə gələndə, mən onun qarşısına ədavətlə çıxmadım. Mən demirəm ki, Şura hökuməti mənim xoşuma gəldi. Xeyr, Şura hökumətinin böyük düşməni mən idim. Açıq danışmaq yaxşıdır. Mən iş başında bu Koroğlu dediyiniz Salmanı və onun yoldaşlarını görəndə deyirdim ki, belə hökumət üç günlükdür, dağılıb gedəcəkdir. Bununla davaya çıxmaq da axmaqlıqdır. Hampalar məndən üsyan üçün pul istədilər, vermədim. Istədilər məni öldürsünlər, qaçdım. Hər yerə getdim, iş başında cavan kəndliləri gördüm. Axırı davam eləyə bilməyib, qaçdım İrana. İndi gəlmişəm. Xaraba qoyub getdiyimi kəndləri, avam qoyub getdiyim camaatı tanımıram. Kəndlərdə nə gözəl binalar, məktəblər; oğlanlar, qızlar hamısı savadlı; idarələrdə xalqa gözəl rəftar, nə pristavlar söyüşü, nə yüzbaşı qamçısı. Hamı bir-birinə yoldaş, qardaş. Bir belə əkinləri, pambıq zəmilərini gördükdə, doğrusu, mat qalıram. İndi görürəm ki, anlamamışam. İndi səhvimi boynuma alıb gəlmişəm. İstəyirsiniz öldürün, istəyirsiniz buraxın. Sizin ixtiyarınızdayam.

Koroğlu. Hacı, söz bayaqkıdır. Bir qədər qalarsan işlərsən, sonra işə baxarıq. Sənin evin ispolkomdur. Sənə kənddə ev də verilər, yaşarsan.

Hacı Bayram. Tək adamam, bir balaca komada da yaşayaram.

Koroğlu. Çox gözəl. İndi, yoldaşlar, bir qədər çalın oynayın. Sonra işə girişək.

Qocakəndli. Mən günahımı yumaq üçün qabaqca özüm oynayacağam. Aşıq, çal.

Çalırlar, qoca oynayır. Xalq ura çəkib əl çalır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri