Birinin ayağı uçardı göydə,Birinin arxası yerə dəyərdi.Qan-tərə batardıq “Dirə döymə”də,Dost dostu qayışla döyəcləyərdi.

İstidən, soyuqdan tutmazdıq xəbər,Bir qəlbin bir dünya sevinci vardı.“Gizlənqaç” oynardıq qarışanda şər, –Biri gizlənərdi, biri tapardı.

Ülfət bağlamışdıq yalla, yamacla,Qayadan sıçrayıb, çaydan keçərdik,“Top-top”la, “Qov-tut”la, “Çiling-ağac”la,Çöllərdə, düzlərdə mətinləşərdik.

Batıb bulanardıq toza, palçığa,Neçə yaz, neçə yay, neçə də payız.Elə ki başlardıq “Qaçaq-qaçağ”aKəndi götürərdi hay-harayımız.

– Mən Gizir oğluyam, kim məndən? – deyə.Biri qılıncını daşa çəkərdi.– Mən qoç Koroğluyam, kim məndən? – deyəBiri tez özünü başa çəkərdi.

– Mən Qaçaq Kərəməm, kim məndən? – deyəBiri at belində coşub-daşardı.Bir Bədəl də vardı – mən kimdən? – deyəGah ona, gah buna yaxınlaşardı.

Bədəl, yazıq Bədəl “Mən kimdən?” – deyəGah Gizir oğluna pənahlanardı.Bədəl, yazıq Bədəl “Mən kimdən?” deyəGah da Koroğlunu arxa sanardı.

Hərdən onları salıram yadaÖtüb dolandıqca aylar, fəsillər.Uşaqlıq illəri qaldı arxada,Uşaqlıq illəri... qəribə illər.

Əbəs ələnməyib saçlarıma dən,Toqquşur fikirlər, əməllər yenə.Bir xalqın adından “Mən kimdən?” deyənBədəllər tapılır, bədəllər yenə.

Bilirəm yerimi bu həyatda mən,Elimə, obama əngəl olmaram.Dönüb torpaq ollam torpaq altda mən,Qalıb torpaq üstə Bədəl olmaram.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri