Bir nəsil çiynimdə köçdü dünyadan,Bir zamanın dadı dodaqda qaldı.Atanın, ananın şəkli gözümdə,Babamın havası qulaqda qaldı.

Yenigün kəndində qol-qanad açdım,Yeridim, yıxıldım, yüyürdüm, qaçdım.Çəpərdən adlayıb, bağı dolaşdım,İsti, tər nəfəsim yarpaqda qaldı.

Oxşadı ruhumu çiçəyin ətri,O başdan oyanan küləyin ətri,Bulamanın tamı, çörəyin ətriCijimin çatdığı ocaqda qaldı.

Adımı kürəklə qara yazdığımYaylaqda ilk dəfə qarım qazdığım.Bulaqdan dönəndə çəndə azdığım,Qayğısız günlərim uzaqda qaldı.

Yorğunluq nə şeydir salmadım yada,Kəklik yumurtası gəzdim yuvada.Dizimin dərisi daşda, qayada,Üzümün alovu sazaqda qaldı.

Qaranlıq əriyib, günəş doğanda,Dərədə zülməti işıq boğanda,Çiyələk toplayıb, moruq yığanda;Tikanın yarası ayaqda qaldı.

Böyüdük, qocaldıq, azaldıq, artıq,Qapını ilk gənclik döyəndə artıq,Büzüb dodağını kövrək uşaqlıqƏli çənəsində, qıraqda qaldı.

Dolandı axşamım, ötdü səhərim,Sevincim, şadlığım, qəmim, kədərim.Uzaq ölkələrə düşdü səfərimGözüm o dərədə, o dağda qaldı.

Gah Əmrah dilləndi, gah Sayad pəriAlışdı Kərəmin sinə dəftəri.Əsədin, Mirzənin zəngulələriYüz sazlı, söhbətli yığnaqda qaldı.

Hüseyn Arifəm, daha nə deyim,Pozuldu növrağım, batdı diləyim.Ata məhəbbətim, şair ürəyimArifi gözləyən torpaqda qaldı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri