Nə qədər qız qızdır ata evində,O məğrur dayanan bir dağa bənzər.Lakin gəlin olub geri dönəndə,Hər şeydən sıxılan qonağa bənzər.

Ömrə darlıq edər ömür qəfəsi,Ötürər köksünü görsə hər kəsi.Tükənər sevinci, sönər həvəsi,İstisiz, tüstüsüz ocağa bənzər.

Dolaşar dilində söhbəti, sözü,Çillə qırovu tək ağarar üzü.Xəlvəti, aşkara yaşarar gözü,Gözündən bulanan bulağa bənzər.

Deyirsən, çiçəkdir solub bahardan,Deyirsən, ceyrandır düşüb tutardan.Deyirsən, durnadır qalıb qatardan,Deyirsən, insandır yumağa bənzər.

Əbəs başlamadım bu gileyləri,Dünyanın dünyadan yoxdur xəbəri.Arifsiz Hüseyn aylardan bəri,Nə xəstəyə oxşar, nə sağa bənzər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri