O günlər yuxuydu, yoxsa həqiqət,Bəlkə bir düyünlü sirr idi, getdi.O arzu, o ümid, o söz, o söhbətDodaqdan süzülən dürr idi, getdi.

Şırşırlar oyandı, çağladı dağlar,Çiçəklər boylandı, bəzəndi bağlar.Biz ayrı düşəli bir qərib bahar,Yanımdan xəbərsiz yeridi, getdi.

Buludlar üfüqə çəkildi lay-lay,Zəmilər biçildi, buğdalar tay-tayBiz ayrı düşəli bir alovlu yayÇölləri, düzləri bürüdü, getdi.

Bulaqlar boynunda üşüdü yarpız,Yarpaqlar budaqdan endi aramsız.Biz ayrı düşəli bir yorğun payız,Sarı çuxasını sürüdü, getdi.

Axdı damcı-damcı buz salxımları,Sellər yaraladı bürcü, hasarı.Biz ayrı düşəli bir qışın qarıGözümün içində əridi, getdi.

Könlümdə dörd fəslin qəmi, nisgili,Möhnətin sonu yox, qəmin sahili,Yetmiş – vida ili, ayrılıq ili,Ömrün illərindən biriydi, getdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran