Kür qırağı, Qarayazı, göy çəmənQoşa palıd,tüstülənən od, ocaq.Saç ağardı, unutmadım sizi mən,Hansı şair bir də sizi yazacaq?..Səməd Vurğun

Ürəyində torpaq eşqi, su eşqi.Çaylar kimi axşam-sabah çağladı.Kim unudar bu ülfəti, bu eşqi,Gözün güldü,dilin dastan bağladı.

Qarayazı,Vaqiflərin ovlağı,Öz hüsnü var hər çiçəyin, yarpağın.Nəğmə-nəğmə gəzdi səsi-sorağı,Qarayazı.Yaşıl tacı Qazağın.

Neçələri neçə yerdə, diyardaDəli Kürün qırağını anardı.Çöl quşları dəstə-dəstə bahardaXan çinarın sinəsinə qonardı.

Hələ özüm şahidiyəm nələrin,Yüz bülbülü bir məkanda görmüşəm.Ürkək cüyür balasının dalıncaQızıl quşu şığıyanda görmüşəm.

Ömrüm, günüm burda keçib bir zaman,Uşaqlığı kim çıxarar yadından?Göy otları söküləndə qızıl danAl şəfəqə boyayanda görmüşəm.

Tanış səslər məskən salıb qulaqda,Şirin sözlər şerə dönüb varaqda.Ana dili ötən vaxtı budaqdaQumruları oyananda görmüşəm.

Nə var, nə yox?Xəbər almaq istəsən.Sal yönünü gözlərinlə gör indi.Ana Kürdən halı olmaq istəsən,Dəli deyil,yazıqlaşıb Kür indi.

Qarayazı...yaraları dərində,Maral getdi, qırqovullar çəkildi.Vələslərin, cökələrin yerindəTala-tala süpürgələr əkildi.

Birmi, beşmi ülgüc dilli baltalar,Cır armuddan kal meyvələr töküldü.Camış otlar, öküz otlar, at otlar,Külək qopdu,çal-çəpərlər söküldü.

Od alışdı, tüstü-duman yeridi,Olan oldu, eşidincə, bilincə.Nəhəng qovaq öz içindən əridi,Moruq necə?Zoğal necə?Tut necə?

Kötüklərin dodağı yox, dili yox,Elə bil ki, yerlər, göylər karlaşıb.Budaqların saçağı yox, teli yox,Ağaca bax, ağaclar da karlaşıb.

Susuzluqdan quru yanır, yaş yanırÜzü dönüb payızın da, yayın da.Meşəbəyi “Jiquli”dən boylanır,Müdir “qağa” öz cibinin hayında.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri