Səhifə 2 / 2 · 50%

Ə, Məsud, sənin ikinci adın da varmış! Əcəl... Əcəl!.. Ə, bu adı sənə kim veribsə, düz verib... Cəmil demişkən, az qala elə mənim adıma bənzəyir ki, ikinci adın... Əcəmi... əcəl... Mərhaba, Əcəl!

– Uzun danışma!.. Kəlmeyi-şəhadətini de!

– Niyə?

– Səni öldürməyə gəlmişəm.

– Təqsirim nədi?

– Ömrün boyu yolumun üstündə əngəl olmusan. Daha bəsdi! – Məsud ibn Əbutahir xəncəri bir az da yuxarı dirədi tövşiyə-tövşiyə əlavə edib kin-kudürətlə dedi: – Sənin nəslinin kökü kəsilməlidir. Sən Əbubəkrlilər nəslinin son törəməsi olmalısan... Övrətini də, hələ ana bətnində olan körpəni də bu niyyətlə aradan götürdük... Fitvasını da baş şeyx özü verdi...

Elə bil bütün yer də göy də bir-birinə qarışıb Əcəminin üstünə töküldü... Başı gicəlləndi, gözləri dumanlandı, dizləri sözünə baxmadı. Bədəni bir tikə ət parçasına dönüb bütün ağırlığı ilə sicim dolaqlarının üstünə sallandı.

Məsud ibn Əbutahir Əcəminin heç vaxt görmədiyi halından razı qalıb bu dəfəki əməlinə elə bil sevindi və gülümsəyib fikirləşdi: “Bax, belə... bu dəfə tədbirli tərpənmişəm...” Və elə oradaca Əcəmi ilə hələ cavan vaxtı üz-üzə gəldiyi bir günü xatırladı...

...Şeyx Yusifin sərdabəsinin tikilişinə təzəcə başlamışdı. Sərdabə hələ bir adam boyu qalxmamışdı...

Məsud ibn Əbutahir bir gün sübhdən Şahab meydanına gəlmişdi. Heç kim gözə dəymirdi. Qoca xuddam da deyəsən subaşına getmişdi. İçəri adladı, əlindəki qətranı ağzına kimi hazır sirişümlə dolu çəlləyin üstünə axıtmağa başladı. Birdən biləyinin üstünə qəfil bir əl endi və kirpiyini qırpmamış çənəsinin altına ağır bir zərbə dəydi. Zərbəni endirən nədənsə həmin gün işə hamıdan qabaq gələn Əcəmi idi...

Yerdən ağır-ağır qalxan Məsud ibn Əbutahir sərdabənin içəri küncündə qoyulan balaca külüngü götürüb Əcəminin üstünə yeridi. Əcəmi başına qaldırılan külüngün altından elə cəldliklə sərtib kənara sıçradı ki, Məsud ibn Əbutahir səndirləyə-səndirləyə bir neçə addım atdı və üzüqoylu yerə gəldi. O, fürsət tapıb ayağa durunca Əcəminin sağ ayağını yerdəki külüngün sapı üstündə gördü... Əcəmi balaca külüngü Məsud ibn Əbutahirin başına endirmək istəsə də bacarmadı, bəni-Adəmə əl qaldırmaq ürəyindən gəlmədi. Külüngü sərdabənin alçaq divarı üstündən eşiyə tulladı...

Elə bu vaxt qoca xuddam subaşından qayıtdı. İşdən agah olan kimi dedi: “Sən təqsiri nahaq Əbubəkr oğlunda görürsən. Camaat pis əməllərini nəzərə alıb səni Şeyx Yusif kimi hörmətli bir şəxsin sərdabəsinin tikilişində işləməyini məsləhət bilmədi... Heç utanıb yerə girirsən?.. Heç olmasa böyük şeyxin xatirəsinə hörmət qoyaydın, ay zatıqırıq nəslin nankor törəməsi...”

Məsud ibn Əbutahir bunları fikirləşə-fikirləşə xəncəri Əcəminin xirtdəyindən çəkib qınına qoydu. Bir-iki addım geri adladı. Birdən otağa qalxan səkinin pillələri yanında divara söykənən səhəngə tərəf getdi, mis cama su süzdü, bir-iki qurtum içdi. Sonra qalan suyu gətirib Əcəminin üzünə çırpdı. Yarıayıq, yarıhuşsuz həyət sahibi özünü düzəldib nüfuzedici bir tərzdə Məsudun düz gözlərinin içinə baxdı. Əbutahir törəməsi qılınc kimi kəsən bir iti baxışdan sarsıldı, üzünü yana çevirdi:

– Namərd... Namərdlər!!!

Əcəminin səsi bütün həyətdə səsləndi. Məsud ibn Əbutahirə elə gəldi ki, bu səs deyildi, haray idi, bütün şəhərin üstündən keçən nalə idi...

– Bəs nə bilirdin? – dedi Məsud ibn Əbutahir. – Nəzarət altındaydın, dinə bilmirdik... Elə şey tikirdin ki, xələl toxundurmaqdan ehtiyat edirdik. Ortada saray var idi, onun sahibi var idi... İndi işini tamam eləmisən, daha heç kimə gərək deyilsən... Nə saraya, nə məscidə, nə də şəhər əhlinə. İndi ölə bilərsən. – Məsud ibn Əbutahir xəncərini təzədən qınından çəkib çıxardı, başının üstünə qaldırıb yavaş-yavaş Əcəmiyə tərəf gəlməyə başladı. Əcəmi haray çəkməyi özünə sığışdıra bilmədi. Gözlərini yumdu. Elə bu vaxt kimisə bellə xəncəri vurub Məsudun əlindən yerə saldı.

Bu, həyətə girən Cəmilin endirdiyi qəfil zərbə idi. Dediyi “alçaq” sözü də zərbəsi ilə eyni məqamda ağzından çıxdığından özünü qəsdçinin üstünə nə vaxt atdığının da fərqinə varmadı.

Süpürüşdülər. Özünə gələn Əcəmi nə qədər əlləşsə də, sicimin düyününü aça bilmədi, Cəmil imkan tapıb Məsud ibn Əbutahirin çiyinlərindən tutdu, başını bir neçə dəfə tut ağacının kötüyünə çırpdı. Qəsdçinin onun sinəsinə yapışan əlləri boşaldı. Cəmil ayağa durub kənara yeridi və xəncəri ləkin içərisindən götürdü, heç nə demədən gəlib Əcəminin bədəninə sarılan sicimi hirslə doğrayıb yerə tökdü. Əcəmi elə bil xəcalət çəkə-çəkə sicimin qırıqları arasından çıxdı. Heç bir razılıq etmədən keçib tut ağacının altındakı kötüyün üstündə əyləşdi, başını aşağı dikdi.

– Arxadan zərbə endirmək bu oğraş nəslin köhnə peşəsidir!

– Cəmil ayağa qalxıb üst-başını qaydaya salan Məsud ibn Əbutahiri göstərdi.

– Allahın özü də bezardı bu Əbutahir nəslindən... Namərdlik damğa kimi alınlarına vurulub bu qurumsaq dəyyusların!

– Ağzını təmiz saxla...

– Təkcə ağız yox gərək kişinin vicdanı da təmiz ola... O da nə səndə var, nə də sənə havadarlıq edənlərdə!..

Məsud ibn Əbutahir məyus-məyus başını aşağı salıb dayanmışdı. Əslində, o yenə xəbislik edərək özünü peşman kimi büruzə vermək istəyirdi.

– Niyə mane oldun? – Əcəmi gülümsədi. – Qoyaydın kişi işini görəydi.

– Sən buna kişi deyirsən? – Cəmil Məsud ibn Əbutahirə tərəf tüpürdü.

– Xəncərini qaytar... rədd olub getsin! – Əcəmi dedi.

Cəmil indi əlindəki xəncəri havaya qaldırıb diqqətlə baxdı.

– Ə, Məsud, nə tez yadından çıxartdın Mərənd yolunda başına açdığım oyunlar? Dizin-dizin sürünüb aman istədiyin yoxsa yadından çıxıb, oğraş? Biləyimi çırmayıb soxaram ağzına! – Xəncər bir az bundan əvvəl Əcəminin xirtdəyinə necə dirənmişdisə, indi də eləcə öz sahibinin boğazına dirənmişdi. – Kişisən bircə kəlmə kəs, əgər hülqumunu yerində görsən!.. Bir də yadında saxla, sinəmi sipər elərəm, qoymaram Əcəminin başından bir tük əskik ola. Bütün el-oba sənətkara göz olanda, bütün Arran arxasında dayananda sənin kimi iki-üç qurumsaq onun yanından yel olub keçə bilməz... Bir şeyi də sırğa eləyib qulağından as ki, Cəmil ibn Səlmanın mala, şaqul tutan əli lazım gələndə, xəncərə də, qılınca da uzana bilər!..

– Cəmil! – Əcəmi əvvəlki sözlərini bir də təkrar etdi: – Xəncərini qaytar, rədd olub getsin.

– Deyirsən, qaytar, qaytarım... Amma bir şərtlə. – Cəmil kənara çəkildi. – Bir də elə qələt eləməsin ki, bizim əlimiz qana batsın...

– Məsuda hirslə barmaq silkələdi: – Bilirsən nə var, Əbutahir törəməsi? ...Çıx get!! Əvvəlcə bu həyətdən rədd ol, sonra da bu şəhərdən! Birdəfəlik rədd olub get! Başını hələlik bədəninin üstündə saxlamaq istəyirsinizsə övrətini də, uşaqlarını da götürüb get... Bilirsən, get buralardan! İt, qeyb ol!..

Cəmil əlindəki xəncəri sahibinə qaytarmadı, bir vaxtı Əcəmi külüngü atan kimi, o da onu həyətin divarının üstündən küçəyə tulladı.

Elə bil qəfil bir əl də xəncərin sahibini sinəsindən alıb darvazadan bayıra atdı.

Cəmil keçib səkidə əyləşdi:

– Yaxşı... necə oldu ki, sən bu hala düşə bildin?!

Cəmil, mən dulus çarxının arxasından durub əlimə mala, şaqul, tişə alan gündən heç kimin üstünə əl qaldıra bilmirəm... Fikirləşəndə ki, qarşımda dayanan insandı, ürəyimdə əyər bəd bir niyyət də olsa dərhal yox olub gedir...

– Bəlkə sənə doğrudan qəsd edəydi, onda necə olardı?..

– Heç nə olmazdı. – Əcəmi zarafata salıb güldü: – Əbutahir oğlunun arzusu yerinə yetirilmiş olardı... Gəlib işləri korladın...

Cəmil bəlkə də birinci dəfəydi ki, Əcəmiyə əyri-əyri baxıb başını silkələdi: – Qəribə adamsan, vallah!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Qan pulu

Karmasın vuruşundakı qələbədən sonra Cahan Pəhləvan döyüşdə igidlik göstərdikləri üçün məlik Nurəddin Qaraya, Cəmaləldin Ayəbəya, Cəmaləddin Özəbaya özünün xas naxırından seçmə atlar bağışladı, onların xanədan qarşısındakı xidmətlərini xüsusi fərmanla qeyd etdi və Sədəddin Əsədə tapşırdı ki, həmin fərmanın surətini məlumat üçün bütün məliklərə göndərsin.– O ki qaldı, mənnən sənə-deyə vəzirə ürək-dirək verib könlünü aldı. – biz Eldəgəzlər dövlətinə nə muzdu, nə də ənam almaq üçün xidmət etmirik... Daha dürüst desək, ikimizin də buna heç vaxt ehtiyacımız olmayıb və olmayacaq da...

4 dəq
Saray ehsanı

Atabəylər meydanında qələbəlik başlamışdı. Şəhər əhli və yaxın kəndlərin adamları dəstə-dəstə axışıb gəlmişdi. Qoşun dəstələrinin əsgərlərindən xüsusi mühafizlər olmasaydı şəhristanın darvazalarında qarışqa kimi qaynaşan camaatın qarşısını saxlamaq olmazdı.Xüsusi atlı qulamlar küçələrdə car çəkirdilər ki, asayişi pozmayın belə əziz gündə. Möminə xatun abidəsinin açılış günündə, Eldəgəzlər xanədanının ünvanına xüsusi xütbələr oxunacaq gündə, sarayın verəcəyi ümumşəhər ehsanı günündə şuluqluq salmayın, məscidlər də gedib dua oxuyun, allaha ibadət edin, günorta namazından sonra ehsana təşrif gətirib təam alın... Onu da bilin ki, Möminə xatun abidəsinin açılışına başqa yerlərdən də qonaqlar dəvət olunublar: Qaraxitaydan, Şirvandan, Xarəzmdən... gələnlər var. Atabəy Cahan Pəhləvanla səmimi dostluq edən Xarəzmşah Təkiş də gəlmişdir... Hətta xilafətin nümayəndəsi də bugünkü mərasimdə iştirak etmək üçün Bağdaddan Həmədana, Həmədandan da hökmdara, Qızıl Arslanla vəliəhdlərlə birlikdə Naxçıvana təşrif gətirmişdir...

9 dəq
Göydən yerə enmiş Süheyl

Şəhərdə hamı Atabəylər meydanında bina olunan abidədən danışırdı. Rəsmi açılışdan sonra verilən fərmana əsasən onun ətrafında xüsusi mühafizlər gecə-gündüz növbə çəkirdilər. Abidəni qara rəngə boyanmış Təbriz ipəyi içərisində saxlayırdılar.Ancaq çoxlarına elə gəlirdi ki, bu nəhəng qara örpəyin içərisində bəzəkli bir gəlin dayanıb, işıqlı bir dünya bərqərar olub, nadir bir istedad sahibinin böyük, yenilməz ürəyi döyünür. Bu gün o, pünhan görünsə də, sabah mütləq aşkar olunacaq... Ayın hüsnünü həmişə bulud tutmaz, qızıl həmişə gizli qalmaz, su həmişə qaya altında yatıb qalmaz. Ay bir gün doğmalıdır, qızıl aşkar olub parlamalıdır, su bir gün üzə çıxıb çağlamalıdır...

13 dəq
Naməlum süvarilər

Vəzir çox narahat idi. Yerində otura bilmirdi. Gah eşiyə çıxıb içəriyə qayıdır, gah pəncərələri məğribə açılan iş otağını ölçür, Ədilağa gölünə, Araza baxır, gah da kürsüdə əyləşib “Afərinnamə”ni əsəbi-əsəbi sağa-sola vərəqləyirdi. Vərəqlədikcə də öz-özünə deyinirdi: “Elə siz baş sındırın, riyazi qanunlar kəşf edin, göylərin sirrilə əlləşin, həyatda düzlüyün, doğruluğun labüdlüyündən yazın... Bəs dediyiniz ölçü, ədalət, vicdan hanı? Birdən səsini ucaldıb:– Yoxdur, yalandır! dedi ixtiyar vəzir. – İnsan çox mürəkkəb məxluqdur. Onun əməlindən, felindən baş açmaq olmur. Ələlxüsus...

6 dəq

Başqa şairlərin şeirləri