Qəm çəkmə, bülbülüm, güli-xəndan bizimkidir,Gəldi bahar fəsli, gülüstan bizimkidir!

Qoyma rəqibi zövq ala bu laləzardən,Əlvan geyimli sünbülü reyhan bizimkidir!

Biz bağbaniyik bu lətafətli güllərin,Rəna yerişli sərvi-xuraman bizimkidir!

Çoxlar səfayi-eşqilə öz növbətin sürüb,Növbət bizimdir, indi bu dövran bizimkidir!

Əğyarə söyləyin, o da çox lovğalanmasın,Biz çəkmişik bəlasını, canan bizimkidir!

Biz indi də həyatla ayaqlaşmasaq əgər,Yox kimsənin günahı, bu nöqsan bizimkidir!

Vahid maarif eşqilə tapmış şərafəti,Biz talibi-məhəbbətik, ürfan bizimkidir!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq