Dün gecə açdı nigarım üzünü ay kimi,Gördüm ol mahın əyilmiş qaşını yay kimi.

Sürəti-tiri-nigahını təsəvvür elədim,Ki, gəlir sinəmə şəst ilə tramvay kimi.

Eşq bazarının aləmdə mənəm həmmalı,Almışam çiynimə qəm yüklərini tay kimi.

Saldı gözdən məni ol sərvi-rəvanım, getdi,Gözümün yaşı fərağında axır çay kimi.

Gördüm həmsöhbət olub qeyr ilə şirin-şirin,Bu həsəd qıldı əsər könlümə əzvay kimi.

Vahida, qaldın hamından geri, çox acizsən,Ciddü cəhd eylə ki, lap olmuyasan zay kimi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq