Səhifə 2 / 3 · 33%

Qonşu otaqda Zahidə xatunun xorna səsi gəldi. İki-üç ağız xoruldayıb səsini kəsdi.

“Narahat yatanda həmişə xorna çəkər... Neçə gündü narahatdır, nigarandır. Niyə də narahat olmasın, nigaran olmasın? Ürəyinə damıb ki, sahibi sağalmayan bir dərdə mübtəla olub... Cahan bu cahandan getməyə hazırlaşır. Onun ölümünə sevinəcək Kəsranı, Ağ süngər sülalələrinin küçüyündən böyüyünə kimi hamısı... Demetrenin, Georginin nəsli də öz növbəsində lap toy-bayram edəcək... Eldəgəzlər xanədanının ikinci hakiminin ölüm xəbərini eşidən kimi... Heyf, yüz dəfə, min dəfə heyf ki, insan ikinci dəfə dünyaya gəlmir. Belə olsaydı mən bilərdim nə edərdim!.. Etmədiklərim çox şey qaldı... Hələ çoxundan intiqam almalıydım, almadım, çoxuna cəza verməliydim, vermədim. Dar ağacları qurmalıydım, qurmadım. Hələ yürüşlər etməliydim, etmədim, vurub-dağıtmalıydım, vurub-dağıtmadım. Məndən sonra nə olacaq? Oğlanlarım necə yola gedəcəklər? Əmilərinə qulaq asacaqlarmı? Yaxud onlarda səlcuqların baş sultanı məlik şahın oğulları, əmiləri Sultan Səncərin qəsdinə duran kimi Qızılın əleyhdarları olacaqlar?.. Yox, inanmıram... Qardaşım ağıllıdır, təmkinlidir... Bircə maülinəbbaz¹ olmasa, nəfskarlığın² azalda bilsə... Bir də... bir də İnanc xatundan özünü hifz edib qoruya bilsə...

Bunlar haradan mənim ağlıma gəldi? Bəs indiyə kimi bu fikirlər niyə mənim beynimə dolmurdu?.. Yoxsa... Yox, mənə də Cahan Pəhləvan deyərlər. Mənim kürəyim hələm-hələmlə yerə gələn deyil... qoy bunu üzünə tüpürmək istədiyim əzrayıl da bilsin...” Bura çatanda elə bil beynində dolan müxtəlif fikirlərin zənciri qırıldı. Gözlərini qıyıb otağın tavanın bir bucağına zillədi. Xeyli baxdı. Birdən ona elə gəldi ki, bucaq aralandı və oradan həbəş qulamların ən heyvərəsinə oxşar əcayib bir məxluq çıxıb əvvəlcə baş endirdi, sonra iri ayağını irəli qoyub yekə əllərini sinəsində çarpazladı və kinayə ilə gülümsədi...

“– Sən... sən kimsən?” – “İndicə üzünə tüpürmək istədiyin əzrayıl”. – “Nə istəyirsən? Niyə gəlmisən?” – “Can istəyirəm... Gəlmişəm canını alam... Düzdür, şahlar, padşahlar çox çətin can verirlər, amma mən də naşı deyiləm, öz işimin ustasıyam... O qədər inadkar davakar şahın, padşahın canını almışam ki, axırda haqq-hesabımı özüm də çaşbaş salmışam...” – “Səni kim göndərib?.. Fələkəddin, ya Şimla?..” – “Onların canını çoxdan almışam... Məni sənin öz mələkən göndərib...”

– “Hansı?” – “Qanına yerikləyən... Taxt-tacına göz dikən...” – “İnanc xatun?” – “Bəli” – “Mən onu zindana saldıraram... Ac itlərə atdıraram!..” – “Bu ki, mənim ürəyimcə olar... hesab edərəm ki, işimin bini də gördüm... Onda sənə möhlət verib gedirəm... Sabah yenə gələrəm, İnanc xatunla haqq-hesabını çürüt...” Elə bil otağın bucağı təzədən aralandı və həbəş qulamların ən heyvərəsinə oxşar əcayib məxluq da həmin anda qeyb oldu. Cahan Pəhləvan əvvəlcə diksindi, sonra boğazı birdən açıldı:

– Zahidə!..

Zahidə xatun səs eşidən kimi özünü cəld içəri saldı.

¹ Şərab düşkünü

² Şəhvət düşkünü

– Nə var, Cahan!?

– Yatmısan?

– Yox, yatmamışam... Necə yata bilərəm?.. Yuxum ərşə çəkilib.

– Amma... mən yatmışdım. – İstədi indicə gördüyü əzrayıldan söhbət sala, mələkənin qorxacağını nəzərə alıb günorta yatanda gördüyü yuxunu danışdı: hə... hə... Bilirsən, yuxuda görmüşəm... gördüm ki, Əcəmi çox gözəl bir sərdabə tikib... Möminə xatun ananın sərdabəsindən həm gözəl, həm də qəlbi... Özü də başqa bir yerdə... ha baxıram, nə yer mənə tanış gəlir, nə də adamlar... Bu nə ola bilər, Zahidə?

– Özünü üzmə, Cahan...

– Əzrayıla oxşayan o qara həbəşə de, vəziri bura çağırsın!

– Bu gecə vaxtı?

– Axı mən ona tapşırmışam ki... Əcəmini...

– Əcəmini neyləyirsən, Cahan?..

– Heç. – Cahan Pəhləvanın fikri elə bil çözələndi, gözlərini yumdu, sinəsi daha tez-tez qalxıb-endi.

Mələkə istədi Cəlaliyyəni oyada, fikirləşdi ki, qorxar... Əllərini sinəsində çarpazlayıb, gözlərini ərinin sifətinə dikdi. Ona artıq bəyan idi ki, saray sahibi əcəllə əlbəyaxadır... Ancaq bu adicə can vermək deyildi, əzab idi, dəhşət idi. Elə bil bütün bəd əməlləri, günahları qəsdinə durmuşdu hökmdarın, elə bil sinəsi üstə bir yox, bir neçə əzrayıl əyləşmişdi Şəmsəddin oğlunun... Onun yumşaq, zər-zibalı, taxti-rabda iki yox, on, yüz əl çarmıxa çəkirdi, açılıb-qıvrılırdı xanədanın ikinci hakimi...

– Sən demə rahat ölümün özü də bir xoşbəxtlik imiş...

– Bir az yatsan, yaxşı olar... Ağrıların azalar. Zahidə tez fikrini dəyişdi:

– Ağrıların azalıb?!

– Hə... azalıb...

– Özün bilirsən ki, mən səni...

– Bilirəm, sən mələkələrin kiçiyi olsan da mən səni ürəyimdə həmişə böyük mələkə yerinə qoymuşam... Baş mələkə bilmişəm... Özün bilirsən...

– Razıyam... Cahan...

– Cəlaliyyə yatıb?

– Hə, yatıb...

– Daş kimi ağır yatır.

– İndi onun elə vaxtıdır... Zahidə, yaxın otur... Sənə deyiləsi sözüm var... Məni deyəsən atamın, anamın yanına dəvət edirlər...

– Bu nə sözdü, Cahan? – Zahidə xatun kətildən qalxıb ərinin yatdığı taxti-rabin kənarında əyləşdi, onun əlini ovuclarının içərisinə aldı.

– Hamı bu yolun yolçusudur... Bu, hamı gedən yoldur... İstər şah olsun, istər gəda olsun... – Cahan Pəhləvan elə bil nəsə eşidib qulaq asdı.

– Elə bil məni hərdən bir kimsə çağırır, qulağıma səs gəlir, amma hələ çox uzaqdan gəlir:

“Ey yolçu, hazırlaş!” – deyir bu səs... “Son mənzilə gedən yola hazırlaş!” – deyir bu səs...” “Bu gün-sabah bir köhlən at qapında dayanacaq, səni dəvət edəcəklər ki, gəl min bu atın belinə... amma bu at sənin həmişə mindiyin ağ kürən deyil, qara, qapqara bir atdı... Yəhəri də qaradır, tərliyi də, yüyəni də. Başdan ayağa qaradır bu at... Bu at sənin ilxılarındakı atların heç birindən deyil... Bu at Məhəmməd peyğəmbərə meraca getmək üçün göydən göndərilən hüça cinsindəndir. Burağın törəmələrindəndir... Bu at əcəl atıdır...”

– Elə danışma, Cahan...

– Sözümü kəsmə... Bu at adamları o dünyaya aparır...

Zahidə xatun ağladı.

– Sən allah, danışma, Cahan... dözə bilmirəm...

Zahidə xatun onun əlini qaldırıb dodaqlarına sıxdı. İki damla ilıq göz yaşı Cahan Pəhləvanın əlinin üstünə düşdü. Qadının göz yaşı hökmdar ürəyinə də təsir etdi:

– Yaxşı... Onda bir bayatı de... Özü də Əbubəkr oğlunun... Əcəminin Cəlaliyyə üçün tərtib etdiyi kitabdakı bayatılardan...

– Bayatı nəyinə lazımdır, Cahan? – Zahidə xatun onun əlini ovucları içərisindən götürüb yanına uzatdı.

– Mərhum anam Möminə xatun... dövlət işlərində atabəy-əzəmin... ən yaxşı məsləhətçisiydi. Həmişə ona kömək edərdi... Buna görə də məni lap kiçik yaşlarımdan dayə saxlayıb, mənə həmişə laylanı da o çalardı, özü də bayatı çəkə-çəkə... İndi nədənsə o bayatılar yadıma düşdü...

Zahidə xatun fikirləşdi:

“Hə, deyəsən, Cahan həqiqətən gedir cahandan...” Ərinə baxdı...

Cahan Pəhləvan gözlərini yumub onu gözləyirdi. Zahidə xatunun həzin və hüzünlü səsi eşidildi: “Dağları gəzən ağlar, Daşını düzən ağlar... Yarını gedən görüb, Əlini üzən ağlar...”

Cahan Pəhləvan gözlərini açıb diqqətlə Zahidə xatuna baxdı. Mələkə birdən özünü onun üstünə atdı, başını sinəsinə dayayıb, əlini uzadıb əvvəlcə boyun-boğazında, sonra sifətində gəzdirdi.

Çox sağ ol... Mən səni elə belə bilirdim... Amma bayatın lap yerinə düşdü... Vəsiyyətim vəzirdədir... Sədəddin Əsəddə... Demişəm yazıb, imza da etmişəm... möhür də vurmuşam. Əvvəlan, vəsiyyət etmişəm ki, məndən sonra xanədana Qızıl Arslan sahiblik etsin... O dura-dura oğlanlarımdan birisini yerimə qoyub getsəm... Möminə xatun ananın, atabəy-əzəmin ruhu məndən inciyər... həm də yeganə qardaşım üçün böyük dərd olar... Fikirləşər ki, yəqin Cahan övladım olmadığı üçün belə hərəkət etdi... Əlincədəki beytülmalın ixtiyarını sənə həvalə etmişəm... oranın açarını sənə verəcəklər... Cəlaliyyəni Naxçıvana iqtidar təyin etmişəm... Qalan vəsiyyətlərim də orda yazılıb... Həmədana dönəndən sonra Sədəddin Əsəd bütün saray ərkanını bir yerə cəm edib həmin vəsiyyətnaməni mənim adımdan elan edəcək. Sən həmin vəsiyyətnamədə yazılanları öz dilinlə mənim adımdan təsdiqləyəcəksən... Deyəcəksən ki, vəsiyyətnamədə nə yazılıbsa... hamısını şəxsən mənim dilimdən eşidibsən... Vəzirə tapşırığım belədir... Bunları sənin bilməyin də vacibdir... Sədəddin Əsədə də demişəm ki, Zahidə bunlardan agahdır... İnsan çiy süd əmib, heç kimə inanmaq olmur...

Amma ürəyimdən indicə bir səs gəldi:

– “Zahidəyə inan, çünki təkcə sənə o sidq-ürəklə övrətlik edib...” Bir ricamı da səndən gizlətmirəm: ömrüm harda sona çatsa, mənim cənazəmi Naxçıvana gətirin... Möminə xatun ananın yanında... Əbubəkr oğlu ikinci adamın dəfn edilməsi üçün... yer saxlayıb... Düzdür, o mənə dedi ki, bir gün gələr atabəy-əzəmin məzarını Həmədandan buraya köçürəcəklər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Odla su arasında

Cahan Pəhləvan gecəni pis yatmışdı. Sübhə yaxın yuxuya getsə də, xoruz banı eşidib ayılmışdı. Səbəb də o olmuşdu ki, atabəy-əzəmi yuxuda görmüşdü. Görmüşdü ki, atabəy-əzəm taxta əyləşib, onu yanına dəvət edib. İçəri girəndə atabəy əzəm taxtdan durub, onun qənşərinə gəlir, sağ əlini oğlunun çiyninə qoyur. Sonra atdan yuxarı onu diqqətlə süzür. Axı, oğul atasından həm hündürdür, həm də qəddi-qamətli. Bu, hökmdarın xoşuna gəlir, onu sevindirir... Ürəyində Möminə xatuna razılıq edir: “Mərhəba südünə, ülya mələkə!..” Sonra deyir: “Mənə gətirilən səhih xəbərlərə görə Rey hakim cızığından çıxır. Və bizim xanədana açıqdan-açığa kin-küdurət bəsləyir. Onu yerin də oturtmaq gərəkdir. Hökmdar atanın ilkin oğlu kimi, Eldəgəzlər xanədanın gələcək ikinci hakimi kimi bu işi son görməlisən. Sənə həm inanıram, həm də qılıncına güvənirəm... Get, sənə uğurlar arzulayıram. Göstər özünü, qoy əmirlər, məliklər, rəislər sənin zərbi-dəstini indidən görsünlər... Amma unutma ki, müharibə çox pis şeydi, gərək onu tez qurtarasan. Yoxsa insanlar bir-birini qırmağa adətkar olarlar. Onlarda şəhərləri, kəndləri viran qoymağa, yandırmağa həvəs çoxalar, adamları qarət etməyə, soymağa meyli artar. Sonra bunun qarşısını almaq olar müşkil iş...”Sonra müxtəlif vuruş səhnələrini görmüşdü. Moğlub olan Qütluq İnancın onun atının ayaqlarına düşməsi, dil çıxarıb yalvarması, qızını ona ərə verib düşmənçiliyi aradan götürmək istəməsi, gecə ciddi sifətli, süzgün baxışlı, məğrur duruşlu İnanc xatunun onun yanına göndərilməsi, evlənmələri şərəfinə düzəldilən eyş-işrət məclisi qırıq-qırıq nəzərində canlanmışdı.

14 dəq
El-oba naminə

Dağlar da insanlar kimi müxtəlif olur: alçaq-uca, mülayim-sərt... Naxçıvan dağlarının isə başqa bir xüsusiyyəti də budur ki, ilin müəyyən aylarında bir səhərlər, bir də axşamçağılar hərəsi bir rəngə çalır. Çox vaxt ayırd edə bilmirsən ki, bu qəribə rəngləri bu dağların üzünə hansı qəfil bir əl sürtür, onları kimin gözəgörünməz möcüzəli fırçası bu rənglərə boyayır. Elə dağ var, gələnə-gedənə sinəsi üstən cığır açır, yol verir. Elə dağ da var, qalaya-qəsrə çevrilib torpağa yad ayaq dəyməsinə, düşmən atlarının keçməsinə keçilməz sədd olur, qənim kəsilir, evindən-eşiyindən iraq düşən igidlərə havadarlıq edir, qoynunda daldanacaq verir.Əli Şimşəyin dəstəsi həmişə bu dağlardan ən gözəllərini özünə məskən seçərdi. Bu il də onlar çiyin-çiyinə verib bir-birinə söykənən, pəhləvanlar kimi əzəmətlə yan-yana dayanan Əlincə dağlarında məskən salmışdılar. Bu dağların döşündəki hamar düzənlik cıdır meydanına oxşayırdı. Səma aydın, dağlar çənsiz-dumansız olanda, bura qalxıb məğrib

6 dəq
Dərban və mühafiz (qış söhbəti)

Böyük çillə təzəcə çıxmışdı. Kiçik çillə bütün gücünü toplayıb şəhər əhlinə öz zərbi-dəstini göstərirdi.Allahın elə ildə iki dəfə bu yerlərin sakinlərinə qəzəbi tuturdu: yayın ortalarında güclü istisi ilə, qışın ortalarında sərt soyuğu ilə.

9 dəq
Qəfil küləklər əsəndə

Günəş məşriqdən neçə dəfə çıxıb məğribdə neçə dəfə doğub qürub etdi – heç kəs hesablamadı, neçə-neçə bulaqlar birləşib çaylara qovuşdu, heç kim baş açmadı, dəryalara nə qədər təzə sular axdı – heç kim fərqinə varmadı, neçə-neçə gündüz gecəni qovdu, neçə-neçə gündüzün gecə üzünə zülmət pərdəsi çəkdi – heç kim bilmədi.Əcəmi də günəşin doğub batmasına tamaşa edə-edə, bulaqlardan su içə-içə, çaylardan adlayıb neçə-neçə gecəni gündüzə, gündüzü gecəyə qata-qata, nağıllarda deyilən kimi, neçə-neçə yollardan keçdi, aşırımlar aşdı, keçdikcə də, aşdıqca da saçlarına düşən dən çoxaldı, illər çin-çin olub yaşının üstünə qalandı...

14 dəq

Başqa şairlərin şeirləri