Məzmun
  1. Birinci şəkil
  2. İkinci şəkil
  3. Üçüncü şəkil

Səhifə 4 / 5 · 60%

Reyhan

Bu saat, ata... (O biri otağa qaçır)

Dilşad (əl-ayağa düşərək)

Səhərdən haradasan? Bu vaxtacan ac qalmaq olar?

Xosrov Atayev

İşim çox idi, Dilşad.

Dilşad

İş öz yerində, insana can da lazımdır.

Xosrov Atayev (gülümsəyir)

Doğrudur.

Dilşad

Həmişə “doğrudur” deyirsən, amma əməl eləmirsən. Ver şlyapanı.

Xosrov Atayev

Zəhmət çəkmə. (Özü gedib asır)

Dilşad

Qabaqca nahar edəcəksən, yoxsa...

Xosrov Atayev

Ürəyim yanır.

Dilşad

Görürsənmi, vaxtlı-vaxtında yeyib-içmədiyin üçün iştahadan kəsilmisən. Yox, belə olmaz. Axı, mən sənin üçün rejim qoymuşam.

Xosrov Atayev

Bu dəfə bağışla. Söz verirəm ki, bir də rejimi pozmayım.

Dilşad

Yaxşı, görək.

İldırım Atayevlə Reyhan gəlir.

İldırım Atayev

Xosrov, Salam! (Qardaşını diqqətlə nəzərdən keçirərək) Yaxşısan, gümrahsan.

Xosrov Atayev

Sən də yaxşısan... Bircə de görüm məzuniyyətə çıxmısan, yoxsa...

İldırım Atayev

Xeyr, iş üçün gəlmişəm.

Dilşad

Amma mən dedim, bəs, siz məxsus bizimlə görüşə gəlmisiniz.

İldırım Atayev

Həm ziyarət, həm ticarət. (Xosrova) Şəhəriniz qiyamət olub. Köhnə evlərin yerlərini tanımaq olmur.

Şahsuvarov

Yoldaş Atayev ki, belə başlayıb, çox çəkməz bura Bakını da ötər.

İldırım Atayev (Şahsuvarova diqqətlə baxaraq, zarafatyana)

Bakı dayanıb sizi gözləmir. O da tərəqqi edir, böyüyür.

Şahsuvarov (tutularaq)

Şübhəsiz.

İldırım Atayev

Tikmək qardaşımın çoxdankı ehtirasıdır.

Xosrov Atayev

Dünyada tikməkdən, qurmaqdan da gözəl nə var?! (Cahangirlə Şahsuvarova) Əlbəttə, mən belə deməklə siz inzibatçıları özümüzdən ayırmıram.

Dilşad

Söhbət dananı qurda verər, xahiş edirəm yemək otağına buyurasınız. Xosrov da səhərdən acdır.

Cahangir

İcazənizlə mən gedim.

Dilşad

Heç elə şey yoxdur. İldırımın gəlişi münasibəti ilə hamımız bir yerdə nahar edəcəyik.

Xosrov Atayev

Doğrudur. Siz buyurun əyləşin, mən bu dəqiqə gəlirəm.

Dilşadla Xosrov Atayevdən başqa hamı o biri otağa keçir. Xosrov Atayev saçını darayır.

Dilşad

Bu gün bizim evlənməyimizin düz on ili tamam olur, Xosrov.

Xosrov Atayev

Gərək məni bağışlayasan. İldırımın gəldiyini eşidib evə tələsdiyim üçün sənə hədiyyə ala bilmədim. Sabah mütləq!

Dilşad (gülümsəyir)

Eybi yoxdur. Borclu borclunun sağlığını istər. Bir də ki, qocalar hədiyyəsiz də keçinər.

Xosrov Atayev (onun əlindən tutaraq)

Sən indi də on il bundan qabaqkı kimi gözəlsən. (Saçlarından öpür)

Dilşad (ona qısılaraq)

Amma mənə elə gəlir ki, sən daha məni əvvəlki kimi istəmirsən.

Xosrov Atayev

Əksinə. İllər keçdikcə, mən səni daha çox istəməyə başlayıram. Bu məlun şübhə haradan ağlına gəlibdir?

Dilşad

Bəzən olur ki, bütün günü evə gəlmirsən.

Xosrov Atayev

Neyləyim... Səbəbini özün bilirsən. (Pauza)

Dilşad

Sənin xəbərin varmı ki, bizim dostumuz Cahangir mənim gözümün ağı-qarası bircə bacım qızının ərini dolaşdırmaq istəyir?

Xosrov Atayev (qaşlarını çataraq)

Təqsiri olmayan adamı heç kəs dolaşdıra bilməz.

Dilşad

Sən hamını öz arşınınla ölçmə, Xosrov. Əgər, Sadıqovun başına bir iş gəlsə, o yazıq qızın halı necə ola bilər? Savadı az, qohum-qardaşı yox...

Xosrov Atayev

Nə üçün sən onu təhsildən ayırıb verdin Sadıqova? Axı, mən o vaxt sənə dedim...

Dilşad

Bu söhbətlər gecdir, Xosrov. Sən kömək elə, Lətafət bədbəxt olmasın!

Xosrov Atayev

Nə cür kömək edim?

Dilşad

Qoyma əri dolaşsın!

Xosrov Atayev

Bayaq dedim, günahı olmayan adamı heç kəs dolaşdıra bilməz!

Dilşad

Sən hamıya verəcəyin rəsmi cavabı mənə də verirsən.

Xosrov Atayev (acığını unudaraq)

Dilşad! Axırıncı dəfə səndən xahiş edirəm: əgər, bizim aramızdakı onillik məhəbbətin məhv olmasını istəmirsənsə, bir də məndən belə şeylər xahiş etmə! Mən xalqa qulluq elədiyim bu otuz ildə ona xəyanət etməmişəm, etməyəcəyəm də. (Çevrilib iti addımlarla o biri otağa keçir)

Dilşad (onun ardınca qəzəbli bir nəzər salaraq)

Ah... Siz Atayevlər!..

Pərdə

Üçüncü şəkil

Xosrov Atayevin evi. İldırım Atayev qəzet oxuyur. Xosrov Atayev nə isə yazır. Dilşad bir qutu papiros gətirib onun qabağına qoyaraq çıxır. Onun hərəkətlərindəki gizli acığı Atayev qardaşları hiss edirlər.

İldırım Atayev (qəzeti stolun üstünə qoyur)

Uşaqlıqdan bizim bir-birimizdən gizli sözümüz olmayıb, Xosrov, açığını deyim ki, sənin ailə həyatın məni kədərləndirir.

Xosrov Atayev

Niyə axı? Səbəbi nədir?

İldırım Atayev

Bizim hər ikimiz xalq uğrunda, onun böyük arzuları uğrunda çarpışırıq, elə deyilmi?

Xosrov Atayev

Əlbəttə, elədir! Başqa cür ola bilər ki?

İldırım Atayev

Və mən bilirəm ki, sənin üçün xalqın mənafeyindən yüksək, müqəddəs heç nə yoxdur!

Xosrov Atayev

Şübhəsiz!

İldırım Atayev

Lakin mənə elə gəlir ki, sənin əqidənlə, işinlə ailə həyatın arasında çox dərin bir ziddiyyət əmələ gəlmişdir.

Xosrov Atayev

Sən bunu nəyə əsasən deyirsən?

İldırım Atayev

Görüb-eşitdiklərimə əsasən!

Pauza.

Xosrov Atayev

Bu daşın haradan atıldığını bilirəm. Sən Reyhanın sözlərinə çox da əhəmiyyət vermə. Özün bilirsən ki, ögey ana ilə övladın ulduzu çətin barışır.

İldırım Atayev

Yox, Xosrov! Mən istəyirəm ki, sən bizim bu söhbətimiz ətrafında çox ciddi düşünəsən! Sonra gec olar...

Xosrov Atayev (tutularaq)

Məncə, hər kəs kiminlə yaşadığını daha yaxşı bilir.

Əsəbi halda qalxıb telefon aparatına yaxınlaşır. İldırım çıxır.

Xosrov Atayev (zəng edir)

Milis idarəsini verin. Şahsuvarov haradadır? Xahiş edirəm onu tapıb mənim yanıma göndərəsiniz. (Dəstəyi asır. Uzun pauza, ağır addımlarla o biri otağa keçir)

Səhnə bir an boş qalır. İldırımla Mehrican daxil olurlar.

İldırım Atayev

Siz nə isə soruşmaq istəyirsiniz. Bəs, niyə susursunuz?

Mehrican

Qorxuram mənim sualım sizə həddindən artıq cəsarətli görünsün.

İldırım Atayev

Cəsarət – mərdlik deməkdir! Rica edirəm, danışın!

Mehrican

Mən səkkiz il bundan qabaq sizin başınıza gələn əhvalatı eşitmişəm. Ona görə də, mənə elə gəlir ki, dünən sizin xoşbəxtlik haqqında dediklərinizlə bu ağır xatirə arasında bir əlaqə vardır. Doğrudanmı siz öz səadətinizi həmişəlik itirilmiş hesab edirsiniz?

İldırım Atayev

Əlbəttə, yox!.. Bizim ümumi idealımız o qədər yüksək, o qədər gözəldir ki... Lakin bununla bərabər... (Pauza) Siz qoca bağban haqqındakı nağılı eşitmisinizmi?

Mehrican

Xeyr.

İldırım Atayev

Deyir, əlli il idi ki, qoca bağban gözəl ağaclar becərirdi. Əlli il idi ki, adamlar onun yetişdirdiyi meyvələrdən yeyib mənfəətbərdar olurdular. Axır bir gün qoca hiss elədi ki, daha bu dünyadan köçmək üzrədir. Adamlar tökülüb gəldilər. Kimi qocaya soyuq şərbət hazırladı, kimi dərman verdi, kimi yastığını düzəltdi. Qoca bağban isə uzaqlara baxıb “ah” çəkdi. O vaxt bir cavan oğlan soruşdu ki, nəyin qüssəsini eləyirsən, ay baba? Gününü görüb, dövranını keçirmisən, camaat başına and içir. Bağban dedi: heç nəyin fikrini çəkmirəm, hamınızdan da çox razıyam. Ancaq kaş rəhmətlik qarım indi yanımda olaydı...

Pauza.

Mehrican (mütəəssir)

Nə üçün siz özünüzü qoca bağbanla müqayisə edirsiniz? Əgər, səhv etmirəmsə, sizin hələ otuz doqquz yaşınız var.

İldırım Atayev

Ola bilər ki, indi də öz taleyini mənimlə bağlamaq istəyən bir qadın tapılsın. Lakin siz özünüz də inkar etməzsiniz ki, bu istəklə əsl məhəbbət arasında payızla yaz qədər böyük fərq vardır. Mən isə (gülümsəyir), etiraf edirəm ki, bu barədə bir az xudpəsəndəm. Mənə elə gəlir ki, məhəbbətdə orta hal yoxdur. Ya həqiqi sevgi, ya nifrət!

Mehrican

Doğrudur. Lakin nə üçün siz elə zənn edirsiniz ki, bu həqiqi sevgi sizə aid ola bilməz? Bəlkə indi sizi, sizin təsəvvür etdiyinizdən də artıq sevən gənc bir qız vardır və əgər, o sizi istədiyinin yarısı qədər özünün sevildiyini bilsəydi...

İldırım Atayev

Yoxsa, siz mənə təsəlli vermək istəyirsiniz?

Mehrican

Mən bilirəm, sizin kimi ağıllı adamların buna ehtiyacı yoxdur.

İldırım Atayev

Elə isə... (Həyəcanlı halda susur. Gərgin pauza)

Mehrican

Rica edirəm Reyhana deyəsiniz ki, mən gəlib onu gözlədim, hələlik.

İldırım Atayev

Hara? Dayanın! Bu belə qurtara bilməz.

Mehrican çıxır. İldırım Atayev də həyəcanla onun ardınca gedir. Səhnə bir anboş qalır. Sadıqov başını içəri salıb baxır. Sonra qayıdıb yoldaşlarına gəlmək üçün işarə edir.

Sadıqov, Xuduş, Ağasəlim daxil olurlar.

Xuduş

İndicə Mehricanın dalınca tələsik bağçaya düşən ministr Atayev deyildi?

Sadıqov

Özü idi. Gəldiyi iki gün deyil, eşqbazlığa başlayıb. Görəsən, Dilşad hardadır?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Apardı sellər Saranı

Ölüm qanadlarını Gülnarın üzərinə gərdiyi zaman o, Soltanını yanına çağırıb, gözlərindən öpdü...– Mən gedirəm, əzizim, – dedi, – günlərinə qəm qatma. Bu qoca dünya əzəldən belədir. Bilirəm, evlənəcəksən, cavansan. Amma Saramdan muğayat ol. Qoyma ögey ana sitəmi çəksin. Əgər xoşbəxt olsa, qəbrimin üstünə gəl... mənə de.

3 dəq
Su dəyirmanı

O gecə mən birinci dəfə idi ki, kəndimizin üst tərəfindən keçən dəyirman arxının yanında dayanıb onu gözləyirdim. Göy qübbəsini bəzəyən saysız-hesabsız ulduzlar və onların arasındakı üçgünlük Ay arx boyu düzülmüş söyüdlərin təzə açılan yarpaqlarını zəif-zəif işıqlandırırdı. Aşağı dərənin qaranlığında yalnız taxtapuşu seçilən dəyirmandan işıq gəlirdi. Mənim gözlədiyim qız atasına – dəyirmançı Musa dayıya axşam yeməyi aparmışdı. Mən bunu gündüz özündən öyrənmişdim. Ona görə də, indi burada dayanıb, gözümü dəyirmandan gələn cığıra zilləmişdim. Yarım saatdan bəri idi ki, həyəcan və intizar içindəydim. Əslinə baxsan, yarım saat deyil, düz yarım il idi. Yarım il idi ki, hər gecə mən bu cür həyəcan və intizar içində səhərin açılmasını gözləyirdim. İndi isə burada, ulduzların altında səhəri deyil, onun özünü gözləyirdim. Təzə açılmış söyüd yarpaqlarının xışıltısını, dəyirman çarxının üzərinə tökülən bahar suyunun coşğun şırıltısını dinləyərək onu gözləyirdim.Mən də, bu gözəl yaz gecəsi də həyəcan və səadət içindəydik. Biz ikimiz də, mən də, bahar da, mənim arzularım da, baharın açdığı bu söyüd yarpaqları da gənc idik. Bizim üzərimizdən fırtına keçməmişdi. Biz həyəcan və coşğunluq içində irəliyə can atırdıq. Biz arzu və ehtiraslar selinə düşmüşdük! Biz təzə gəldiyimiz bu dünyaya nə isə yeni bir şey, yeni bir gözəllik bəxş etmək həvəsi ilə çırpınırdıq. Biz bu barədə düşünmürdük, lakin bu, belə idi. Bizim fərəhimizdəki sirr bundan ibarət idi. Bu, böyük və əzəmətli həyatın əbədi qanunlarından biri idi!..

59 dəq
Yun şal

«ZİL» markalı maşınımız sonsuz kimi görünən geniş çölü keçərək, nəhayət, axşam toran qovuşan vaxt çox da hündür olmayan dikdirin üzərində yerləşmiş üç-dörd balaca, kərpic evdən ibarət fermaya çatdı.Mən sürücü Mikolaya:

15 dəq
Qırçı və qırmızı çiçək

Qoca qırçı ilə şagirdi cavan oğlan şəhərin lap ucqar yerindəki birmərtəbəli evin damına çıxanda günəş yenicə doğurdu.Onlar ikisi də ucaboylu, enlikürəkli idi. İkisinin də əynində kobud brezentdən mazuta batmış iş paltarı vardı. Oğlan başıaçıq idi. Zil qara saçları səliqə ilə yana daranmışdı. Qocanın başında köhnə, palıdı kepka var idi. Oğlanın üzü təmiz təraş edilmiş, incə qara bığları şəvə kimi parıldayırdı. Qoca sağ əlində kömür kimi qaralmış köhnə qəlyan tutmuşdu.

14 dəq

Başqa şairlərin şeirləri