Məzmun
  1. Dördüncü şəkil
  2. Beşinci şəkil
  3. Altıncı şəkil
  4. Yeddinci şəkil
  5. Səkkizinci şəkil

Səhifə 1 / 7

Dördüncü şəkil

Sadıq Sadıqovun evi. Bahalı mebellər. Ortada üstü cürbəcür yeməklərlə dolu böyük stol. Qapının zəngi vurulur. Lətafət tələsik addımlarla gedib açır.

Şahsuvarov

Lilya! Səni görəndə ürəyim necə çırpınır.

Lətafət

Mən səndən küsmüşəm, Ziyad.

Şahsuvarov

Elə demə, özümü öldürərəm.

Lətafət

Heç birinə inanmıram.

Şahsuvarov

Nə üçün?

Lətafət

Deyirlər sən başqasını sevirsən.

Şahsuvarov

Belə zarafatları burax, Lilya! Mənim üçün dünyada ancaq sənsən!

Lətafət

Bəs Reyhan?

Şahsuvarov

Nə danışırsan? Onun ki, sevgilisi var.

Lətafət

Nə olsun? Xalam istəyir ki, o sənə getsin. Xalam da bir şey istəməsin, istədi, qurtardı.

Şahsuvarov

Xalanın elə arzusu olduğunu sən haradan bildin?

Lətafət

Görürsən necə maraqlanırsan?

Şahsuvarov

Sən Allah, boşla.

Lətafət

Yox, Ziyad, düzünü de, sən, doğrudanmı, Reyhanla evlənmək fikrindəsən?

Şahsuvarov

Heç yatsam yuxuma da girməz.

Lətafət (onun əlindən tutaraq)

And iç!

Şahsuvarov

Sənin əziz canın üçün!

Lətafət (ona qısılaraq)

Ax, Ziyad, mən sənsiz bir gün də yaşaya bilmərəm.

Şahsuvarov

Mən sənsiz nəinki bir gün, heç bir dəqiqə də yaşaya bilmərəm, Lilya...

Lətafət

Elə isə nə üçün tərpənmirsən? Niyə məni bu əzablardan qurtarmırsan? Ax... Sən bilsən ki, mən ona nə qədər nifrət edirəm!

Şahsuvarov

Bilirəm... Hamısını bilirəm. Ancaq bir qədər də səbr etmək lazımdır. Sənin ona getdiyin cəmi iki ildir. Bu tezliklə boşanıb mənə gəlsən, yaxşı çıxmaz.

Lətafət

Nə üçün?

Şahsuvarov

Mənə məişət pozğunu adı verərlər. Deyərlər xalqın təzə arvadını boşatdırıb aldı.

Lətafət

Cəhənnəmə ki! Qoy nə deyirlər desinlər. Yoxsa qorxursan?

Şahsuvarov (gülümsəyir)

Nədən qorxacağam? Ancaq...

Lətafət

Sevən adam heç nəyi gözə gətirməz, Ziyad! Mən hər şeyə razıyam, təki səninlə bir yerdə olum.

Sadıqov gəlir.

Sadıqov (gülür)

Hi-hi... Sən məndən qabaq gəlmisən.

Şahsuvarov

Əsl dost gərək elə olsun.

Lətafət

Sənə yüz dəfə demişəm ki, şlyapanı elə qoyma.

Sadıqov

Axı, məndə nə təqsir var, Liliçka? Evimizdə bişməyib, qonşudan gəlməyib. Hi-hi... Atam baqqal Məşədi Kərim rəhmətliyin bir kürkü var idi ki, içinə üç adam yerləşərdi. Belinə də bir qurşaq dolayardı ki, düz on iki arşın. İndi onun oğlu şlyapa? Hi-hi...

Lətafət

Yaxşı... yaxşı... tez ol, Şahsuvarov bayaqdan səni gözləyir.

Sadıqov

Liliçka, mən indi xalat geyim, yoxsa?

Lətafət

Ox... qonaqların yanında xalatla oturacaqsan?

Sadıqov (gülür)

Hi-hi... Şahsuvarov ki, özümüzünküdür.

Lətafət

Sənə yüz dəfə demişəm belə gülmə.

Sadıqov

Eh, Liliçka, gülməyib nə edəcəyəm... Beş günlük dünyadır, ye, iç, kef çək! Atam Məşədi Kərimin də pulu çox idi, axırı nə oldu? İnsan bu fani dünyaya bir dəfə gəlir. Ömər Xəyyam demişkən, sabah yıxılıb ölsən, yeddi min il bundan qabaq ölənlə sənin heç bir fərqin olmayacaq! Elə deyilmi, Şahsuvarov?

Şahsuvarov

Elədir.

Sadıqov

İskəndər Zülqərneyə qalmayan dünya kimə qalacaq? Ye, iç, kef çək, vəssalam. (Oxuya-oxuya o biri otağa keçir)

Mixək əkdim ləyəndə,
Ay mixək boynun əyəndə...

Şahsuvarov (bərkdən gülərək)

Bu, doğrudan da, idiot imiş!

Lətafət

Sən isə günü günə satırsan.

Şahsuvarov

Lilya! Yox, yox, üçcə ay da gözlə.

Lətafət

Neynək, üç ay da dözərəm. (Onunla yanaşı dayanaraq, güzgüyə baxır) Görürsənmi, bir-birimizə necə yaraşırıq! İkimiz də bir boyda.

Şahsuvarov

İkimiz də gözəl...

Sadıqov (daxil olur)

Hi-hi... Siz nə münasibətlə belə qoşa dayanmısınız?

Şahsuvarov

Lilya mənimlə mübahisə edir ki, biz bir boydayıq.

Sadıqov

Yox, Liliçka, Şahsuvarov səndən bir az hündürdür.

Lətafət

Xeyr, bir boydayıq.

Sadıqov

Bir az...

Lətafət (qışqırır)

Dedim ki, bir boydayıq!

Sadıqov

Düzdür, Liliçka, bir boydasınız...

Qapının zəngi çalınır. Sadıqov gedib açır. Xuduş, Ağasəlim və arvadı Zabitə daxil olurlar.

Sadıqov

Gəlin çıxın də...

Xuduş

Bıy, yoldaş Şahsuvarov da burdaymış...

Ağasəlim

Yoldaş Şahsuvarovsuz bir günümüz olmasın!

Sadıqov (qədəhləri tez dolduraraq)

Eləsə, götürün bunu ekspromtom vuraq yoldaş Şahsuvarovun sağlığına! Uşaqlar, siz öləsiniz, elə bilirəm dədəm rəhmətlik Məşədi Kərimin iki oğlu varmış.

Şahsuvarov

Sən mənim böyük qardaşımsan!

Sadıqov

Qoy bir səni öpüm, qardaş.

Öpüşürlər.

Ağasəlim

Yaxşı oğlanlara can qurban!

Sadıqov

Sağ ol, qardaş. (Birnəfəsə içir)

Xuduş

Sən bizim üstümüzdən əskik olmayasan, naçalnik... (İçir)

Şahsuvarov

Sağ olun, dostlar! (İçir)

Sadıqov

Hə, indi əyləşin...

Zabitə

Bəs Dilşad xanım gəlməyəcək? Liliçka, bəlkə zəng eləyəsən? (Qapının zəngi çalınır) Aha... gəldi... (Tələsik gedir açır) Buyurun, buyurun.

Dilşad daxil olur. Hamı ayağa qalxır.

Dilşad

Əyləşin, əyləşin.

Sadıqov

Yuxarı başa keçin.

Şahsuvarov

Bura buyurun...

Əyləşirlər.

Dilşad

Zabitə, xoş gördük... Aya-günə dönmüsən...

Zabitə

Vallah, üç-dörd gündür başımız yaman qarışıb...

Ağasəlim

Mərdimazara lənət!

Xuduş

Min lənət!

Sadıqov

Qədəhləri doldurun, canım. Qan qaraltmaq vaxtı deyil.

Şahsuvarov

Varam Sadıqov. Dünyada heç bir şeyi vecinə alan deyil.

Sadıqov

Sizin kimi dostları olan nədən qorxacaq? (Oxuyur)

Mixək əkdim ləyəndə,
Ay mixək boynun əyəndə...

Dilşad (gülümsəyir)

Deyəsən, yeznəm dəmdir.

Sadıqov

Yeznə anadan elə dəm doğulub, Dilşad xanım. Nəyin dərdini çəkəcəyəm? Bir özüməm, bir də Liliçka. Tikinti idarəsi olmasın, aztorq olsun, hara getsəm bir parça çörəyim var.

Xuduş

Mən təklif edirəm bu qədəhləri qaldıraq hamımızın böyüyümüz, ağsaqqalımız yoldaş Atayevin və onun həyat yoldaşı Dilşad xanımın sağlığına!

Sadıqov

Afərin!

Xuduş

Allah Dilşad xanımı həmişə qollu-budaqlı eləsin. Biz də onun kölgəsində yavaş-yavaş dolanaq.

Ağasəlim

Dilşad xanım, onu bilin ki, bu canı sizin yolunuzda qurban verməyə hazıram.

Xuduş

Mən fəxr edirəm ki, Dilşad xanım bizim bu şəhərimizdə yaşayır.

Səslər

Doğrudur... Doğrudur...

Sadıqov

Hi-hi... Vallah, mən yaşda Dilşad xanımdan böyük də olsam, həmişə özümü onun yanında uşaq kimi hiss edirəm.

Ağasəlim

Dilşad xanım ministrə bərabər adamdır.

Sadıqov

Afərin! Bax, söz odur!

Dilşad

Yaxşı, çox tərifləməyin, sonra nəzərə gətirərsiniz. (Gülüşürlər)

Şahsuvarov

Sağ ol, Dilşad xanım!

Dilşad (Zabitəyə)

Nə gözəl üzüyün var! Ortadakı brilyantdır?

Zabitə

Bəli, brilyantdır.

Dilşad

Brilyant daş-qaşın padşahıdır. Gör necə işıq verir! (Ağasəlim Zabitəyə göz vurur)

Zabitə (üzüyü çıxarıb Dilşad xanıma uzadaraq)

Peşkəşdir.

Dilşad

Yox... yox... Nə danışırsınız... Sağ olun.

Ağasəlim

Xoşunuza gəlir, götürəcəksiniz.

Dilşad

Siz lap gerçəkləmisiniz, elə şey olar?

Ağasəlim

Niyə olmur, canım? Yüz elə brilyantlar qurban olsun sizin bir xoş sifətinizə. Xahiş edirəm, taxın barmağınıza.

Dilşad

Yox, götürmərəm.

Ağasəlim

Sizin canınız üçün, götürməsəniz, bu saat çıxıb gedəcəyik.

Xuduş

Dilşad xanım, mən Ağasəlimin xasiyyətini bilirəm. Dedi, qurtardı, gərək götürəsiniz...

Sadıqov

Bəxşişi geri qaytarmaq yaxşı deyil.

Dilşad

Siz adamı lap məcbur edirsiniz. (Zabitə üzüyü Dilşad xanımın barmağına taxır)

Şahsuvarov

İndisə bu qədəhləri qaldıracağıq bizim əzizimiz Sadıqovun sağlığına. Sadıqov çox nadir tapılan adamlardandır. Adı Sadıq olduğu kimi, özü də dostluqda sadiqdir.

Sadıqov (mütəəssir)

Bəs, atam Məşədi Kərimi görsəydiniz...

Lətafət

Ox, yenə də Məşədi Kərim...

Şahsuvarov

Siz nə üçün acıqlanırsınız, Lilya? Ot öz kökü üstə bitər. Görün rəhmətlik Məşədi Kərim necə adammış ki, ondan belə oğul əmələ gəlib. Sağ ol, Sadıq. (Mənalı gülümsəyərək) Bülbül ol, amma qəfəsdə olma!

Xuduş

İnşallah, olmarıq!..

Sadıqov (Şahsuvarova)

Qoy bir səni öpüm, qardaş.

Xuduş

Sizin bu sədaqətiniz lap mənim ürəyimi köyrəltdi.

Ağasəlim (sərxoş halda)

Dost yolunda gərək can qoyasan... Bir üzük nədir ki...

Dilşad (Şahsuvarova)

Yoxsa, bunun gözü qalıb üzüyün dalınca?

Şahsuvarov

Siz ona nə fikir verirsiniz? Görmürsünüz qanmazın biridir?

Ağasəlim

Dünyada hər şeyin başı puldur. Pul olmasaydı, bizim bu məclisimiz də olmazdı. Pul olmasaydı, sədaqət də olmazdı. Dünya pul üstündə bərqərardır! Pulu isə, biz kimin sayəsində qazanırıq? Əlbəttə, yaxşı dostların! Odur ki...

Sadıqov

Yox, dayan. (Təntənə ilə ayağa qalxaraq) Mən yoldaş Ağasəlimin sözləri ilə qətiyyən şərik deyiləm. Pul nədir? Əl çirki? Pul elə bir zibildir ki, gərək Ağasəlim belə bir məclisdə onun heç adını da tutmayaydı!

Ağasəlim (yavaş səslə Xuduşa)

Bura bax, adə... Arvadının üstündə iki yüz manatlıq daş-qaş var, amma pulu pisləyir.

Xuduş

Şşş... Bəs neyləsin? Hər şeydə bir siyasət lazımdır, ya yox?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Səriyyə

... Onun son vaxtlar mənə həddindən artıq qayğı göstərdiyini, hər cür vəziyyətdən istifadə edərək mənə xoş sözlər deməyə çalışdığını hiss edirdim... Bu isə məni hər şeydən çox acıqlandırırdı. Çünki mən uşaqlıqdan ikiüzlülüyə, qorxaqlığa nifrət edirəm... Biz körpüsalanlar öz kiçik briqadamızda söz qoymuşduq ki, ürəyimizdən keçənləri bir-birimizdən gizlətməyək.Bəs ər-arvad necə?

57 dəq
Qəribcan

Mən Səriyyənin gətirdiyi tor köynəklərdən birini geyərkən özümdə qeyri-adi bir fərəh hiss elədim. Səriyyə bizim iş yoldaşımızdır. Bizim briqadanın üzvüdür. O, ayağımı kəsilməyə qoymayaraq, məni götürüb Bakıya qaçdığı kimi, burada mənə lazım olan şeyləri də alıb gətirə bilərdi. Burada təəccüblü heç nə yox idi. Bununla bərabər, tor köynəyi geyərkən mən özümdə qeyri-adi bir fərəh hiss elədim. Elə bil ki, mənə fövqəladə səadət üz vermişdi. Elə bil ki, mən daha xoşbəxt bir dünyaya qədəm qoymuşdum. Tor köynəyin təması məndə tamam yeni bir duyğunun yaranmasına səbəb olurdu.Mən xəstə yoldaşlarımla gülür, zarafat edir, tez-tez yaralı ayağıma toxunaraq, ağrıyıb-ağrımamasını bilmək istəyirdim.

15 dəq
Sən həmişə mənimləsən, yaxud "Boy çiçəyi"

İştirak edirlərHəsənzadə – zavod direktoru*

19631 saat 25 dəq
Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı

Üçüncü yay gecəsi idi ki, şəhərin sakitliyi içində Xan qızı Gülsənubər tarda çalınan o muğamı eşidirdi. Və üçüncü yay gecəsi idi ki, Xan qızı Gülsənubərin yuxusu göyə çəkilmişdi. O tarçalan oğlanın gözlərindəki qəribə ifadə ilə çaldığı muğamın söylədiyi hekayət arasında ayrılmaz bir bənzərlik var idi. O hekayətin nədən ibarət olduğunu qız dərk eləyə bilmirdi. Lakin hiss edirdi ki, bu, nə isə, uzaqlarda və uzaq zamanlarda olub getmiş bir hekayət idi. Bəs, onda nə üçün o əhvalatı indi tarında hekayə edərkən oğlanın baxışları bu qədər pərişan, bu qədər əlacsız olurdu? Qız onu da hiss edirdi ki, muğamın danışdığı o əhvalatda nəhayətsiz bir kədər, bəlkə də, dünyada heç kəsin duya bilmədiyi bir nisgil var. Və indi bu cavan tarzən o pərişan, o nisgilli əhvalatı çaldığı muğamın gücü ilə hamıya nəql etmək istəyirdi. O qəmli əhvalatın sirri, yəqin ki, bu oğlana aydın idi. Yoxsa böyük Allahın onun gözlərinə bəxş etdiyi işıq muğamı çalmağa başladığı zaman birdən-birə bu qədər gözəl, bu qədər cazibədar, bu qədər dərin görünə bilməzdi.Güllərin, çiçəklərin ətriylə dolu bu aylı gecənin nəhayətsizliyi harada, hansı yalçın qayalıqda isə qurtarırdı. Lakin cavan tarzənin gözlərindəki o işıqlı, anlaşılmaz dünya, muğamı çaldıqca, həm dərinləşir, həm də əsrarəngiz və qavranılmaz olurdu... Və qız, bütün bu düşündüklərinin, hiss etdiklərinin boş bir xəyal olduğuna özünü nə qədər inandırmaq istəyirdisə, ürəyini o aləmdən qoparıb, o cavan tarzəni özündən uzaqlaşdıra bilmirdi...

28 dəq

Başqa şairlərin şeirləri