Məzmun
  1. Dördüncü şəkil
  2. Beşinci şəkil
  3. Altıncı şəkil
  4. Yeddinci şəkil
  5. Səkkizinci şəkil

Səhifə 5 / 7 · 57%

Yeddinci şəkil

Qapının zəngi çalınır. Dilşad o biri otaqdan gəlib qapını açır. Zabitə daxil olur.

Zabitə

Salaməleyküm.

Dilşad

Salam. Nə olub, Zabitə?

Zabitə

Nə olacaq, Ağasəlimi də, Xuduşu da tutdular.

Dilşad

Nə vaxt?

Zabitə

Bir az bundan qabaq... Heç bilmirəm neyləyək? Yazıq uşağın barı bir təqsiri ola, adamı yandırmaz.

Dilşad

Uşaq kimdir?

Zabitə

Bizim başıküllü Ağasəlimi deyirəm də. Qızılı ayağının altına töksən, gözünün ucu ilə baxmaz!.. Di gəl ki, bəxti yoxdur... (Yavaş səslə) Bacı canı, elə Şahsuvarov özü də Ağasəlimə qardaş kimiydi. Di gəl ki, indi üzü yaman dönüb... Elə bil, heç o Şahsuvarov deyil. Bu gün idarəsinin qabağında nə qədər dayandım, məni qəbul eləmədi.

Dilşad

Onda təqsir yoxdur, Zabitə, qorxur. Bu saat şəhərdə böyük komissiya işləyir...

Zabitə

Güman yerimiz sizsiniz, Dilşad xanım, gərək bir təhər çəkəsiniz. Axı, siz neçə adamı bu cür çətinliklərdən qurtarmısınız...

Xosrov Atayev əsəbi halda daxil olaraq Zabitənin son sözlərini eşidir... Zabitə özünü yığışdırır.

Zabitə

Salaməleyküm.

Atayev cavab verməyərək, şlyapasını çıxarıb asır.

Dilşad (Zabitəyə işarə edərək)

Yaxşı, ay qız, sabahda-zadda gələrsən söhbət edərik...

Zabitə

Neynək... Neynək... (Çıxır)

Xosrov Atayev (sərt)

Bu kimdir?

Dilşad

Belə nə üçün soruşursan? Adamdır, mənim yanıma gəlib.

Xosrov Atayev

Mən onun sənə dediyi axırıncı sözləri eşitdim...

Dilşad

Nə olsun?

Xosrov Atayev

Yadındadırmı, bir dəfə sən bir adam haqqında məndən xahiş etmişdin... O zaman mən də səndən təvəqqe eləmişdim ki, bir də elə işlərə qarışmayasan?!

Dilşad

Mən sənin üçün evdə oturub bozbaş bişirən arvadlardan deyiləm! Mən də sənin kimi bir vətəndaşam!

Xosrov Atayev

Doğrudur, ancaq vətəndaşın borcu xalqı müdafiə eləməkdir, ona xəyanət edənləri yox! Sən nə haqla prokurora zəng edib oğruları, quldurları təmizə çıxarmağı ona təklif edirsən?

Dilşad

Mənim yeznəmin heç bir təqsiri yoxdur!.. Bu Cahangir kimi stolbazların özlərini gözə dürtmək üçün düzəltdikləri fitnədir!

Xosrov Atayev

Sən bunu sübut edə bilərsənmi?

Dilşad

Bunu sübut etmək sənin borcundur. Mən sənin arvadınam! (Pauza) İldırım ayağını qapıya qoyan kimi, mən bildim ki, evdə yenə bir tufan qopacaq...

Xosrov Atayev (dərin bir kədər içində)

İldırım haqlı imiş.

Dilşad (odlanaraq)

Əlbəttə, haqlı olar! Çünki sənin qardaşındır. Mən isə yad qızıyam... Amma bu on ildə gecə-gündüz sənin qulluğunda duran, sənə yanan mən olmuşam, qardaşın yox! Sənin çətin günlərinə mən dözmüşəm... (Ağlayır) Mən səndən savayı bir kişiyə gözümün ucu ilə baxmamışam.

Xosrov Atayev

Yaxşı, sakit ol...

Dilşad (ağlayır)

Mən elə güman etmişəm ki, sən məni istəyirsən... Amma indi baxıb görürəm ki, bəd ayaqda yenə qardaşın yaxşı olur, mən pis! Haqqın var... yaşı qırxa çatan sonsuz bir arvad daha sənin nəyinə lazımdır...

Xosrov Atayev

Ağlama!

Dilşad (ağlayır)

Mənim oğlum-qızım olsaydı, qohum-əqrəbam olsaydı, xətrim əziz olardı... Amma indi... yiyəsiz, kimsəsiz... (Ürəyi xarab olur. Xosrov Atayev təlaş içində ona dərman içirdir. Nəhayət, Dilşad özünə gəlir)

Xosrov Atayev (onun əlindən tutaraq)

Dilşad!

Dilşad

Yaxşı... Bağışla...

Pauza. Dilşad saçlarını düzəldir. Sadıqov həyəcanlı halda daxil olur. Xosrov Atayev onun gəlişindən narazı halda o biri otağa keçir...

Dilşad

Nə olub? Niyə belə tövşüyürsən?

Sadıqov

Liliçka belimi sındırdı... Məni dost-düşmən yanında xar elədi...

Dilşad

Necə? Necə?

Sadıqov

Yarım saat bundan qabaq bir nəfər şəxs məni aparıb düz müstəntiqin evinin qapısına. İçəri girib nə görmüşəm?! Liliçka ilə Cahangir əyləşiblər qabaq-qabağa. Deyirəm, balam, sən mənim arvadımsan, burada nə işin var? Deyir, onun sənə dəxli yoxdur. İndi başlayıb ki, daha səninlə yaşamıram. Şeylərini yığışdırır ki, çıxıb getsin. (Kövrəlir) Dərdimi götürüb sizin yanınıza qaçmışam.

Dilşad

A kişi, sən dəli olmusan, nədir, bu nə sözlərdir danışırsan?

Sadıqov

Yaxşı ki, Şahsuvarov özü də gəlib əhvalatın üstünə çıxdı. Yoxsa, elə deyərdim ki, dəli olmuşam. Ax, belə iş olar? Siz Allah, bircə gedin, Liliçkanı qoymayın çıxıb getsin...

Dilşad (qəzəblə)

Qoy hara cəhənnəm olub gedir-getsin.

Sadıqov

Sevirəm. Əl çəkə bilmirəm... (Gözünün yaşını silir)

Dilşad

Yaxşı, yaxşı, yekə kişisən!

Şahsuvarov gəlir.

Dilşad

Bu nə məsələdir, Ziyad?!

Şahsuvarov

Heç soruşmayın, Dilşad xanım... Bütün şəhərdə biabır olmuşuq. (Sadıqova) Axı, mən sənə dedim ki, səs-küy qaldırıb aləmə bildirmə...

Sadıqov

Canım, axı, mən necə susaydım?

Şahsuvarov

Biabırçılıqdır.

Dilşad

Bəs, niyə Lilyadan soruşmadınız ki, bu subay oğlanın evində nə gəzirsən?

Şahsuvarov

Açıq danışdığım üçün üzr istəyirəm... Mən içəri girəndə onların ikisi də özlərini elə itirmişdilər ki, artıq bir kəlmə izahata ehtiyac yox idi.

Dilşad (qəzəblə)

Ay ləçər!

Şahsuvarov

Əgər, məsələni dərindən götürsəniz, mən bu işdə Lilyanı təqsirləndirmirəm... Sadıqov da məni bağışlasın. Lilya əlli beş yaşlı kişiyə getmiş gənc, gözəl bir qadındır.

Dilşad

Bütün günah Cahangirdədir!

Sadıqov

Tamamilə haqlısınız. Doğrudan da... Əgər, sən – müstəntiq məni xalqa, dövlətə xəyanətdə təqsirləndirirsənsə, onda, icazə ver soruşum ki, mənim arvadımın sənin evində nə işi var?

Sadıqov "ah" çəkir.

Dilşad

Demək, bir tərəfdən Xosrov Atayevin qızını almaq istəyir... O biri tərəfdən də...

Şahsuvarov

İnsan nə qədər avantürist olmalıdır ki, bu cür işlər tutsun...

Dilşad

Mən deyəndə Reyhan xanım az qalırdı hirsindən çatlaya. Qoy indi eşitsin, ləzzət aparsın. (Şahsuvarova) Siz müstəntiqin bu dözülməz hərəkəti barədə prokurora yazdınızmı?

Şahsuvarov

Mən onu biabır etmək istəmədim. Nə qədər olsa, camaat onu Atayevin qızının nişanlısı hesab edir.

Dilşad

Sən qəribə söz danışırsan, Ziyad! Demək, Cahangiri müstəntiq qoyublar ki, xalqın cavan arvadını yoldan çıxarıb, evini dağıtsın, özünü də dolaşdırıb həbsə alsın?

Şahsuvarov

Ona görə də, gəlmişəm yoldaş Atayevlə danışım, görək nə etmək lazımdır.

Dilşad

Get danış! Qoy, hamıya nümunə göstərdiyi cavan oğlanın əslində kim olduğunu bilsin!

Şahsuvarov o biri otağa keçir.

Sadıqov

Siz Allah, bircə gedin Liliçkanı qoymayın çıxıb getsin. Mən sonra onu geri qaytara bilmərəm.

Dilşad

O məndən icazəsiz heç yerə gedə bilməz.

Reyhan daxil olur.

Reyhan

O... Sadıqov... Siz burdaymışsınız...

Sadıqov

Necə məyər?

Reyhan

Heç... dedilər siz bir az bundan qabaq bizim yeni parkda qəribə bir komediya oynayırmışsınız.

Sadıqov

Yıxılana gülməzlər, Reyhan xanım!..

Reyhan

Nə üçün yıxılırsınız, sizin ki, əliniz böyüklərin ətəyindədir...

Sadıqov

Yoxsa, siz mənim gedib öz gözlərimlə gördüklərimə inanmırsınız?

Reyhan

Siz hər kimə inanırsınız inanın, ancaq öz gözlərinizə yox...

Sadıqov

Qəribədir. Nə üçün axı?

Reyhan

Çünki sizin gözləriniz qaradan başqa ayrı bir rəng seçmir!

Dilşad

Sənin seçdiyin oğlanı gördük...

Reyhan

Əgər, Cahangir hamının xoşuna gələn bir oğlan olsaydı, daha mən niyə onu sevirdim ki!

Dilşad

Sən bu istehzalarına son qoyacaqsan, ya yox?

Reyhan

Təəccüb edirəm... Nə üçün siz həqiqəti istehza kimi başa düşürsünüz?!

Dilşad

Sənin yerinə ayrı qız olsaydı, utandığından heç kimin üzünə baxa bilməzdi...

Reyhan

Böyüklərdən nümunə götürmək borcumuzdur. Siz ki, hamının üzünə şax baxırsınız?!

Dilşad (qışqırır)

Həddini keçmə!

Reyhan

Siz nə danışırsınız, Dilşad xanım... Əgər, biz hədləri vurub keçməsəydik, bu qədər böyük işlər görə bilərdikmi?

Dilşad

Bu xarabadan baş götürüb getməkdən başqa ayrı çarə yoxdur...

Cahangir gəlir... Gərgin pauza... Dilşad əsəbi halda o biri otağa keçir, Sadıqov da onu təqib edir.

Cahangir

Deyəsən, mən bu dəfə çağırılmamış qonaq oldum... Sən bir saat bundan qabaq baş vermiş əhvalatı bilirsənmi?

Reyhan

Bilirəm. Hamısını bilirəm... (Onun əlindən tutaraq) Mənim əzizim, gəl əyləş... Mən səni ilk dəfə gördüyüm o konsert axşamı birlikdə qulaq asdığımız “Yasəmənlər açılanda” sonatasını çalmaq istəyirəm...

Cahangiri çəkərək öz yanında oturdur, coşğun bir ruhla çalmağa başlayır...

Reyhan

Niyə bikefsən? Yoxsa, hörümçəklərin toru səni təşvişə salmışdır?

Cahangir

Hörümçəklər öz torlarının uclarını bəzən elə yerlərə bağlayırlar ki...

[Mənbənin skanında burada mətn itib.]

Reyhan

Sən qızdırmalı adamlara oxşayırsan, Mehrican. Xəstə deyilsən ki?

Mehrican

Xəstə? (Gülür) Əksinə!.. Mən indi özümü hər zamankından gümrah hiss edirəm. Mənə elə gəlir ki, bu saat dağı dağ üstünə qoya bilərəm. Bilirsinizmi, kədər – məğlubiyyət əlamətidir. Mən isə, güclü insanları sevirəm! (İldırım Atayev gəlir. Mehrican əlindəki yasəmənlərdən birini ona verir) Buyurun, mən bunu sizin səkkiz il bundan qabaq əkmiş olduğunuz ağacdan qoparmışam.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Səriyyə

... Onun son vaxtlar mənə həddindən artıq qayğı göstərdiyini, hər cür vəziyyətdən istifadə edərək mənə xoş sözlər deməyə çalışdığını hiss edirdim... Bu isə məni hər şeydən çox acıqlandırırdı. Çünki mən uşaqlıqdan ikiüzlülüyə, qorxaqlığa nifrət edirəm... Biz körpüsalanlar öz kiçik briqadamızda söz qoymuşduq ki, ürəyimizdən keçənləri bir-birimizdən gizlətməyək.Bəs ər-arvad necə?

57 dəq
Qəribcan

Mən Səriyyənin gətirdiyi tor köynəklərdən birini geyərkən özümdə qeyri-adi bir fərəh hiss elədim. Səriyyə bizim iş yoldaşımızdır. Bizim briqadanın üzvüdür. O, ayağımı kəsilməyə qoymayaraq, məni götürüb Bakıya qaçdığı kimi, burada mənə lazım olan şeyləri də alıb gətirə bilərdi. Burada təəccüblü heç nə yox idi. Bununla bərabər, tor köynəyi geyərkən mən özümdə qeyri-adi bir fərəh hiss elədim. Elə bil ki, mənə fövqəladə səadət üz vermişdi. Elə bil ki, mən daha xoşbəxt bir dünyaya qədəm qoymuşdum. Tor köynəyin təması məndə tamam yeni bir duyğunun yaranmasına səbəb olurdu.Mən xəstə yoldaşlarımla gülür, zarafat edir, tez-tez yaralı ayağıma toxunaraq, ağrıyıb-ağrımamasını bilmək istəyirdim.

15 dəq
Sən həmişə mənimləsən, yaxud "Boy çiçəyi"

İştirak edirlərHəsənzadə – zavod direktoru*

19631 saat 25 dəq
Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı

Üçüncü yay gecəsi idi ki, şəhərin sakitliyi içində Xan qızı Gülsənubər tarda çalınan o muğamı eşidirdi. Və üçüncü yay gecəsi idi ki, Xan qızı Gülsənubərin yuxusu göyə çəkilmişdi. O tarçalan oğlanın gözlərindəki qəribə ifadə ilə çaldığı muğamın söylədiyi hekayət arasında ayrılmaz bir bənzərlik var idi. O hekayətin nədən ibarət olduğunu qız dərk eləyə bilmirdi. Lakin hiss edirdi ki, bu, nə isə, uzaqlarda və uzaq zamanlarda olub getmiş bir hekayət idi. Bəs, onda nə üçün o əhvalatı indi tarında hekayə edərkən oğlanın baxışları bu qədər pərişan, bu qədər əlacsız olurdu? Qız onu da hiss edirdi ki, muğamın danışdığı o əhvalatda nəhayətsiz bir kədər, bəlkə də, dünyada heç kəsin duya bilmədiyi bir nisgil var. Və indi bu cavan tarzən o pərişan, o nisgilli əhvalatı çaldığı muğamın gücü ilə hamıya nəql etmək istəyirdi. O qəmli əhvalatın sirri, yəqin ki, bu oğlana aydın idi. Yoxsa böyük Allahın onun gözlərinə bəxş etdiyi işıq muğamı çalmağa başladığı zaman birdən-birə bu qədər gözəl, bu qədər cazibədar, bu qədər dərin görünə bilməzdi.Güllərin, çiçəklərin ətriylə dolu bu aylı gecənin nəhayətsizliyi harada, hansı yalçın qayalıqda isə qurtarırdı. Lakin cavan tarzənin gözlərindəki o işıqlı, anlaşılmaz dünya, muğamı çaldıqca, həm dərinləşir, həm də əsrarəngiz və qavranılmaz olurdu... Və qız, bütün bu düşündüklərinin, hiss etdiklərinin boş bir xəyal olduğuna özünü nə qədər inandırmaq istəyirdisə, ürəyini o aləmdən qoparıb, o cavan tarzəni özündən uzaqlaşdıra bilmirdi...

28 dəq

Başqa şairlərin şeirləri