Səhifə 3 / 7 · 29%

– Gərək gecə ikən bizi çatdırasan Ağdama!

Belə işlərdən Çarvadar Həbibin sümüyü oynağa gedərdi. O, qiymət-filan danışmadan əlini sağ gözünün üstünə qoyub dedi:

– Sənin kimi oğlandan ötrü lap Fitilbörkə də gedərəm, özü də belə xeyir iş üçün.

Çarvadar Həbib bilirdi ki, cavan tacir faytonçudan, hamamçıdan, bir də dəlləkdən pul əsirgəyən deyil. Çarvadar Həbib Şuşa qalasından idi. Dumanlı dağlarda, gözəl səsli xanəndələrin «Segah»ını, «Rast»ını, «Çahargah»ını eşidə-eşidə böyümüşdü. Məhəbbətin nə demək olduğunu bilirdi, özü də pəsdən oxuyan lotu bir oğlan idi.

Gecə bütün şəhər yatandan sonra Abdulla Çarvadar Həbibin üç saz atlı faytonuna əyləşərək sürdürdü qızla vədələşdikləri yerə. Yaqut da pal-paltarla, zinət şeylərilə dolu çamadanını xəyanətkar Bünyada götürdərək xəlvətcə evdən çıxdı. Onu da deyim ki, qız ona nişan gələn şeylərdən birini də götürmədi. Brilyant nişan üzüyünü də çıxarıb qoydu stolun üstünə.

Fayton tərpənəndə dələduz Bünyad fürsəti fövt eləməyib cavan tacirə dedi:

– Bəs mənim salamatım?

Cavan tacir bu barədə əvvəldən düşünmədiyi üçün xırda pul götürməmişdi. Qızdan utanaraq, elə bütöv bir qızıl çıxarıb verdi Bünyada. Bünyad da qızılı alan kimi götürüldü. Çarvadar Həbib:

– Yaman bic gədədi, – deyib güldü. Sonra çamadanları faytonun arxasına qoyub, diqqətlə bağladı. Sonra qozlaya qalxaraq:

– Ya Allah! – deyib atları tərpətdi.

Fayton səssizcə şəhərdən çıxıb şose yola düşdükdə, Çarvadar Həbib atların cilovunu boşaltdı, bütün günü möhkəm yeyib dincələn harın atlar Ağdama doğru həvəslə götürüldü. Onlar bu yolu çox getmişdilər, bilirdilər ki, onları qabaqdakı dayanacaqlarda ağ arpa, sərin bulaq suyu gözləyir.

Fayton gecənin səssizliyində şəhərdən çıxaraq bir qədər gedib əvvəl xoş şırıltı ilə axan Hacılı arxını keçdi. Sonra köpükləri Ay işığında ağaran, qızmış nər kimi nərildəyən Quruçaya yaxınlaşdı. Çarvadar Həbib atların cilovunu çəkib dayandıraraq, düşüb keçalatı diqqətlə nəzərdən keçirdi. Abdulla da faytondan qalxıb baxdı. Adama elə gəlirdi ki, dağlardan hücumla gələn bu çayın qabağında heç nə dayanmaz. Ancaq Çarvadar Həbib sakitcə qozlaya qalxıb:

– Ya Allah! – deyərək cilovunu tərpətdi.

Atlar özlərini cəsarətlə vurdular çaya, cavan tacir istəklisinə pıçıldadı:

– Qorxmursan ki?

Qız, Ay işığında oğlana yanakı baxıb gülümsədi:

– Nədən qorxacam?..

Bu onların arasında olan ilk mükalimə idi.

Su faytonun ayaq qoyulan yerinə qədər qalxmışdı. Əlbəttə, bu keçalat çayın ən dayaz yeri idi. Ancaq su iti axdığı üçün az qalırdı faytonu aşırsın.

Kürdoba camaatı yaylağa köçəndə qız atla, dəvə ilə belə daşqın çayları çox keçmişdi. Ona görə də, cavan istəklisinin narahatlığı qızı əyləndirirdi.

Çarvadar Həbib atları ürəkləndirmək üçün cürbəcür səslər çıxarırdı. Çayın ortasına çatdıqda cavan tacirə elə gəldi ki, düz-dünya Ayın işığında ağaran bu harın çaydan ibarətdir. O, diqqətlə istəklisinə baxdı, amma gördü ki, qızın Ay işığında gülən gözlərində zərrə qədər də qorxu yoxdur. Atlar sahilə yetib yamaca qalxanda Çarvadar Həbib axırıncı dəfə:

– Ya Allah! – deyib şallağı havada şaqqıldatdı.

Həmişə onları tumarlayıb əzizləyən, bəzən arpalarına kişmiş qatan sahiblərinin bu səsindən atlar cuşa gəlib çayın sahilindəki yoxuşu dörddəmə çıxdılar.

Fayton dolayları enərək Köndələnçayı da keçdikdə, Çarvadar Həbib bir papiros yandırıb qoydu damağına. Fayton Dövlətyarlı kəndinin içindən keçəndə xoruzlar banlayırdı. Həmişə belə gecəyarısı xoruz banlayanda, nə üçünsə, Yaqutun ürəyindən bir qəmginlik keçərdi. İndi də belə oldu. Qıza elə gəldi ki, ata-anasından, doğulduğu yerlərdən ayrılıb tamam başqa bir aləmə gedir... Onun ürəyi kövrəldi. Oğlan əyilib usdufca qızın üzündən öpdü.

Atlar yüngül yorğa ilə gedirdi. Ay batmışdı. Bəzən yolun bu tərəfindən o tərəfinə gözləri yaşıl fənər kimi parıldayan tülkü, ya canavar qaçıb keçərək adam boyu qalxmış zəmilərin arasında yox olurdu. Atların zınqırovları xoş avazla səslənirdi, dan yerindən sərin yel qalxırdı. Qız ilə oğlan faytonçudan həya edərək danışmırdılar. Ancaq məlum məsələdir ki, bir-birilərini hiss edirdilər. Bir-birilərinə baxıb gülümsəyirdilər.

Dediyim kimi, yaxşı pəsdən oxumağı olan Çarvadar Həbib də həya eləyib susurdu. Amma faytondakılar ancaq kişi tayfası olsaydı, Çarvadar Həbib bütün yol boyu gah «Rast» üstündə, gah da «Segah» üstündə zümzümə edərdi. Qarabağ toylarında Çarvadar Həbibin çırtıq vura-vura məzəli oynamağı da var idi. Hətta bu barədə:

Bu havanın adı ənzəli, Çarvadar Həbib,
Bir addım da tullan irəli, Çarvadar Həbib,
Çal çuxanı, vur çırtığı, Çarvadar Həbib! –

deyə başlayan gülməli bir mahnı da qoşmuşdular.

Dan yeri qızarırdı. Bir azdan gün çıxıb Qarabağ çöllərini işıqlandırdı. Fayton az getdi, üz getdi, çatdı Pirağbulaq dərəsinə. Bu o dərə idi ki, burada Güney güzdəkli Bayandur öz igidlərilə axta Ağa Məhəmmədin qoşunlarına divan tutmuşdu. Bu o dərə idi ki, Gəncə qaçağı dəli Alı burada namərd Şiralı xanı öldürüb həmyerlilərinin qisasını almışdı. Fayton dərəyə girəndə Çarvadar Həbib dərənin o tayında köhnə günbəzin qabağındakı tək ağacın kölgəsində dayanmış bir adam görüb atları qovmaq istədi. Ancaq dar yolun o tərəf-bu tərəfindən ona tuşlanan tüfəngləri görüb atların cilovunu çəkdi. Kolların dalından çıxan iki tüfəngli qaçaqdan biri Həbibə əmr etdi:

– Ə, uzunburun köpəkoğlu, döndər faytonu, sür günbəzin yanına!

Ona da Çarvadar Həbib deyərdilər! Qaçağa qəzəblə baxıb dedi:

– Ağzını dağıtma, ə, adam oğlusan! Sür deyirsən, sürərəm!

– Sür! – deyə qaçaq qışqırdı.

Cavan tacir qaçaqlara dedi:

– Qoy qız otursun faytonda, biz gedək.

Qaçaq ona qulaq asmayıb yenə də Çarvadar Həbibə qışqırdı:

– Ə, heyvərə! Sənə demirəm, döndər faytonu?!

Həbib faytonu döndərib köhnə günbəzin qabağına sürdü. Faytonu saxlayanda ağacın kölgəsində dayanan oğlan bir-iki addım irəli yeriyib, Çarvadar Həbibdən soruşdu:

– Kimdi apardıqların?

Cavan tacir faytondan düşüb, sakit səslə oğlana dedi:

– Mən Abdulla Əfəndinin qardaşı oğluyam. Faytondakı qız da mənim nişanlımdır.

Qaçaqbaşı soruşdu:

– Güney güzdəkli Abdulla Əfəndinin qardaşı oğlusan?

Abdulla dedi:

– Bəli.

Qaçaq soruşdu:

– Bəs bacı kimlərdəndi?

Abdulla dedi:

– Kürdobalı pristav Bayram bəyin qızıdır.

Qaçaqbaşı soruşdu:

– İndi səfəriniz hayanadı?

Abdulla dedi:

– Gedirik Ağdama.

Sonra qaçaqbaşı portmanatından bir üzük çıxarıb faytona yaxınlaşdı:

– Bunu sənə boygörüncəyi verirəm, bacı! Qoy Qaçaq Xanmuraddan sənə yadigar olsun.

Yaqut nişanlısına baxdı. Cavan tacir təmkinlə dedi:

– Boygörüncəyini rədd etmək olmaz. Götür.

Yaqut üzüyü alıb taxdı barmağına və lap köhnə tanışlar kimi qaçaqbaşıya dedi:

– Sağ ol, Xanmurad.

Qaçaqbaşı dedi:

– Bacı, Bayram dayı məni yaxşı tanıyır. Bağışla ki, uşaqlar səni yoldan saxlayıblar.

Sonra qaçaqbaşı cavan tacirə dedi:

– Sizə yaxşı yol, qardaşlıq!

Fayton tərpənib Pirağbulaq dərəsindən çıxdı, bu vaxt bayaqkı yerə başqa bir fayton gəldi.

Abdulla diqqət yetirib gördü ki, faytonun içində əyləşən barmağında iri brilyant üzük olan lopabıq, xəsis milyonçu Nersesdi. Qaçaqlar o faytonu da döndərib apardılar Qaçaq Xanmuradın hüzuruna.

Çarvadar Həbib gülümsəyib dedi:

– Allah yaxşılığı əvəzsiz qoymaz, – deyərlər. Nersesin barmağındakı brilyant üzüyün min qızıl qiyməti var.

Çarvadar Həbib papağının dalını qaldırıb atları tərpətdi, qaçaqlar onun atlarını tutub almadıqları üçün Çarvadar Həbibin kefi doxsan doqquza qalxmışdı. Fayton Pirağbulaq dərəsindən uzaqlaşanda Çarvadar Həbib əlavə etdi:

– Qaçaq Xanmurad deyilmişcən varmış... Sağ olsun.

Qaçaq Xanmurad təzə meydana çıxmışdı. Özünün də iyirmi iki-iyirmi üç yaşı ancaq olardı. Onun da Qaçaq Süleyman kimi, kasıb-kusubla işi yox idi. Çox əli iti igid idi.

Nişanlısının cavan qaçaqbaşıya necə maraqla baxdığını fikirləşəndə, ayaqlarında uzunboğaz çəkmə, başında bahalı buxara papaq, belində üç qatar patron, böyründə qırmızı ağac qoburlu onatılan olan qaçaqbaşının uca qədd-qamətini gözlərinin qabağına gətirəndə cavan tacir özünü birtəhər hiss elədi.

... Axşam gün batanda fayton Ağdamın yeddi-səkkiz kilometrliyindəki Novruzlu kəndinə daxil oldu. Bəndalı yüzbaşı kürsülü artırmada əyləşib ov tüfənginin gilizinə barıt-qırma doldururdu. Atların zınqırov səslərini eşidib, başını qaldıranda gördü ki, darvazanın ağzında bir fayton dayandı. Kişi əlini işindən çəkməyib bərkdən səsləndi:

– Qonaq, darvaza açıqdı!

Əvvəlcə Çarvadar Həbib çamadanları götürüb girdi həyətə. Sonra cavan tacir, ardınca da nişanlısı daxil oldular həyətə. Qız tamam yaşınmasa da, yaşmağı burnunun qabağına qədər çəkmişdi. Bəndalı yüzbaşı zənən xeylağı ilə cavan oğlanı görən kimi gilizi stolun üstünə qoyub ayağa qalxdı:

– Xoş gəlmisiniz, – dedi, – buyurun yuxarı!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Nuru dayımın qayıtmağı...

Bir dəfə atam mal gətirmək üçün Bakıya getmişdi. Qayıdanda gördük ki, Nuru dayım onunla gəldi. Sonra atam anama danışırdı ki, neft mədənlərində işləyən qohumlarını görmək üçün Binəqədiyə gedibmiş. Birdən cır-cındır içində olan Nuru dayım çıxır qabağına. Qərəz, məlum olur ki, dayım atasının evindən satdığı şeylərin pulunu kefə sovurandan sonra lüt qalıb, gəlir neft mədəninə, Fatma nənəmgilin kürd qohumlarından olan fəhlələrin yanına. Fəhlələr də onu yedirib-içirdirmişlər.İndi dayım elə şən idi ki, elə bil, Parisdən kefdən gəlmişdi. Laklı uzunboğaz çəkmə, qalife şalvar, qiymətli buxara dərisindən təpəsi gen qabardin papaq, qolları enli üst köynəyi, körpüləri qızıl Qafqaz kəməri, nazik, qumral bığları, onsuz da, gözəl olan dayıma fövqəladə yaraşıq verirdi. O, Tiflisdə, Bakıda, daha nə bilim haralarda çəkdiyi keflərdən anama səhnələr danışırdı. Ən maraqlı söhbətlərdən biri də anamgilin ögey qardaşı, yəni Fatma nənəmin qabaqkı ərindən olan oğlu Cəlilə rast gəlməsi idi. Nuru dayımın danışmağına görə, Cəlil indi Bakının adlı-sanlı mühərrirlərindən, ziyalılarındandır. Fatma nənəm onun bu söhbətinə kənardan diqqətlə qulaq asaraq, Cəlil barədə heç nə soruşmurdu. Mən də buna təəccüb edirdim. Mən başa düşmürdüm ki, Fatma nənəm Nuru dayımı bu qədər istədiyi halda, nə üçün öz dualarında, söhbətlərində bir dəfə də olsun o vaxt atasının üstünə atıb getdiyi oğlu Cəlilin adını dilinə gətirmir?

6 dəq
Anamın bir rəfiqəsi vardı...

Atam hər dəfə Bakıya gedib-gələndə Müsavat hökumətinin ideoloqu Məhəmməd Əmin Rəsulzadənin nitqlərindən danışardı. Küçələrdə uşaqlar Azərbaycan haqqında, vətən haqqında nəğmələr oxuyardılar, anamla rəfiqələri eyzən zabitlərdən söhbət edərdilər. Bizim şəhərimizdə müsavat zabitləri ilə bərabər, türk zabitləri də var idi. Bunlar Azərbaycana gələn türk hərbi hissəsinin zabitləri idi. Onlardan Hatəm bəy və Tofiq bəy adlı iki nəfəri bizim qonşuluğumuzdakı ikimərtəbəli binada yerləşmişdilər, yazın gur vaxtı olduğu üçün axşamçağılar bağçadakı qızılgüllükdə stul qoydurub, orada əyləşərdilər. Bəzən çay, bəzən şərab içərək bərkdən danışıb gülərdilər. Anam və rəfiqələri bizim bağımızda gəzib söhbət edərdilər.Anamın Məhbub xanım adlı çatmaqaş, qaraşirin, uzun qarasaç, incəbel bir rəfiqəsi var idi. O, bizə gələn bütün cavan qadınlardan gözəl və zinətli geyinərdi. Mən həmişə ona baxanda nağıllarda eşitdiyim şahzadə gözəllər yadıma düşərdi. Şən, deyib-gülən bir gəlin idi. Onun da tumanı anamınkı kimi uzun idi. Tumanının ayağına əşrəfi deyilən qızıl, qanavuz arxalığının yaxasına isə qızıl düymə düzülmüşdü. Belində enli, qızıl kəmər vardı. Atası Məşədi Həbib şəhərimizdəki böyük hamamın və motorla işləyən un dəyirmanının sahibi idi. Anam bizi hamama aparanda qabaqcadan xüsusi nömrə hazırlanardı. Biz çimib çıxandan sonra gəlib Məhbub xanımgildə çay içərdik (onların evləri hamamın böyründə idi). Məhbub xanımın anası Xurşid xanım iricüssəli, kök, yaraşıqlı bir qadın idi, həmişə Novruz bayramında üç-dörd vedrə sututan iri mis qazan dolusu səməni bişirib, bütün qonşulara paylayardı. Qışda da iki-üç dəfə hədik, ya da əriştə bişirib yenə də qonşulara paylayardı. Anam atama deyirdi ki, «Xurşid xala bundan həzz alır». Məhbub xanımı Aşqabadda yaşayan əmisi oğlu Talıba vermişdilər, ancaq anamın söhbətlərindən bilirdim ki, oğlan qıza qarşı soyuq imiş, ona görə də tezliklə ayrılmışdılar.

4 dəq
Narahat qocaların məşvərəti

Həmin bu vaxtlarda Bayram babam öz bağlarında tikdirməyə hazırlaşdığı evin işi üçün gəlmişdi. (Özü faytonda əyləşmişdi, iki nəfər strajnik və Qızılbaşoğlu onu müşayiət edirdi). Babam istəyirdi ki, indiki birmərtəbəli evi sökdürüb yerində ikimərtəbəli, böyük evlər tikdirsin. Bunun üçün qapıya guşə daşı, qum daşınırdı. Bayram babamın gəldiyini eşidib qazı ağa ilə şəhərimizdə məhkəmə sədri olan Balaş bəy görüşə gəlmişdilər. Onlar yeni hökumətin taleyi ilə maraqlanırdılar. Söhbət bu barədə gedəndə Bayram babamın üzü qayğılı göründü və o, papiros yandıraraq dedi:– Bilirsiniz, əgər xaricdən kömək olmasa, Müsavat hökumətinin işi çətin olacaq. Düzdür, indi biz əsgər toplayırıq, qoşun təşkil edirik, ancaq bununla iş qurtarmır. Qoşuna silah lazımdı, hərbi işi yaxşı bilən adamlar lazımdı. Bu saat biz köməksiz uşaq kimiyik.

2 dəq
Yolda yaxalanmış naməlum şəhərli

Bayram babam Qarabulağa gəlməsindən istifadə eləyərək indi qışlaqda olan anası Səkinəni gedib görmək istədi. Mən həvəsə düşərək babama yalvardım ki, qoysun mən də gedim, babam heç bir zaman mənim sözümü, xahişimi rədd etməzdi. Dedi:– Yaxşı, gedək.

3 dəq

Başqa şairlərin şeirləri