Cavan tacirlə pristav qızının əhvalatı
Səhifə 4 / 7 · 43%
Bəndalı kişinin ətli-canlı arvadı qızın qolundan tutub apardı evin qadınlar olan hissəsinə.
Abdulla da artırmaya çıxıb kişiylə əl tutuşdu. Bəndalı yüzbaşı dedi:
– Həbib, sən də çıx yuxarı!
(Qarabağda Çarvadar Həbibi kim tanımırdı ki?..)
Çarvadar Həbib dedi:
– Allah razı olsun, Bəndalı dayı, atların arpa vaxtıdı, gərək gedim.
Bəndalı yüzbaşı cavan tacirə dedi:
– Qardaşoğlu, buyur içəri.
Onlar xalı-gəbə ilə döşənmiş zala daxil olub ipək döşəkcələrin üstündə əyləşdilər. O saat arvad-uşaq olan tərəfdəki mətbəxdə qazanlar asıldı. Çay qoyuldu. Kəklikli-turaclı plov bişirildi. (Qarabağlıların kəklikli-turaclı plovuna nə söz?)
Yeyib-içəndən sonra Bəndalı yüzbaşı dedi:
– Hə, qardaşoğlu, indi danış görək hansı qohumlardansız?
Abdulla hər şeyi olduğu kimi danışıb qurtaranda Bəndalı yüzbaşının üzü tutuldu. O, bir qədər sükutdan sonra dedi:
– Buranı öz eviniz hesab eləyin. Heç bir şeydən də ehtiyatlanma.
Sonra Bəndalı yüzbaşının neçə il qaçaqlıq eləyib, keçən il üzə çıxan kiçik qardaşı Çıraq da gəlib qonaqlara «xoşgəldin» elədi.
Bəndalı yüzbaşının gülöyşə nar, peyvənd əzgil, iri heyva ağacları ilə dolu qalın kölgəli bağı, kürsülü evin sütunlarına sarılan enliyarpaqlı üzüm tənəkləri Yaqutun xoşuna gəlirdi. O, burada özünü qərib hiss eləmirdi.
Bəndalı yüzbaşı çoxdan yüzbaşılıq eləməsə də, Qarabağda sayılan karlı adamlardan idi. Cavan tacirin nişanlı qızı götürüb onun evinə qaçmağı havayı deyildi. Cavan tacir bilirdi ki, quş olub göyə uçsalar da, Hacı Hüseynin, Bayram bəyin adamları Qarabağda onların yerini tapacaqlar. Ona görə də gərək elə adamın evinə getsinlər ki, ordan onları bir qoşun da çıxarda bilməsin.
Onlar gələndən üç gün sonra Bəndalı yüzbaşı Ağdam şəhərindəki çayxanalardan birinin qabağında, böyük tut ağacının kölgəsində əyləşib Xanlıq Muxtarla nərd oynayırdı. Xanlıq Muxtar da Bəndalı yüzbaşı kimi karlı adam idi, tapançası həmişə pencəyinin qoltuq cibində dolu olardı. Əgər Xanlıq Muxtar belə sayılan adam olmasaydı, Bəndalı yüzbaşı camaatın gözü qabağında oturub onunla nərd oynamazdı. Hər kəsin öz tayı var!
Elə bu zaman balacaboylu, cırtdaqoz, davakar pristav İsmayıl bəy dalında iki nəfər yasavul nərd oynayanların yanına gəlib dedi:
– Bəndalı yüzbaşı! Bizdə məlumat var ki, Qarabulaqdan bir oğlan, pristav Bayram bəyin nişanlı qızını qaçırdıb gətirib sənin evinə.
Bəndalı yüzbaşı zərləri tulladı, daşları götürüb yerinə qoyandan sonra sakit səslə soruşdu:
– Tutaq elədi, sonra?
Pristav İsmayıl bəy dedi:
– Sonrası budur ki, gərək qızı alıb geri qaytaraq, oğlanı da tutaq!
Bəndalı yüzbaşı dedi:
– Qız öz xoşu ilə qoşulub qaçıb.
İsmayıl bəy ona cavab verdi ki:
– Onun bizə dəxli yoxdur. Öz yerlərində aydınlaşdırarlar.
Bəndalı yüzbaşı dedi:
– Bu nainsaflıq olar, bəy. Onu da nəzərə al ki, oğlan qızı mənim evimə gətirib.
İsmayıl bəy dedi:
– Sənin evin ziyarətgah-zad döyül ki?.. Nə olsun gətirib?
Bəndalı yüzbaşı ağır-ağır qalxdı:
– İsmayıl bəy! İndi ki, belə oldu, mən gedirəm evə. Sən də yasavullarını göndər, gəlib o oğlanla qızı mənim evimdən çıxarsınlar, görək necə çıxarırlar?!
Bəndalı yüzbaşı bu sözü deyib tələsmədən getdi. Xanlıq Muxtar, Bəndalı yüzbaşının ardınca baxa-baxa papiros çıxarıb yandırdı, bu o demək idi ki, Xanlıq Muxtar özü də məhz Bəndalı yüzbaşı kimi edərdi...
Evinə gəlib Abdullaya heç nə hiss etdirmədən qardaşı Çırağı, iki cavan əmisi oğlunu, üç yeniyetmə bacısı oğlunu çağırtdırıb əhvalatı onlara qısaca bildirdi. Tapşırdı ki, tüfənglərini hazır saxlasınlar. Əgər pristav İsmayıl bəyin yasavulları qızı oğlanın əlindən almağa gəlsələr, atışacaqlar.
«Atışacağıq» sözünü eşidib cavanların sümüyü oynağa getdi.
Onların ağsaqqalına pənah gətirən oğlanın nişanlısını heç kəs bu evdən, bu Novruzlu kəndindən çıxarıb apara bilməz! Uzaq olsun!.. Uzaq olsun, əgər qızı tutub oğlanın əlindən alsalar, bu, bütün Bəndalı yüzbaşının tayfası üçün, bütün Novruzlu kəndi üçün həmişəlik baş töhməti olardı!
Ona görə də tüfənglərini doldurub söykədilər bucağa, patrondaşı da asdılar üstündən.
Ancaq İsmayıl bəy gəlmədi. İsmayıl bəy davakarlığı ilə bərabər, həm də bic adam idi. Bilirdi ki, davasız-atışmasız Bəndalı yüzbaşının evindən qız çıxarmaq olmaz. Bir də fikirləşdi ki, başqa qəzadan gətirilmiş bir qızdan ötrü nə üçün Bəndalı uşağı kimi bir tayfa ilə qanlı-bıçaq olsun?..
Ancaq səhəri, gecə xoruzun ikinci banında itlərin bərk hürüşməsinə qulaq verib, Bəndalı yüzbaşı darhal başa düşdü ki, evin ətrafında yad adamlar var! Tək bir adam yox, bir neçə adam, çünki itlərin səsi bağın bir neçə yerindən gəlirdi. Bu, pristav adamlarına oxşamırdı. Hökumət adamı gecənin bu vaxtında gəlməzdi. Demək, məsələ başqa cürdür. Bəndalı yüzbaşı cəld geyindi, tüfəngi qapıb, qapını usdufca açıb ehtiyatla çıxdı bayıra. Elə bu anda da qardaşı Çıraq qaranlıqdan səsləndi:
– Kimsiniz, ə?
Qaranlıqdan kimsə ona qışqırdı ki:
– Bəndalı yüzbaşıya denən çıxsın çölə!
Özünü təndirxananın böyrünə verib atışmağa hazır dayanan Bəndalı yüzbaşı sakit səslə cavab verdi:
– Bəndalı yüzbaşı çöldədi, nə sözünüz var?
Qaranlıqdan gələn səs dedi:
– Əşi! Əgər qan tökülməyini istəmirsənsə, o haramzada oğlanı da, qızı da ver!
Bəndalı yüzbaşı dedi:
– Ə, bilmirsiniz ki, Bəndalı yüzbaşı heylə binamus işə qol qoymaz! Qayıdın gedin evinizə-eşiyinizə. Bir işdi olub.
Qaranlıqdan gələn səs dedi:
– Qızı aparmasaq, getməyəcəyik.
Bəndalı yüzbaşı sakit səslə dedi:
– Məsləhətdi qayıdasınız!
Qaranlıqdan gələn səs dedi:
– Əşi, əlli-altmış versti at sürüb gəlməmişik ki, əliboş qayıdaq?! Xoşluqla sənə deyirik ki, qızı da, oğlanı da verəsən!
Cavabında Bəndalı yüzbaşı səs gələn tərəfə deyil, havaya bir güllə atdı. Səs-küyü eşidib səngərlərində hazır dayanan bacıoğlular, əmioğlular, bir də Bəndalı yüzbaşının qardaşı Çıraq o tək güllə atılan kimi, səs gələn tərəfi basdılar gülləyə. Kəndin hər tərəfində itlər hürüşdü, hər tərəfdən qarasına atılan güllə səsləri eşidildi. Bəndalı yüzbaşı qız üçün gələnlərə qışqırdı:
– Ə, özünüzü havayı qırdırmayın, çıxın gedin!
Cavabında bir neçə güllə birdən atıldı. Evin pəncərələrinin şüşələri çiliklənib töküldü. Qaranlıqdan təzə bir səs eşidildi:
– Əşi, Bəndalı yüzbaşı bu köpəkuşağının bir təkini də salamat buraxmayacağıq. Üst tərəflərini kəsmişik!
Bəndalı yüzbaşı dedi:
– Adama atmayın. Qoyun çıxıb getsinlər.
Səs-küyə yuxudan ayılıb bayıra çıxan Abdullanın lap qulağının dibindən güllələr vıyıltı ilə keçib qapı-pəncərəyə dəyirdi. Oğlan qorxaq adam deyildi. Ancaq işin nə yerdə olduğunu bilib xalqa bu cür əngəl açdığı üçün ürəyində xəcalət çəkirdi. Qızı qaytarmağa gələnlər gördülər ki, xeyr, Bəndalı yüzbaşı batmalı kol deyil, qayıdıb getdilər. At ayaqlarının səsləri tamam uzaqlaşıb, itlər susandan sonra Bəndalı yüzbaşı səngər elədiyi yerdən çıxıb bərkdən soruşdu:
– Ə, uşaqlar, ziyanlıq-zad olmayıb ki?!
Çıraq öz qapısından dedi:
– Bir şey yoxdu.
Bəndalı yüzbaşı təkrar soruşdu:
– O biri tərəfdən necə?
Çıraq dedi:
– Salamat getdilər.
Bəndalı yüzbaşının vurub-yıxmaq üçün həmişə bir girəvə axtaran bacıoğlusu İrşad öz qapılarından dedi:
– Ay dayı, qoymadın o it uşağının hamısını qıraq, dayna!
Bəndalı yüzbaşı cavab verməyib artırmaya qalxanda Abdullanı orda görüb, gümrah səslə dedi:
– Ə, qardaşoğlu, sən niyə yuxudan olmusan?
Oğlan xəcalətlə dedi:
– Sizə iş açmışıq...
Bəndalı yüzbaşı dedi:
– İşi-zadı yoxdu, yeri soyun yat.
Abdulla onun üçün ayrılmış otaqda elə paltarlı uzanıb səhərə qədər gözünü yummadı.
Səhər çaydan sonra Abdulla Bəndalı yüzbaşıya dedi:
– İcazə versəydiniz, bu gün biz gedərdik Yevlağa.
Bəndalı yüzbaşı təəccüblə soruşdu:
– Yevlağa?
– Bəli, oradan da Bakıya gedəsiyik.
Bəndalı yüzbaşı gülümsəyib zarafatyana dedi:
– Yoxsa gecəki əhvalat qorxutdu səni?
– Xeyr. Elə əvvəldən fikrim Bakıya getməkdir.
Amma cavan tacir düz demirdi. Əslində istəmirdi ki, onların üstündə burada başqaları davaya düşsün.
Bəndalı yüzbaşı dedi:
– Qardaşoğlu, sənə əvvəl də dedim, indi də deyirəm, bura öz evinizdir. Lap bir il də qala bilərsiniz! Heç kəs də yel olub böyrünüzdən ötə bilməz.
Ancaq kişi baxıb gördü ki, cavan tacir qalmaq istəmir. Səhərisi gün özü şəhərdən fayton gətirtdi. Bəndalı yüzbaşının arvadı Yaquta iri firuzə qaşlı bir üzük boygörüncəyi bağışladı. Kişi özü də oğlana əla bir buxara dərisi ilə bir dəst diaqonal kostyumluq bağışladı. Yolları üçün cürbəcür yeməklər qoydular, Bəndalı yüzbaşı bacısı oğlu İrşadla əmisi oğlu Cəmilə tapşırdı ki, onları aparıb lap Yevlağacan ötürsünlər. Oğlanlar da tüfənglərini götürüb atlandılar və faytonu lap Yevlağacan ötürüb qayıtdılar.
Kitabxana.az · https://kitabxana.az/works/ilyas-efendiyev-cavan-tacirle-pristav-qizinin-ehvalati
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir dəfə atam mal gətirmək üçün Bakıya getmişdi. Qayıdanda gördük ki, Nuru dayım onunla gəldi. Sonra atam anama danışırdı ki, neft mədənlərində işləyən qohumlarını görmək üçün Binəqədiyə gedibmiş. Birdən cır-cındır içində olan Nuru dayım çıxır qabağına. Qərəz, məlum olur ki, dayım atasının evindən satdığı şeylərin pulunu kefə sovurandan sonra lüt qalıb, gəlir neft mədəninə, Fatma nənəmgilin kürd qohumlarından olan fəhlələrin yanına. Fəhlələr də onu yedirib-içirdirmişlər.İndi dayım elə şən idi ki, elə bil, Parisdən kefdən gəlmişdi. Laklı uzunboğaz çəkmə, qalife şalvar, qiymətli buxara dərisindən təpəsi gen qabardin papaq, qolları enli üst köynəyi, körpüləri qızıl Qafqaz kəməri, nazik, qumral bığları, onsuz da, gözəl olan dayıma fövqəladə yaraşıq verirdi. O, Tiflisdə, Bakıda, daha nə bilim haralarda çəkdiyi keflərdən anama səhnələr danışırdı. Ən maraqlı söhbətlərdən biri də anamgilin ögey qardaşı, yəni Fatma nənəmin qabaqkı ərindən olan oğlu Cəlilə rast gəlməsi idi. Nuru dayımın danışmağına görə, Cəlil indi Bakının adlı-sanlı mühərrirlərindən, ziyalılarındandır. Fatma nənəm onun bu söhbətinə kənardan diqqətlə qulaq asaraq, Cəlil barədə heç nə soruşmurdu. Mən də buna təəccüb edirdim. Mən başa düşmürdüm ki, Fatma nənəm Nuru dayımı bu qədər istədiyi halda, nə üçün öz dualarında, söhbətlərində bir dəfə də olsun o vaxt atasının üstünə atıb getdiyi oğlu Cəlilin adını dilinə gətirmir?
Anamın bir rəfiqəsi vardı...Atam hər dəfə Bakıya gedib-gələndə Müsavat hökumətinin ideoloqu Məhəmməd Əmin Rəsulzadənin nitqlərindən danışardı. Küçələrdə uşaqlar Azərbaycan haqqında, vətən haqqında nəğmələr oxuyardılar, anamla rəfiqələri eyzən zabitlərdən söhbət edərdilər. Bizim şəhərimizdə müsavat zabitləri ilə bərabər, türk zabitləri də var idi. Bunlar Azərbaycana gələn türk hərbi hissəsinin zabitləri idi. Onlardan Hatəm bəy və Tofiq bəy adlı iki nəfəri bizim qonşuluğumuzdakı ikimərtəbəli binada yerləşmişdilər, yazın gur vaxtı olduğu üçün axşamçağılar bağçadakı qızılgüllükdə stul qoydurub, orada əyləşərdilər. Bəzən çay, bəzən şərab içərək bərkdən danışıb gülərdilər. Anam və rəfiqələri bizim bağımızda gəzib söhbət edərdilər.Anamın Məhbub xanım adlı çatmaqaş, qaraşirin, uzun qarasaç, incəbel bir rəfiqəsi var idi. O, bizə gələn bütün cavan qadınlardan gözəl və zinətli geyinərdi. Mən həmişə ona baxanda nağıllarda eşitdiyim şahzadə gözəllər yadıma düşərdi. Şən, deyib-gülən bir gəlin idi. Onun da tumanı anamınkı kimi uzun idi. Tumanının ayağına əşrəfi deyilən qızıl, qanavuz arxalığının yaxasına isə qızıl düymə düzülmüşdü. Belində enli, qızıl kəmər vardı. Atası Məşədi Həbib şəhərimizdəki böyük hamamın və motorla işləyən un dəyirmanının sahibi idi. Anam bizi hamama aparanda qabaqcadan xüsusi nömrə hazırlanardı. Biz çimib çıxandan sonra gəlib Məhbub xanımgildə çay içərdik (onların evləri hamamın böyründə idi). Məhbub xanımın anası Xurşid xanım iricüssəli, kök, yaraşıqlı bir qadın idi, həmişə Novruz bayramında üç-dörd vedrə sututan iri mis qazan dolusu səməni bişirib, bütün qonşulara paylayardı. Qışda da iki-üç dəfə hədik, ya da əriştə bişirib yenə də qonşulara paylayardı. Anam atama deyirdi ki, «Xurşid xala bundan həzz alır». Məhbub xanımı Aşqabadda yaşayan əmisi oğlu Talıba vermişdilər, ancaq anamın söhbətlərindən bilirdim ki, oğlan qıza qarşı soyuq imiş, ona görə də tezliklə ayrılmışdılar.
Narahat qocaların məşvərətiHəmin bu vaxtlarda Bayram babam öz bağlarında tikdirməyə hazırlaşdığı evin işi üçün gəlmişdi. (Özü faytonda əyləşmişdi, iki nəfər strajnik və Qızılbaşoğlu onu müşayiət edirdi). Babam istəyirdi ki, indiki birmərtəbəli evi sökdürüb yerində ikimərtəbəli, böyük evlər tikdirsin. Bunun üçün qapıya guşə daşı, qum daşınırdı. Bayram babamın gəldiyini eşidib qazı ağa ilə şəhərimizdə məhkəmə sədri olan Balaş bəy görüşə gəlmişdilər. Onlar yeni hökumətin taleyi ilə maraqlanırdılar. Söhbət bu barədə gedəndə Bayram babamın üzü qayğılı göründü və o, papiros yandıraraq dedi:– Bilirsiniz, əgər xaricdən kömək olmasa, Müsavat hökumətinin işi çətin olacaq. Düzdür, indi biz əsgər toplayırıq, qoşun təşkil edirik, ancaq bununla iş qurtarmır. Qoşuna silah lazımdı, hərbi işi yaxşı bilən adamlar lazımdı. Bu saat biz köməksiz uşaq kimiyik.
Yolda yaxalanmış naməlum şəhərliBayram babam Qarabulağa gəlməsindən istifadə eləyərək indi qışlaqda olan anası Səkinəni gedib görmək istədi. Mən həvəsə düşərək babama yalvardım ki, qoysun mən də gedim, babam heç bir zaman mənim sözümü, xahişimi rədd etməzdi. Dedi:– Yaxşı, gedək.
Başqa şairlərin şeirləri
Nazənin gözəllər seyrə gedirlər,Ol mahi-tabanım hani görünməz,
Gülşəni-raz, fəsil 22نبوّت را ظهور از آدم آمدکمالش در وجودِ خاتم آمد
Qurban olum dualarına…Ay ana, düşürsən tez-tez yadıma,Təzədən dönürəm uşaq oluram.
Mey nuri cilvə eylədi cami-bülurdənMey nuri cilvə eylədi cami-bülurdən,Cami-büluri gör ki, ləbaləbdi nurdən.