Həyəcanlı xəbərlər, köçhaköç və sandıq əhvalatı
Səhifə 3 / 3 · 67%
Anam soruşdu:
– Bəs siz neyləyəcəksiniz?
Babam qaşlarını çatıb, artırmadan görünən Cənubi Azərbaycan dağlarına baxaraq dedi:
– Biz o taya keçəcəyik.
Anam soruşdu:
– Hamınız?
Babam gözlərini o taydan çəkməyərək dedi:
– Hamımız.
Sonra əlavə etdi:
– Hazırlaşın, Qaçaq Bahadur səhər tezdən sizi aparsın Güney Güzdəyə.
... Qaçaq Bahadurla üç yoldaşı qabaqda, biz də onların ardınca hər yerdə şose yoldan kənar, çölləmə gedərək axşamçağı çatdıq Güney Güzdəyə.
Qubad əmim:
– Hə, deyəsən, «yoldaşlar»dan ürküb yayınmısınız,– deyə zarafat elədi.
Mən onda qəribə bir ruh yüksəkliyi hiss elədim.
Anam istehzalı təbəssümlə dedi:
– Deyəsən, «yoldaşlar»ın gəlməyinə sevinirsən?
Qubad əmim dedi:
– Niyə sevinməyim, «yoldaşlar» mənim kimi ayağı çarıqlıların hökuməti deyil?!
Anam ona kinli bir nəzər salıb dedi:
– Yoxsa elə bilirsən onların vaxtında əfsər çəkməsi geyəcəksən?
Qubad əmim eyni ruhla dedi:
– Mən geymərəm, oğlanlarım geyərlər.
Anamın dodaqları ağardı. O, həmişə bərk acıqlananda belə olurdu, atam zarafata salıb dedi:
– Qubad çoxdanın bolşevikidir.
Mən düşünürdüm:
«Qubad əmimin də, Zəbi əmimin də dövlətlilərlə arası yoxdur. Nə üçün bunlar da atam kimi dövlətli olmağa çalışmayıblar? Fatma nənəm həmişə deyir ki, Allah birinə dövlət verib, birinə zillət... Nə üçün atamgilin yeznəsi – başı çiyinlərinin arasına girən, balaca gözləri hiylə ilə baxan gödək Əbdüləzizə Allah dövləti versin, amma atamgilin başqa qohumu – İdris adlı ucaboy, xoşsifət, yaraşıqlı oğlana verməsin?»
Bu, mənim həyatda hiss elədiyim birinci böyük ziddiyyət idi. Mən bu ziddiyyətin mənasını başa düşmədiyim üçün bir şübhə, key bir anlaşılmazlıq içində olurdum. Düşünürdüm ki, bəlkə Əbdüləziz kişi eybəcər dona girmiş mələkdir? Axı bizim nağıllarda mələk kimi gözəl, günahsız qızlar, oğlanlar bəzən meymun, qurbağa donuna girirlər. Ancaq onlar bu donda istədikləri adama yaxşılıqlar edirlər. Əbdüləzizdən isə kim bir yaxşılıq görüb?
Biz təzə paltarlarımızı çıxarıb köhnə paltar geyindik ki, kənd əhlindən seçilməyək. Anam nimdaş kəndli paltarında mənə çox qəribə görünürdü. Atam da gümüşü papağını saçaqlı kəndli papağı ilə əvəz eləmişdi. Bahalı şibilit çəkmələrini çıxarıb ucuz çust və köhnə kəndli arxalığı geymişdi, bununla belə, o, gecə evdə yatmağa cəsarət eləməyərək, yeznəsi Əbdüləziz ilə qohumları Məhəmməd bəylə və kəndin başqa varlıları ilə gedib kəndin kənarındakı bağlarda qalırdı. Bizə xəbər çatdı ki, Bayram babamgil də keçiblər Arazın o tayına.
Bizim kəndin yoxsulları dəstə-dəstə orada-burada toplaşıb, nə haqdasa hərarətlə danışırdılar. Anam onlara acıqlı-acıqlı baxıb dedi:
– «Yoldaşlar»ı gözləyirlər.
Nəhayət, bir gün kimsə şəhərdən xəbər gətirdi ki, «yoldaşlar» gəlirlər!
Kəndin kasıb cavanları şəhərdən gələn şose yolun alt tərəfindəki yola yığılaraq, səs-küylə danışıb gözləyirdilər. Atamgil əkilmişdilər bağlara. Anam evimizin yola baxan arxa eyvanında oturaraq, papiros çəkib yola tamaşa edirdi. Birdən atlar qoşulmuş balaca arabalar, onların da ardınca bir dəstə əsgər göründü. Ayaqyalın, başıaçıq, cındır paltarlı kənd uşaqları şən səs-küylə yüyürürdülər onlara tərəf. Doğrusu, bolşeviklər haqqında çox qorxulu söhbətlər eşitməyimə baxmayaraq, mən də onların qabağına yüyürmək istəyirdim. Onlar gəlib bizim arxa eyvanın qabağından keçdikcə, mən görürdüm ki, heç kəsə kinli, acıqlı baxmırlar, gülümsəyə-gülümsəyə kənd uşaqlarına kişmiş verirlər. Birdən kəndin ən kasıb adamlarından olan və qoluna qırmızı parça bağlamış Cavad bərkdən qışqırdı:
– Yaşasın Şura hökuməti!
İki zurna-balaban çalan da, nağara vuran da çala-çala əsgərlərin qabağına yeridilər. Uşaqlarını aclıqdan pencərlə yaza çıxaran Səadət arvad ortalığa düşüb oynadı. Muzdur Veysəl süzə-süzə onun qabağına yeridi, uzun zaman Rusiyada fəhləlik eləmiş Cavad da, nə isə başqa bir hava çaldırıb ruslar kimi oynadı. Bunu belə görən cavan əsgərlər də ona qoşuldu. Bütün kənd axışıb gəlirdi. Qoluna qırmızı bağlamış Cavad daşın üstünə çıxıb bərkdən dedi:
– Camaat, görürsünüz ki, qırmızı ordunun əsgərləri adam kəsən-zad döyüllər! Onlar da bizim kimi yoxsul kəndli-fəhlə oğlanlarıdı!
Amma burjuylar onların haqqında yüz cür söz çıxarırdılar!
Kimsə qışqırdı:
– Məhv olsun burjuylar!
Sonra ortaboylu, enlikürək bir komandir danışdı, Cavad onun sözlərini kəndlilərə tərcümə elədi:
– Yoldaş komandir deyir ki, biz sizin qardaşlarınızıq. Biz gəlmişik ki, sizin torpağınızın yiyəsi olmağınıza, azad yaşamağınıza kömək eləyək. Bizim rəhbərimiz yoldaş Lenin demişdir ki, torpaq kəndlinindir!
Bunu deyəndə bütün izdiham hərəkətə gəldi. Veysəl qışqırdı:
– Yaşasın Şura hökuməti!
Əsgərlərdən biri Leninin şəklini yuxarı qaldırdı. İzdiham bir saniyə sakit olub şəklə baxdı.
– Sonra komandir deyir ki, qoy hər kəs öz təsərrüfatı ilə məşğul olsun. Biz fəhlə-kəndli hökumətiyik, heç kəs öz halal zəhmətilə yaşayan adama gözün üstə qaşın var deyə bilməz! Hökumət adamlarını siz özünüz öz içinizdən seçəcəksiniz!
Sonra əsgərlər bizim evin yaxınlığında olan keçmiş dəftərxana binasına tərəf getdilər, camaat da onların ardınca.
Qızıl ordu hissəsi bizim kənddə kiçik bir dəstə qoyaraq Cəbrayıl nahiyəsinə tərəf yoluna davam etdi. Bu hissə kənddə olan müddətdə atamgil gündüz də evə gəlmirdi.
Arabaları, yemək sursatları bizim evin yanında dayanan əsgərlərin yanına mən də gedirdim. Onlar öz dillərində bizimlə zarafatlaşırdılar, bizə kişmiş verirdilər. Mən başqa zaman öz evimizdə bahalı konfetləri, şokoladları yemək istəmədiyim halda, indi bu tozlu-torpaqlı kişmişi həvəslə yeyirdim. Mən, kim bilir, haralardan gələn bu zarafatcıl oğlanlara qarşı özümdə qəribə bir səmimiyyət duyurdum və atamgilin bunlardan qorxub evə gəlməmələri mənə pis təsir edirdi. Çünki mən də özümü bu kəndli uşaqları kimi onlara yaxın hiss eləyə bilmirdim. Mənə elə gəlirdi ki, mən bu cavan əsgərlərdən də, onların başına toplaşan bu uşaqlardan da tamam ayrıyam. Elə bil ki, mən azıb bura düşmüş yad bir quş idim. Elə bilirdim ki, onlar atamın onlardan qaçıb bağda gizlənmiş olduğunu eşitsələr, mən xəcalətimdən ölərəm.
Atamgil bütün qiymətli şeylərini, qızıl-mızıllarını yığdıqları böyük dəmir sandığı Qubad əminin məsləhətilə, ulu babamgildən qalmış və indi içində barama saxlanan qədim damda gizlətmişdilər. Əldə elə bir qiymətli şey qalmamışdı ki, anam bu kənddə yemək şeylərinə dəyişsin. Qubad əmimin arvadının anamı görməyə gözü olmadığı üçün inəklərinin, camışlarının yavanlığından bizə bir tikə də vermirdi. Ona görə də mən birinci dəfə olaraq yoxsul yaşamağın zərbəsini hiss eləməyə başlayırdım. Bacım ağlayıb konfet istəyirdi, ət xörəyi istəyirdi. Anam bütün günü əsəbilik keçirirdi. Atam da bütün günü bağda gizləndiyi üçün heç bir şey eləyə bilmirdi. Bayram babamgildən də heç bir xəbər yox idi. Rəng-rufu sapsarı, arıq, azardar bir qadın olan əmim arvadı, demək olar ki, hər gün bir şeyi bəhanə eləyib anamla dalaşırdı. Bizi kənddə olan əsgərlərlə hədələyirdi:
– Çox oyan-buyan elərsiniz, – deyirdi, – gedib bolşeviklərə xəbər verərəm ki, bunlar burjuydular, gəlib burada paltarlarını dəyişib gizləniblər.
Əgər mənim anam bu əmim arvadına bir pislik eləmiş olsaydı, fikir edərdim ki, o, qisas alır. Çünki mən qisasın, intiqamın nə demək olduğunu artıq bilirdim. Ancaq anam ona heç nə eləməmişdi. Elə isə, bu əmim arvadının hərəkətini nə ilə izah eləmək olardı? Atamgil məni hər nə qədər «əllamə» adlandırsalar da, mən əmim arvadının anama qarşı qəzəbinin sirrini anlaya bilmirdim.
... Nəhayət, aralıq tamam sakit oldu. Hamı bildi ki, dinc duran adamla bolşeviklərin işi yoxdur. Bir gün biz də hazırlaşdıq ki, gedək şəhərə, evimizə. Atam da artıq üzə çıxmışdı. Atamın xahişilə Qubad əmim gedib damdakı sandığımızı gətirəndə gördük ki, sandıq tamam boşdur. Sındırıb içində nə varsa, hamısını aparıblar. Atamla anam qorxu və təəccüblə bir-birinə baxdılar. Anam Qubad əmimdən soruşdu:
– Hanı bunun içindəkilər?!
Qubad əmim dedi:
– Mən nə bilim hanı?
– Sandığın yerini səndən başqa bilən yox idi.
Qubad əmim dedi:
– Mənim heç nədən xəbərim yoxdu!
Atam çıxarıb papiros bükdü.
Anam rəng-rufu qaçmış halda əmimə dedi:
– Şeyləri necə götürmüsənsə, heylə də gətir!
Qubad əmim bozardı:
– Sənə dedim ki, bizim xəbərimiz yoxdu!
Anam dedi:
– Başın bədəninə ağırlıq eləməsin, Qubad, get şeyləri gətir!
Birdən əmim özündən çıxdı:
– Kimi hədələyirsən, məni, az?! Getdi Bayram bəyin qaçaq-qulduru başına yığıb meydan suladığı vaxtlar! Allaha and olsun, oyan-buyan elərsən, gedib əsgərləri gətirərəm, hamınızı qılıncdan keçirərlər. Cəhənnəm olun, çıxın gedin xarabanıza!
Qubad əmim belə deyib getdi.
Anam qəzəblə atama dedi:
– Axı bütün var-yoxumuz o sandıqdaydı! Qardaşın bizi dilənçi kökünə saldı. Niyə dilini tərpətmirsən?
Atam təmkinlə dedi:
– Dinməyin mənası yoxdur. Eşitmədin nə dedi?
Sonra atam başqa qohumlarından birinin öküz arabasında bizi gətirdi şəhərə.
Yol uzunu mən eyzən atamla Qubad əmim barədə fikirləşirdim. Həyatımda birinci dəfəydi ki, mən qardaşlar arasında belə münasibət görürdüm. Fatma nənəm qardaşlarının Məlikməmmədi aldadıb qırx arşın quyuya saldıqlarını nağıl eləyəndə mən inana bilmirdim. «Adam da qardaşını quyuya salarmı?» deyirdim. Fatma nənəm də uzun müştüyündəki papirosundan dərin bir qullab alıb deyirdi: «Vələdüzna qardaş salar!» Sonra da başlayardı Eyvaz əminin Bayram babamı dilə tutub, kişinin qazancını «kamına çəkməsi» barədə yana-yana danışmağa.
Atamla Qubad əmimin qardaş olmaqları da mənə təəccüblü görünürdü. Fikirləşirəm ki, görəsən, bunlar uşaqlıqda bir-birilə necə rəftar edirmişlər? Onda da Qubad əmim öz qardaşının şeylərini belə götürürmüş? Mən «oğurlayırmış» deyə bilmirdim, çünki qardaşın qardaşdan oğurluq eləməyi mənə Məlikməmmədi qardaşlarının qırx arşın quyunun dibinə salmaları kimi dəhşətli və ağlasığmaz görünürdü. Mən onu da hey fikirləşirdim ki, bəlkə anam səhv edir? Bəlkə sandığın yarılmasından, doğrudan da, əmimgilin xəbəri yoxdur? Ancaq bir həqiqət vardı ki, sandıqdakı şeylərin getməyi, anam deyən kimi, bizi tamam yoxsul bir vəziyyətə saldı.
Kitabxana.az · https://kitabxana.az/works/ilyas-efendiyev-heyecanli-xeberler-kochakoc-ve-sandiq-ehvalati
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Müasir ruhda və çox zəngin bir qonaq otağı.*Fəridə oturub gündəlik yazır.*
Sevgililərin cəhənnəmdə vüsalı[Mənbənin skanında burada mətn itib.]*Xumar**
Söyüdlü arxMən Güney qışlaqdan çıxandan bəri həyatımın bu kədərli sərgüzəşti haqqında kimsəyə bir söz deməmişəm. Onu yüz dəfə gözümün qabağına gətirmişəm, yüz dəfə xatırlamışam, lakin heç kəsə heç nə söyləməmişəm. İndi o günlər bütün təfsilatı ilə xəyalımdan gəlib-keçir, hər şeyi o qədər aydın görüb hiss edirəm ki, elə bil, bunlar hamısı dünən, srağagün baş vermişdir.Mən teatr institutuna girəndən əvvəl də həmişə aktrisa olmaq xəyalı ilə yaşayırdım. İnstituta girəndən sonra isə bu arzu məni büsbütün öz hökmü altına aldı. Biz hər dəfə dram teatrının tamaşalarına gedib, hamının tanıdığı, sevdiyi məşhur aktrisanın oyununa baxanda, o gecə səhərə qədər özümü onun yerinə qoyaraq, min cür həyəcan keçirər, bəzən xəyalən ifa etdiyim rolun iztirabları ilə göz yaşı tökərdim.
Xurşidbanu Natəvanİştirak edirlərXurşidbanu Natəvan*