Sevgililərin cəhənnəmdə vüsalı
Məzmun
Səhifə 1 / 11
[Mənbənin skanında burada mətn itib.]
Xumar
Mənim qəhrəmanım! Mənim böyük Şeyxim! Mən də, Sənanın sevgilisi Xumar kimi, səninlə ərşi-əlaya, göylərin sonsuz əbədiyyətinə uçmaq istəyirdim. Ay Allah! Sən səhnədə bu qədd-qamətinlə... Bu cavan, saqqallı çöhrənlə nə qədər gözəl görünürdün... Elə bil, gözlərində insanın qəlbini təlatümə gətirən sehrkar bir nur şölələnirdi...
Ayaz
Mən bilirdim ki, mənim sevgilim... Mənim Leylim... zalda əyləşib mənə baxır. Xumar, sən bilsəydin ki, sənin zalda əyləşib, mənə tamaşa etməyin mənim üçün necə ülvi bir fərəhdir... Mənim ruhum! Mənim Leylim! (Onu öpür)
Xumar
Mənə Leyli demə, Ayaz!! Qorxuram...
Ayaz (təəccüblə)
Nədən?
Xumar
Bilmirəm... Qoy Allah bizim sevgimizi o böyük aşiqlərin – Leyli və Məcnunun məhəbbəti kimi nakam eləməsin! Qoy Allah bizim sevgimizi vüsala yetirsin!
Ayaz
Amin!
Xumar
Şeyx Sənan rolunda sənə tamaşa eyləyəndə, elə bilirdim sən o sözləri səhnədəki Xumara yox, mənə deyirsən.
Ayaz
Mən də elə bilirdim ki, səhnədəki Xumar sənsən.
Xumar
Mənim Şeyxim, indi mənə elə gəlir ki, mənim bütün xəyallarım sənin ülviyyətindir. Sən, Xumarla uçuruma atılanda mən qışqırmaq istəyirdim ki, dayan, Şeyx...
Ayaz
Amma mənə elə gəlirdi ki, biz səninlə əl-ələ tutub, əbədi vüsala doğru uçuruq.
Xumar
Toyumuzu tez eləyək, Ayaz! Sevgimizin şiddəti məni qorxudur. Axı, deyirlər, böyük məhəbbət heç vaxt kama yetmir. Necə ki, Leyli ilə Məcnun, Romeo ilə Cülyetta, Əsli ilə Kərəm bu dünyadan nakam getdilər. Yəqin ki, bu qəmli dastanlar havayı yaranmamışdır. Özümüz də elə bir vaxtda yaşayırıq ki, bütün ölkə dəhşətli bir vahimə içindədir. Dəniz qırağındakı idarənin bayquş kimi ulayan maşınları hər gecə onlarca günahsız insanı tutub cəhənnəmə aparır. Dünən gecə bizim qonşuluğumuzda olan narkomu da arvadı ilə birlikdə tutub apardılar.
Ayaz
Onların bir körpə uşağı var idi. Bəs, o necə oldu?
Xumar
Ayaz... o dəhşət idi... iki yaşında oğlan uşağını qışqırda-qışqırda anasının qucağından qoparıb qonşuya tapşırdılar. Ana yalvardı ki, qoyun özümlə aparım... Cəlladlar ananı da sürüyə-sürüyə əri ilə birlikdə apardılar... Körpə qaldı qışqıra-qışqıra... Heç kəs bilmədi ki, bu zülmün səbəbi nədir? Xalq düşməni nə deməkdir?
Ayaz
Heç dayından soruşmamısan? Axı, dayın dövlət təhlükəsizlik narkomudur.
Xumar
Nə danışırsan? Ondan elə şey soruşmaq olar? O, evdə özünü elə aparır ki, elə bil, heç o idarədə işləmir. Həmişə susur.
Ayaz
Heç nədən qorxma, Xumar. Biz heç bir günah iş tutmamışıq. Heç bir xilaf iş dalınca getməmişik. Taleyimiz elə gətirib ki, ikimiz də gözümüzü açıb, özümüzü atasız-anasız görmüşük. Mən uşaq evində böyümüşəm. Səni də dayın saxlayıb.
Xumar
Sonra ikimiz də bir-birimiz üçün ata-ana... bir can.. bir qəlb olduq. Səhər yuxudan gözümü açanda ilk sevincim... ilk fərəhim odur ki, bu dünyada sən varsan! Sənin məni görəndə məhəbbətlə gülümsəyən gözlərin var... Mən ilk dəfə səni Hamlet rolunda görüb, qədd-qamətinə, danışığına, səsinin ahənginə, hərəkətlərindəki son dərəcə təbii qəhrəmanlıq çalarlarına, gözlərindəki məğrur alicənab ifadəyə vurulanda, ay Allah, dedim, əgər, bu oğlan məni, mənim yarım qədər sevsəydi, mən ata-ana məhəbbəti görməyən kimsəsiz bir qız, özümü dünyanın ən xoşbəxt məxluqu sanardım...
Ayaz (zarafatyana)
Sonra görəndə ki, cavan artist səni dünyalar qədər sevir... Səhnədəki qələbələrimin sirri, səbəbi sənin məhəbbətin olub! (Qapı döyülür. İçəri teatrın işçilərindən biri daxil olur)
Teatr işçisi
Ayaz, bu gülləri universitetin müəllimləri gətirib.
Xumar (güllərin içindəki kağız parçasını açıb bərkdən oxuyur)
“Xalqımızın böyük sənətkarı Ayaz Turana eşq olsun! Biz səninlə fəxr edirik.” Ayaz, qorxuram sənə öz gözüm dəyə. Axı, mən bədnəzərin olmasına inanıram. Sənin hər yeni rolunda tamaşaçılar tərəfindən necə alqışlandığını görəndə, küçəmizin tinində oturan şikəst arvada bir manat nəzir verirəm. (Pıçıltı ilə) Bilirsənmi, Ayaz, səni sevəndən bəri mənə qəribə bir ilham gəlib. Mən hardasa var olan, hardasa bizim məhəbbətimizi seyr eləyən qadir bir qüvvənin... Bəlkə də Allahın olduğunu hiss etməyə başlamışam. Gecə yerimə girib yatanda, ona müraciətlə deyirəm: “Ay Allah! Ey bizim köməyimiz, o oğlanı qanadının altına al! Onu yerin-göyün bəlasından hifz elə! O, bu qorxulu dünyanın ən günahsızı, ən təmiz oğlanıdır. Ancaq bu zaman eyzən ürəyim təsəlli tapıb sakit olur...”
Ayaz
Xumar, qoy sənin nəcib qəlbin heç nədən, heç zaman narahat olmasın!
Qız (Əlində bir dənə gül içəri daxil olur)
Sevimli sənətkarımız, sizi yeni qələbəniz münasibətilə təbrik edirəm. Qoy böyük yaradan sizi bizim səhnəmizə çox görməsin!
Ayaz
Sağ olun...
Qız
Xahiş edirəm, bura bir avtoqraf yazasınız.
Ayaz (qol çəkir)
Buyurun.
Qız
Sağ olun.
Xumar
Bir də fikirləşirəm: səni ki, xalq bu qədər sevir, bu qədər alqışlayır... Cavan tamaşaçılar gecə teatrdan çıxanda evə qədər səni aparıb ötürür – gərək bu xalq məhəbbəti səni hər bəladan hifz eləsin. Elə deyilmi?
Ayaz (dərindən nəfəs alaraq kədərlə)
Elədir.
Xumar (təşvişlə)
Bəs, nə üçün birdən tutuldun?
Ayaz (gülümsəyir)
Sənə elə gəlir, Xumar, narahat olma! (Onu öpür) Biz Aydan arı, sudan duru günahsız cavanlarıq!
Xumar (birdən şənlənərək)
Doğrudan da... Axı, biz neyləmişik ki, qorxu çəkək?! Bayaq sən yaxşı dedin: “Biz bir günah iş tutmamışıq!.. Bir xilaf iş dalınca getməmişik!..”
Qapı yavaşca döyülür. Artist Cabbar, Şeyx Mərvan paltarında gəlir. Əlində portfel var.
Cabbar
Ayaz, qardaşım, bir yaxın gəl, səni öpüm. Xumar, gözəl qızım, Ayazın bugecəki təntənəsi ilə səni də təbrik edirəm. Mən bilirəm ki, bu parlaq təntənənin sirri Ayazın sənə olan ülvi məhəbbətidir.
Ayaz
Mən də səni təbrik edirəm. Sən də Şeyx Mərvanı əla oynadın.
Cabbar
Əşi, bu rolun məşqlərində sözləri əzbərləyincə, gedib o dünyanı görüb gəlmişəm.
Xumar
Elə nə üçün, Cabbar əmi?
Cabbar
Bilirsən, Xumar, bu qafiyə ilə, mən nə bilim, əruz vəzniylə yazılan şerləri əzbərləyincə mənimki mənə dəyir.
Ayaz (bərkdən gülərək)
Deyirlər ki, keçmişdə Peterburqda Aleksandriyski teatrının məşhur artisti Davıdov da sənin kimi söz əzbərləməkdə həmişə əzab çəkirmiş. Ondan soruşanda ki, sənətdə ən çətin olan şey nədir? Deyərmiş ki, söz əzbərləmək. (Gülüşlər)
Cabbar
Xumar, sizin hüzurunuza xoşunuza gəlməyən bir qonaqla gəldiyim üçün üzr istəyirəm...
Ayaz
Hansı qonaq?
Xumar
Hanı o qonaq?
Cabbar
Bax, burdadır. (Portfeli açıb içindəki araq şüşəsini göstərir. Hamı gülür) Düzdü, mənim özümün də bundan xoşum gəlmir...
Ayaz (zarafatla)
Oho...
Cabbar
Bu da bizə gülüb deyir: “Xoşunuza gəlmir. Eyzən mənim əleyhimə danışırsınız, amma bir şən məclisiniz də mənsiz keçmir...”
Ayaz (zarafatla)
Deyir, mən olmayanda, Cabbarın kefi istiot dadı verir.
Cabbar
Nə ki, düzdü, düzdü... Xumar bacı, dedim, mən qardaşımın bugecəki qələbəsini də təbrik eləməyə bilmərəm! (Ayaza) Qardaş, bilirəm, sənin araqdan xoşun gəlmir... Ancaq, düzü, konyaka da pulum çatmadı. (Qədəhi doldurub Ayaza verir. Stolun üstündəki çay stəkanını da özü üçün doldurur) Ayaz, qardaşım! Sən Hamleti, sonra Yuli Sezarı da bu qədər böyük müvəffəqiyyətlə oynamısan! Ancaq sənin bugecəki qələbən ona görə mənim üçün daha qiymətlidir ki, sən adlarını yazıçı qoyan “gilizdən çıxma” gədə-güdənin “burjuaziya yazıçısı, pantürkist” deyə cürbəcür mənfur damğalar vurduğu Cavidin o nurlu qəhrəmanını göylərə ucaltdın! Sağ ol, qardaşım! Qoy Allah sənin böyük istedadının himayədarı olsun!
Xumar
Amin! Sizin sənətinizə söz ola bilməz, Cabbar əmi. O gecə “Müfəttiş” pyesində Osipi elə təbii oynayırdınız ki, elə bil, lap Osipin özüsünüz.
Cabbar
Mən də pis artist deyiləm. Özüm də səhnənin aşiqiyəm. Amma nə ki, düzdür, düzdür! Mən Ayaz deyiləm!
Ayaz
Hər bir istedadlı aktyorun sənətdə öz şərəfli yeri var...
Cabbar
Xumar, icazə verin, birini də vurum.
Xumar
Vurun!
Cabbar (stəkanı doldurur)
Sizin quracağınız müqəddəs ailənin xoşbəxtliyi şərəfinə! Allah sizi bir-birinizdən ayırmasın! Toyunuzu tez eləyin. Könlümüz şənlik, çalıb-oynamaq istəyir.
İşıq sönür
Kitabxana.az · https://kitabxana.az/works/ilyas-efendiyev-sevgililerin-cehennemde-vusali
Müəllifin digər əsərləri
Mən ürəyimin dərinliklərində Qaçaq Xanmurad kimi bir qəhrəman olmağı arzulayırdım. Gecələr yerimə girəndən sonra da bu barədə uzun xəyallara dalırdım. Özümü, neçə atlı-tüfəngli adamı təkbaşına qoyun sürüsünün içindən çıxmağa məcbur eləyən Qaçaq Xanmurad kimi bir igid təsəvvür edirdim. Lakin Qaçaq Xanmuradın bu dəfə anama danışdığı bir əhvalat mənim bu şirin xəyallarımı alt-üst elədi. Qaçaq Xanmurad o tayda (yəni Arazın o tayında) bir düşmənindən necə qisas aldığını nağıl edirdi. O, nəşə ilə danışırdı ki, çiskinli, qaranlıq bir gecədə öz dəstəsilə qəfildən həmin düşməninin alaçığını mühasirəyə alaraq, uşaqdan böyüyə hamını necə gülləbaran eləyib qırıblar...Anam həssas qadın idi. Kiçik bir sarsıntı onun bənizini dərhal soldururdu. İndi bu əhvalatı eşidəndə də rəngi ağardı və o, həyəcanla soruşdu:
Yenə şəhərdəBir neçə gündən sonra babam anamgilə xəbər verdi ki, onu «A» qəzasına rəis təyin eləyiblər. Ona görə də köçüb getdik şəhərə, evimizə...Sonra Bayram babam kürkünün üstündən iki patrondaş çəkdi, gödək beşatılanını doldurdu, ağac qoburlu onatılanını belinə bağlayaraq məşhur kəhər atına minib, Qızılbaşoğlu Alının müşayiətilə «A» qəzasına yollandı. Fatma nənəm babamın ardınca su atdı. Babamı yola salmağa atamla anam da gəlmişdilər. Novruz bayramından keçməsinə baxmayaraq, çöllər hələ ki, qar idi. Anam babamın ardınca baxaraq dedi:
Nuru dayımın qayıtmağı...Bir dəfə atam mal gətirmək üçün Bakıya getmişdi. Qayıdanda gördük ki, Nuru dayım onunla gəldi. Sonra atam anama danışırdı ki, neft mədənlərində işləyən qohumlarını görmək üçün Binəqədiyə gedibmiş. Birdən cır-cındır içində olan Nuru dayım çıxır qabağına. Qərəz, məlum olur ki, dayım atasının evindən satdığı şeylərin pulunu kefə sovurandan sonra lüt qalıb, gəlir neft mədəninə, Fatma nənəmgilin kürd qohumlarından olan fəhlələrin yanına. Fəhlələr də onu yedirib-içirdirmişlər.İndi dayım elə şən idi ki, elə bil, Parisdən kefdən gəlmişdi. Laklı uzunboğaz çəkmə, qalife şalvar, qiymətli buxara dərisindən təpəsi gen qabardin papaq, qolları enli üst köynəyi, körpüləri qızıl Qafqaz kəməri, nazik, qumral bığları, onsuz da, gözəl olan dayıma fövqəladə yaraşıq verirdi. O, Tiflisdə, Bakıda, daha nə bilim haralarda çəkdiyi keflərdən anama səhnələr danışırdı. Ən maraqlı söhbətlərdən biri də anamgilin ögey qardaşı, yəni Fatma nənəmin qabaqkı ərindən olan oğlu Cəlilə rast gəlməsi idi. Nuru dayımın danışmağına görə, Cəlil indi Bakının adlı-sanlı mühərrirlərindən, ziyalılarındandır. Fatma nənəm onun bu söhbətinə kənardan diqqətlə qulaq asaraq, Cəlil barədə heç nə soruşmurdu. Mən də buna təəccüb edirdim. Mən başa düşmürdüm ki, Fatma nənəm Nuru dayımı bu qədər istədiyi halda, nə üçün öz dualarında, söhbətlərində bir dəfə də olsun o vaxt atasının üstünə atıb getdiyi oğlu Cəlilin adını dilinə gətirmir?
Anamın bir rəfiqəsi vardı...Atam hər dəfə Bakıya gedib-gələndə Müsavat hökumətinin ideoloqu Məhəmməd Əmin Rəsulzadənin nitqlərindən danışardı. Küçələrdə uşaqlar Azərbaycan haqqında, vətən haqqında nəğmələr oxuyardılar, anamla rəfiqələri eyzən zabitlərdən söhbət edərdilər. Bizim şəhərimizdə müsavat zabitləri ilə bərabər, türk zabitləri də var idi. Bunlar Azərbaycana gələn türk hərbi hissəsinin zabitləri idi. Onlardan Hatəm bəy və Tofiq bəy adlı iki nəfəri bizim qonşuluğumuzdakı ikimərtəbəli binada yerləşmişdilər, yazın gur vaxtı olduğu üçün axşamçağılar bağçadakı qızılgüllükdə stul qoydurub, orada əyləşərdilər. Bəzən çay, bəzən şərab içərək bərkdən danışıb gülərdilər. Anam və rəfiqələri bizim bağımızda gəzib söhbət edərdilər.Anamın Məhbub xanım adlı çatmaqaş, qaraşirin, uzun qarasaç, incəbel bir rəfiqəsi var idi. O, bizə gələn bütün cavan qadınlardan gözəl və zinətli geyinərdi. Mən həmişə ona baxanda nağıllarda eşitdiyim şahzadə gözəllər yadıma düşərdi. Şən, deyib-gülən bir gəlin idi. Onun da tumanı anamınkı kimi uzun idi. Tumanının ayağına əşrəfi deyilən qızıl, qanavuz arxalığının yaxasına isə qızıl düymə düzülmüşdü. Belində enli, qızıl kəmər vardı. Atası Məşədi Həbib şəhərimizdəki böyük hamamın və motorla işləyən un dəyirmanının sahibi idi. Anam bizi hamama aparanda qabaqcadan xüsusi nömrə hazırlanardı. Biz çimib çıxandan sonra gəlib Məhbub xanımgildə çay içərdik (onların evləri hamamın böyründə idi). Məhbub xanımın anası Xurşid xanım iricüssəli, kök, yaraşıqlı bir qadın idi, həmişə Novruz bayramında üç-dörd vedrə sututan iri mis qazan dolusu səməni bişirib, bütün qonşulara paylayardı. Qışda da iki-üç dəfə hədik, ya da əriştə bişirib yenə də qonşulara paylayardı. Anam atama deyirdi ki, «Xurşid xala bundan həzz alır». Məhbub xanımı Aşqabadda yaşayan əmisi oğlu Talıba vermişdilər, ancaq anamın söhbətlərindən bilirdim ki, oğlan qıza qarşı soyuq imiş, ona görə də tezliklə ayrılmışdılar.