Məzmun
  1. İkinci şəkil
  2. Üçüncü şəkil
  3. Dördüncü şəkil
  4. Beşinci şəkil
  5. Altıncı şəkil
  6. Yeddinci şəkil
  7. Səkkizinci şəkil
  8. İkinci pərdə
  9. Doqquzuncu şəkil
  10. Onuncu şəkil
  11. On birinci şəkil
  12. On ikinci şəkil
  13. On üçüncü şəkil
  14. On dördüncü şəkil
  15. On beşinci şəkil
  16. On altıncı şəkil
  17. On yeddinci şəkil
  18. On səkkizinci şəkil
  19. On doqquzuncu şəkil
  20. İyirminci şəkil

Səhifə 5 / 11 · 36%

Altıncı şəkil

Səlim Babayevin evi. Xumar gəlinlik paltarında daxil olur. O, taqətdən düşübdür. Addımlarını zorla atır. Mədinə o biri otaqdan gələrək onu görür.

Mədinə (təəccüblə)

Sənə nə olub, Xumar? Bu nə haldır? Bəs, toyun olmadı? (Xumar “yox” mənasında başını bulayır) Niyə? Nə oldu?

Xumar

Ayazı apardılar.

Mədinə

Hara?

Xumar

İnsanların gedib-gəlmədiyi cəhənnəmə.

Mədinə

Lap gəlib toy məclisindən apardılar? (Xumar başı ilə təsdiq edir) Axı, mən dedim böyük məclis-zad lazım deyil, toyu gizlin eləyin.

Xumar

Gizlin eləyirdik. Bircə Cabbar gəlmişdi. Enkevededən gələn cəlladlara nə qədər yalvardım məni də Ayazla bir yerdə aparın... Aparmadılar. (Halsız halda gözlərini bir an yumaraq susur, sonra pıçıltı ilə) Aman Allah! Dünyada nə insafsız işlər var! Mənim dayım... Anamın doğma qardaşı... Anam deyərdi, uşaqlıqda onlar – bacı-qardaş bir-birilərini çox istərmişlər. Bir-birilərindən ayrılmazmışlar. Bəs necə oldu, dayım... Anamın o sevimli qardaşı bu qədər nainsaf oldu?! (Halsız halda gözlərini yumur, Mədinə xanım stəkana su töküb gətirir)

Mədinə

Sakit ol, özünü ələ al.

Xumar

Mənə zəhər verin, Mədinə xanım, zəhər...

Mədinə (amiranə)

Özünü ələ al!..

Xumar

Vallah, daha yaşamaq istəmirəm. Bu gəlinlik paltarında ölmək istəyirəm.

Mədinə

Səbrli ol! Zülm ərşə dirənəndə də, insan gərək mənliyini itirməsin! (Xumar bir az toxtayır, lakin bu çox davam etmir) Özünü ələ al, görək nə olur...

Xumar

Axı, heç kəs o cəhənnəmdən geri qayıtmır... (Birdən hönkürtü ilə ağlayaraq) Ax, zalımlar! İnsafsızlar! Bütün fikir-xəyalı öz sənətində olan o kimsəsiz cavan sizə nə yamanlıq eləmişdi? Deyirlər, qədim romalılarda sənət Allahı olurmuş. Ey sənət Allahı! Sən mənim nakam nişanlımı o cəhənnəmdən xilas et! Qırx gün, qırx gecə sənə dua eləyərəm! Qırx gün, qırx gecə!

Mədinə

İnsan ətinə yerikləyən qara qartal sənət ilahəsini çoxdan caynağına alıb aparıb... çoxdan.

Xumar (gözlərini qapayaraq mahnı oxuyur)

Hər dəfə biz görüşəndə o, bu mahnını mənə oxudardı. Yox! O, bu mahnını eşitmir... O, bu mahnını daha eşitməyəcək... Ah, yerlərin, göylərin qadir qüvvələri, qoymayın onu mənim əlimdən alsınlar. Mən aciz, yetim bir qızam! Mənə kömək eləyin! Qoymayın mənim gəlinlik paltarım cavan nişanlımın qanına boyansın!

Mədinə

Sakit ol, gülüm! Dünya kar olub! Heç kəs sənin səsini eşitmir. Ürəyini daş elə, yaşa. Tiranın öz qurduğu cəhənnəmdə yanacağı günü görmək üçün yaşa!

Xumar

Eh, Mədinə xanım, bu dünyada iki gözümdən də əziz nişanlımı görməyəndən sonra o intiqam nəyimə lazımdır? (Gedir)

Mədinə (öz-özünə)

İlahi! Necə olub ki, bu ölkə belə olub? Bu zülmət dünyasında, açılmaz bir qalada oturub, insanların qanını aramsız içən əjdaha, məgər, doymurmu?

İşıq sönür

Yeddinci şəkil

Dövlət təhlükəsizliyi idarəsinin yeraltı həbsxanası. Yarıqaranlıq zirzəmi. Dörd dustaq: məşhur igid Afşar Hüseyn, dövlətli tərəkəmə Hacıqulu, böyük vəzifələrdə olmuş Ədhəm Nəcəfov, Anaşkin. Adamlar həyəcan və qorxu içindədirlər. Hamının qulağı səksəkədədir. Qapının kilidi səslənəndə, adamların üzündəki vahimə daha da dəhşətli olur. Ədhəm Nəcəfov qorxusundan qaçıb çarpayının altına girir. Qapı açılır. Ayazla Cabbarı itələyib salırlar zirzəmiyə.

Afşar Hüseyn (çarpayıya tərəf)

Nəcəfov, çıx, qorxma. Təzə qonaqlardır. (Ayaza) Bu, keçmişdə böyük vəzifə sahibi olub. Yazığı hər dəfə danışdırmağa aparanda, o qədər döyürlər ki, indi qapının kilidi açılanda, qorxusundan qaçıb girir çarpayının altına.

Cabbar

Ağlını itirib?

Afşar Hüseyn

Yox, ağlı yerindədir. (Ədhəm Nəcəfov çarpayının altından qorxa-qorxa çıxır. Dikəlib Ayaza baxır. Ayaz irəliləyib onunla əl tutuşmaq istəyir. Lakin əlini qaldırıb, Ayazla görüşmək sanki heç Ədhəm Nəcəfovun ağlına da gəlmir)

Nəcəfov (pıçıltı ilə)

Səni də tutublar?

Ayaz

Görürsünüz ki?

Nəcəfov

Səni nə üstündə tutublar?

Ayaz

Bilmirəm...

Nəcəfov (eyni vahiməli pıçıltı ilə)

Yəqin, boynuna nə isə qoymaq istəyəcəklər, dəhşətdir, qardaşım...

Ayaz

Mən özümdə zərrə qədər də günah görmürəm.

Nəcəfov

Sən görmürsən, amma onlar görürlər...

Cabbar

Elə zor-güc? Adama necə qara yaxmaq olar?

Nəcəfov

O... Cabbar. Dünyanı güldürüb əyləndirən sənətkar. Hünərin var, bu cəhənnəmdə bizi güldür.

Cabbar

Yox, qardaşlar! Yuxuda canavar görmüşəm.

Nəcəfov

Canavar?

Cabbar

Hə, görürəm, Kələkbaz Skapeni oynayıram, amma zalda heç kəs yoxdur... Tək bir canavardı, mənə baxıb gülür.

Nəcəfov

Dəhşətli yuxudu...

Cabbar

Hə, yadıma düşdü. Çər dəymiş lap insan kimi gülürdü... Qəhqəhə çəkirdi.

Nəcəfov

Dəhşətdir!..

Cabbar

Elə o yuxudan sonra ürəyimə damdı ki, başıma bir qəza gələcək.

Ayaz

Toya nahaq gəldin! İndi rahat oturmuşdun evində.

Cabbar

Özünü niyə demirsən? “Xalq düşməni” rolunu oynasaydın, indi rahatca oturmuşdun “Novi Yevropa”da, bala-bala konyak vururdun.

Nəcəfov

Nə düşmən? Nə rol?

Cabbar

Əşşi! Bir nəfər, guya, yazıçı, meydana çıxıb, xalq düşmənləri haqqında pyes yazıb. Elə məhz xalq düşmənindən yazdığı üçün Bağırov onu böyük vəzifəyə qoydurub... Həmin o müəllif Ayaza zəng eləyib ki, gərək xalq düşməni rolunu sən oynayasan! Bu da boyun qaçırıb, deyib, pyes artıq oynanılır, ifaçısı da var, mənə bir lüzum yoxdur... Kişi razılaşmayıb, deyib, mən istəyirəm sən oynayasan! O deyib, bu deyib – olmayıb. Axırda əlahəzrət qeyzlənib deyib: “Eybi yoxdur, oynama! Amma bu tərsliyin sənə baha oturacaq!”

Ayaz

Deyirsən, onun işləridir?

Cabbar

Fil qulağında yatmısan... hə... İki gündən sonra da gəlib, toy məclisindən apardılar...

Afşar Hüseyn

Toyu yarımçıq qoydular?

Cabbar

Bəli. Nişanlısını ağ gəlinlik paltarında qoyub gəlib.

Afşar Hüseyn

Məsəl var, qoyun olmayan yerdə keçiyə Kərəməddin bəy deyərlər... Şübhəsiz, o səfsəfəni yazan səndən danos verib... Görürəm, ürəkli oğlansan, o əclafın qabağında özünü sındırma! Polad sınar, əyilməz!

Ayaz (Afşar Hüseynə)

Bəs, sizi niyə tutublar? Axı, sizin banditizmlə mübarizədə göstərdiyiniz igidliklər barədə əfsanələr söyləyirlər.

Afşar Hüseyn

Qarabağ qaçaqlarını mənim əlimlə tutdular... qırdılar... indi özümü niyə tutublar? Başa düşmürəm?

Nəcəfov

Dünya niyə belə olub? Harda qalıb insaf, ədalət, etibar?

Ayaz

Bu, qaydadır, hökumətin zülmü artanda insaf, ədalət yaddan çıxır... unudulur.

Cabbar

Səni niyə tutublar, Hacı? Eşitdiyimə görə, sən həmişə kasıb-kusuba əl tutan, xeyirxah insan olmusan?

Hacıqulu

Bacıoğlu, mənim on beş min qoyunum var idi. Yüz dəvəm, beş yüz də atım var idi. Hamısını atalarının malı kimi yığıb apardılar. Qış keçdi, yazda camaat qoyun-quzu otarmaq üçün Haramı düzünə köçürdü. Əlli il idi ki, hər yaz mən də el ilə bir yerdə Haramıya köçürdüm. İndi dan yeri qızaranda, oba köçəndə, ürəyim kövrəldi, keçmiş çoban yoldaşım Mustafa oğlunu səsləyib dedim: ə, Haramıya de ki, tay Hacıqulu gəlmədi. O da cavabında dedi ki, ay Hacı, ürəyimi yaman kövrəltdin! Sənsiz tay Haramı nəyə lazımdır? Qonşumuzda Şirin adlı bir

[Mənbənin skanında burada mətn itib.]

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Güney Güzdəkdə nələr düşünürdüm...

Mən ürəyimin dərinliklərində Qaçaq Xanmurad kimi bir qəhrəman olmağı arzulayırdım. Gecələr yerimə girəndən sonra da bu barədə uzun xəyallara dalırdım. Özümü, neçə atlı-tüfəngli adamı təkbaşına qoyun sürüsünün içindən çıxmağa məcbur eləyən Qaçaq Xanmurad kimi bir igid təsəvvür edirdim. Lakin Qaçaq Xanmuradın bu dəfə anama danışdığı bir əhvalat mənim bu şirin xəyallarımı alt-üst elədi. Qaçaq Xanmurad o tayda (yəni Arazın o tayında) bir düşmənindən necə qisas aldığını nağıl edirdi. O, nəşə ilə danışırdı ki, çiskinli, qaranlıq bir gecədə öz dəstəsilə qəfildən həmin düşməninin alaçığını mühasirəyə alaraq, uşaqdan böyüyə hamını necə gülləbaran eləyib qırıblar...Anam həssas qadın idi. Kiçik bir sarsıntı onun bənizini dərhal soldururdu. İndi bu əhvalatı eşidəndə də rəngi ağardı və o, həyəcanla soruşdu:

7 dəq
Yenə şəhərdə

Bir neçə gündən sonra babam anamgilə xəbər verdi ki, onu «A» qəzasına rəis təyin eləyiblər. Ona görə də köçüb getdik şəhərə, evimizə...Sonra Bayram babam kürkünün üstündən iki patrondaş çəkdi, gödək beşatılanını doldurdu, ağac qoburlu onatılanını belinə bağlayaraq məşhur kəhər atına minib, Qızılbaşoğlu Alının müşayiətilə «A» qəzasına yollandı. Fatma nənəm babamın ardınca su atdı. Babamı yola salmağa atamla anam da gəlmişdilər. Novruz bayramından keçməsinə baxmayaraq, çöllər hələ ki, qar idi. Anam babamın ardınca baxaraq dedi:

3 dəq
Nuru dayımın qayıtmağı...

Bir dəfə atam mal gətirmək üçün Bakıya getmişdi. Qayıdanda gördük ki, Nuru dayım onunla gəldi. Sonra atam anama danışırdı ki, neft mədənlərində işləyən qohumlarını görmək üçün Binəqədiyə gedibmiş. Birdən cır-cındır içində olan Nuru dayım çıxır qabağına. Qərəz, məlum olur ki, dayım atasının evindən satdığı şeylərin pulunu kefə sovurandan sonra lüt qalıb, gəlir neft mədəninə, Fatma nənəmgilin kürd qohumlarından olan fəhlələrin yanına. Fəhlələr də onu yedirib-içirdirmişlər.İndi dayım elə şən idi ki, elə bil, Parisdən kefdən gəlmişdi. Laklı uzunboğaz çəkmə, qalife şalvar, qiymətli buxara dərisindən təpəsi gen qabardin papaq, qolları enli üst köynəyi, körpüləri qızıl Qafqaz kəməri, nazik, qumral bığları, onsuz da, gözəl olan dayıma fövqəladə yaraşıq verirdi. O, Tiflisdə, Bakıda, daha nə bilim haralarda çəkdiyi keflərdən anama səhnələr danışırdı. Ən maraqlı söhbətlərdən biri də anamgilin ögey qardaşı, yəni Fatma nənəmin qabaqkı ərindən olan oğlu Cəlilə rast gəlməsi idi. Nuru dayımın danışmağına görə, Cəlil indi Bakının adlı-sanlı mühərrirlərindən, ziyalılarındandır. Fatma nənəm onun bu söhbətinə kənardan diqqətlə qulaq asaraq, Cəlil barədə heç nə soruşmurdu. Mən də buna təəccüb edirdim. Mən başa düşmürdüm ki, Fatma nənəm Nuru dayımı bu qədər istədiyi halda, nə üçün öz dualarında, söhbətlərində bir dəfə də olsun o vaxt atasının üstünə atıb getdiyi oğlu Cəlilin adını dilinə gətirmir?

6 dəq
Anamın bir rəfiqəsi vardı...

Atam hər dəfə Bakıya gedib-gələndə Müsavat hökumətinin ideoloqu Məhəmməd Əmin Rəsulzadənin nitqlərindən danışardı. Küçələrdə uşaqlar Azərbaycan haqqında, vətən haqqında nəğmələr oxuyardılar, anamla rəfiqələri eyzən zabitlərdən söhbət edərdilər. Bizim şəhərimizdə müsavat zabitləri ilə bərabər, türk zabitləri də var idi. Bunlar Azərbaycana gələn türk hərbi hissəsinin zabitləri idi. Onlardan Hatəm bəy və Tofiq bəy adlı iki nəfəri bizim qonşuluğumuzdakı ikimərtəbəli binada yerləşmişdilər, yazın gur vaxtı olduğu üçün axşamçağılar bağçadakı qızılgüllükdə stul qoydurub, orada əyləşərdilər. Bəzən çay, bəzən şərab içərək bərkdən danışıb gülərdilər. Anam və rəfiqələri bizim bağımızda gəzib söhbət edərdilər.Anamın Məhbub xanım adlı çatmaqaş, qaraşirin, uzun qarasaç, incəbel bir rəfiqəsi var idi. O, bizə gələn bütün cavan qadınlardan gözəl və zinətli geyinərdi. Mən həmişə ona baxanda nağıllarda eşitdiyim şahzadə gözəllər yadıma düşərdi. Şən, deyib-gülən bir gəlin idi. Onun da tumanı anamınkı kimi uzun idi. Tumanının ayağına əşrəfi deyilən qızıl, qanavuz arxalığının yaxasına isə qızıl düymə düzülmüşdü. Belində enli, qızıl kəmər vardı. Atası Məşədi Həbib şəhərimizdəki böyük hamamın və motorla işləyən un dəyirmanının sahibi idi. Anam bizi hamama aparanda qabaqcadan xüsusi nömrə hazırlanardı. Biz çimib çıxandan sonra gəlib Məhbub xanımgildə çay içərdik (onların evləri hamamın böyründə idi). Məhbub xanımın anası Xurşid xanım iricüssəli, kök, yaraşıqlı bir qadın idi, həmişə Novruz bayramında üç-dörd vedrə sututan iri mis qazan dolusu səməni bişirib, bütün qonşulara paylayardı. Qışda da iki-üç dəfə hədik, ya da əriştə bişirib yenə də qonşulara paylayardı. Anam atama deyirdi ki, «Xurşid xala bundan həzz alır». Məhbub xanımı Aşqabadda yaşayan əmisi oğlu Talıba vermişdilər, ancaq anamın söhbətlərindən bilirdim ki, oğlan qıza qarşı soyuq imiş, ona görə də tezliklə ayrılmışdılar.

4 dəq

Başqa şairlərin şeirləri