Məzmun
  1. İkinci şəkil
  2. Üçüncü şəkil
  3. Dördüncü şəkil
  4. Beşinci şəkil
  5. Altıncı şəkil
  6. Yeddinci şəkil
  7. Səkkizinci şəkil
  8. İkinci pərdə
  9. Doqquzuncu şəkil
  10. Onuncu şəkil
  11. On birinci şəkil
  12. On ikinci şəkil
  13. On üçüncü şəkil
  14. On dördüncü şəkil
  15. On beşinci şəkil
  16. On altıncı şəkil
  17. On yeddinci şəkil
  18. On səkkizinci şəkil
  19. On doqquzuncu şəkil
  20. İyirminci şəkil

Səhifə 10 / 11 · 82%

On beşinci şəkil

İş otağı. Mircəfər Bağırovun kabineti. Mayis əlində qovluq gəlir.

Mayis (oturmayaraq)

Salam, yoldaş Bağırov.

Mircəfər Bağırov (ona cavab verməyərək, sərt ifadə ilə)

Nə oldu, Səlim Babayevin məsələsini qurtardın?

Mayis

Bütün məlumatlar təsdiq olunur, yoldaş Bağırov. Qardaşı Almaniyada gestapoda zabitdir, amma həmişə Rusiyada itkin düşmüş kimi qələmə verib. Özünün də müsavat ordusunda yüksək rütbəli zabit olduğu doğrudur. Dalaşdıqları zaman arvadı Mədinə xanımın hirslənib, bunları dediyini mənim adamım eşidib. Buna görə də, qorxusundan onu öldürüb.

Mircəfər Bağırov

Bəs, nə üçün həkim məlumat verib ki, guya, arvad özü... ürəyindən gedib...

Mayis

Mən gedib arvadı nəzərdən keçirəndən sonra onun öz əcəli ilə ölmədiyindən şübhələndim. Ona görə də, həkimi dara çəkib, boynuna qoydum, o da etiraf elədi: Mədinə xanımı boğub öldürüblər.

Mircəfər Bağırov (qəzəblə qışqırır)

O həkimi boğazından asmaq lazımdır.

Mayis

Baş üstə.

Mircəfər Bağırov

Deyirlər, Səlim Babayevin gözəl bir bacısı qızı var...

Mayis (gözlərini yerə dikərək)

Bəli, var...

Mircəfər Bağırov (eynəyinin altından diqqətlə ona baxaraq)

Gözlərini niyə yerə dikdin? Yoxsa, ona aşiq olmusan? (Mayis sarsılmış halda susur) Niyə dinmirsən? Aşiq olmusan o qıza?

Mayis

Bəli.

Mircəfər Bağırov (bərkdən gülərək)

Siz çekistlər aşiq olmağı da bacarırsınız?

Mayis

İndiyə qədər sizə deməyə cəsarət eləmirdim.

Mircəfər Bağırov

Nə üçün? Məgər, Bağırovun ürəyi yoxdur?

Mayis

Sizin böyük ürək sahibi olduğunuza kim şübhə eləyə bilər, yoldaş Bağırov?

Mircəfər Bağırov

Harada olur o qız?

Mayis

Yetimdir. Dayısı Səlimgildə olurdu. Səlim Babayev onu

[Mənbənin skanında burada mətn itib.]

On altıncı şəkil

Səlimin evi. O, tək-tənha oturub.

Səlim

Qorxumdan səhərə qədər yata bilmirəm. Dünən casuslarım mənə xəbər verdilər ki, Mayis srağagün gecə saat birdə Bağırovun yanında olub! Mənim başımın üstündən. Bağırovun Mayislə nə işi ola bilər? Bilirəm ki, mənim casuslarım Mayisi izlədikləri kimi, vəzifəcə məndən kiçik olmasına baxmayaraq, onun da casusları məni izləyirlər. Məndən material toplayırlar. Biz hamımız canavar kimi burunburuna yatmışıq. Diktatorun gücü də buna nail olmasındadır. Diktator elə bir üsuli-idarə qurmuşdur ki, orada biz insanların daima bir-birini didib-parçalamağının sonu yoxdur. Bu şəraitdə böyük ideya barədə düşünmək heç kəsin ağlına gəlmir. Arvadım məni töhmətləndirir ki, mən də özümdən qaçıb gizlənmək istəyirəm. Üstündə əyləşib, mürəbbəli çay içdiyim bu döşəmənin altındakı cəhənnəm zirzəmisində işgəncə verdiyimiz adamların fəryadını mən gecə yuxuda da eşidirəm... Bununla belə, mən yaşayıram, öldürürəm...

Mayis milis işçiləri ilə içəri girir. Onlar Səlimi aparırlar.

İşıq sönür

On yeddinci şəkil

Həbsxana. Səlim Babayev və Mayis.

Mayis

Səlim, bizim işimizi bildiyin halda, nə üçün bizi də incidirsən, özünü də? Almaniyadakı qardaşının gestapoda zabit olduğunu, onun vasitəsilə özünün də Almaniyanın agenti olduğunu niyə boynuna almırsan?

Səlim

Mayis, ölürəm, danışmağa taqətim yoxdur. Bir papiros.

Mayis ona papiros verir və öz alışqanı ilə yandırır. Səlim Babayev papiros çəkir.

Mayis

Səlim, Bağırov sənin alman kəşfiyyatına satıldığını Stalinə də deyib. İnkar eləməyin mənası yoxdur.

Səlim

Mayis, sən öl, mənim heç bir xarici kəşfiyyatla əlaqəm olmayıb. Sənin əziz canına and içirəm!

Mayis

Niyə ikiüzlülük edirsən? Mənim canım heç vaxt sənin üçün əziz olmayıb, ola da bilməz. Bilirdim ki, sən öz casusların vasitəsilə haqqımda material toplayırsan. Əgər, mən cəld tərpənib, qabağa düşməsəydim, şübhəsiz, gec-tez, sən məni verəcəkdin güdaza. Səni qınamıram, özün bilirsən ki, bizim işimizin xüsusiyyəti belədir.

Səlim

Axı, mən sənin neçə il komissarın olmuşam. Özünə də

[Mənbənin skanında burada mətn itib.]

qardaşın gestapoda zabitdir! Özün də Müsavat partiyasının üzvü, böyük rütbəli zabit olmusan!

Səlim

Bağırov da daşnak partiyasının üzvü olub!

Mayis (cəlladlara)

İynə! Bütün dırnaqlarına!

Səlim

Mayis!

Mayis (cəlladlara)

İynə! Bütün dırnaqlarına!

Səlim (Mayisə)

Ver, yazdığınıza qol çəkirəm!

Mayis dərhal yazılı kağızı Səlimin qabağına qoyur, Səlim oxumadan taqətsiz halda qol çəkir.

Mayis

Vəssalam... Bununla da komediya qurtardı. Eh, komissar, həmişə fikirləşirəm ki, Peyğəmbər xəbər verib ki, Allah “ərrəhmanirrəhim”dir, yəni, rəhimlidir. Bəs, O, bizim bu qanlı cinayətlərimizə necə dözür? Əlvida, komissar! Əlvida, dostum!

İşıq sönür

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Güney Güzdəkdə nələr düşünürdüm...

Mən ürəyimin dərinliklərində Qaçaq Xanmurad kimi bir qəhrəman olmağı arzulayırdım. Gecələr yerimə girəndən sonra da bu barədə uzun xəyallara dalırdım. Özümü, neçə atlı-tüfəngli adamı təkbaşına qoyun sürüsünün içindən çıxmağa məcbur eləyən Qaçaq Xanmurad kimi bir igid təsəvvür edirdim. Lakin Qaçaq Xanmuradın bu dəfə anama danışdığı bir əhvalat mənim bu şirin xəyallarımı alt-üst elədi. Qaçaq Xanmurad o tayda (yəni Arazın o tayında) bir düşmənindən necə qisas aldığını nağıl edirdi. O, nəşə ilə danışırdı ki, çiskinli, qaranlıq bir gecədə öz dəstəsilə qəfildən həmin düşməninin alaçığını mühasirəyə alaraq, uşaqdan böyüyə hamını necə gülləbaran eləyib qırıblar...Anam həssas qadın idi. Kiçik bir sarsıntı onun bənizini dərhal soldururdu. İndi bu əhvalatı eşidəndə də rəngi ağardı və o, həyəcanla soruşdu:

7 dəq
Yenə şəhərdə

Bir neçə gündən sonra babam anamgilə xəbər verdi ki, onu «A» qəzasına rəis təyin eləyiblər. Ona görə də köçüb getdik şəhərə, evimizə...Sonra Bayram babam kürkünün üstündən iki patrondaş çəkdi, gödək beşatılanını doldurdu, ağac qoburlu onatılanını belinə bağlayaraq məşhur kəhər atına minib, Qızılbaşoğlu Alının müşayiətilə «A» qəzasına yollandı. Fatma nənəm babamın ardınca su atdı. Babamı yola salmağa atamla anam da gəlmişdilər. Novruz bayramından keçməsinə baxmayaraq, çöllər hələ ki, qar idi. Anam babamın ardınca baxaraq dedi:

3 dəq
Nuru dayımın qayıtmağı...

Bir dəfə atam mal gətirmək üçün Bakıya getmişdi. Qayıdanda gördük ki, Nuru dayım onunla gəldi. Sonra atam anama danışırdı ki, neft mədənlərində işləyən qohumlarını görmək üçün Binəqədiyə gedibmiş. Birdən cır-cındır içində olan Nuru dayım çıxır qabağına. Qərəz, məlum olur ki, dayım atasının evindən satdığı şeylərin pulunu kefə sovurandan sonra lüt qalıb, gəlir neft mədəninə, Fatma nənəmgilin kürd qohumlarından olan fəhlələrin yanına. Fəhlələr də onu yedirib-içirdirmişlər.İndi dayım elə şən idi ki, elə bil, Parisdən kefdən gəlmişdi. Laklı uzunboğaz çəkmə, qalife şalvar, qiymətli buxara dərisindən təpəsi gen qabardin papaq, qolları enli üst köynəyi, körpüləri qızıl Qafqaz kəməri, nazik, qumral bığları, onsuz da, gözəl olan dayıma fövqəladə yaraşıq verirdi. O, Tiflisdə, Bakıda, daha nə bilim haralarda çəkdiyi keflərdən anama səhnələr danışırdı. Ən maraqlı söhbətlərdən biri də anamgilin ögey qardaşı, yəni Fatma nənəmin qabaqkı ərindən olan oğlu Cəlilə rast gəlməsi idi. Nuru dayımın danışmağına görə, Cəlil indi Bakının adlı-sanlı mühərrirlərindən, ziyalılarındandır. Fatma nənəm onun bu söhbətinə kənardan diqqətlə qulaq asaraq, Cəlil barədə heç nə soruşmurdu. Mən də buna təəccüb edirdim. Mən başa düşmürdüm ki, Fatma nənəm Nuru dayımı bu qədər istədiyi halda, nə üçün öz dualarında, söhbətlərində bir dəfə də olsun o vaxt atasının üstünə atıb getdiyi oğlu Cəlilin adını dilinə gətirmir?

6 dəq
Anamın bir rəfiqəsi vardı...

Atam hər dəfə Bakıya gedib-gələndə Müsavat hökumətinin ideoloqu Məhəmməd Əmin Rəsulzadənin nitqlərindən danışardı. Küçələrdə uşaqlar Azərbaycan haqqında, vətən haqqında nəğmələr oxuyardılar, anamla rəfiqələri eyzən zabitlərdən söhbət edərdilər. Bizim şəhərimizdə müsavat zabitləri ilə bərabər, türk zabitləri də var idi. Bunlar Azərbaycana gələn türk hərbi hissəsinin zabitləri idi. Onlardan Hatəm bəy və Tofiq bəy adlı iki nəfəri bizim qonşuluğumuzdakı ikimərtəbəli binada yerləşmişdilər, yazın gur vaxtı olduğu üçün axşamçağılar bağçadakı qızılgüllükdə stul qoydurub, orada əyləşərdilər. Bəzən çay, bəzən şərab içərək bərkdən danışıb gülərdilər. Anam və rəfiqələri bizim bağımızda gəzib söhbət edərdilər.Anamın Məhbub xanım adlı çatmaqaş, qaraşirin, uzun qarasaç, incəbel bir rəfiqəsi var idi. O, bizə gələn bütün cavan qadınlardan gözəl və zinətli geyinərdi. Mən həmişə ona baxanda nağıllarda eşitdiyim şahzadə gözəllər yadıma düşərdi. Şən, deyib-gülən bir gəlin idi. Onun da tumanı anamınkı kimi uzun idi. Tumanının ayağına əşrəfi deyilən qızıl, qanavuz arxalığının yaxasına isə qızıl düymə düzülmüşdü. Belində enli, qızıl kəmər vardı. Atası Məşədi Həbib şəhərimizdəki böyük hamamın və motorla işləyən un dəyirmanının sahibi idi. Anam bizi hamama aparanda qabaqcadan xüsusi nömrə hazırlanardı. Biz çimib çıxandan sonra gəlib Məhbub xanımgildə çay içərdik (onların evləri hamamın böyründə idi). Məhbub xanımın anası Xurşid xanım iricüssəli, kök, yaraşıqlı bir qadın idi, həmişə Novruz bayramında üç-dörd vedrə sututan iri mis qazan dolusu səməni bişirib, bütün qonşulara paylayardı. Qışda da iki-üç dəfə hədik, ya da əriştə bişirib yenə də qonşulara paylayardı. Anam atama deyirdi ki, «Xurşid xala bundan həzz alır». Məhbub xanımı Aşqabadda yaşayan əmisi oğlu Talıba vermişdilər, ancaq anamın söhbətlərindən bilirdim ki, oğlan qıza qarşı soyuq imiş, ona görə də tezliklə ayrılmışdılar.

4 dəq

Başqa şairlərin şeirləri