Sevgililərin cəhənnəmdə vüsalı
Məzmun
Səhifə 6 / 11 · 45%
Səkkizinci şəkil
Səlim Babayevin evi. Xumar qaranlıqda əyləşib. Səhnədə təkcə şam yanır. Mədinə içəri girir.
Mədinə (işığı yandırır)
Xumar, qaranlıqda nə üçün oturmusan?
Xumar
Keçirin işıqları, Mədinə xanım.
Mədinə
Nə üçün?
Xumar (işıqları keçirir)
Ayaz qaranlıq zirzəmidə olduğu halda, mən işığa baxa bilmərəm. Mən də onun kimi zülmətdə olmaq istəyirəm.
Mədinə
Xumar, axı, mən sənə dedim ki, yaşamaq lazımdır.
Xumar
Mədinə xanım, siz həmişə mənə deyirdiniz ki, həyatda xoşbəxt olmaq istəyirsənsə, heç bir günah iş tutma, heç kəsə yamanlıq eləmə, qismətinə çıxan xoşbəxtliyin ilə kifayətlən. İnsanlar qismətimə çıxan xoşbəxtliyi zorla məndən aldılar. Anam öləndən sonra siz mənə ürək verib, onu da demişdiniz ki, bundan sonra özünü yetim sanma. Sənin Səlim kimi dayın var. Amma dayım özü insafsızlıq eləyib, məni həmişəlik yetim qoydu... Mədinə xanım. (Çamadanını götürür)
Mədinə
Xumar, hara gedirsən?
Xumar
Anamın bir rəfiqəsi var, onlara...
Mədinə (dərindən nəfəs alaraq)
Başa düşürəm. Sən daha bu evdə qala bilməzsən. Sən o dəhşətli əhvalatdan sonra dayının üzünə baxa bilməzsən. Sənin məhəbbətin Allahın yaratdığı nadir bir gül idi. Bu zəmanənin boğucu havası onu gec-tez məhv edəcəkdi. Amma mənim bacım Şəfiqə xanımgilə gedəcəksən. Biz bu barədə onunla danışmışıq.
Xumar
Yox, Mədinə xanım, mən heç kəsə yük olmaq istəmirəm.
Mədinə (acıqlı)
Şəfiqə xanım özgə deyil, mənim bacımdır. Özün də bilirsən ki, o səni necə çox istəyir. Həmişə mənə deyərdi ki, kaş Xumar kimi bir qızım olaydı...
Xumar
Mədinə xanım...
Mədinə (qızın sözünü kəsir)
Başqa söz lazım deyil, necə demişəm elə də olacaq. Anan səni mənə tapşırıb. Özün bilirsən ki, biz bir-birimizə necə sədaqətli rəfiqə olmuşuq. Gedək, səni ötürüm...
Çıxırlar.
İkinci pərdə
Doqquzuncu şəkil
Küçə. Xumar ağır addımlarla irəliləyir. Mayis Kazımov vətəndaş paltarında ona yaxınlaşır. Xumar diksinib geri çəkilir.
Mayis
Salam, Xumar! (Qız cavab verməyərək yoluna davam etmək istəyir, Mayis onun qolundan yapışır) Rica edirəm, bir dəqiqə dayanın!
Xumar (qəzəblə)
Yaxın gəlməyin! Mənə yaxın gəlməyin! Cani! (Qolunu onun əlindən qoparır)
Mayis
Xumar! Siz məni ən ağır sözlərlə təhqir etsəniz də, öldürsəniz də, haqqınız var. Siz o qədər təmiz, o qədər günahsız məxluqsunuz ki, bu dünyadakı cinayətlərin daxili mahiyyətini, gözə görünməyən mexanizmini dərk eləyə bilməzsiniz. Bilirəm, mən Ayaz Turanı tutmağa gələndə sizinlə çox nəzakətsiz, kobud rəftar eləmişəm.
Xumar
Siz cəhənnəm adamısınız, başqa cür rəftar eləyə bilməzdiniz!
Mayis
Düz deyirsiniz, mən başqa cür rəftar eləyə bilməzdim. Amma ona görə yox ki, mən bütün insani hisslərimi tamam itirib cəhənnəm məmuru olmuşam. Ona görə ki, mənimlə Ayazı tutmağa gələn o iki cəllad mənə tabe olsalar da, eyni zamanda, mənim də üstümdə gözətçi idilər. Burada üçüncü şəxs olmadığı üçün sizinlə açıq danışa bilərəm.
Xumar (qışqırır)
Bəsdirin! Mən sizi eşitmək istəmirəm!
Mayis
Mən sizi sevirəm. Mən o ilk faciəli gecədə sizi sevmişəm. Sizinlə təklikdə rast gəlib danışmağa çalışmışam.
Xumar
Siz... siz cəllad olduğunuz qədər də həyasızsınız!
Mayis
Xumar! Olan olub, keçən keçib. Həyata fəlsəfi baxın! Bizi Allah, Adəmlə Həvva kimi palçıqdan düzəldib. Sonra axmaq bir zərbə ilə təkrar torpaq olub, yenə torpağa qarışacayıq. Ömər Xeyyam demişkən, yeddi min il bundan qabaq ölənlə bizim fərqimiz olmayacaq! Sizə indi mənim kimi bir kömək, bir hami lazımdır.
Xumar (ona dərin bir kinlə baxaraq)
Bircə bilsəydiniz, sizin danışığınızda necə alçaq bir ikiüzlülük hiss edirəm. Siz Ayaz Turan kimi oğlanı tutub, nişanlısını özünüzə aşna etmək istəyirsiniz. Rədd olun! Rədd olun!
Mayis
Mən bundan incimirəm. Çünki siz məni öz dediyiniz kimi yalnız bir cəhənnəm adamı kimi görürsünüz.
Xumar
Mən sizə nifrət edirəm. (Sürətlə gedir)
Mayis (onun ardınca)
Biz yenə də görüşəcəyik, Xumar!
İşıq sönür
Onuncu şəkil
Qapının kilidi səslənir, zirzəmiyə vahimə çökür. Ədhəm Nəcəfov qaçıb çarpayının altına girir. Qapı açılır. Mircəfər Bağırov, ardınca Mayis Kazımov və həmin iki cəllad daxil olurlar.
Mircəfər Bağırov (eynəyin altından zirzəmini nəzərdən keçirərək)
Hanı Nəcəfov?
Mayis
Qorxusundan qaçıb girib çarpayının altına!
Mircəfər Bağırov (Mayisə)
Çıxarın onu!
Cəlladlar Nəcəfovu çarpayının altından çəkib çıxarırlar.
Nəcəfov (qorxusundan əsərək)
Mircəfər! Mənə çox əzab verirlər. Dözə bilmirəm.
Mircəfər Bağırov
Nə üçün günahlarını boynuna almırsan?
Nəcəfov
Hansı günahlarımı?
Mircəfər Bağırov
Kollektivləşmənin əleyhinə olmağını, Zinovyevin, Trotskinin fikrini təsdiq etməyini...
Nəcəfov
Mən kollektivləşmənin əleyhinə olmamışam. Məcburi kollektivləşmənin Leninin fikirləri ilə düz gəlmədiyini demişəm.
Mircəfər Bağırov (qışqırır)
Xain! Xalq düşməni! Sən nə cəsarətlə Lenini Stalinə qarşı qoyursan? Nə cəsarətlə Stalinin ideyasını təftiş edirsən? Nə cəsarətlə ictimai yığıncaqlarda Stalinin adını çəkmirsən?!
Nəcəfov (qorxuya düşərək)
Mircəfər, sən necə istəmisənsə, mənə o cür dedirdib yazıblar, altından qol da çəkmişəm.
Mircəfər Bağırov
Hm... demək boynuna almısan. (Mayisə) Bu xain boynuna alıb?
Mayis
Bəli. İmza da eləyib.
Mircəfər Bağırov (istehza ilə)
İndi ki, elədi, daha kişiyə əzab verməyin. Aparın qurtarın.
Nəcəfov
Mircəfər!
Mircəfər Bağırov (qışqırır)
Aparın!
Cəlladlar Nəcəfovu aparırlar. Boğuq bir güllə səsi eşidilir. Sonra cəlladlar gəlirlər.
Mircəfər Bağırov (Anaşkinə yaxınlaşır)
Kak dela, Anaşkin?
Anaşkin
Mən azərbaycanca çox gözəl bilirəm.
Mircəfər Bağırov (istehza ilə)
Hə? Yoxsa, sən özünü internasionalçı kimi göstərmək istəyirsən?
Anaşkin
İndi mənim özümü nə cür göstərməyimin mənası yoxdur. Siz mənə ölüm hökmü kəsib, özümə də işgəncə verə-verə qol çəkdirmisiniz.
Mircəfər Bağırov
Bəs, sən bilmirdin ki, Stalinin əleyhinə çıxan xalq düşmənini qucaqlayıb öpməzlər.
Anaşkin
Mən həqiqəti deyirdim. Mən sizin xalqa elədiyiniz zülmə dözə bilməzdim.
Mircəfər Bağırov
Stalin 1929-cu il dekabr ayının 27-də elədiyi nitqində kulakların bir sinif kimi məhv edilməyə başlandığını elan etdi. 1930-cu ildə “Pravda” qəzeti bizi kulak sinfi ilə ölüm-dirim müharibəsinə çağırırdı. Demək, kulakı bir sinif kimi məhv etmək örtülü qapılar arxasında getmirdi. Hətta, kulaklara cəza vermək üçün onları 3 kateqoriyaya ayırırdılar: Birinci kateqoriyaya daxil olan kulakların özləri güllələnir, ailələri Sibirə sürgün edilirdi. İkinci kateqoriyaya daxil olanların özləri də, ailələri də Sibirin ən uzaq yerlərinə sürgün edilirdi. Üçüncü kateqoriyalar isə, olduqları yerdə bütün səs hüququndan məhrum edilərək cəza çəkirdilər. Nə üçün sən – böyük rus xalqının oğlu, onda səsini çıxarıb etiraz etmirdin?
Anaşkin
Çünki Stalin hakimiyyət başına keçən gündən sənin kimi cəlladların vasitəsilə demokratiyanı məhv edərək, bütün ölkəni dəmir hasar içinə salıb, səsini çıxaranı dara çəkirdi. Bəs, sən niyə, hansı səbəbə Stalinin əlində ölüm aləti olurdun? 20-ci illərdə çekanın sədri olub, günahsız adamları dəstə-dəstə tutub qırırdın?
Mircəfər Bağırov
Mən Stalinin dediklərinə inanmışam. Mən bu əqidədəyəm ki, sosializmi yalnız Stalinin taktikası, Stalinin fikirləri əsasında qurmaq mümkündür.
Anaşkin
Bəs, Leninin dediklərini niyə unudurdun?
Mircəfər Bağırov (qışqırır)
Bugünün Lenini Stalindir.
Anaşkin
Stalin kimi cəllad Lenin ola bilməz!
Mircəfər Bağırov (cəlladlara)
Aparın bunu!
Anaşkini aparırlar.
Afşar Hüseyn
Mircəfər, mən yadındayam.
Mircəfər Bağırov (eynəyinin altından baxaraq)
Afşar Hüseyn?!
Afşar Hüseyn
Bəli.
Mircəfər Bağırov
Sonra?
Afşar Hüseyn
Sonrası budur ki, fikirləşdim yəqin mənim tutulmağımdan sənin xəbərin yoxdur. Enkevedenin adamları gəlib məni tutanda, arvada pıçıldadım ki, Bağırova xəbər ver. O məni yaxşı tanıyır. Görünür, yazıq arvad sənə xəbər çatdıra bilməyib. Yadındadır? Banditizmlə mübarizə aparmağa gəlmişdiniz Qaryaginə. Məni çağırtdırıb dedin ki, “eşitmişəm, sən çox igid adamsan, gərək banditizmlə mübarizədə bizə kömək eləyəsən”. Mən də öz obamızdan on beş igid adam götürüb, o baltagirməz Kirs, Ziyarət meşələrində səninlə birlikdə qaçaqlarla vuruşdum. Tək özüm neçəsini vurdum. Əslinə baxsan, o yazıqlar heç quldur deyildilər. Var-yoxları zorla alınıb, kolxoza qoyulandan sonra tutulmağın qorxusundan qaçıb evlərindən didərgin düşmüşdülər. O vaxtdan bəri də əlimdən bir xata-zad çıxmayıb. Bəs, indi nəyə görə məni tutub bura salıblar?
Mircəfər Bağırov
Ona görə ki, sən təhlükəli adamsan. Sənin kimi adamlara bu dəniz qırağında “SOE” deyirlər, yəni “sosialnı opasnıy element!” Sən varları kolxoza qoyulduğu üçün qaçaq düşmüş adamlara o vaxt güllə atdığın kimi, sabah bir düşmən sözü ilə kolxozu quranlara da güllə ata bilərsən!
Kitabxana.az · https://kitabxana.az/works/ilyas-efendiyev-sevgililerin-cehennemde-vusali
Müəllifin digər əsərləri
Mən ürəyimin dərinliklərində Qaçaq Xanmurad kimi bir qəhrəman olmağı arzulayırdım. Gecələr yerimə girəndən sonra da bu barədə uzun xəyallara dalırdım. Özümü, neçə atlı-tüfəngli adamı təkbaşına qoyun sürüsünün içindən çıxmağa məcbur eləyən Qaçaq Xanmurad kimi bir igid təsəvvür edirdim. Lakin Qaçaq Xanmuradın bu dəfə anama danışdığı bir əhvalat mənim bu şirin xəyallarımı alt-üst elədi. Qaçaq Xanmurad o tayda (yəni Arazın o tayında) bir düşmənindən necə qisas aldığını nağıl edirdi. O, nəşə ilə danışırdı ki, çiskinli, qaranlıq bir gecədə öz dəstəsilə qəfildən həmin düşməninin alaçığını mühasirəyə alaraq, uşaqdan böyüyə hamını necə gülləbaran eləyib qırıblar...Anam həssas qadın idi. Kiçik bir sarsıntı onun bənizini dərhal soldururdu. İndi bu əhvalatı eşidəndə də rəngi ağardı və o, həyəcanla soruşdu:
Yenə şəhərdəBir neçə gündən sonra babam anamgilə xəbər verdi ki, onu «A» qəzasına rəis təyin eləyiblər. Ona görə də köçüb getdik şəhərə, evimizə...Sonra Bayram babam kürkünün üstündən iki patrondaş çəkdi, gödək beşatılanını doldurdu, ağac qoburlu onatılanını belinə bağlayaraq məşhur kəhər atına minib, Qızılbaşoğlu Alının müşayiətilə «A» qəzasına yollandı. Fatma nənəm babamın ardınca su atdı. Babamı yola salmağa atamla anam da gəlmişdilər. Novruz bayramından keçməsinə baxmayaraq, çöllər hələ ki, qar idi. Anam babamın ardınca baxaraq dedi:
Nuru dayımın qayıtmağı...Bir dəfə atam mal gətirmək üçün Bakıya getmişdi. Qayıdanda gördük ki, Nuru dayım onunla gəldi. Sonra atam anama danışırdı ki, neft mədənlərində işləyən qohumlarını görmək üçün Binəqədiyə gedibmiş. Birdən cır-cındır içində olan Nuru dayım çıxır qabağına. Qərəz, məlum olur ki, dayım atasının evindən satdığı şeylərin pulunu kefə sovurandan sonra lüt qalıb, gəlir neft mədəninə, Fatma nənəmgilin kürd qohumlarından olan fəhlələrin yanına. Fəhlələr də onu yedirib-içirdirmişlər.İndi dayım elə şən idi ki, elə bil, Parisdən kefdən gəlmişdi. Laklı uzunboğaz çəkmə, qalife şalvar, qiymətli buxara dərisindən təpəsi gen qabardin papaq, qolları enli üst köynəyi, körpüləri qızıl Qafqaz kəməri, nazik, qumral bığları, onsuz da, gözəl olan dayıma fövqəladə yaraşıq verirdi. O, Tiflisdə, Bakıda, daha nə bilim haralarda çəkdiyi keflərdən anama səhnələr danışırdı. Ən maraqlı söhbətlərdən biri də anamgilin ögey qardaşı, yəni Fatma nənəmin qabaqkı ərindən olan oğlu Cəlilə rast gəlməsi idi. Nuru dayımın danışmağına görə, Cəlil indi Bakının adlı-sanlı mühərrirlərindən, ziyalılarındandır. Fatma nənəm onun bu söhbətinə kənardan diqqətlə qulaq asaraq, Cəlil barədə heç nə soruşmurdu. Mən də buna təəccüb edirdim. Mən başa düşmürdüm ki, Fatma nənəm Nuru dayımı bu qədər istədiyi halda, nə üçün öz dualarında, söhbətlərində bir dəfə də olsun o vaxt atasının üstünə atıb getdiyi oğlu Cəlilin adını dilinə gətirmir?
Anamın bir rəfiqəsi vardı...Atam hər dəfə Bakıya gedib-gələndə Müsavat hökumətinin ideoloqu Məhəmməd Əmin Rəsulzadənin nitqlərindən danışardı. Küçələrdə uşaqlar Azərbaycan haqqında, vətən haqqında nəğmələr oxuyardılar, anamla rəfiqələri eyzən zabitlərdən söhbət edərdilər. Bizim şəhərimizdə müsavat zabitləri ilə bərabər, türk zabitləri də var idi. Bunlar Azərbaycana gələn türk hərbi hissəsinin zabitləri idi. Onlardan Hatəm bəy və Tofiq bəy adlı iki nəfəri bizim qonşuluğumuzdakı ikimərtəbəli binada yerləşmişdilər, yazın gur vaxtı olduğu üçün axşamçağılar bağçadakı qızılgüllükdə stul qoydurub, orada əyləşərdilər. Bəzən çay, bəzən şərab içərək bərkdən danışıb gülərdilər. Anam və rəfiqələri bizim bağımızda gəzib söhbət edərdilər.Anamın Məhbub xanım adlı çatmaqaş, qaraşirin, uzun qarasaç, incəbel bir rəfiqəsi var idi. O, bizə gələn bütün cavan qadınlardan gözəl və zinətli geyinərdi. Mən həmişə ona baxanda nağıllarda eşitdiyim şahzadə gözəllər yadıma düşərdi. Şən, deyib-gülən bir gəlin idi. Onun da tumanı anamınkı kimi uzun idi. Tumanının ayağına əşrəfi deyilən qızıl, qanavuz arxalığının yaxasına isə qızıl düymə düzülmüşdü. Belində enli, qızıl kəmər vardı. Atası Məşədi Həbib şəhərimizdəki böyük hamamın və motorla işləyən un dəyirmanının sahibi idi. Anam bizi hamama aparanda qabaqcadan xüsusi nömrə hazırlanardı. Biz çimib çıxandan sonra gəlib Məhbub xanımgildə çay içərdik (onların evləri hamamın böyründə idi). Məhbub xanımın anası Xurşid xanım iricüssəli, kök, yaraşıqlı bir qadın idi, həmişə Novruz bayramında üç-dörd vedrə sututan iri mis qazan dolusu səməni bişirib, bütün qonşulara paylayardı. Qışda da iki-üç dəfə hədik, ya da əriştə bişirib yenə də qonşulara paylayardı. Anam atama deyirdi ki, «Xurşid xala bundan həzz alır». Məhbub xanımı Aşqabadda yaşayan əmisi oğlu Talıba vermişdilər, ancaq anamın söhbətlərindən bilirdim ki, oğlan qıza qarşı soyuq imiş, ona görə də tezliklə ayrılmışdılar.