Səhifə 1 / 8

Müasir ruhda və çox zəngin bir qonaq otağı.

Fəridə oturub gündəlik yazır.

Fəridənin daxili səsi

Artıq neçə vaxtdır ki, mən gəlinəm. Sevincim yerə-göyə sığmır. Xoşbəxtlik necə gözəlmiş! Əvvəllər mən həqiqi səadətin nə demək olduğunu bilmirəmmiş. (Anjel gəlir)

Fəridə

Anjel! (Qucaqlaşırlar) Nə yaxşı gəldin, Anjel!

Anjel

Ərə getmək sənə düşüb. O qədər qəşəngləşmisən ki...

Fəridə

Ədalət də elə deyir.

Anjel divardakı xalının qarşısında ayaq saxlayaraq tamaşa edir.

Anjel

Mən eyni ilə buna bənzər bir xalını da Parisdə, bir diplomatın evində görmüşəm.

Fəridə

Bunu toyumuzda Ədalətin işçilərindən biri bizə bağışlayıb.

Anjel

Görünür, yaxşı dostdur. Bu xalının, azı, dörd min qiyməti var.

Fəridə (təəccüblə)

Təzə pulla?

Anjel (gülümsəyir)

Əlbəttə, nə üçün təəccüb eləyirsən?

Fəridə

Bu qədər də qiymətli hədiyyə olar?

Anjel (eyni təbəssümlə)

İndi ki, olub.

Fəridə

Görünür, çox varlı adamdır. (Barmağındakı üzüyü göstərir) Bunu da Ədalətin Kamil adlı başqa bir dostu gətirib. Ədalət deyir ki, xalis brilyantdır.

Anjel (üzüyü nəzərdən keçirərək)

Kamili tanıyıram, dələduzun, lotunun biridir. (Fəridə inciyir) Nə üçün inciyirsən?

Fəridə

Çünki Ədalətin elə dostu olmaz!

Anjel (eyni təbəssümlə)

Bəlkə o, mənim tanıdığım Kamil deyil.

Fəridə

Əlbəttə, o deyil. (Kefi kökəlir) Gözəl üzükdür, eləmi?

Anjel (eyni təbəssümlə)

Gözəldir. Bunun bir tayı Moskvada yeddi minə idi.

Fəridə

Təzə pulla?

Anjel

Bəli, təzə pulla...

Qısa pauza. Fəridə hələ də heyrətlə ona baxır.

Fəridə (öz-özü ilə danışırmış kimi)

Anjel, anam qırx-əlli manatlıq toy hədiyyəsi alanda elə bilirdim ki, bizdən bahalı hədiyyə aparan yoxdur... Görünür, onlar çox böyük maaş alırlar.

Anjel

Güman etmirəm, hər halda, sənin anandan çox almırlar.

Fəridə

Nə danışırsan? (Qısa pauza) Mənim anam iyirmi ildir işləyir, amma indiyə qədər artırıb mənə bir pianino ala bilmədi. Ona görə də, həmişə vicdan əzabı çəkirdi.

Anjel (bərkdən gülərək)

Eybi yoxdur... İndi kiçik, zərif bir pianino sənin buduarında... gözəl bir royal da qonaq otağında... nə qədər istəyirsən çal, keçən günlərin heyfini çıx.

Fəridə (bir anlaşılmazlıq içində)

Bəs nə üçün gülürsən?

Anjel

Heç, elə-belə. Sən ki, mənim hərdən axmaq hərəkətlər elədiyimi bilirsən.

Fəridə (bir şeydən qorxurmuş kimi, onun əlindən tutaraq, ani bir həyəcanla)

Mən xoşbəxtəm, Anjel, elə deyil?

Anjel (tutqun və ciddi bir ifadə ilə)

Madam ki, sən özünü xoşbəxt hiss edirsən, demək, elədir.

Fəridə (təəccüblə)

Məgər, sən özün də mənim nə qədər xoşbəxt olduğumu hiss eləmirsən?

Anjel (zarafatyana)

Biz insanlarda telepatiya hələ o qədər güclü inkişaf etməmişdir. Delfinlər bir-birini bizdən tez başa düşürlər.

Fəridə (dərindən nəfəs alaraq)

Eh, Anjel, sən əvvəllər belə deyildin.

Anjel

İndi nə cürəm ki?

Fəridə

Görünür, ilk məhəbbətin uğursuzluğu səndə hər şeyə qarşı bir soyuqluq, bir inamsızlıq yaratmışdır.

Anjel

Elə isə, qoy Allah səni elə bir uğursuzluqdan saxlasın. Qaldı ki, mən... Mən bütün əzabların, təhqirlərin, iztirabların kökü olan məhəbbətə nifrət edirəm!

Fəridə (onu qucaqlayaraq)

Anjel! Doğrudanmı, sənin üçün bir müqəddəs hiss qalmamışdır?

Anjel

Tüpürüm müqəddəs adlanan bütün hisslərə!..

Fəridə

Bəsdir, Anjel!

Anjel

Elə bilmə ki, mən istədiyim adama aldandığım üçün bu fikrə gəlmişəm. Yox! Əgər, mənə biri xəyanət etmişdirsə, mən beşinə xəyanət etmişəm... Əgər, məni biri aldatmışdırsa, mən üçünü aldatmışam.

Fəridə (geri çəkilərək, vahimə içində)

Sən məni özündən ürküdürsən, Anjel...

Anjel (bərkdən gülərək)

Yazıq Fəridə... Sən məndən ürksən, gərək yaşamayasan!

Fəridə

Nə üçün?

Anjel

Çünki mən əsl həyatın özüyəm!

Fəridə (qışqırır)

Yalandır, dediklərin əsl həyata böhtandır!..

Anjel

Əgər, mən sübut eləsəm?

Fəridə

Nə ilə?

Anjel

Faktlarla! Görüb-tanıdığın canlı insanlarla...

Fəridə (qorxmuş halda)

Mənim görüb-tanıdığım insanlarla?

Anjel

Bəli!

Fəridə (qorxmuş halda)

Sən nə dəhşətli olmusan, Anjel!

Anjel (bərkdən gülərək onun əlindən tutur)

Zarafat eləyirəm. Qoy sənin xəyalında yaratdığın səadət sarayı uçub dağılmasın.

Fəridə

Nə üçün “xəyalımda yaratdığım?” Məgər...

Anjel

Axı, sən həyata yenicə qədəm qoyursan. (Zarafatyana) Mənim kimi yüz yırtıq-deşiyə girib-çıxmamısan. (Öz-özü ilə danışırmış kimi) Hər şey axır... Hər şey dəyişir... Bəlkə bu, doğrudan da, belədir? Bəlkə mən səhv edirəm?

Fəridə (sevinclə)

Mən əminəm ki, sən səhv edirsən.

Anjel (sözü dəyişir)

Sənin dostların heç bura gəlməyəcəklər?

Fəridə

Hansı dostlarım?

Anjel

Qənimət, Savalan.

Fəridə

Qənimət gəlməz. İşləyir.

Anjel

Bəs rəssam?

Fəridə

O gərək gəlsin. Mənim şəklimi çəkməyə söz verib.

Anjel

Ondan xoşum gəlir.

Fəridə

Yaxşı oğlandır.

Anjel

Nə barədə?

Fəridə

Ağıllıdır... Təmiz oğlandır.

Anjel

Eh... Mənə onun nə ağlı lazımdır, nə də məktəb uşağı kimi təmizliyi. Denən gözəl oğlandır, öküz kimi sağlamdır...

Fəridə

Mən ölüm, boşla belə zarafatları, Anjel... Sonra, doğrudan da, aramız dəyər.

Anjel

Aramız dəyər, ərini əlindən alaram!

Fəridə (gülümsəyir)

Ay aldın ha!

Anjel

Nə üçün sən ala bilərsən, mən yox?

Fəridə

Mən kimin ərini əlindən almışam?

Anjel

Mənim!

Fəridə (bilmir gülümsəsin, ya təəccüb eləsin)

Anjel...

Anjel (bərkdən gülə-gülə onu qucaqlayır)

Dedim ki, mənə fikir vermə... Olub-qalan ağlımı da Fransada qoyub gəlmişəm...

Fəridə (zarafatla)

Yalan demə. Sən tülküdən çox bilirsən.

Qapı zəngi. Fəridə yüyürüb açır. Savalan gəlir. Onun əlində şəkil çəkməyə aid şeylər vardır.

Savalan

Xanımlara salam!

Anjel

Adını tut, qulağını bur.

Savalan

Kimin qulağını burursunuz?

Anjel

Sizin qulağınız çox qəşəng olduğu üçün əlim gicişir.

Fəridə (gülür)

Anjel indi sənin haqqında danışırdı.

Savalan

Mən buna çox şadam. Ancaq Anjel xanım mənim haqqımda nə danışa bilər? Biz cəmi bir dəfə görüşmüşük.

Anjel

Bir dəfə də kifayətdir. Kosmos sürəti!..

Fəridə

Anjel xanım dedi ki, sən onun xoşuna gəlirsən.

Savalan

Bu ki, xoşbəxtlikdir.

Anjel

Kimin üçün?

Savalan

Kim ki, sizi istəsə... (O biri otaqda telefon zəngi. Fəridə yüyürür)

Anjel

Siz məni istərdiniz?

Savalan

Yox.

Anjel

Bəlkə... İstədiniz?

Savalan

Ağlım kəsmir...

Anjel

Mən gözəl deyiləm?

Savalan

Yox!

Anjel

Zarafat edirsiniz?

Savalan

Yox.

Anjel (qətiyyən inciməyərək, maraqla)

Parisdə gözəl bir qız rolunda çəkilmək üçün mənə yüz minlər təklif edirdilər.

Savalan

İnanmıram, şəkildə gözəl görünə bilərsiniz.

Anjel

Amma əslində gözəl deyiləm?

Savalan

Dedim ki, yox.

Anjel

Bəs, siz gözəl kimə deyərdiniz?

Savalan (eyni komik şənlik və ilhamla)

Mən gözəl ona deyərdim ki, Savalan dağının harda olduğunu dərhal bilsin. Onun adını tutanda üzü günəş kimi parlasın!

Anjel

Deyəsən, sizin bir vintiniz çatmır...

Savalan

Xeyr... Sizi inandırıram ki, mənim bütün vintlərim yerindədir!

Anjel

Bəs, onda, Savalan dağını tanıyıb-tanımamağın gözəlliyə nə dəxli var?

Savalan (eyni şairanə komik pafosla)

Ox... heç bilirsiniz necə dəxli var... Qoca rus qadını “Matuşka Volqa” deyəndə üzündə hərarətli sevinc cilvələnən kimi, Savalan deyəndə də, elə bilirdim mənim qoca nənəm Kamırxan qarının bükülmüş beli düzəlir, qırışmış alnında bir şəfəq yanır...

Anjel

“Matuşka Volqa” Rusiyadan axır.

Savalan

Bunun dəxli yoxdur.

Anjel

Deməli, əgər, mən Savalanı tanısaydım, gözəl olardım?

Savalan

Yox! Savalanı məsləksiz, vicdansız bir avantürist də tanıya bilər. Yalnız tanımaq azdır. Onu sevmək, onun əzəməti ilə fərəhlənmək, Promotey kimi zəncirə vurulmuş dağın bir gün azad olacağı ümidi ilə yaşamaq, yaratmaq!.. Məncə, hər bir azərbaycanlı üçün bundan yüksək hiss yoxdur! Kim bu hisslə yaşayırsa, o, mənim üçün əzizdir, gözəldir.

Anjel

Sənin Savalana bağlılığın, mərhum Don Kixotun Dulsineyaya olan eşqinə bənzəyir. Ancaq Don Kixotun, heç olmazsa, arıq bir yabısı ilə paslı bir qılıncı var idi.

Savalan

Eybi yoxdur... Təki arzular ölməsin!

Fəridə gəlir.

Fəridə (Nazlanaraq)

Bağışlayın. Ədalət zəng vuranda buraxmaq istəmir ki... (Anjelə) Mənim bir neçə yaxşı parçam var. Deyir, Moskvadan dərzi gətirdək...

Savalan (heyrətlə)

Moskvadan dərzi gətirdəsiniz?

Fəridə

Hə, razı olmadım, dedim ki, yox, lazım deyil.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Qəribcan

Mən Səriyyənin gətirdiyi tor köynəklərdən birini geyərkən özümdə qeyri-adi bir fərəh hiss elədim. Səriyyə bizim iş yoldaşımızdır. Bizim briqadanın üzvüdür. O, ayağımı kəsilməyə qoymayaraq, məni götürüb Bakıya qaçdığı kimi, burada mənə lazım olan şeyləri də alıb gətirə bilərdi. Burada təəccüblü heç nə yox idi. Bununla bərabər, tor köynəyi geyərkən mən özümdə qeyri-adi bir fərəh hiss elədim. Elə bil ki, mənə fövqəladə səadət üz vermişdi. Elə bil ki, mən daha xoşbəxt bir dünyaya qədəm qoymuşdum. Tor köynəyin təması məndə tamam yeni bir duyğunun yaranmasına səbəb olurdu.Mən xəstə yoldaşlarımla gülür, zarafat edir, tez-tez yaralı ayağıma toxunaraq, ağrıyıb-ağrımamasını bilmək istəyirdim.

15 dəq
Sən həmişə mənimləsən, yaxud "Boy çiçəyi"

İştirak edirlərHəsənzadə – zavod direktoru*

19631 saat 25 dəq
Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı

Üçüncü yay gecəsi idi ki, şəhərin sakitliyi içində Xan qızı Gülsənubər tarda çalınan o muğamı eşidirdi. Və üçüncü yay gecəsi idi ki, Xan qızı Gülsənubərin yuxusu göyə çəkilmişdi. O tarçalan oğlanın gözlərindəki qəribə ifadə ilə çaldığı muğamın söylədiyi hekayət arasında ayrılmaz bir bənzərlik var idi. O hekayətin nədən ibarət olduğunu qız dərk eləyə bilmirdi. Lakin hiss edirdi ki, bu, nə isə, uzaqlarda və uzaq zamanlarda olub getmiş bir hekayət idi. Bəs, onda nə üçün o əhvalatı indi tarında hekayə edərkən oğlanın baxışları bu qədər pərişan, bu qədər əlacsız olurdu? Qız onu da hiss edirdi ki, muğamın danışdığı o əhvalatda nəhayətsiz bir kədər, bəlkə də, dünyada heç kəsin duya bilmədiyi bir nisgil var. Və indi bu cavan tarzən o pərişan, o nisgilli əhvalatı çaldığı muğamın gücü ilə hamıya nəql etmək istəyirdi. O qəmli əhvalatın sirri, yəqin ki, bu oğlana aydın idi. Yoxsa böyük Allahın onun gözlərinə bəxş etdiyi işıq muğamı çalmağa başladığı zaman birdən-birə bu qədər gözəl, bu qədər cazibədar, bu qədər dərin görünə bilməzdi.Güllərin, çiçəklərin ətriylə dolu bu aylı gecənin nəhayətsizliyi harada, hansı yalçın qayalıqda isə qurtarırdı. Lakin cavan tarzənin gözlərindəki o işıqlı, anlaşılmaz dünya, muğamı çaldıqca, həm dərinləşir, həm də əsrarəngiz və qavranılmaz olurdu... Və qız, bütün bu düşündüklərinin, hiss etdiklərinin boş bir xəyal olduğuna özünü nə qədər inandırmaq istəyirdisə, ürəyini o aləmdən qoparıb, o cavan tarzəni özündən uzaqlaşdıra bilmirdi...

28 dəq
Atayevlər ailəsi

İştirak edirlərXosrov Atayev*

19541 dəq

Başqa şairlərin şeirləri