Birinci pərdə
Səhifə 1 / 4
Gövhərin evi. Sadə, təmiz bir otaq. Fərəh və sevinc ifadə eləyən bir musiqi. Fəridə bu musiqinin ahənginə uyğun bir xoşbəxtlik içində gəlib zəng eləyir. İşıq, eyni zamanda, telefon xəttinin o biri ucunda, stol arxasında oturmuş Ədalətin üzərinə düşür.
Ədalət (dəstəyi götürərək)
Eşidirəm.
Fəridə (zarafatyana, səsini dəyişir)
Bağışlayın, yoldaş rəisi olar?
Ədalət (səsi tanıyır, lakin zarafatla)
Kimdir soruşan?
Fəridə
Bir qəşəng qız!
Ədalət
Qəşəng qızın rəislə nə işi var?
Fəridə
İşi olmasaydı, zəng eləməzdi.
Ədalət
Buyurun, Fəridə xanım!.. Rəis sizi dinləyir.
Fəridə (qəhqəhə ilə gülərək)
Yaman şeysən, nə qədər səsimi dəyişdim, yenə də tanıdın.
Ədalət (gülümsəyərək)
Görürsən ki... Nə əcəb zəng eləmisən?
Fəridə
Çox sağ ol! Eləməyim?
Ədalət
Bayaq eləmişdin, ona görə deyirəm.
Fəridə
Nə olsun, bayaq eləmişdim, indi də eləyirəm. (Nazlanaraq) Sənsiz darıxıram.
Ədalət
Tənəffüsdə gələcəyəm.
Fəridə
Doğrudan?
Ədalət
Doğrudan.
Fəridə
Urra! İşin çoxdur?
Ədalət
Çoxdur.
Fəridə
Gəlim kömək eləyim?
Ədalət (eyni zarafatla)
Gəl.
Fəridə
Bax, gələrəm ha...
Ədalət
Gözləyirəm.
Fəridə (bərkdən gülür, sonra nə üçünsə pıçıltı ilə)
Öpürəm səni.
Ədalət
Mən də...
Fəridə
Çox-çox?
Ədalət
Çox-çox.
Fəridə
İşlə! (Dəstəyi asır)
Ədalətin üzərinə düşən işıq sönür. Fəridə gündəliyini çıxarıb eyni həyəcanla yazmağa başlayır və yazdıqca biz onun daxili səsini eşidirik.
Fəridənin daxili səsi
Mən xoşbəxtəm... Bir ay bundan əvvəl politexniki bitirdim. İndisə istədiyim oğlana ərə gedirəm. Sabah yox, birisi gün bizim toyumuzdur. Nişanlım gözəldir, yüksək vəzifə sahibidir. Nəcib oğlandır. Ah... mən bu xoşbəxtliyi gözləyirdim. Mən anamın yarımçıq qalmış səadətini tamamlamaq istəyirdim... O, ömrünün iyirmi cavan, əziz ilini mənə həsr edib... Mən sənə rast gəldiyim üçün öz taleyimə təşəkkür edirəm, Ədalət! Sən mənim himayədarım, dostum, yoldaşım, sevgilim olacaqsan! Biz səninlə gələcək illəri ürəklə, cəsarətlə qarşılayacağıq.
Gövhər gəlir.
Fəridə
Ana, deyəsən, yaman yorulmusan?
Gövhər
Yaman. Bu gün düz on beş evə getmişəm.
Fəridə
Sənin də sahən o qədər böyükdür ki...
Gövhər
Böyüklüyünün eybi yoxdur... Təki xəstəlik olmasın. (Kağıza bükülü parçanı çıxarıb Fəridəyə verir) Sənin üçün neylon pərdəlik almışam.
Fəridə
Neçə pəncərə üçündür?
Gövhər
Səkkiz.
Fəridə
Dayan görüm çatır? (Gözlərini yumaraq xəyalən sayır) İki... üç... beş... altı... iki də kabinet. Hamısına çatır. Sən heç Ədalətin evinə getməmisən, pəncərələrin sayını hardan bilirsən?
Gövhər
Küçədən saymışam.
Fəridə (parçaya baxır)
Oy, nə gözəl rəngi var.
Gövhər
“Hədiyyələr salonu”nda qəşəng bir süfrə vardı, beş manatım çatmadı...
Fəridə
Eybi yoxdur, ana. Ədalətin hər şeyi var.
[Mənbənin skanında burada mətn itib.]
Fəridə (qızğınlıqla)
Ancaq... ana, inan ki, Ədaləti tələbə vaxtında necə görmüsənsə, indi də elədir. Hələ, bəlkə də, daha yaxşıdır. (Şirin xəyala dalaraq) Eh, bilirsən necə təmiz oğlandır?.. Srağagün axşam gəzməyə gedəndə, qucağında uşağı olan cavan bir qaraçı arvadı bizə yaxınlaşıb sədəqə istədi. Ədalət çıxarıb ona bir onluq verdi. Eh, hələ bu nədir ki, sən onu yaxından tanısan, valeh olarsan. (Qısa pauza) Nə üçün dinmirsən, ana?
Gövhər
Mən sənə inanıram, Fəridə, başqa nə deyə bilərəm ki...
Fəridə (eyni həyəcanla)
Mən istəyirəm ki, onun necə insan olduğunu sən də mənim kimi hiss eləyəsən.
Gövhər (dərindən nəfəs alaraq)
Mən arxayınam ki, ürəyin səni aldatmır.
Fəridə
Oh, nə danışırsan, ana! Onun səndən yaman xoşu gəlir. Deyir, Gövhər xanım alicənab qadındır.
Gövhər
Təşəkkürlər.
Fəridə (eyni həyəcanla)
Deyir, biz evlənəndən sonra gərək Gövhər xanımı qoymayaq işləsin.
Gövhər (təəccüblə)
Nə üçün?
Fəridə
Çünki, deyir, sahə həkimi olmaq ağır peşədir. İndiyə qədər işlədiyi bəsdir. Qoy bundan sonra da istirahət eləsin.
Gövhər (maraqla)
Bəs, sən nə cavab verdin?
Fəridə
Onun fikrini təsdiq elədim. Doğrudan da, nə qədər işləyəcəksən? Küçələrdə nə qədər ayaq döyəcəksən? Bəzən o qədər yorulursan ki, gecə ayaqlarının ağrısından yata bilmirsən.
Gövhər
Düzdür, ancaq, ayaqlarım ağrıyanda da, mən özümdə bir xoşhallıq hiss edirəm. Vicdan rahatlığı hər şeydən gözəldir, qızım! Mənim müalicə eləyib sağaltdığım körpələr indi institutlarda oxuyurlar. Məktəblərdə dərs deyirlər. Dağlarda mühəndislik edirlər. Elə ailələr vardır ki, mən iyirmi ildir gedib-gəlirəm... (Gülümsəyir) Bir zaman özlərini müalicə elədiyim körpələrin indi uşaqlarına baxıram. Bütün bunlardan ayrılmaq... Həmişəlik ayrılmaq...
Fəridə
Sənin cəmi qırx yaşın var. Özün də, maşallah, elə qalmısan, otuzdan artıq vermək olmaz.
Gövhər (gülümsəyir)
Nə demək istəyirsən?
Fəridə
Onu demək istəyirəm ki... Sən indi də ərə gedə bilərsən.
Gövhər (ciddi)
Ərə getmək istəsəydim, indiyəcən gedərdim. Nə mane olurdu?
Fəridə
Mane olan şeylər var idi...
Gövhər
Məsələn?
Fəridə
Atamın xatirəsi... Məni istədiyin kimi böyütmək arzusu.
Gövhər (dərindən nəfəs alaraq)
Atanın xatirəsi mənim üçün çox əzizdir. Lakin öz istəkli ərindən sonra ərə getməyə hər bir qadının haqqı vardır. Hətta, mən deyərdim ki, bu, onun insanlıq borcudur. Əgər, mən sənin atandan sonra bir başqasını onun qədər istəsəydim, tərəddüd etmədən ərə gedərdim. Bu, səni bu cür böyüdüb boya-başa çatdırmağıma mane ola bilməzdi!
Fəridə
Mən buna əminəm!
Gövhər
Mən sənin atandan sonra heç kəsi istəyə bilmədim. Nə üçün? Bilmirəm. (Qısa pauza) Madam ki, istəyə bilmədim, demək, ərə də gedə bilməzdim. Çünki, mənim fikrimcə, istəksiz-məhəbbətsiz həyat gec-tez aparıb ikiüzlülüyə, saxtakarlığa, yalana çıxaracaqdır ki, dünyada bundan pis iş yoxdur. (Kəskin) Bu, cəhənnəmdir!
Fəridə
Başa düşmürəm, ana.
Gövhər
Ailədə “sən özün üçün, mən də özüm üçün” prinsipi dözülməz bir haldır. (Həyəcanla) O evdə ki, səmimiyyət yoxdur, orada həyat da yoxdur. Orada ata-ananın öz balalarına münasibəti də saxtadır. Heç bilirsənmi bu nə deməkdir?
Fəridə
Hiss edirəm.
Gövhər (qızğınlıqla)
İnsanda qətiyyət olmalıdır. Heç kəs bizi sürünməyə məcbur etmir. (Telefon zəngi. Fəridə dəstəyi götürür)
Fəridə
Eşidirəm. Bu saat. (Dəstəyi anasına uzadaraq) Səni istəyirlər!
Gövhər (telefonla)
Bəli... Mən yazdığım dərmanları vermisiniz? Axşamçağı, saat 6-da gələrəm. İndi? (Qısa pauza) Yaxşı... (Dəstəyi yerinə qoyur) Mən getdim.
Fəridə
Heç olmasa, bir az dincələydin. İşdən indi çıxmısan.
Gövhər
Anadır. Ürəyi dözmür. Xahiş edir ki, indi gəlim.
Fəridə
Naharımız hazırdır.
Gövhər
Yarım saata gəlirəm. (Çıxır)
Fəridə bir neçə saniyə onun ardınca baxır. Sonra birdən sevinc, fərəh qarışıq bir həyəcanla oturub yazır.
Fəridənin daxili səsi
Anam haqlıdır. Lakin bizim gələcək ailəmizdə hər şey gözəl olacaq. Hər şey aydın və səmimi olacaq. Çünki biz son nəfəsimizə qədər bir-birimizi sevəcəyik. Bir-birimizə sadiq olacağıq. Anam haqlıdır. Sədaqət, səmimiyyət olmayan yerdə həyat da yoxdur. Məgər, dünyanın bütün ağıllı adamları bu nəticəyə gəlməyiblərmi?
Birdən lap yaxınlıqda mahnı eşidilir.
Qənimət və Savalan (oxuyurlar)
Pəncərədən daş gəlir,
Ay bəri bax, bəri bax.
Xumar gözdən yaş gəlir,
Ay bəri bax, bəri bax.
Səni mənə versələr,
Ay bəri bax, bəri bax.
Hər görənə xoş gələr,
Ay bəri bax, bəri bax.
Fəridə qalxıb pəncərəni açır. Qənimətlə Savalan bayırda görünürlər.
Fəridə (zarafatla)
Buyuracaqlar içəri.
Qənimət
Kim var?
Fəridə
Birinci dəfədir gəlirsiniz?
Savalan
Demək istəyirik ki, təzə nişanlın sizdədir, ya yox?
Fəridə
Çox sağ olun. Məgər, mənim köhnə nişanlım da var idi?
Qənimət
Əlbəttə!
Fəridə (eyni zarafatla)
Kim idi o xoşbəxt qəhrəman?
Qənimət əlini döşünə qoyur. Fəridə qəhqəhə ilə gülür. Qənimətlə Savalan gəlirlər. İkisi də təxminən Fəridə ilə yaşıddır. İkisi də yaraşıqlı və üzügülər oğlandır. İkisi də son dəblə geyinmişdir. Hərəsinin qoltuğunda bir şey var.
Savalan
Nə cür oxuyuruq?
Fəridə
İndi sizin mahnınızı eşidəndə ürəyim birtəhər oldu.
Qənimət
Nə cür, yəni, birtəhər?
Fəridə
Elə bil, tələbəlik həyatımızdan yüz il imiş ki, ayrı düşmüşəm.
Savalan
Yəni, daxil olduğun təzə aləm səni bizdən bu qədər uzaqlaşdırıb?
Qənimət (dərdli-dərdli)
Dünyanın işi belədir, dostum Savalan.
Savalan (eyni zarafatla)
Qəm çəkmə, dostum Qənimət.
Kitabxana.az · https://kitabxana.az/works/ilyas-efendiyev-mehv-olmus-gundelikler-birinci-perde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Həmişə nənəm, ya anam məni müdafiə eləyəndə ürəyim kövrəlirdi. İndi də Fatma nənəm belə deyəndə gözlərim doldu və mən bağa qaçdım. Gördüm ki, İmaş su arxının qabağında oturub üst köynəyini yamayır, əldə toxunan kobud yun şaldan tikilmiş sərdarisini isə alt köynəyinin üstündən atıb çiyninə. Həmişə olduğu kimi, indi də məni görəndə gülümsədi. Onun arvad kimi köynək yamaması mənə qəribə göründü, mən ondan soruşdum:– Niyə köynəyini özün yamayırsan?
Nuru dayımın gəlişi və anamın xalası oğlu Əhmədin üç arvadı öldürməyiSəhəri gün Nuru dayım Çarvadar Həbibin üçatlı faytonunda gəldi. Çarvadar Həbib dayımın çamadanlarını faytonun dalından götürüb yerə qoydu. İmaş yüyürüb dayıma «xoş gəldin, ağa» deyərək çamadanları qaldırıb apardı evə. Çarvadar Həbib Fatma nənəmə:– Xoş gördük, xanım! – deyib mənə baxaraq gülümsədi (güləndə onun uzunburunlu, bir az da pərtdəgözlü üzü çox gülməli görünürdü, elə bil ki, bu saat, nə isə komik bir hərəkət eləyəcəkdi).
Əfəndi baba və beşaçılan tüfəngBiz evə gələndə Zinyət xəbər verdi ki, Abdulla Əfəndi nökərilə gəlib, atlarını tövlədə qoyub, ağa ilə (yəni mənim atamla) çıxıblar şəhərə. Atamın əmisi Abdulla Əfəndi İstanbulda təhsil almışdı. Qar kimi ağ, uzunsaqqallı, nurlu bir kişi idi. Qarabağın cənub tərəfindəki sünnilərin çox hörmətli ruhanisi idi. Artırmada qırmızı güllü bir xurcun, yanında da divara söykənmiş gödək bir beşaçılan tüfəng vardı. Mən bilirdim ki, xurcun Əfəndi babanındır. Zinyətdən soruşdum:– Bəs bu tüfəng kimindir? Əfəndi babanın nökərinindir?
Doktor İvan Sergeyeviç QuliyevƏn çox xətrini istədiyim adamlardan biri də doktor İvan Sergeyeviç Quliyev idi. Ona görə ki, anamı həmişə o, müalicə edirdi. Özünün də, deyirdilər ki, ayağı sayalıdır. Doğrudan da, o, müalicəyə başlayan kimi anam sağalırdı. Ortaboylu, çənəsində balaca saqqalı olan, həmişə yaxşı geyinən, xoşsifət bir kişi idi, hələ mən bu dünyaya gəlməmiş Bayram babamın dostu imiş. Anamı, Nuru dayımı lap uşaqlıqdan o, müalicə edərmiş. Ona görə də anam, hətta Fatma nənəm də ona ev adamı kimi baxırdılar. O, Qarabulaqda çoxdan yaşadığı üçün azərbaycanca təmiz bilirdi. Həmişə bizə gələndə, mənə də, bacıma da, ya balaca oyuncaq, ya konfet gətirərdi. Bizim bayramımızda anam da həmişə öz bişirdiyi şirin şeylərdən doktora göndərərdi. Kürdobadan, ya babam naçalnik olduğu yerdən bizə ceyran, kəklik, turac gələndə, anam mütləq doktor üçün də pay göndərərdi...Anam bərk xəstə olanda doktor Quliyev gəlib mənimlə, bacımla zarafatlaşa-zarafatlaşa anamı müayinə eləyib deyərdi: