Birinci pərdə
Səhifə 2 / 4 · 25%
Qənimət (eyni zarafatla)
Elə isə, hədiyyəni aç.
Fəridə
Nə hədiyyə?
Savalan
Bəs birigün toyunuz deyil?
Qənimət
Biz orda iştirak eləyə bilməyəcəyik, ona görə, səni bu gün təbrik etmək istədik.
Fəridə
Nə üçün iştirak etmirsiniz?
Savalan
Atalar deyib, çağırılan yerə ar eləmə, çağırılmayan yeri dar eləmə.
Fəridə
Mən özüm sizi dəvət edirəm!
Qənimət
Təşəkkür.
Savalan
Gecdir. Nişanlın bizi tanımır. Özü də böyük vəzifədə.
Fəridə
Nə olsun...
Qənimət
Dostum Savalan, hədiyyəni aç! (Savalan açır) Bu, Savalan dağının şəklidir. Dostum Savalan bunun üstündə düz altı ay işləyib.
Fəridə (həqiqətən heyran olaraq)
Ah, nə gözəldir.
Qənimət
Məğrurdur, əzəmətlidir.
Fəridə
Nə qədər dərin hisslə çəkilmişdir.
Qənimət
Çünki rəssam ürəyini o dağlarda qoyub gəlib.
Fəridə (mütəəssir bir mehribanlıqla Savalana)
Təşəkkür edirəm. Mən bunu öz otağımdan asıb, hər gün tamaşa eləyəcəyəm.
Savalan (qızın sözündən mütəəssir olur)
Bunu düşünmək bizim üçün böyük təsəllidir.
Qənimət (kağıza bükülü bir şey çıxarıb verir)
Bu da Qənimətin hədiyyəsidir.
Fəridə
Oy!.. Nə qəşəng köynəkdir!
Qənimət
Təmiz dəvə yunundandır. Bacım toxuyub...
Fəridə
Nə zəhmət çəkirdi?..
Qənimət
Yaxşı, yaxşı. Özün həmişə dəvə yunundan köynək arzulayırdın.
Fəridə
Bacına yazarsan ki, Fəridə deyir, çox sağ olsun! Bəs bu?
Qənimət
Bu da, bir-birimizə rast gəldiyimiz vaxtdan ta bu günə qədər mənim yazdığım gündəliklərdir.
Fəridə
Bunu mənə nə üçün verirsən? Gerisini yazmayacaqsan!
Qənimət
Yox!
Fəridə
Nə üçün?
Qənimət
Çünki bu səhər o günlərə nöqtə qoyuldu. Ancaq səndən bir xahişim var: bu zərfi ilk uşağın olandan sonra açarsan?
Fəridə
Niyə?
Qənimət
Mən belə istəyirəm. Söz verirsən?
Fəridə
Söz verirəm... Ancaq bu nə deməkdir?
Qənimət
Bu o deməkdir ki, mənim ürəyimi də sən özünlə aparırsan.
Fəridə (gözləri yaşarır)
Mən ölüm, belə zarafatları burax, Qənimət.
Savalan (Qənimətə)
Sən də! Niyə qızın ürəyini kövrəltdin?
Qənimət (eyni zarafatla)
Eybi yoxdur. Bu göz yaşları sonra mirvari olub Fəridənin gəlinlik tacına düzüləcək!..
Fəridə
Qənimət! Sən gələcəkdə öz vəziyyətini düzəldib evlənmək istəyəndə heç bir qız sənə “yox” deməyəcək. Qızlar səni mənsiz görəndə arı kimi üstünə elə töküləcəklər ki, heç bilməyəcəksən Fəridə harada qaldı.
Qənimət (zarafatyana pafosla)
Biz əsəblərimizi dəmir kimi möhkəmləndirmək üçün şüşə qırıntıları üzərində ayaqyalın gəzirik.
Savalan
Əlimizi bıçaq kəsəndə yerinə duz basırıq!
Qənimət
Məhəbbət ürəyimizi parçalayanda yeməyə güc veririk.
Savalan
Çünki bizə enerji lazımdır. Qüvvət lazımdır!
Qənimət
Yollar çətin, mənzil isə uzaqdır. (Oxuyur. Savalan da ona qoşulur)
Mənzil uzaq, yollar çətin, ömür qısadır,
Mərdlik bizə babalardan yadigardır...
Cavan qartal qanad çalır dağ başında...
İgid qorxmaz uçurumdan, fırtınadan, borandan.
Sevgilisi dözməz çətin yollara,
Lakin oğlan ona deməz vəfasız...
Çünki sevgilimiz ürəyimizin bir parçasıdır;
Lakin vətən əcdadımızın yadigarıdır.
Bizə ömür vətən üçün lazımdır,
Bizə ömür gələcək üçün lazımdır...
Fəridə
Sizə qulaq asıram, ürəyimdə bir qəriblik, bir qüssə hiss edirəm. Elə bil ki, mən də Savalan kimi doğulduğum dağlardan ayrı düşmüşəm... Belə anlarda mən yanımda, lap qulağımın dibində qüvvətli bir insan nəfəsi duymaq istəyirəm.
Qənimət
Əgər, sənin indi getdiyin oğlan belə qüvvətli bir insandırsa, mən sizin evlənməyinizi təbrik eləyə bilərəm.
Fəridə
Sən istehza eləyirsən?
Qənimət (sərt)
Yox!
Fəridə (onun əlindən tutaraq)
Mənim əzizim...
Qənimət (zarafatyana)
Xahiş edirəm mənə toxunmayasan...
Fəridə
Nə üçün?
Qənimət
Bəlkə ərin qısqancdır...
Savalan
Düz deyir də, bəlkə ərin qısqancdır.
Fəridə
Çox sağ ol, bu “ər” nə sözdür?
Qənimət
Yaxşı, həyat yoldaşın.
Fəridə
Oy, bu “həyat yoldaşı” sözündən də lap acığım gəlir.
Qənimət
Bəs, onda nə deyək?
Fəridə
Bilmirəm. Savalan, sən də məni məzəmmət eləyirsən?
Savalan
Yox, mən sənin Qənimətdən ayrılmağını alqışlayıram.
Qənimət
Hətta, alqışlayırsan?
Savalan
Bəli!
Fəridə
Nə üçün?
Savalan
Çünki Qənimətə sənin kimi rəfiqə lazım deyil.
Fəridə (təəccüblə)
Nəyə görə?
Savalan
Ona görə ki, sən də hər gün gördüyümüz bahalı şubalardan geymək istəyən adi qızlardan birisən.
Fəridə (bərk sarsılaraq)
Tutalım ki, elədir, kim yaxşı yaşamaq istəmir?
Savalan
Hamı yaxşı yaşamaq istəyir, bu, hər bir insanın arzusudur.
Fəridə
Bəs, onda nə demək istəyirsən?
Savalan (zarafatla)
Onu demək istəyirəm ki, əgər, bütün qızlar sənin kimi düşünsəydi, biz arvadsız qalardıq. Qənimətə elə qız lazımdır ki, onunla birlikdə hər cəfaya dözməyi bacarsın.
Fəridə
Əgər, mən... o oğlanı, Ədaləti sevirəmsə...
Savalan
Sən eyni sözləri Qənimət haqqında da deyirdin.
Fəridə
Lakin o sevgi bizim həyatda ilk görüşümüz idi. İndi mənə elə gəlir ki, Qəniməti həmişə səmimi bir dost, bir qardaş kimi istəmişəm.
Savalan (yarızarafatla)
Əlbəttə, indi sənə elə gələr...
Fəridə (həyəcanla)
Biz üçümüz də bir yaşdayıq, Savalan! Üçümüzün də ağzından süd iyi gəlir. Bizi, yenicə atıldığımız bu həyatda nə gözlədiyindən xəbərimiz yoxdur! Mən uşaq vaxtı, demək olar ki, yalqız böyümüşəm. Anam gecə-gündüz öz xəstələri ilə məşğul olardı... Onların həyatından mənə dəhşətli şeylər danışardı. Mən daima özümdə, nə isə, anlaşılmaz bir qorxu hiss eləyərdim. Ona görə də, meylimi gəncliyimizin ilk günlərində rast gəldiyim Qənimətə saldım.
Savalan
Çünki Qənimət qızıl kimi bir oğlan idi.
Fəridə
Doğrudur. Lakin illər keçdikcə, hiss eləməyə başladım ki, o da mənim kimi yalqızdır, köməksizdir.
Savalan (gülümsəyir)
Demək, ona görə də, indi sən məhz “mühüm cənaba” ərə gedirsən...
Fəridə (inciyir)
Xahiş edirəm, onun haqqında belə danışmayasan.
Savalan (eyni təbəssümlə)
Bağışla...
Fəridə
O, həyatda ayağını yerə möhkəm dirəmiş güclü və eyni zamanda, çox yaxşı bir adamdır. O, sizə də lazım olan adamdır.
Savalan
Yox, o barədə bizi məzur qılacaqsan.
Fəridə
Mən səni başa düşürəm, Savalan. Əgər, o, bizim həmişə nifrət elədiyimiz nadan bir karyerist olsaydı, mən elə söz deməzdim.
Savalan
Biz sənin ərini tanımırıq. Özümüz də zəhmətkeş babayıq. Zənn edirəm ki, bizim arxamızda dayanacaq adama ehtiyacımız olmayacaq.
Fəridə (dərindən nəfəs alaraq, dalğın halda)
Heyf ki, mən öz hisslərimi sizə izah eləyə bilmirəm.
Savalan
Eybi yoxdur. Həyat özü izah eləyər. (Bərk mütaliəyə dalmış Qənimətə yaxınlaşaraq əlini onun oxuduğu qəzetə çırpır) Daha bəsdir, dur.
Qənimət (qəzeti stolun üstünə ataraq qalxır)
Zəhmətə! İstehsalata!
Savalan
Sən istehsalata, bəs, mən hara?
Qənimət
Sən də öz daxili aləminə. Xəyallarının qanad çaldığı dünyalara.
Savalan
Tənqidçi Qorxmazov mənim daxili aləmimə, özü demişkən, elə bir əmudi zərbə endirib ki, daş üstündə daş qalmayıb. Xəyallarımı da şil-küt eləyib, yıxıb bir tərəfə. Özümə də məsləhət verib ki, əgər, həqiqi rəssam olmaq istəyirəmsə, gedim fermada çoban Rəşidin bir qoyundan iki quzu almağının, bənna Mədədin evləri vaxtından tez hörüb qurtarmağının sirlərini öyrənib əsərlərimdə əks etdirim.
Qənimət
Bax, belə... Afərin Qorxmazov. (Fəridəyə zarafatla) Mənim vəfasız Fəridəm nə üçün belə dalğındır?
Fəridə (incik)
Mən ölüm bəsdir, Qənimət.
Anjel daxil olur. Bu, Fəridə yaşında boylu-buxunlu gözəl bir qızdır. Üzünün ifadəsi onu görüb-götürmüş, gənc kübar qadınlara bənzədir. Son dəblə və çox səliqəli geyinmişdir. Hərəkətləri sərbəst və ağayanadır.
Fəridə (onu qucaqlayır)
Sən də buralara gəlib çıxarmışsan... (Savalana) Tanış olun, mənim uşaqlıq rəfiqəm Anjel xanım. Orta məktəbin səkkizinci sinfinə qədər bir yerdə oxumuşuq.
Savalan (Anjellə əl tutuşaraq)
Savalan!
Qənimət (Anjellə əl tutuşaraq)
Qənimət!
Anjel (Qənimətin əlini buraxmayaraq, zarafatla Fəridəyə)
Yoxsa, bu, Rembrandtın əsərində qartalın oğurlayıb apardığı Qənimətdir?
Qənimət
Özüdür ki, var.
Anjel
Bəs, niyə, qayıtdınız?
Qənimət (eyni zarafatla)
Qartal məni dilə tutmuşdu ki, cənnətə aparır... Baxdım gördüm yalandır, hər tərəf cəhənnəm kimi zəbanə çəkən göysüz-göyərtisiz bir səhradır. Ona görə də, fürsət tapıb əkildim.
Anjel
Afərin! Qaçıb qurtarmaq da igidlikdəndir. (Fəridəyə) Sən nə qədər gözəlləşmisən, nə qədər qəşəng, gümrah görünürsən, Fira...
Fəridə
Mənə Fira demə, Anjel. (Zarafatyana) Dostlarımın onda acığı tutur.
Anjel (oğlanlara yuxarıdan-aşağı saymazyana bir nəzər salaraq)
Kitabxana.az · https://kitabxana.az/works/ilyas-efendiyev-mehv-olmus-gundelikler-birinci-perde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Həmişə nənəm, ya anam məni müdafiə eləyəndə ürəyim kövrəlirdi. İndi də Fatma nənəm belə deyəndə gözlərim doldu və mən bağa qaçdım. Gördüm ki, İmaş su arxının qabağında oturub üst köynəyini yamayır, əldə toxunan kobud yun şaldan tikilmiş sərdarisini isə alt köynəyinin üstündən atıb çiyninə. Həmişə olduğu kimi, indi də məni görəndə gülümsədi. Onun arvad kimi köynək yamaması mənə qəribə göründü, mən ondan soruşdum:– Niyə köynəyini özün yamayırsan?
Nuru dayımın gəlişi və anamın xalası oğlu Əhmədin üç arvadı öldürməyiSəhəri gün Nuru dayım Çarvadar Həbibin üçatlı faytonunda gəldi. Çarvadar Həbib dayımın çamadanlarını faytonun dalından götürüb yerə qoydu. İmaş yüyürüb dayıma «xoş gəldin, ağa» deyərək çamadanları qaldırıb apardı evə. Çarvadar Həbib Fatma nənəmə:– Xoş gördük, xanım! – deyib mənə baxaraq gülümsədi (güləndə onun uzunburunlu, bir az da pərtdəgözlü üzü çox gülməli görünürdü, elə bil ki, bu saat, nə isə komik bir hərəkət eləyəcəkdi).
Əfəndi baba və beşaçılan tüfəngBiz evə gələndə Zinyət xəbər verdi ki, Abdulla Əfəndi nökərilə gəlib, atlarını tövlədə qoyub, ağa ilə (yəni mənim atamla) çıxıblar şəhərə. Atamın əmisi Abdulla Əfəndi İstanbulda təhsil almışdı. Qar kimi ağ, uzunsaqqallı, nurlu bir kişi idi. Qarabağın cənub tərəfindəki sünnilərin çox hörmətli ruhanisi idi. Artırmada qırmızı güllü bir xurcun, yanında da divara söykənmiş gödək bir beşaçılan tüfəng vardı. Mən bilirdim ki, xurcun Əfəndi babanındır. Zinyətdən soruşdum:– Bəs bu tüfəng kimindir? Əfəndi babanın nökərinindir?
Doktor İvan Sergeyeviç QuliyevƏn çox xətrini istədiyim adamlardan biri də doktor İvan Sergeyeviç Quliyev idi. Ona görə ki, anamı həmişə o, müalicə edirdi. Özünün də, deyirdilər ki, ayağı sayalıdır. Doğrudan da, o, müalicəyə başlayan kimi anam sağalırdı. Ortaboylu, çənəsində balaca saqqalı olan, həmişə yaxşı geyinən, xoşsifət bir kişi idi, hələ mən bu dünyaya gəlməmiş Bayram babamın dostu imiş. Anamı, Nuru dayımı lap uşaqlıqdan o, müalicə edərmiş. Ona görə də anam, hətta Fatma nənəm də ona ev adamı kimi baxırdılar. O, Qarabulaqda çoxdan yaşadığı üçün azərbaycanca təmiz bilirdi. Həmişə bizə gələndə, mənə də, bacıma da, ya balaca oyuncaq, ya konfet gətirərdi. Bizim bayramımızda anam da həmişə öz bişirdiyi şirin şeylərdən doktora göndərərdi. Kürdobadan, ya babam naçalnik olduğu yerdən bizə ceyran, kəklik, turac gələndə, anam mütləq doktor üçün də pay göndərərdi...Anam bərk xəstə olanda doktor Quliyev gəlib mənimlə, bacımla zarafatlaşa-zarafatlaşa anamı müayinə eləyib deyərdi: