Səhifə 3 / 4 · 50%

Doğrudanmı?.. Eşitdim sabah yox, birigün sənin toyundur? (Fəridə başı ilə təsdiq edir) Jenix bu cənabların hansıdır?

Fəridə

Heç biri. (Yavaş səslə) Bəlkə indi bura gəldi, görərsən. Sən xaricdən nə zaman qayıtmısan?

Anjel

Dörd aydır.

Fəridə

Gör neçə aydır səndən məktub almıram. Xaricdə çox qaldın?

Anjel

İki il yarım.

Savalan

Anjel xanım xaricə nə üçün getmişdi?

Anjel

Atalığım səfarətxanada işləyirdi.

Savalan (qəribə bir sevinclə)

Doğrudan? Atalığınızın famili nədir?

Anjel

Rabinoviç.

Savalan

Bıyy...

Anjel

Nə var?

Savalan

Heç... Bəs, siz azərbaycanlı deyilsiniz?

Anjel (gülümsəyir)

Bu çox staramodnı sual oldu. Doğrusu, mən özüm də bilmirəm hansı millətdənəm.

Savalan

Yenə də...

Anjel (zarafatla)

Ox... gözəl oğlanları həmişə belə üzlü gördüm. Mənim atam azərbaycanlı, anam isə polyakdır, atamın vəfatından sonra anam yəhudiyə ərə gedib...

Savalan

Demək, bir növ, internasional...

Anjel

Aha... Tapdınız... Fəridə, sən heç demədin quşu qanadından tutan bu oğlanlar kimdirlər, nəçidirlər?

Fəridə (barmağı ilə göstərərək)

Qənimət institut yoldaşımdır.

Anjel (mənalı təbəssümlə)

Hə... Sən gərək ki, bunun haqqında mənə yazmışdın.

Fəridə

Savalan da Qənimətin yaxın yoldaşıdır... Mənim də dostumdur. Eyni zamanda, çox istedadlı bir rəssamdır.

Anjel (birdən canlanaraq şıltaq bir qız ədası ilə)

Savalan! Mən azərbaycanlılar arasında belə bir ada rast gəlməmişəm.

Savalan

Savalan Cənubi Azərbaycanda hər yerdən görünən uca bir dağdır. Mən də o dağın ətəklərində dünyaya gəldiyim üçün qoca nənəm adımı Savalan qoyub.

Anjel

Başa düşdüm. Demək, siz, İran demokratlarındansınız. (Gözlənilməyən bir mehribanlıq və səmimiyyətlə) Mən Fransa qəzetlərinin birində sizin haqqınızda oxumuşam. Azərbaycana gəlmiş bir jurnalist sizi tərifləyib yazmışdı ki...

Savalan

Xahiş edirəm ki, bunu bir də heç yerdə danışmayasınız.

Anjel (təəccüblə)

Nə üçün?

Savalan

Çünki həmin jurnalistin hansı sinifdən olduğu mənə məlum deyil.

Anjel

Bunun nə dəxli var?

Savalan

Necə nə dəxli var? Birdən oldu burjua jurnalisti... Ondan sonra gəl Qorxmazova cavab ver. (Qənimətlə Fəridə bərkdən gülürlər)

Anjel

Qorxmazov kimdir?

Savalan

Şünas... sənətşünas... Hay-küy salacaq ki, bunun əsərlərinin burjua jurnalistinə xoş gəlməsi təsadüfi deyil...

Anjel

Siz də elə idiotun sözünə əhəmiyyət verirsiniz?

Savalan

Əhəmiyyət verənlər tapılır.

Anjel

Mən elə bilirdim ki, siz cəsarətli oğlansınız.

Savalan

Siz yanılmamısınız, mən, doğrudan da, cəsarətli oğlanam. Ancaq neyləyəsən ki, Qorxmazov dünyada heç bir həqarəti vecinə alan deyil. Bu üzünə şillə çəksən, o biri üzünü çevirəcək.

Anjel

O... belə adamlardan, doğrudan da, çəkinmək lazımdır. Yaxşı, bəs, siz həqiqi ürək sözlərinizi öz rəsmlərinizdə necə ifadə edirsiniz?

Savalan

Birtəhər basırığa salıb, şünasın gözündən yayındırırıq. (Gülüşürlər) Qorxmazovun beyninin girinti-çıxıntıları siz deyən qədər də incə deyil.

Anjel

Siz mənim xoşuma gəlməyə başlayırsınız...

Savalan

Mən buna çox şadam.

Anjel

İstehza edirsiniz?

Savalan

Sizin kimi qadının xoşuna gəlmək xoşbəxtlikdir.

Anjel

Siz mənim rəsmimi çəkərsiniz?

Savalan

O barədə fikirləşərik.

Anjel

Ah, fikirləşərsiniz...

Maşın səsi eşidilir.

Fəridə (sevinc içində)

Ədalətdir!

Anjel

Kim? (Pəncərəyə yaxınlaşır)

Fəridə (Anjelin qulağına)

Təzəbəy.

Maşın qapısı açılıb-örtülür. Anjel pəncərədən diqqətlə baxır. Üzü birdən-birə tutqun bir ifadə alır. Pəncərədən çəkilərək Savalana.

Anjel

Bir siqaret verin.

Savalan siqaret qutusunu çıxarıb onun qabağına tutur. Anjel bir siqaret götürüb yandırır. Savalan siqaret qutusunu onun yanındakı stolun üstünə qoyur.

Qənimət (Fəridəyə)

Biz gedək...

Fəridə

Siz heç yerə getməyəcəksiniz! Aydındır?! Mən sizi Ədalətlə tanış edəcəyəm.

Savalan (zarafatla Qənimətə)

Eybi yoxdur. Dayan görək bu

[Mənbənin skanında burada mətn itib.]

Qənimət

İltifatınız artıq olsun.

Ədalət

Deyim şoferə sizi aparsın.

Savalan

Təşəkkür edirik. Ayaqla gedərik. Ayaqla getmək yaxşıdır. Pis öyrənərik.

Qənimət

Hələlik.

Savalan

Hələlik, Anjel xanım, ümid edirəm ki, təsadüf bizi bir də görüşdürər.

Fəridə (incimiş halda)

Gedək sizi ötürüm.

Qənimət

Zəhmət çəkmə.

Fəridə (sərt)

Yaxşı... yaxşı...

Artırmaya çıxırlar. Ədalət, Anjelə yaxınlaşaraq, nə isə demək istəyir, lakin Anjel özünü o yerə qoymayaraq, Savalanın siqaret qutusunu götürüb artırmaya yüyürür.

Anjel (Savalana)

Siqaretiniz yadınızdan çıxıb. (Qutunu ona uzadır)

Savalan

Yadımdan çıxmayıb. Sizin üçün qoymuşam. Mən indi alaram.

Anjel

Sağ olun. Siz telefonunuzu mənə vermək istəmirsiniz?

Savalan

Məmnuniyyətlə verərdim. Ancaq təəssüf ki, telefonum yoxdur.

Anjel

Necə, sizin kimi məşhur rəssamın telefonu yoxdur?

Savalan

Eh, Anjel xanım, məşhur olsaydım, Ədalət yoldaş məni tanıyardı.

Anjel (Ədalətin qarasınca, acıqla)

Onsuz da keçinmək olar. Sizi bütün aləm tanıyır.

Savalan (eyni zarafatla)

Yox, Anjel xanım, əgər, yaxşı mənzil, emalatxana, telefon istəyirəmsə, gərək məni Ədalət tanısın. Aləm tanımasa da olar.

Fəridə (çox incik)

Siz nə üçün Ədaləti belə sancırsınız? Gördünüzmü, o sizə qarşı özünü necə sadə aparırdı.

Savalan (eyni zarafat və istehza ilə)

Bunun üçün bizim dərin minnətdarlığımızı ona çatdırarsan.

Fəridə (əsəbiləşərək)

Onun buna ehtiyacı yoxdur.

Savalan

Doğrudan da.

Qənimət

Sən nə üçün onun bura gələcəyini bizə demirdin?

Fəridə

Mən istəyirdim ki, o, sənin necə adam olduğunu görüb, hiss eləsin. Amma sən ona buynuz göstərdin.

Qənimət

Narahat olma, Fəridə...

Fəridə (olduqca incik və məyus bir halda)

Daha bu sözdən sonra sənə nə deyim?

Savalan

Gedin içəri. Təzəbəy təkdir. Adye, Anjel xanım!

Anjel

Adye!

Qənimətlə Savalan gedirlər. Fəridə onların ardınca uzun bir nəzər salır. Sonra Anjellə içəri keçirlər. Ədalət ayaq üstə dayanıb qəzetə baxır. Hiss olunur ki, həyəcanlıdır.

Fəridə (hələ də fikirli)

Siz söhbət eləyin, mən də kofe dəmləyim.

Mətbəxə gedir. Ədalət və Anjel. Ağır pauza.

Ədalət

Sən nə vaxt gəlmisən?

Anjel

Dünən. (Qısa pauza) Nə üçün sən mənimlə tanış olduğunu gizlətdin?

Ədalət (ona yaxınlaşır)

Anjel, gəl elə bilək ki, biz, doğrudan da, yeni tanış oluruq.

Anjel (ona uzun bir nəzər salaraq)

Onsuz da, bizim münasibətimizdən sənin həyatında heç nə qalmamışdır.

Ədalət

Mən evlənirəm, Anjel!

Anjel

Bilirəm. (Qısa pauza. Anjel siqaret çəkir)

Ədalət

Eşitdim ki, sən də altmış dörd yaşlı bir professorla yaşayırsan.

Anjel

Yaşayırdım!

Ədalət

Bəs nə oldu?

Anjel

Öldü.

Ədalət

Demək, bu qara paltar ona görədir?

Anjel

Xeyr. Ona görə deyil. Bu, mənə yaraşdığı üçün geymişəm. (Kinli-kinli) Professordan sonra mən ondan qırx yaş kiçik bir oğlanla yaşamışam.

Ədalət (acığını büruzə verməməyə çalışaraq)

Aydındır.

Anjel

Yox, bu hələ hamısı deyil.

Ədalət (daha qəzəbini saxlaya bilməyərək)

Kifayətdir! Mən sənin həyatın haqqında haqq-hesab soruşmuram.

Anjel (bərkdən gülərək)

Yoxsa yandırır?

Ədalət

Sənin gündə bir kişiylə olmağın nə üçün məni yandırmalıdır?

Anjel (ayağa qalxaraq, ona yaxınlaşır. Dərin kin və istehza ilə)

Çünki mən sənin oğlunun anasıyam.

Ədalət (qorxmuş halda)

Bir az yavaş danış, Anjel!

Anjel (qəhqəhə ilə gülərək)

Qorxursan nişanlın eşitsin? Demək, sən ondan gizləmisən?!

Ədalət (yalvarışla)

Anjel... rica edirəm...

Anjel

Sən? Rica? Dünyanın nə qəribə işləri olurmuş. Yox, Fəridə hər şeyi bilməlidir. Sonra nə nəticə çıxarır-çıxartsın, bu, onun öz işidir.

Ədalət

Yəqin sən, zarafat eləyirsən, Anjel?

Anjel

Qətiyyən! (Qüssə ilə) Fəridə mənim günahsız vaxtlarımın yoldaşıdır. Mən onun da özüm kimi aldanmasına razı ola bilmərəm.

Ədalət

Sən onun həyatını tar-mar eləyə bilərsən. O, məni sevir.

Anjel

Mən indi təsəvvür eləyə bilmirəm ki, səni necə sevmək olar?

Ədalət (izzəti-nəfsi yaralanır. Lakin gülümsəyərək, mümkün qədər yumşaq cavab verir)

Anjel, insafın olsun, Moskvadan mənə gündə on dəfə zəng eləyən sən deyildinmi?

Anjel (birdən ürəyindən vurulmuş quş kimi boynu bükülür. Dərin bir kədər və nədamət içində)

Mən idim...

Fəridə dolu məcməyi ilə gəlir.

Fəridə (bu tutqun səhnədən sonra gənc çöhrəsi indi daha sevincli və daha işıqlı görünür)

Mən hələ mağazaya qaçıb, təzə tort da almışam. (Qəhvə dolu fincanları və tortu stolun üstünə qoyur) Anjel, darıxmadın ki?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İmaş və Güllü

Həmişə nənəm, ya anam məni müdafiə eləyəndə ürəyim kövrəlirdi. İndi də Fatma nənəm belə deyəndə gözlərim doldu və mən bağa qaçdım. Gördüm ki, İmaş su arxının qabağında oturub üst köynəyini yamayır, əldə toxunan kobud yun şaldan tikilmiş sərdarisini isə alt köynəyinin üstündən atıb çiyninə. Həmişə olduğu kimi, indi də məni görəndə gülümsədi. Onun arvad kimi köynək yamaması mənə qəribə göründü, mən ondan soruşdum:– Niyə köynəyini özün yamayırsan?

17 dəq
Nuru dayımın gəlişi və anamın xalası oğlu Əhmədin üç arvadı öldürməyi

Səhəri gün Nuru dayım Çarvadar Həbibin üçatlı faytonunda gəldi. Çarvadar Həbib dayımın çamadanlarını faytonun dalından götürüb yerə qoydu. İmaş yüyürüb dayıma «xoş gəldin, ağa» deyərək çamadanları qaldırıb apardı evə. Çarvadar Həbib Fatma nənəmə:– Xoş gördük, xanım! – deyib mənə baxaraq gülümsədi (güləndə onun uzunburunlu, bir az da pərtdəgözlü üzü çox gülməli görünürdü, elə bil ki, bu saat, nə isə komik bir hərəkət eləyəcəkdi).

8 dəq
Əfəndi baba və beşaçılan tüfəng

Biz evə gələndə Zinyət xəbər verdi ki, Abdulla Əfəndi nökərilə gəlib, atlarını tövlədə qoyub, ağa ilə (yəni mənim atamla) çıxıblar şəhərə. Atamın əmisi Abdulla Əfəndi İstanbulda təhsil almışdı. Qar kimi ağ, uzunsaqqallı, nurlu bir kişi idi. Qarabağın cənub tərəfindəki sünnilərin çox hörmətli ruhanisi idi. Artırmada qırmızı güllü bir xurcun, yanında da divara söykənmiş gödək bir beşaçılan tüfəng vardı. Mən bilirdim ki, xurcun Əfəndi babanındır. Zinyətdən soruşdum:– Bəs bu tüfəng kimindir? Əfəndi babanın nökərinindir?

7 dəq
Doktor İvan Sergeyeviç Quliyev

Ən çox xətrini istədiyim adamlardan biri də doktor İvan Sergeyeviç Quliyev idi. Ona görə ki, anamı həmişə o, müalicə edirdi. Özünün də, deyirdilər ki, ayağı sayalıdır. Doğrudan da, o, müalicəyə başlayan kimi anam sağalırdı. Ortaboylu, çənəsində balaca saqqalı olan, həmişə yaxşı geyinən, xoşsifət bir kişi idi, hələ mən bu dünyaya gəlməmiş Bayram babamın dostu imiş. Anamı, Nuru dayımı lap uşaqlıqdan o, müalicə edərmiş. Ona görə də anam, hətta Fatma nənəm də ona ev adamı kimi baxırdılar. O, Qarabulaqda çoxdan yaşadığı üçün azərbaycanca təmiz bilirdi. Həmişə bizə gələndə, mənə də, bacıma da, ya balaca oyuncaq, ya konfet gətirərdi. Bizim bayramımızda anam da həmişə öz bişirdiyi şirin şeylərdən doktora göndərərdi. Kürdobadan, ya babam naçalnik olduğu yerdən bizə ceyran, kəklik, turac gələndə, anam mütləq doktor üçün də pay göndərərdi...Anam bərk xəstə olanda doktor Quliyev gəlib mənimlə, bacımla zarafatlaşa-zarafatlaşa anamı müayinə eləyib deyərdi:

3 dəq

Başqa şairlərin şeirləri