Səhifə 2 / 8 · 13%

Anjel

Nə üçün qoymursan gətirtsin?

Fəridə

Eh... sən... də... ayıbdır...

Anjel

Kimdən ayıbdır?

Fəridə

Camaatdan. Adama nə deyərlər... (Gülümsəyir) Həmişə on beş-iyirmi manata paltar tikdirən mən, indi Moskvadan dərzi gətirdim?!

Anjel

Onda sənin Ədalət kimi ərin yox idi.

Savalan (hələ də təəccüblə)

Demək belə...

Anjel (qəhqəhə ilə Savalana)

Mənim patriot qəhrəmanım... Elə bilirsən ki, hamı sənin kimi lütdür! Bizdə elə kişilər var ki, onların xanımları hər gün süd vannası qəbul edirlər ki, ipək kimi yumşaq olsunlar.

Savalan (birdən canlanaraq, gülümsəyir)

Onlara kişi demirlər, Anjel, Musiq deyirlər!

Anjel

“Musiq” nədir?

Savalan (bərkdən gülərək)

Mən Musa adlı yüz qırx kilo ağırlığında hörmətli bir şəxs tanıyırdım. Arvadı ona həmişə Musa əvəzinə Musiq deyərdi... (Arvadı təqlid edir) “Musiq”, sən uzan istirahət elə, biz Valeriklə kinoya gedirik. (Musiqi təqlid edir) “Duşka, bəlkə mən də gedim?” (Arvadı təqlid edir) “Mu... Musiq... Sən işləyib yorulmusan. Nahardan sonra sənə istirahət lazımdır... Davleniyan var...” (Anjel bərkdən gülür).

Fəridə

Valerik kim idi?

Savalan

Musiqin təsərrüfat işləri üzrə müavini. Qız sifətli şiş bir gədeydi...

Anjel (gülümsəyərək, qəsdən)

“Gədə”, yoxsa “oğlan”?

Savalan

Gədə!

Fəridə (fikirli)

Bəlkə kinoya düz ürəklə gedirmişlər.

Savalan

Dedim ki, gədə idi. (Dərindən nəfəs alaraq, ciddi) Duşkanı mən ərə getməmişdən də tanıyırdım. Durna adlı ucaboylu, təvazökar, yaraşıqlı, incə bir qız idi... Musiqə gedəndən sonra əvvəllər çox qəmgin görünürdü... Bir gün küçədə rast gələndə heç bir söz demədən əlindəki tək zanbağı mənə bağışlayıb keçdi... Hiss etdim ki, gözləri yaşardı.

Anjel (həqiqi kədərlə)

Yazıq Duşka... (Siqaret yandırır)

Fəridə

Ürəyim sıxıldı.

Savalan

Nə üçün... Hamlet demişkən, biz ki, Aydan arıyıq...

Fəridə

Nə isə, mənə pis təsir elədi.

Savalan (şən)

Yaxşı... yaxşı... (Gətirdiyi şeylərə işarə ilə) İcazə verirsən rəssam başlasın?

Fəridə

Bu dəfə qalsın, Savalan. Həvəsim qaçdı.

Savalan

Onda mən getdim.

Fəridə

Ayrı gün gələrsən, yaxşımı? (Savalan başı ilə təsdiq edir)

Anjel (Savalana)

Mənə zəng eləyin, Savalan.

Savalan

Nə üçün?

Anjel (gülümsəyir. Lakin bu təbəssümdə əvvəlki sarkazm yoxdur)

Elə-belə.

Fəridə

Bu nədir, Savalan, sən lap kobudlaşmısan. Heç qıza da elə sual verərlərmi?.. (Gülümsəyərək xüsusi əda ilə) Özü də Anjel kimi qıza.

Savalan

Doğrudan da... Bağışlayın, Anjel xanım. Mən, məmnuniyyətlə, sizə zəng edərəm.

Anjel

Mən incimirəm. Zənginizi gözləyəcəyəm.

Savalan

Baş üstə, hələlik. (Çıxır)

Fəridə

Anjel...

Anjel (siqareti yandıraraq)

Nə var?

Fəridə

Doğrudan bu oğlan sənin xoşuna gəlir?

Anjel

Doğrudan.

Fəridə

Anjel! O, sən düşündüyün oğlanlardan deyil.

Anjel (tamamilə sakit)

Nə bilirsən?

Fəridə

Neçə ildi yoldaşıq...

Anjel (eyni sakitliklə)

Aranızda bir şey olub?

Fəridə (bərk inciyir)

Sən məni dəhşətə salırsan, Anjel! Bu lap pozğunluqdur.

Anjel bərkdən gülür, lakin bu gülüş birdən dərin qüssəyə çevrilir. Pauza.

Anjel (siqaretini külqabıya basaraq)

Yox, Fəridə, məni maraqlandıran onun xarici görünüşü deyil. Şmotkalar üçün özlərini öldürən duzsuz oğlanların söhbətini eşidəndə ürəyim bulanır. Sənin rəssamında indiyə qədər başqalarında görüb hiss eləmədiyim nə isə var. Və bu “nə isə” məndə qəribə hisslər doğurur. Elə bil ki, mənim indiyə qədər keçirdiyim günlər bir yuxuymuş. Elə bil ki, mənim həyatım indi geriyə, on altı-on yeddi yaşlarıma qayıdır, mən özümdə anlaşılmaz bir həvəs, bir yüngüllük hiss edirəm. Onun qızı var?

Fəridə (pərt olur)

Elə pis soruşursan ki, adam bilmir nə cavab versin... Necə yəni “qızı var?”

Anjel

Yaxşı, sevgilisi, nişanlısı olsun.

Fəridə

Yoxdur.

Anjel

Nə əcəb?

Fəridə (məhəbbətlə)

Ax, Anjel, sənin elə bir ərin olsaydı... Bilirsən mən nə qədər sevinərdim.

Anjel

Elə oğlan məni istəməz.

Fəridə

Nə bilmək olar, bəlkə istədi?

Anjel (gülümsəyir)

Bəlkə...

Fəridə

Belə gözəl, mədəni qız... Sənə nə olub?..

Anjel

Heylə oğlanlar birinci növbədə...

Fəridə

Başa düşürəm... Nə olsun... Bütün olub-keçmişləri etiraf edərsən.

Anjel (birdən darıxmış kimi)

Nə isə... Fəridə... kofe!

Fəridə (mənalı təbəssümlə)

Bu saat! (Çıxır)

Anjel qalxıb divarda Savalanın Fəridəyə toy hədiyyəsi gətirdiyi “Savalan” tablosuna uzun bir nəzər salır. Ədalət daxil olur. Qısa pauza.

Ədalət

Bəs Fəridə hardadır?

Anjel

Mətbəxdə.

Ədalət (yaxınlaşaraq, pıçıltı ilə)

Heç bilmirəm ki, sənə necə təşəkkür edim, Anjel.

Anjel

Nəyə görə sən mənə təşəkkür etməlisən?

Ədalət (pıçıltı ilə)

Bizim keçmişimiz haqqında Fəridəyə bir kəlmə söz demədiyinə görə. Mən bunu qiymətləndirirəm, Anjel.

Anjel

Elə bilirsən, mən sənə görə susuram?! Mənim əlimdə əlac olsaydı, sənin boynunu elə vurardım ki, qanın yerə dammazdı!

Ədalət

Anjel!

Anjel

Heyf ki, ortada Fəridə vardır.

Ədalət (eyni yalvarışla)

Anjel!

Anjel

Mən onun xəyallarını, arzularını alt-üst eləmək istəmədim. Çox gecdir. Lakin, əgər, sən ona da xəyanət eləsən, mənim intiqamım dəhşətli olacaq.

Ədalət

Mən onu sevirəm, Anjel.

Anjel

Sən bu sözləri mənə də deyirdin.

Ədalət

Nə olar. Mən buna təəssüf etmirəm.

Anjel

Mən bura sənin ikiüzlü sözlərini eşitmək üçün gəlməmişəm. Mənim səndən tələbim vardır!

Ədalət

Nə tələb?

Anjel

Mənim oğlumun atasının sən olduğunu rəsmiləşdirmək lazımdır.

Ədalət

Necə yəni rəsmiləşdirmək?!

Anjel

Yəni, ona rəsmi surətdə sənin familiyanı vermək! Uşaq bu gün-sabah böyüyüb məndən atasının kim olduğunu soruşacaq, aydındırmı?

Pauza.

Ədalət

Anjel, icazə ver, o barədə bir əsaslı düşünüb-daşınaq.

Anjel

Nə düşünəcəksən?

Ədalət (əsəbi, səbrsiz)

İndi yox... Rica edirəm, sonra... Fəridə bu dəqiqə gələ bilər...

Anjel

Yaxşı. Sonra mən sənə zəng edərəm.

Fəridə gəlir.

Fəridə

Oy, Ədalət, sən nə vaxt gəldin? Anjel, niyə durdun? Bu saat kofe hazır olar.

Anjel

Səhərdən oturmuşam, bəs deyil?

Fəridə

Sən Allah, getmə!

Anjel (zarafatyana)

Təzə ər-arvadı tək qoymaq lazımdır.

Fəridə

Anjel, yaxşı şeylər bişirmişik.

Anjel

Yox, Fəridəcan, işim var. (Açıq zarafatla) Gözəl rəssam mənə zəng eləyəcək, hələlik. (Çıxır)

Ədalət

Bu hansı gözəl rəssam haqqında danışır?

Fəridə

Savalan haqqında.

Ədalət (gülümsəyir)

Hə, sizin dostunuz...

Fəridə

“Siz” deyəndə kimləri nəzərdə tutursan?

Ədalət

Səni, Qəniməti...

Fəridə

Savalan mənim rəsmimi çəkmək istəyir. Deyir, bu, mənim ən kamil işim olacaq.

Ədalət (gülümsəyir)

Nə üçün məhz sənin rəsmini?

Fəridə (şən təbəssümlə)

Yəqin ona görə ki, bir-birimizi lap uşaqlıqdan tanıyırıq... sevirik.

Ədalət

Sevirsiniz?

Fəridə (zarafatyana)

Yoxsa, qısqanırsan? Oy, xoşuma gəlir sənin qısqanclığın... Mən ölüm qısqanırsan?

Ədalət

Yox, qısqanclıq acizlərin işidir.

Fəridə (bir an xəyala dalaraq)

Doğrudan da elədir.

Ədalət

Ancaq camaatı heç bir zaman yaddan çıxarmaq lazım deyil!

Fəridə

Camaatı? Hansı camaatı?

Ədalət

Ətrafımızda yaşayan camaatı.

Fəridə

Onları nə barədə yaddan çıxarmamalıyıq?

Ədalət

Hər barədə. (Qısa pauza) Adamlar hardan bilirlər ki, sən o rəssamı bir qardaş kimi istəyirsən... Görəcəklər ki, çox vaxt mən evdə olmayanda gəlir. Saatlarla burada olur... Bir sən, bir də o. Demək, burada nə isə var.

Fəridə

Məsələn, nə?

Ədalət (gizli əsəbiliklə)

“Məsələn, nə”sini onlar özləri düzəldəcəklər.

Fəridə (hərarətlə)

Axı, biz üçümüz də bilirik ki, arada başqa, heç bir şey yoxdur və ola da bilməz.

Ədalət

Biz bilirik, onlar yox!

Fəridə (sanki indiyə qədər ona məlum olmayan başqa bir aləmə daxil olur)

Demək, onda biz... mən heç bir oğlan yoldaşımla görüşməməliyəm?

Ədalət (könülsüz)

Nə üçün... Olar... Lakin, əlbəttə... Ancaq rəsmi yerlərdə... Yalnız mən olduğum zaman.

Fəridə (hələ də təəccüb içində, lakin gülümsəyərək)

Deməli, ərli qadın olmağın belə işləri də varmış.

Ədalət (zarafatla)

Bəli... Bəs sən nə bilmisən...

Fəridə

Yaxşı... Daha neyləyək, Savalana deyərəm ancaq sən evdə olanda gəlsin.

Ədalət

Tez-tez yox.

Fəridə

Necə? Bəs, portretimi çəkməsin?

Ədalət (onun üzünə baxmadan)

Çəkməsə yaxşıdır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Qəribcan

Mən Səriyyənin gətirdiyi tor köynəklərdən birini geyərkən özümdə qeyri-adi bir fərəh hiss elədim. Səriyyə bizim iş yoldaşımızdır. Bizim briqadanın üzvüdür. O, ayağımı kəsilməyə qoymayaraq, məni götürüb Bakıya qaçdığı kimi, burada mənə lazım olan şeyləri də alıb gətirə bilərdi. Burada təəccüblü heç nə yox idi. Bununla bərabər, tor köynəyi geyərkən mən özümdə qeyri-adi bir fərəh hiss elədim. Elə bil ki, mənə fövqəladə səadət üz vermişdi. Elə bil ki, mən daha xoşbəxt bir dünyaya qədəm qoymuşdum. Tor köynəyin təması məndə tamam yeni bir duyğunun yaranmasına səbəb olurdu.Mən xəstə yoldaşlarımla gülür, zarafat edir, tez-tez yaralı ayağıma toxunaraq, ağrıyıb-ağrımamasını bilmək istəyirdim.

15 dəq
Sən həmişə mənimləsən, yaxud "Boy çiçəyi"

İştirak edirlərHəsənzadə – zavod direktoru*

19631 saat 25 dəq
Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı

Üçüncü yay gecəsi idi ki, şəhərin sakitliyi içində Xan qızı Gülsənubər tarda çalınan o muğamı eşidirdi. Və üçüncü yay gecəsi idi ki, Xan qızı Gülsənubərin yuxusu göyə çəkilmişdi. O tarçalan oğlanın gözlərindəki qəribə ifadə ilə çaldığı muğamın söylədiyi hekayət arasında ayrılmaz bir bənzərlik var idi. O hekayətin nədən ibarət olduğunu qız dərk eləyə bilmirdi. Lakin hiss edirdi ki, bu, nə isə, uzaqlarda və uzaq zamanlarda olub getmiş bir hekayət idi. Bəs, onda nə üçün o əhvalatı indi tarında hekayə edərkən oğlanın baxışları bu qədər pərişan, bu qədər əlacsız olurdu? Qız onu da hiss edirdi ki, muğamın danışdığı o əhvalatda nəhayətsiz bir kədər, bəlkə də, dünyada heç kəsin duya bilmədiyi bir nisgil var. Və indi bu cavan tarzən o pərişan, o nisgilli əhvalatı çaldığı muğamın gücü ilə hamıya nəql etmək istəyirdi. O qəmli əhvalatın sirri, yəqin ki, bu oğlana aydın idi. Yoxsa böyük Allahın onun gözlərinə bəxş etdiyi işıq muğamı çalmağa başladığı zaman birdən-birə bu qədər gözəl, bu qədər cazibədar, bu qədər dərin görünə bilməzdi.Güllərin, çiçəklərin ətriylə dolu bu aylı gecənin nəhayətsizliyi harada, hansı yalçın qayalıqda isə qurtarırdı. Lakin cavan tarzənin gözlərindəki o işıqlı, anlaşılmaz dünya, muğamı çaldıqca, həm dərinləşir, həm də əsrarəngiz və qavranılmaz olurdu... Və qız, bütün bu düşündüklərinin, hiss etdiklərinin boş bir xəyal olduğuna özünü nə qədər inandırmaq istəyirdisə, ürəyini o aləmdən qoparıb, o cavan tarzəni özündən uzaqlaşdıra bilmirdi...

28 dəq
Atayevlər ailəsi

İştirak edirlərXosrov Atayev*

19541 dəq

Başqa şairlərin şeirləri