Səhifə 1 / 39

Mən Güney qışlaqdan çıxandan bəri həyatımın bu kədərli sərgüzəşti haqqında kimsəyə bir söz deməmişəm. Onu yüz dəfə gözümün qabağına gətirmişəm, yüz dəfə xatırlamışam, lakin heç kəsə heç nə söyləməmişəm. İndi o günlər bütün təfsilatı ilə xəyalımdan gəlib-keçir, hər şeyi o qədər aydın görüb hiss edirəm ki, elə bil, bunlar hamısı dünən, srağagün baş vermişdir.

Mən teatr institutuna girəndən əvvəl də həmişə aktrisa olmaq xəyalı ilə yaşayırdım. İnstituta girəndən sonra isə bu arzu məni büsbütün öz hökmü altına aldı. Biz hər dəfə dram teatrının tamaşalarına gedib, hamının tanıdığı, sevdiyi məşhur aktrisanın oyununa baxanda, o gecə səhərə qədər özümü onun yerinə qoyaraq, min cür həyəcan keçirər, bəzən xəyalən ifa etdiyim rolun iztirabları ilə göz yaşı tökərdim.

Ümumi yataqxanada tək qaldığım zamanlar öz-özümə o qədər Gültəkin, Katerina, Ofelya olmuşdum ki, onların dərdini öz dərdim kimi hiss edirdim. Bəzən mənə elə gəlirdi ki, hansı zamanda isə mən özüm Gültəkin və ya Dezdemona olmuşam.

Buraxılış imtahanlarından bir neçə gün sonra bizi Mədəniyyət Nazirliyinə çağırdılar. Nazir özü bizi qəbul edərək kəndlərimizin incəsənət işçilərinə böyük ehtiyacı olduğunu, bir çox mədəniyyət evlərinin ağzıbağlı qaldığını, hamımızın rayonlara getməli olacağımızı söylədikdə mən: “Əlvida, dram teatrı” deyə qüssə ilə düşündüm. Lakin elə bunun ardınca ürəyimdən başqa bir fikir də keçdi: “Nə olar, kəndə gedərəm. Mən nə zaman taleyimə qəzəblənmişəm ki...”

İnstitutumuzun direktoru nazirə müraciətlə:

– Bəlkə, – dedi, – Nuriyyəni burada saxlayıb, dram teatrına verəsiniz. İstedadlı gəncləri yetişdirmək lazımdır.

– Doğrudur, – deyə nazir təsdiq etdi, – ancaq dram teatrında hələlik yer yoxdur.

Bununla da hər şey qurtardı.

Bir neçə gündən sonra mən Güney qışlaq adlı uzaq bir kəndə, mədəniyyət evinə təyinnamə alıb, şeylərimi yığışdırmaq üçün yataqxanaya gəldim.

Heç bir kəsim olmadığından, yayı da, qışı da institutun yataqxanasında yaşayırdım. Dərslər qurtarandan sonra hamı çıxıb yay istirahətinə gedər, bütün binada bir mən, bir də gözətçi Ələsgər dayı ilə arvadı Güllü xala qalardıq. Ələsgər dayı ilə Güllü xala əslən Kürdüstan dağlarından idilər. 1918-ci ildə iş üçün Bakıya gələrək, o vaxtdan, bizim yataqxanamız yerləşən binanın alt mərtəbəsində balaca bir otaqda yaşayırdılar. Binaya çox idarələr köçmüş, çox adamlar gəlib-getmiş, lakin Ələsgər dayı ilə Güllü xala nə yerlərini dəyişmişdilər, nə də həyat tərzlərini. Hələ indi də “gəlirix, gedirix” deyə kürd şivəsi ilə danışırdılar.

Ələsgər dayı özü ilə Kürdüstandan, kim bilir, hansı zamandan qalmış köhnə bir saz gətirmişdi. Hər axşam balaca nimdaş döşəkçənin üstündə oturub sazı dınqıldadar və həmişə də:

“Üzü bəri baxan dağlar,
Mənim sizdə nəyim qaldı?”

sözləri ilə başlanan qədim bir mahnı oxuyardı. Mən də hərdən axşamlar onlara gedib yüz dəfə eşitdiyim bu mahnıya qulaq asmağı xoşlayardım. Mən də onlar kimi uzaq dağ kəndlərindən birində doğulmuşdum. Mənim də uşaqlığım uçurumlar, sıldırımlar arasında keçmişdi. Mən də o yerləri unuda bilmirdim. Görəsən, “üzü bəri baxan dağlar”da bizim nəyimiz qalmışdı...

Mənim də, onlar kimi, qohum-əqrəbam olmadığından, bir-birimizə üns salmışdıq. Onlar mənə öz qızları kimi baxırdılar. Nə bişirsəydilər, payımı saxlayardılar. Mən də onlara hörmət edər, əlimə bilet düşəndə kinoya, teatra aparardım. Daha başqa bir yaxşılığım dəyməzdi. Yeməyim, geyməyim hamısı institutdan aldığım təqaüdə baxırdı.

Ələsgər dayıgil mənim getməyimi biləndə çox kədərləndilər. İkisi də mənimlə vağzala gəldi. Ələsgər dayı gedib yolum üçün iki şüşə limonad aldı. Güllü xala balaca döşəkçə ilə balıncı açıb vaqonda mənə yer düzəltdi. Axırıncı zəng vurulanda, Ələsgər dayı əlimi sıxıb, “salamat ol, bala” dedi. Güllü xala isə, boynumu qucaqlayıb üzümdən öpəndə özünü saxlaya bilməyib ağladı.

– Bizi yaddan çıxarma, – dedi. – Vaxtın olsa, kağızdan-zaddan yaz.

Qatar yola düşdü. Mən heç bir zaman ağlamamışam. Heç bir zaman öz taleyimdən inciməmişəm. Lakin heç bir zaman özümü indiki kimi yalqız hiss etməmişdim. Heç zaman qəm-qüssə indiki qədər ürəyimi sıxmamışdı. İnstitutda oxuduğum zaman gələcək, yəqin ki, hələ çox uzaq olduğu üçün məni qorxutmurdu. Gəncliyin qəribə xəyalları mənə şirin vədlər verirdi. İndi isə, hər şey çox aydın və sadə idi. Mən bütün arzularıma həmişəlik vida edib, adi bir kənd klubunda işləməyə gedirdim. Arxada qalan bu böyük şəhərə mən vaxtilə necə səssiz-səmirsiz gəlmişdimsə, indi də bu şəhərdən eləcə səssiz-səmirsiz çıxıb gedirdim. Mənim gəlişim kimsəni maraqlandırmadığı kimi, gedişim də qoca Ələsgər dayı ilə Güllü xaladan başqa heç kəsi mükəddər etmədi.

Mənim düşdüyüm stansiya balaca bir yer idi. Orada-burada təktək elektrik çırağı yanırdı. Avqustun ortaları olduğundan hava çox isti idi. Stansiya binasının qabağında bir avtobus dayanmışdı. Yaxınlaşıb içindəki adamlardan, onun haraya gedəcəyini soruşdum.

– Sovxoza, – deyə pəncərənin qabağında oturmuş bir qadın cavab verdi.

Sonra soruşdu:

– Siz hara gedəcəksiniz?

– Güney qışlağa!..

– Bu avtobus elə Güney qışlağın böyründən keçir. Gedin tez bilet alın.

Tələsik stansiya binasına girib kassanın qabağına getdim. Lakin redikülümü açanda yerimdə donub qaldım. Bütün var-yoxum – üç yüz manat yox olmuşdu. “Bəlkə səhv eləyib çamadana qoymuşam” deyə tələsik çamadanı açıb, paltarlarımın arasını axtardım. Yox idi. Demək, ya Bakıda bilet alanda, ya da haradasa yaylıq çıxaranda salıb itirmişdim. Kassanın qabağında dayanmış üç kişi və bir qadın mənə baxırdı.

– Nə olub? Nə itirmisən, bacı? – deyə kişilərdən biri soruşdu.

Mən lap uşaqlıqdan öz zəiflik və ya kədərimi başqalarının bilməsini xoşlamıram. Ona görə də:

– Heç bir şey olmayıb, – deyə soyuqqanlılıqla cavab verdim. – Bir məktub vardı, deyəsən, evdə qoyub gəlmişəm.

Çamadanla bağlamanı götürüb tez bayıra çıxdım.

Hara getdiyimi bilmədən irəliləyir və “nə olub?” deyə öz-özümü məzəmmət edirdim: “Heç o boyda ümidini itirdin, ağlamadın, indi puldan ötrü ağlayacaqsan?” İçərimdən gələn başqa bir səs bu yad yerdə pulsuz-pənahsız bir qız olduğumu amansız sərtliklə mənə xatırladır, “indi nə edəcəksən? Kəndə necə gedib çıxacaqsan? Maaşını alana qədər kimdən çörək pulu istəyəcəksən?” deyə dalbadal soruşurdu. Avtobus siqnal verərək yanımdan keçdi. Ay işığında ağaran şoseni tutub, yoluma davam etdim.

Buradan Güney qışlağa neçə kilometr olduğunu bilmirdim. Lakin bütün gücümü, cəsarətimi toplayıb gedirdim. İndi çöldə xəfif meh əsdiyi üçün hava bayaqkı qədər bürkü deyildi. Göz işlədikcə, uzaqlarda yüngül göyümtül dumana bürünmüş kimi görünən dağların yamaclarında topa-topa işıqlar sayrışırdı. Xoş sükut içində yalnız cırcıramaların aramsız, yeknəsəq səsi eşidilirdi.

Mən, bir əlimdə çamadan, bir əlimdə balaca bağlama irəliləyirdim. Bu aydınlıq çöllərin mehriban sükunəti, mavi üfüqlərdə itən genişliyi indi mənə anlaşılmaz bir təsəlli, məchul bir ümid təlqin edirdi.

Ara-sıra dayanıb nəfəsimi dərib yenə də yoluma davam edirdim. Çamadanda kitab-dəftər çox olduğundan, qolum ağrıyırdı.

Kilometrləri göstərən on dördüncü ağacı sayanda, daha ayaqlarımın sözümə baxmadığını hiss edərək, yolun kənarına çəkildim. Əlimdəkiləri yerə qoyub, çamadanın üstündə oturdum. Elə bu anda yanımdakı iri böyürtkən kolundan bir tülkü çıxaraq düzlərə sarı götürüldü. Bərk qorxmağıma baxmayaraq, heyvanın bu mavi nur dənizi içində necə qeyb olduğuna heyranlıqla tamaşa edirdim. Birdən bu kiçik hadisə nə üçünsə xəyalımı çəkib insanların hələ Yer üzündə yaşamadığı zamanlara apardı. Bu geniş çöllər, bu nəhayətsiz sükut, bu munis aydınlıq onda da var idi, indi də var. Biz insanlar dünyaya nə üçün gəldik? Təbiətin bu əbədi ahənginə nə əlavə etdik? İndi mənim çəkdiyim bu əziyyət, bu iztirab nə üçündür? Əgər, mən olmasaydım, bu gözəl gecə nə itirərdi?

Əsəbləri pozulmuş adamlar qorxulu yuxular görən kimi, bu bədbin fikirlərin də mənim düşdüyüm çətin vəziyyətdən doğduğunu bilirdim. Lakin, bununla belə, onların axınına uymaqdan anlaşılmaz bir zövq, bir rahatlıq duyurdum. Hətta, bu anda ölümün özü də mənə şirin yuxu kimi görünürdü. Mənə elə gəlirdi ki, dünyada zaman, məkan deyilən şey yoxdur, bizim ağlımızın dərk edə bilməyəcəyi əbədi bir boşluq, bir intəhasızlıq var. Uzaqdan gələn motor səsi eşitdim. Öz həmcinsim olan insan məni yenidən həqiqi həyata səslədi. Ay işığına qarşı əlimi gözümün üstünə qoyaraq diqqətlə baxanda gümüşü toran içindən bir motosiklin çıxdığını gördüm. Onun üstündəki adam, məni görəndə, maşını saxlayıb, yerə düşdü və bir əli rulda olduğu halda:

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Mən və yeni həyat

Mən görürdüm ki, şəhərimizin cavanlarından bir hissəsi qırmızı komandirlər kimi ot rəngli parçadan köynək-şalvar geyinib, enli kəmər bağlayırlar. Dəstə-dəstə gəzərək bərkdən danışıb-gülürlər. Hələ desən, tüfəng götürüb milislərlə birlikdə dağlara, meşələrə qaçaq-quldur dalınca da gedirlər. İclas eləyib bəylərin, kapitalistlərin əleyhinə qəzəbli nitqlər söyləyirlər. Bu cavanlara «komsomol» deyirdilər. Elə bil ki, mənim özümdə də bəylərə, kapitalistlərə qarşı gizli bir kin varmış və bu kin indi zahirə çıxırdı. Komsomollarda hiss etdiyim mübariz ruh məni həvəsləndirirdi, sanki məni o axına qoşulmağa çağırırdı. Elə bil ki, məndə həyata potensial halında olan fəal müdaxilə qüvvəsi birdən-birə hərəkətə gəlib özünü göstərmək istəyirdi. Bir gün mən də cəsarətlə atama dedim:– Komsomol olmaq istəyirəm.

12 dəq
Gözlənilməyən sevgi

Darülfünunda dərslərin başlandığının dördüncü günü idi.Foyedə gənc bir oğlanla yaşlı bir qadın dayanmışdı. Hamı maraqla onlara baxırdı. Uca boyu, enli kürəyi olan bu qadın qara yun parçadan uzun tuman, ətəkli arxalıq geymişdi. Qara, sürməli gözləri sükutla baxır, günəşdən yanmış üzü soyuq bir qayğı ifadə edirdi. O, kimsəyə baxmadan nə haqqında isə düşünür və çubuq çəkirdi. Yanındakı ucaboylu oğlan olduqca şux geyinmişdi, lakin son dərəcə çirkin idi. Üzü çopur, burnunun ortası yəhər kimi yastı idi. Dodaqları qaba surətdə irəliyə doğru uzanmışdı. Cod və bozumtul kimi görünən saçları alnında bir bucaq təşkil edir və az qala burnuna qədər uzanırdı.

16 dəq
Apardı sellər Saranı

Ölüm qanadlarını Gülnarın üzərinə gərdiyi zaman o, Soltanını yanına çağırıb, gözlərindən öpdü...– Mən gedirəm, əzizim, – dedi, – günlərinə qəm qatma. Bu qoca dünya əzəldən belədir. Bilirəm, evlənəcəksən, cavansan. Amma Saramdan muğayat ol. Qoyma ögey ana sitəmi çəksin. Əgər xoşbəxt olsa, qəbrimin üstünə gəl... mənə de.

3 dəq
Su dəyirmanı

O gecə mən birinci dəfə idi ki, kəndimizin üst tərəfindən keçən dəyirman arxının yanında dayanıb onu gözləyirdim. Göy qübbəsini bəzəyən saysız-hesabsız ulduzlar və onların arasındakı üçgünlük Ay arx boyu düzülmüş söyüdlərin təzə açılan yarpaqlarını zəif-zəif işıqlandırırdı. Aşağı dərənin qaranlığında yalnız taxtapuşu seçilən dəyirmandan işıq gəlirdi. Mənim gözlədiyim qız atasına – dəyirmançı Musa dayıya axşam yeməyi aparmışdı. Mən bunu gündüz özündən öyrənmişdim. Ona görə də, indi burada dayanıb, gözümü dəyirmandan gələn cığıra zilləmişdim. Yarım saatdan bəri idi ki, həyəcan və intizar içindəydim. Əslinə baxsan, yarım saat deyil, düz yarım il idi. Yarım il idi ki, hər gecə mən bu cür həyəcan və intizar içində səhərin açılmasını gözləyirdim. İndi isə burada, ulduzların altında səhəri deyil, onun özünü gözləyirdim. Təzə açılmış söyüd yarpaqlarının xışıltısını, dəyirman çarxının üzərinə tökülən bahar suyunun coşğun şırıltısını dinləyərək onu gözləyirdim.Mən də, bu gözəl yaz gecəsi də həyəcan və səadət içindəydik. Biz ikimiz də, mən də, bahar da, mənim arzularım da, baharın açdığı bu söyüd yarpaqları da gənc idik. Bizim üzərimizdən fırtına keçməmişdi. Biz həyəcan və coşğunluq içində irəliyə can atırdıq. Biz arzu və ehtiraslar selinə düşmüşdük! Biz təzə gəldiyimiz bu dünyaya nə isə yeni bir şey, yeni bir gözəllik bəxş etmək həvəsi ilə çırpınırdıq. Biz bu barədə düşünmürdük, lakin bu, belə idi. Bizim fərəhimizdəki sirr bundan ibarət idi. Bu, böyük və əzəmətli həyatın əbədi qanunlarından biri idi!..

59 dəq

Başqa şairlərin şeirləri