Söyüdlü arx
Səhifə 39 / 39 · 97%
Hamıdan çox Nazxanım bikef olmuşdu:
– Bizi artist elədin, indi başsız qoyub gedirsən.
– Biz Nuriyyə xanımdan çox şey öyrəndik, – Qulu məni tərifləyirdi. – İndi özümüz də keçinə bilərik. Qoyun o getsin. Bizim fəxrimizdir.
İmi ilə Ciminin təşəbbüsü ilə mən bir vida konserti verməli oldum. Hamımız birlikdə proqram düzəltdik. Mən zəng vurub Hümməti də dəvət elədim. Mənim getməyimi eşidən bütün kənd tökülüb gəlmişdi. Nəriman əmi, Qərənfil bacı, Murad, Səadət, Ağabəyim, Pirverdi, Kərəm, qərəz mənim tanıyıb-tanımadığım hamı oradaydı. Adam çox olduğundan, konserti mədəniyyət evinin qabağında – açıq havada verdik.
Mən yeni mahnılar çalıb-oxudum. Lakin bu dəfə tamaşaçılarımın ən çox sevdikləri yumor nömrələrini göstərə bilmədim. Ayrılıq həmişə kədərlidir.
Konsertin axırında Qulu ayağa qalxaraq, bütün güneylilərin, quzeylilərin adından mənə təşəkkür edib, nitqini bu sözlərlə qurtardı:
– Nuriyyə xanım! Bizim camaatımız yaxşılıq biləndir, sizi heç bir zaman unutmayacaq. Gedin, böyük sənətkar olun. Ancaq siz də bizi yaddan çıxarmayın.
Sonra balaca bir qız mənə bir dəstə çiçək verərək:
– Nuriyyə xanım, – dedi, – bunları Quzey qışlaqdan, Söyüdlü arxın altında məktəb üçün saldığımız bağçadan dərib gətirmişəm.
Alqış səsləri uzun zaman kəsilmədi.
Nəhayət:
– Əziz dostlarım, – dedim, – mən sizin hamınızdan yerdən göyəcən razıyam. Harada oluramsa-olum, sizi unuda bilməyəcəyəm. Sizinlə birlikdə sevinib-kədərləndiyimiz saatlar həyatımın ən əziz xatirələri olacaq.
Sonra gülümsəyib əlavə etdim:
– Ayrılıq zamanı adamın ürəyi nazik olur, əgər, birinizi incitmişəmsə, xahiş edirəm məni bağışlasın. Mənim sizdən, siz əziz tamaşaçılarımdan başqa bir kəsim yoxdur.
Bu axırıncı sözləri hansı hissin təsiri altında söylədiyimi bilmirəm. Lakin onları deyərkən, səsim titrədi, ağlamaqdan özümü zorla saxladım.
...Səhər məni ötürməyə Muradla Səadət də gəlmişdi. Murad həmişəkindən artıq danışıb-gülürdü. Gözləri elə yanırdı ki, mən onun xəstə olduğundan qorxdum. Səadət əlimdən tutub məni kənara çəkdi. Sonra barmağındakı iki üzükdən birini çıxarıb mənə uzadaraq:
– Çox xahiş edirəm. – dedi, – bunu məndən yadigar götürəsiniz... Siz mənə o qədər yaxşılıq eləmisiniz ki, istəmirəm yadınızdan çıxım. İstəyirəm siz hər bu üzüyü görəndə məni xatırlayasınız.
Mən üzüyü almayaraq:
– Sizə nə yaxşılıq eləmişəm ki? Siz onsuz da yaxşı idiniz.
– Bəlkə də elədir. Ancaq siz olmasaydınız, məndə yaxşı nə vardısa, məhv olub gedə bilərdi. Bir il qabaqkı həyatım indi yadıma düşəndə...
O, qəflətən üstünə buzlu su tökülmüş adam kimi içini çəkərək bir an susdu. Sonra əlimi tutub üzüyü barmağıma keçirərək:
– Götürməsəniz inciyərəm, – dedi.
Və qulağıma tərəf əyilərək pıçıldadı:
– Mən də, əgər, qızım olsa, adını Nuriyyə qoyacağam.
– Yoxsa... – deyə gülümsədim.
Qızararaq başı ilə təsdiq etdi.
Mən onu qucaqlayıb, ləkə düşmüş üzündən öpdüm.
Hamı ilə görüşəndən sonra Almuradın maşınına əyləşdim. Nazxanım, Səriyyə və Qulu da mütləq məni ötürmək istədiklərini bildirərək, maşına mindilər.
Biz Söyüdlü arxın körpüsünü keçəndə, qanrılıb geri baxdım. Söyüdlü arx günəşin qızmar ziyası içində sükuta dalmış çöl ilə xoş bir xəyal, bir ömür kimi Quzey qışlağa qədər uzanırdı.
Biz stansiyaya çatanda Hümməti də orada gördük.
– Nə zəhmət çəkirdiniz, – dedim.
O, cavab verməyərək, Qulunun təzə dama-dama köynəyinə sataşdı, bir növ, zarafat elədi.
Biz stansiyada gəzir, oradan-buradan söhbət edirdik. Günlərin necə tez gəlib keçməsindən danışırdıq.
– Elə bil, – deyirdim – Güney qışlağa toyinnamə alıb gəldiyim dünənmiş.
Hümmət də uzaqlara baxaraq:
– Taleyimiz belədir, – deyirdi, – başladığımız hər işin bir sonu var
[Mənbənin skanında burada mətn itib.]
– Heç nə. Bir gün elə buradaca oturmuşduq. Birdən, elə bil, diksinib qalxdı, dedi ki, ürəyim birtəhər olur. Dedim, nə olacaq, bir az uzan. Durub mütəkkə verdim. Elə uzanmağı ilə quş kimi uçub getməyi bir oldu.
Kişi xeyli müddət gözlərini xalçadan çəkmədi. Sonra öz-özüylə danışırmış kimi toxtaq səslə:
– Allah rəhmət eləsin, – dedi, – əməli düzmüş. Heç kəsə əziyyəti dəymədi. Ayaq üstə niyə durmusan?
Mən stul çəkib oturandan sonra, özü də döşəkcəyə əyləşib:
– Elə müəllimlər də, tələbələr də sağ olsunlar, – dedi, – hamısı yığılıb gəldi. Yoxsa, tək mən neyləyə bilərdim? İndi tərs kimi özümün də qılçamda yel əmələ gəlib. Həkim deyir gərək buradan çıxasan. Rütubətdir. Qalmışam belə. Direktorumuz yaxşı adamdır. Söz verib ki, ikinci mərtəbədə-zadda mənə balaca bir otaq kimi düzəltsin. Görək nə olur. Sənin işin-küçün nə cürdür?
Bir neçə gün sonra mən Ələsgər dayını yığışdırıb öz yanıma apardım. Əvvəl getmək istəmirdi.
– Qoca adamam, – deyirdi, – sənə başağrısı olaram.
Mən də təkid edərək:
– Ələsgər dayı, – deyirdim, – tək qızam. Mənə bir həyan lazımdır. Sən getməsən, gərək bir başqa adam tapam.
Mənə üçotaqlı mənzil vermişdilər. Şəhərdən bir qədər uzaqda da olsa, rahat idi. Otaqlardan birinə çarpayı qoyub, Ələsgər dayı üçün yer düzəltdim. Kişi bilmirdi nə desin, razılığını necə bildirsin.
...İndi o vaxtdan xeyli keçir. Mən bir mühəndisə ərə getmişəm. Məndən on səkkiz yaş böyük olsa da, yaxşı adamdır. Həmişə bir-birimizə hörmət edirik. Quludan tez-tez məktub alıram. Səadət əhdinə vəfa edərək, qızının adını Nuriyyə qoymuşdur. Söyüdlü arxdan sonra Quzey qışlaqda gözəl bağlar, bağçalar əmələ gəlib. Qulu yazır ki: “Görsəniz tanımazsınız”.
Nazxanım şofer Almurada ərə getmişdir. İmi ilə Cimi isə, hələ də subaydır. Dram dərnəyinin işi müvəffəqiyyətlə davam edir. Bir neçə gün qabaq mənə Əməkdar artist adı verilməsi münasibətilə onlardan aldığım təbrik teleqramı məni başqa təbriklərdən çox mütəəssir etdi. Hər şeyin təzəsi, dostun köhnəsi...
Nəriman əmi ilə Qərənfil bacı həmişə Bakıya gələndə bizə düşürlər. Deyirlər Söyüdlü arxdan sonra Quzey qışlağın evləri arxyuxarı artaraq lap gəlib Güney qışlağa çatmışdır. Ona görə də, Nəriman əmi məsələ qaldırıb ki, hər iki arteli birləşdirib böyük bir təsərrüfat eləsinlər. Sədri də Murad olsun. Deyirlər Nəriman əmi ömründə birinci dəfə qocaldığını boynuna almışdır.
Hümmət nazir müavini olub, Bakıda yaşayır. Tez-tez görüşürük. Özü kimi ağıllı və gözəl bir qızla evlənmişdir.
Muradı isə, yalnız bircə dəfə, Dezdemona rolunu ifa etdiyim zaman səhnəyə yaxın lojalardan birində görmüşəm. Mənim gənc leytenantımın saçları xeyli ağarmışdır. Lakin lojadan səhnəyə dikilən gözləri yenə də əvvəlki kimi sakit, ciddi və odlu idi. Zənn edirdim ki, o, səhnənin arxasına gəlib mənimlə görüşəcək. Lakin gəlmədi. Mən də incimədim.
Ələsgər dayı təqaüdə çıxmışdır. Gündüzlər gedib dəniz kənarında qocalarla söhbət edir. Axşamlar isə, yenə də çarpayısının üstündə bardaşqurma oturaraq, sazını dınqıldadıb oxuyur:
“Üzü bəri baxan dağlar,
mənim sizdə nəyim qaldı”.
Kitabxana.az · https://kitabxana.az/works/ilyas-efendiyev-soyudlu-arx
Müəllifin digər əsərləri
Mən görürdüm ki, şəhərimizin cavanlarından bir hissəsi qırmızı komandirlər kimi ot rəngli parçadan köynək-şalvar geyinib, enli kəmər bağlayırlar. Dəstə-dəstə gəzərək bərkdən danışıb-gülürlər. Hələ desən, tüfəng götürüb milislərlə birlikdə dağlara, meşələrə qaçaq-quldur dalınca da gedirlər. İclas eləyib bəylərin, kapitalistlərin əleyhinə qəzəbli nitqlər söyləyirlər. Bu cavanlara «komsomol» deyirdilər. Elə bil ki, mənim özümdə də bəylərə, kapitalistlərə qarşı gizli bir kin varmış və bu kin indi zahirə çıxırdı. Komsomollarda hiss etdiyim mübariz ruh məni həvəsləndirirdi, sanki məni o axına qoşulmağa çağırırdı. Elə bil ki, məndə həyata potensial halında olan fəal müdaxilə qüvvəsi birdən-birə hərəkətə gəlib özünü göstərmək istəyirdi. Bir gün mən də cəsarətlə atama dedim:– Komsomol olmaq istəyirəm.
Gözlənilməyən sevgiDarülfünunda dərslərin başlandığının dördüncü günü idi.Foyedə gənc bir oğlanla yaşlı bir qadın dayanmışdı. Hamı maraqla onlara baxırdı. Uca boyu, enli kürəyi olan bu qadın qara yun parçadan uzun tuman, ətəkli arxalıq geymişdi. Qara, sürməli gözləri sükutla baxır, günəşdən yanmış üzü soyuq bir qayğı ifadə edirdi. O, kimsəyə baxmadan nə haqqında isə düşünür və çubuq çəkirdi. Yanındakı ucaboylu oğlan olduqca şux geyinmişdi, lakin son dərəcə çirkin idi. Üzü çopur, burnunun ortası yəhər kimi yastı idi. Dodaqları qaba surətdə irəliyə doğru uzanmışdı. Cod və bozumtul kimi görünən saçları alnında bir bucaq təşkil edir və az qala burnuna qədər uzanırdı.
Apardı sellər SaranıÖlüm qanadlarını Gülnarın üzərinə gərdiyi zaman o, Soltanını yanına çağırıb, gözlərindən öpdü...– Mən gedirəm, əzizim, – dedi, – günlərinə qəm qatma. Bu qoca dünya əzəldən belədir. Bilirəm, evlənəcəksən, cavansan. Amma Saramdan muğayat ol. Qoyma ögey ana sitəmi çəksin. Əgər xoşbəxt olsa, qəbrimin üstünə gəl... mənə de.
Su dəyirmanıO gecə mən birinci dəfə idi ki, kəndimizin üst tərəfindən keçən dəyirman arxının yanında dayanıb onu gözləyirdim. Göy qübbəsini bəzəyən saysız-hesabsız ulduzlar və onların arasındakı üçgünlük Ay arx boyu düzülmüş söyüdlərin təzə açılan yarpaqlarını zəif-zəif işıqlandırırdı. Aşağı dərənin qaranlığında yalnız taxtapuşu seçilən dəyirmandan işıq gəlirdi. Mənim gözlədiyim qız atasına – dəyirmançı Musa dayıya axşam yeməyi aparmışdı. Mən bunu gündüz özündən öyrənmişdim. Ona görə də, indi burada dayanıb, gözümü dəyirmandan gələn cığıra zilləmişdim. Yarım saatdan bəri idi ki, həyəcan və intizar içindəydim. Əslinə baxsan, yarım saat deyil, düz yarım il idi. Yarım il idi ki, hər gecə mən bu cür həyəcan və intizar içində səhərin açılmasını gözləyirdim. İndi isə burada, ulduzların altında səhəri deyil, onun özünü gözləyirdim. Təzə açılmış söyüd yarpaqlarının xışıltısını, dəyirman çarxının üzərinə tökülən bahar suyunun coşğun şırıltısını dinləyərək onu gözləyirdim.Mən də, bu gözəl yaz gecəsi də həyəcan və səadət içindəydik. Biz ikimiz də, mən də, bahar da, mənim arzularım da, baharın açdığı bu söyüd yarpaqları da gənc idik. Bizim üzərimizdən fırtına keçməmişdi. Biz həyəcan və coşğunluq içində irəliyə can atırdıq. Biz arzu və ehtiraslar selinə düşmüşdük! Biz təzə gəldiyimiz bu dünyaya nə isə yeni bir şey, yeni bir gözəllik bəxş etmək həvəsi ilə çırpınırdıq. Biz bu barədə düşünmürdük, lakin bu, belə idi. Bizim fərəhimizdəki sirr bundan ibarət idi. Bu, böyük və əzəmətli həyatın əbədi qanunlarından biri idi!..
Başqa şairlərin şeirləri
Bir solğun çiçəyəm, bir san yarpaq,Candan şikayətkar, canandan iraq.
Aləmdə var aşiqidən bir mənəm sənəAləmdə var aşiqidən bir mənəm sənə,Bil qədrimi ki, bunca mənəm, ey sənəm, sənə.
Genə bicarə könül düşdü bir əyyar əlinəGenə bicarə konul duşdu bir əyyar əlinə,Rəhmi yox, mohnəti cox, şuxi-sitəmkar əlinə.
Pet qəpikFəqir kasıb oldu əyaldan xəcil,Hər nəmnə dindirirsən pet qəpik