Səhifə 37 / 39 · 92%

Bayırda maşın səsi eşidildi. Sonra qapım döyüldü.

– Buyurun!

Hümmət içəri girdi. Mən tikişi tullayıb cəld ayağa qalxdım:

– Xoş gəlmisiniz, xoş gəlmisiniz. Həmişə siz gələsiniz.

Xalqımızda nə gözəl ürək sözləri var!

Hümmətin əlindən tutub stula tərəf çəkdim, mən onun gəlişinə o qədər sevindim ki, elə bil, min il görmədiyim əziz bir adamım gəlmişdi.

– Yox, oturmayacağam, bir dəqiqəliyə gəlmişəm, – dedi.

Və əlini yavaşca mənim əlimdən çəkərək davam etdi:

– Nuriyyə xanım, siz zəng eləmədiniz, mən də, şərtləşdiyimiz kimi, öz hesabımı götürdüm...

Mən qeyri-ixtiyari bir addım geri çəkilərək, həyəcanla ona baxdım. O, kirpiklərini endirib bir neçə saniyə susdu. Sonra ağıllı gözləri təkrar üzümə dikildi.

– Əlbəttə, sizdən rədd cavabı almaq mənim üçün o qədər də asan deyildi. Ancaq neyləmək olar?! Bu barədə bizim bir-birimizi məzəmmət etməyə haqqımız yoxdur. Mən bura umu-küsü eləmək üçün gəlməmişəm. Gəlmişəm deyəm ki, mən bütün ömrüm boyu sizi özümə yaxın, doğma bir adam hesab eləyəcəyəm. Hara gedirsiniz, gedin, kimi sevirsiniz, sevin, ancaq bilin ki, bu dünyada sizi bacı kimi istəyən, əziz tutan bir nəfər də vardır və siz istədiyiniz vaxt onun köməyinə, məsləhətinə müraciət edə bilərsiniz. Bir dost kimi ürəyinizi ona aça bilərsiniz.

Boğazıma yığılmış göz yaşımın qabağını ala bilmədim. Hümmət irəliləyib əlimdən tutdu:

– Ağlamaq nə üçün?

Mən başımı onun sinəsinə qoyaraq uşaq kimi hönkürdüm. O məni stula oturtdu.

– Sakit olun, Nuriyyə xanım. Bu nədir? Yəni, siz də ağlayarmışsınız! Yuxuda da görsəydim inanmazdım.

Nəhayət, mən gözümün yaşını silərək:

– Gəlin əyləşin, – dedim. – Bayaqdan ayaq üstəsiniz.

– Yox, icazə verin gedim. Mərkəzdən adam gəlib, rayonda məni gözləyir.

Mən stuldan qalxaraq:

– Ancaq söz verin ki, hərdən buralara da gələcəksiniz, – dedim.

– Mütləq. İndisə salamat qalın.

O çevrilib tələsik otaqdan çıxdı.

...Söyüdlü arxın Quzey qışlağa gedib çatdığı gün adamlarda gördüyüm sevinci heç zaman yaddan çıxarmayacağam. Hər iki kəndin camaatı tökülüb gəlmişdi. Rayon Partiya Komitəsinin katibi Süleymanzadə, rayon İcraiyyə Komitəsinin sədri Hümmət və bir çox başqa məsul işçilər də ordaydılar. Hamı dayanıb gözünü quru arxa zilləmişdi. Zurna-balabanda qədim bir hava çalınırdı. Qərənfil bacı ilə yanaşı dayanmış Nəriman əminin görünüşü ciddi və təntənəli idi.

Murad bir dəstə yerlisi ilə kənarda papiros çəkir, tez-tez saatına baxırdı. Nəhayət, uzaqdan çapa-çapa gələn bir atlı göründü. Adamlar tərpənişdi. Murad papirosunu tulladı. Nəriman əmi bir ayağını götürüb, o birini qoydu. Adamların üzündə narahat, həyəcanlı ifadə oxundu. Atlı çatıb xəbər verdi ki, suyu buraxdılar.

Bütün camaat hərəkətə gəldi. Zurna-balabanda “Koroğlu” havası çalındı. Uşaqlar suyun qabağına yüyürdülər, bir xeyli uzaqlaşandan sonra:

– Gəlir, gəlir – deyə qışqırışaraq, dönüb bizə sarı qaçdılar.

Bir qədərdən sonra quzeylilərin əsrlərdən bəri həsrətində olduqları su, uşaqların müşayiəti ilə, gəlib çıxdı. Adamlar gülümsəyirdilər. Qarılar bellərini əyərək suya baxır, dodaqlarının altında nə isə pıçıldayırdılar. Yaşlı kişilər diqqətlə tamaşa edirdilər. Cavan oğlanlar papaqlarını göyə atıb-tuturdular.

– Sağ olsun Murad! – deyə birdən onlar qışqırdılar.

Lakin Murad qədd-qamətinə yaraşan tələsik və gözəl bir hərəkətlə “sakit olun” mənasında əlini yuxarı qaldırdı. Sonra Nəriman əmiyə yaxınlaşaraq, onun əlindən tutub ucadan:

– Çox sağ ol, Nəriman əmi! – dedi. – Sənin iyirmi il qabaqkı zəhmətin olmasaydı, indi bu su gəlib bura çıxmazdı. Biz nankor adam deyilik. Quzeylilər səni heç bir zaman unutmayacaqlar.

Nəriman əmi, əli Muradın əlində, nəzərlərini yerə dikərək susurdu. Axırıncı sözləri eşidəndə sanki diksinərək başını qaldırıb Murada baxdı və birdən onu özünə tərəf çəkərək qucaqladı. Mən onun gözlərində yaş parladığını gördüm. Bu mənzərəni seyr edən yaşlı bir kişi dərindən “ah” çəkdi (mən o “ah”ın səbəbini indi bu sətirləri yazarkən də anlaya bilmirəm).

– Sağ olun, Nəriman əmi! Sağ olun, güneylilər! – deyə quzeylilər qışqırdılar.

Nəriman əmi Muradı boşlayaraq, dəsmalını çıxarıb gözlərini sildi.

...Mənim, min cür fikir və xəyallarla, kimsənin xəbəri olmayan acı iztirablarla, gülüş və qəhqəhələrlə dolu qış günlərim keçib getdi. Bu müddət ərzində həyatımda əhəmiyyətli bir hadisə olmadı. İşlərimiz, əvvəllərdə dediyim kimi, pis getmirdi. Biz “Əlli yaşında cavan”dan sonra iki musiqili komediya da hazırlayıb oynadıq. Gündüzlər məşq edir, kitabxanada məşğul olur, gecələr səhnəyə çıxırdıq. Artıq kitabxanamızın da xeyli oxucusu var idi. Kəndlilərin qışda asudə vaxtları çox olduğundan, hər gün kitabxanaya yığılırdılar. Yerli şivə ilə desək, sobaları dəmləyib oturduq. İndi tək mən yox, Səriyyə, hətta, Pirverdi, Kərəm, Almurad da kitabxanaya yığılan azsavadlı adamlar üçün bərkdən kitab, qəzet oxuyur və bundan ləzzət alırdılar.

Səriyyə bizim özfəaliyyət dərnəyimizdə iştirak etməklə bərabər, eyni zamanda, yaxşı bir kitabxanaçı olmuşdu. Mən adamlarımızın istedadına getdikcə daha çox heyrət edirdim. Onların bir işi sevib ondan ciddi yapışmaları lazımdır. Sonra dağı dağ üstünə qoyacaqlarına şübhə yoxdur. Səriyyə az zaman içərisində o qədər kitab oxumuş, o qədər tərəqqi etmişdi ki, sanki doqquz-on ay əvvəl mənim birinci dəfə gördüyüm qız deyildi. Nişanlısı bizim haqqımızda çıxan məqalədə onun da adını oxuyub təbrik yazmışdı. Ondan bəri qızın həvəsi daha bu sözdən deyildi. Hiss edirdim ki, mənim hər bir hərəkətimə diqqət yetirir, bəzən mənim kimi olmağa çalışır, bu, uzaq kənddə adi, xırda bir işçi olan məni fərəhləndirir və məsuliyyət hissimi artırırdı. “Görürsənmi, – deyirdim, – səni də təqlid etmək istəyənlər var”. Ona görə, mən də hərəkətimə, geyim və bəzəyimə fikir verməyə məcbur olurdum.

– Ay Nuriyyə bacı, bu qədər oxumağa necə vaxt tapmısınız? – deyə o tez-tez soruşardı.

– Mənim sənin kimi nişanlım olmadığından, mehrimi kitablara salmışam, – deyə zarafatla cavab verərdim.

Mən, eyni zamanda, ona qarşı özümdə bir analıq məhəbbəti hiss edirdim. Onun inkişafı məni sevindirirdi. Yalnız Səriyyənin deyil, hətta İmi ilə Ciminin də müvəffəqiyyəti məni fərəhləndirirdi. İndi onlar ora-bura qaçıb boş təşəbbüslərlə baş aldatmırdılar. Kəndin ortasında veyllənib bundan ona, ondan buna söz gəzdirmirdilər. Bunun üçün onların artıq nə vaxtı var idi, nə də həvəsi. Çünki onların təbiətində olan bir şey yaratmaq, bir şeylə nəzərə çarpmaq meyli, cəmiyyətdə müəyyən mövqe tutmaq cəhdi öz həqiqi istiqamətini tapmışdı. Nəhayət, onlar ürəkdən sevdikləri işlə həyatlarını təmin etmək imkanına malik olmuşdular. Artıq onların yaşamaq üçün saxta vasitələrə, yalan və fitnəyə əl atmağa ehtiyacları yox idi.

Mən bu fikrə gəlmişdim ki, bizim cəmiyyətimizin hər bir nöqsanlı üzvünü öz yerində oturtmaqla, ona həvəsi, qabiliyyəti olan işi verməklə düz yola salmaq olar. Bunun üçün adamlarımızın qəlbinə, ruhuna nüfuz etməyi bacarmalıyıq. Bizim bir-birimizi dərindən tanımağa, bir-birimizin ürəyinə yol açmağa, ona təsir etməyə imkanımız vardır. Qurduğumuz böyük cəmiyyət bizi ruhən bir-birimizə yaxın və doğma etmişdir. Biz qəlbən yalqız deyilik! Mənim könül bağımda nadir bir gül açmışdı. Mən onun ətri, onun rayihəsi ilə xoşbəxt idim. Mən onun hüsnünə heyran idim. Onunla yaşayırdım, onun əsiri, pərəstişkarı idim. Səhərlərim onunla işıqlanırdı. Gecələrim onun xəyalı ilə dönüb bir əfsanə olurdu. Bir gün təbiətə həyat verən bir yaz tufanı onu vurub məhv etdi. Mən onun qurumuş, cansız ləçəklərini yığıb qəlbimin vərəqləri arasında gizlətdim. Özüm isə, ölmədim, yaşadım. Mən ən əziz balasını itirərək, sağ qalmış digər övladlarından təsəlli alan bir anaya döndüm. Mən sarsıldım, vaxtından əvvəl qocaldım, lakin ölmədim. Mən ana və vətəndaşam. Artıq nə lazımdır?

Tez-tez ya Səadət bizə gəlir, ya mən onlara gedirdim. Muradın işi çox olduğundan, bizim məclisimizdə az-az görünürdü (quzeylilər Söyüdlü arxdan kəndin müxtəlif yerlərinə, tarlalara xırda arxlar çəkirdilər).

Səadətlə heç bir zaman keçmişləri xatırlamazdıq. Heç zaman o, Murad haqqında danışmazdı. Hər dəfə görüşəndə mən ondan “Murad necədir? Əlimərdan necədir?” deyə hal-əhval tutardım. O da mənim üzümə baxmadan “yaxşıdırlar, çox sağ olun” deyə yavaş səslə cavab verərdi. Yalnız bircə şey çox pis idi: mən Muradı tez-tez yuxuda görürdüm. Bu yuxular həmişə fərəhli və məsud olurdu. Biz, dərdsiz-qəmsiz şən vaxtlar keçirirdik. Biz nəyə isə gülür, nəyə isə sevinirdik. Ən şirin anlarda mən diksinib yuxudan ayılırdım və o xoşbəxt aləm mənə çox baha otururdu. Ona görə də, yuxu görməmək üçün gecələr turş qatıq içirdim.

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Mən və yeni həyat

Mən görürdüm ki, şəhərimizin cavanlarından bir hissəsi qırmızı komandirlər kimi ot rəngli parçadan köynək-şalvar geyinib, enli kəmər bağlayırlar. Dəstə-dəstə gəzərək bərkdən danışıb-gülürlər. Hələ desən, tüfəng götürüb milislərlə birlikdə dağlara, meşələrə qaçaq-quldur dalınca da gedirlər. İclas eləyib bəylərin, kapitalistlərin əleyhinə qəzəbli nitqlər söyləyirlər. Bu cavanlara «komsomol» deyirdilər. Elə bil ki, mənim özümdə də bəylərə, kapitalistlərə qarşı gizli bir kin varmış və bu kin indi zahirə çıxırdı. Komsomollarda hiss etdiyim mübariz ruh məni həvəsləndirirdi, sanki məni o axına qoşulmağa çağırırdı. Elə bil ki, məndə həyata potensial halında olan fəal müdaxilə qüvvəsi birdən-birə hərəkətə gəlib özünü göstərmək istəyirdi. Bir gün mən də cəsarətlə atama dedim:– Komsomol olmaq istəyirəm.

12 dəq
Gözlənilməyən sevgi

Darülfünunda dərslərin başlandığının dördüncü günü idi.Foyedə gənc bir oğlanla yaşlı bir qadın dayanmışdı. Hamı maraqla onlara baxırdı. Uca boyu, enli kürəyi olan bu qadın qara yun parçadan uzun tuman, ətəkli arxalıq geymişdi. Qara, sürməli gözləri sükutla baxır, günəşdən yanmış üzü soyuq bir qayğı ifadə edirdi. O, kimsəyə baxmadan nə haqqında isə düşünür və çubuq çəkirdi. Yanındakı ucaboylu oğlan olduqca şux geyinmişdi, lakin son dərəcə çirkin idi. Üzü çopur, burnunun ortası yəhər kimi yastı idi. Dodaqları qaba surətdə irəliyə doğru uzanmışdı. Cod və bozumtul kimi görünən saçları alnında bir bucaq təşkil edir və az qala burnuna qədər uzanırdı.

16 dəq
Apardı sellər Saranı

Ölüm qanadlarını Gülnarın üzərinə gərdiyi zaman o, Soltanını yanına çağırıb, gözlərindən öpdü...– Mən gedirəm, əzizim, – dedi, – günlərinə qəm qatma. Bu qoca dünya əzəldən belədir. Bilirəm, evlənəcəksən, cavansan. Amma Saramdan muğayat ol. Qoyma ögey ana sitəmi çəksin. Əgər xoşbəxt olsa, qəbrimin üstünə gəl... mənə de.

3 dəq
Su dəyirmanı

O gecə mən birinci dəfə idi ki, kəndimizin üst tərəfindən keçən dəyirman arxının yanında dayanıb onu gözləyirdim. Göy qübbəsini bəzəyən saysız-hesabsız ulduzlar və onların arasındakı üçgünlük Ay arx boyu düzülmüş söyüdlərin təzə açılan yarpaqlarını zəif-zəif işıqlandırırdı. Aşağı dərənin qaranlığında yalnız taxtapuşu seçilən dəyirmandan işıq gəlirdi. Mənim gözlədiyim qız atasına – dəyirmançı Musa dayıya axşam yeməyi aparmışdı. Mən bunu gündüz özündən öyrənmişdim. Ona görə də, indi burada dayanıb, gözümü dəyirmandan gələn cığıra zilləmişdim. Yarım saatdan bəri idi ki, həyəcan və intizar içindəydim. Əslinə baxsan, yarım saat deyil, düz yarım il idi. Yarım il idi ki, hər gecə mən bu cür həyəcan və intizar içində səhərin açılmasını gözləyirdim. İndi isə burada, ulduzların altında səhəri deyil, onun özünü gözləyirdim. Təzə açılmış söyüd yarpaqlarının xışıltısını, dəyirman çarxının üzərinə tökülən bahar suyunun coşğun şırıltısını dinləyərək onu gözləyirdim.Mən də, bu gözəl yaz gecəsi də həyəcan və səadət içindəydik. Biz ikimiz də, mən də, bahar da, mənim arzularım da, baharın açdığı bu söyüd yarpaqları da gənc idik. Bizim üzərimizdən fırtına keçməmişdi. Biz həyəcan və coşğunluq içində irəliyə can atırdıq. Biz arzu və ehtiraslar selinə düşmüşdük! Biz təzə gəldiyimiz bu dünyaya nə isə yeni bir şey, yeni bir gözəllik bəxş etmək həvəsi ilə çırpınırdıq. Biz bu barədə düşünmürdük, lakin bu, belə idi. Bizim fərəhimizdəki sirr bundan ibarət idi. Bu, böyük və əzəmətli həyatın əbədi qanunlarından biri idi!..

59 dəq

Başqa şairlərin şeirləri