Mən və yeni həyat
Səhifə 1 / 2
Mən görürdüm ki, şəhərimizin cavanlarından bir hissəsi qırmızı komandirlər kimi ot rəngli parçadan köynək-şalvar geyinib, enli kəmər bağlayırlar. Dəstə-dəstə gəzərək bərkdən danışıb-gülürlər. Hələ desən, tüfəng götürüb milislərlə birlikdə dağlara, meşələrə qaçaq-quldur dalınca da gedirlər. İclas eləyib bəylərin, kapitalistlərin əleyhinə qəzəbli nitqlər söyləyirlər. Bu cavanlara «komsomol» deyirdilər. Elə bil ki, mənim özümdə də bəylərə, kapitalistlərə qarşı gizli bir kin varmış və bu kin indi zahirə çıxırdı. Komsomollarda hiss etdiyim mübariz ruh məni həvəsləndirirdi, sanki məni o axına qoşulmağa çağırırdı. Elə bil ki, məndə həyata potensial halında olan fəal müdaxilə qüvvəsi birdən-birə hərəkətə gəlib özünü göstərmək istəyirdi. Bir gün mən də cəsarətlə atama dedim:
– Komsomol olmaq istəyirəm.
Gözləyirdim ki, atamın acığı tutacaq, amma belə olmadı. O gülümsəyib anama dedi:
– Deyəsən, bu elə anadangəlmə kommunistmiş...
Sonra atam məni, Qəza Partiya Komitəsində hansı böyük vəzifədəsə olan həmkəndlisinin yanına aparıb gülə-gülə dedi:
– Bizim oğlan da komsomol olmaq istəyir.
Cavan, xoşsifət bir adam olan həmin vəzifəli şəxs gülümsəyib zarafatyana dedi:
– Görünür, bu qəşəng oğlan atası kimi burjuy olmaq istəmir. Ancaq komsomola keçməsi hələ tezdir. Yaşı düşməz. – Və o, yəqin ki, mənim pərt olduğumu görüb, elə xoş əhvalla əlavə etdi. – Qoy hələlik pioner olsun, sonra keçər komsomola.
Ordan çıxandan sonra atam mənə ürək-dirək verib dedi:
– Eybi yoxdur, sonra keçərsən. Görünür, komsomolun qaydası belədi.
... Mənim pioner olmağım atamın da, anamın da xoşuna gəlirdi, elə bil ki, bununla onlar özlərinin də yeni həyat tərəfindən rədd edilmədiklərini hiss edib, sevinirdilər. Pioner təşkilatından bizə göy qədəhdən qısa tuman, ağ köynək və qırmızı qalstuk vermişdilər. Ancaq anam mənə özü qırmızı ipək parçadan qalstuk tikdi. Mən də hər gün dərsdən sonra böyük bir həvəslə bu paltarı geyib, qırmızı qalstuku da bağlayıb gedirdim dəstəmizin məşğələsinə. Həmin ipək qalstukumun yaz vaxtı bizim çölləri bürüyən lalə tək qıpqırmızı olmağı, parçasının lalə yarpağıtək zərifliyi məndə qəribə, təravətli bir ruh yüksəkliyi yaradırdı.
Bizim dəstəmizə bir komsomol oğlan rəhbərlik edirdi. O, bizə ən çox Sovet hökumətinin düşmənlərindən danışırdı. O deyirdi:
– Atası, qardaşı da Sovet hökumətinin düşməni olsa, pioner gərək onu bağışlamasın. O saat gedib çekaya xəbər versin. Bəylər, kapitalistlər istəmirlər ki, biz sosializm quraq, istəmirlər ki, hamı varlı yaşasın.
Mən soruşdum:
– Nə üçün istəmirlər? Hamının varlı olmağının onlara nə ziyanı var?
Dəstə rəhbəri dedi:
– Onlar kasıbların əməyi ilə varlanırlar, fəhlələri, kasıb kəndliləri istismar eləyə-eləyə dövlətlənirlər.
Mən soruşdum:
– Nə üçün fəhlələr, kəndlilər özləri də pul qazanıb dövlətli olmurlar ki, o biri dövlətlilər də onları istismar eləyə bilməsinlər?
Mən bu sualı səmimi verirdim. Kasıb, yoxsul insanlara acıdığım üçün verirdim. Mən özümü onların tərəfində hiss eləyirdim. Ancaq pinəçi bir kişinin oğlu olan həmin dəstə rəhbərimiz Qırmızı Fətiş (onun üzü qıpqırmızı olduğu üçün uşaqlar ona «Qırmızı Fətiş» deyirdilər) mənə qəzəblə baxıb acıqlı-acıqlı dedi:
– Sənin baban kimi, atan kimi bəylər, əfəndilər, burjuylar fəhlələrin, kəndlilərin qazancını tutub əlindən almasalar, əlbəttə ki, onlar da dövlətli olarlar.
– Düzdür!.. Düzdür!.. – deyə bir neçə uşaq yerindən səsləndi.
Muzdur Şirinin oğlu Fərəc ayağa durub, məni göstərərək dedi:
– Bunun babası naçərnik olanda mənim əmimi tutub dustaq eləmişdi.
Qonşumuz Sənəm xalanın oğlu da ona bağırıb dedi:
– Sənin əmin oğrunun bir idi.
Fərəc də ona hücum eləyib:
– Oğru sənin atandı!
Fərəclə Əyyub tutaşdılar. Dəstə rəhbərimiz Qırmızı Fətiş onları güclə aralaşdırdı. Mən babalarımın zülmkar olmadıqlarını, atamın da kapitalist olmadığını bilirdim. Bilsəm də, özümü bu uşaqların yanında suçlu hiss elədim. O gündən sonra mən bu pioner yoldaşlarımın məşğələlərində ürəklə, daxili sərbəstliklə iştirak eləyə bilmədim. Elə bil ki, onların yanında bir günahım vardı.
Həmin bu vaxtlar atamın ticarət işləri tamam iflasa uğramışdı. Tikinti materialları mağazası üçün lazım olan şeyləri keçmişdə atam gedib Moskva, Petroqrad, Xarkov, daha bilmirəm, hansı böyük şəhərlərdənsə alıb gətirirmiş. Amma indi o şəhərlərdə bütün fabrik-zavodlar milliləşdirildiyindən xüsusi alverçilərə heç nə satılmırdı. Ona görə də atam öz mağazasında satmağa bir şey tapmırdı. O biri tərəfdən də atam anama deyirdi ki:
– Xüsusi tacirlərə o qədər vergi qoyurlar ki, altından çıxmaq olmur.
Qərəz, bütün bunlara görə də atam mağazadakı olub-qalan şeyləri dəyər-dəyməzinə satdı, ticarəti yığışdırıb başladı özünə bab bir qulluq axtarmağa.
Atamın ticarətdən əlini çəkməyi məni sevindirirdi. Fikirləşirdim ki, daha pioner yığıncaqlarında Muzdur Şirinin oğlu Fərəc, «alverçi oğlu» deyib mənə sataşmayacaq. Qırmızı Fətiş də «tacir oğlu» deyib məni hədələməyəcək.
Amma atama heç yerdə iş vermirdilər. Ona görə də bizim dolanacağımız çox çətinləşirdi. Mən ibtidai məktəbin üçüncü-dördüncü sinfində oxuyanda Əvəz adlı oğlanla dostlaşmışdım. Onun da atası tacir idi. Özləri də bizim kimi varlı-hallı idilər. Amma Əzizin atası bic tərpənib Şura hökuməti qurulandan iki-üç il sonra ticarəti yığışdırıb, girmişdi dərzi artelinə. (Onun əvvəli də dərzi imiş, elə dərzilikdən də dövlətlənib tacir olmuşdu).
Dərsdən sonra Əvəzlə bir yerdə gəzib dolanırdıq. Yaz-yay vaxtı gedib Quruçayda, Köndələnçayın üstündəki Şırranda çimirdik. Bizim şəhərimizdə olan malakanlar Quruçayın qırağında böyük bostanlar əkib-becərirdilər. Əvəz bu bostanlardan tər xiyar alardı. (Məndə heç bir zaman pul olmazdı, məni belə şeylərə həmişə Əvəz qonaq eləyərdi). Biz ucsuz-bucaqsız çəmənliklərdə xiyar yeyə-yeyə gəzib söhbət edərdik, bəzən bu geniş düzənliklərin ortasında ən uca zirvə olan Qarı dağına çıxıb, ta Arazın o tayındakı başı qarlı Savalan dağınadək uzanıb gedən mənzərələrə tamaşa edərdik. Dünyanın genişliyi, buludsuz mavi göy altındakı çöllərin intəhasız görünüşü, gələcək haqqındakı xəyallarımız bizim qəlbimizdə xoş hisslər oyadırdı. Bu hisslər sanki bizim ürəklərimizi birləşdirirdi. Biz əvvəl komsomola, sonra kommunist partiyasına keçib böyük adamlar olacağımız barədə, bizim Qəza Partiya Komitəsinin katibi kimi ot rəngli parçadan qalife şalvar, boynuqatlama köynək, uzunboğaz çəkmə geyib komandirlər kimi enli kəmər bağlayacağımız haqqında qəribə sevincli söhbətlər edirdik. Bizim ikimizin də bəy oğlanlarından, Məşədi Qara kimi böyük dövlətlilərin oğlanlarından zəhləmiz gedirdi. Onlar bizə həddindən artıq lovğa görünürdülər. Mən təbiətən nə qədər bədbin idimsə, Əvəz bir o qədər nikbin idi. Ancaq bununla belə, gələcək haqqında xəyallarımız birləşirdi. İkimiz də yaxşı oxuyurduq. Əxlaq barədə, dərsləri mənimsəmək barədə müəllimlər həmişə bizi nümunə göstərirdilər. Biz ikimiz də riyaziyyatçı hesab olunurduq. Üstəli mən çoxlu kitab oxumağımla da məşhur idim. Əvəzgil bizə nisbətən indi yaxşı yaşayırdılar. Həftələrlə evimizdə ət xörəyi bişmirdi. Amma yoxsulluq mənim gözümə görünmürdü, mənim arzu-xəyal aləmimə təsir eləmirdi. Mənim qapalı daxili aləmimə ancaq tanıdığım və ya haqqında eşitdiyim insanların ağır taleyi daxil olub, onu sarsıdırdı. Məsələn, bir gün anam atama nağıl elədi ki, hamamçı Məşədi Həbibin o vaxt türk zabitinə qoşulub gedən qızı Məhbub xanım İstanbulda vərəm xəstəliyinə tutulub vəfat etmişdir. Özündən bir neçə vaxt sonra da əri vəfat etmişdir. Məhbub xanımın üç uşağı, burdan qulluqçu apardığı qızın ümidinə qalmışdır və bütün bu kədərli əhvalatı da Məhbub xanımın anası Xurşud xanıma həmin qulluqçu qız yazmışdır. Mən heç kəsə bu barədə bir söz demədən, hiss etdirmədən qərib ölkədə o cür vəfat eləyən gözəl Məhbub xanım haqqında, onun qərib ölkədə anasız-atasız qalmış balaları haqqında dərin bir hüznlə düşünürdüm. Halbuki Məhbub xanımın mənimlə yaşıd qardaşları, deyəsən, o ağır dərdi heç veclərinə də almırdılar.
Məhbub xanımın anası da dərdli qadına oxşamırdı. Mənsə insanların dərdinə biganə qala bilmirdim. Ancaq heç bir zaman nəyə acıdığımı, kimin dərdinə biganə qaldığımı büruzə vermirdim. Mən adamlara bu qədər yaxın ikən onları özümdən uzaq hiss edirdim.
Mən pioner təşkilatına daxil olduğum ilk vaxtlarda elə bilirdim ki, səmimi, hərarətli yoldaşlar tapmışam. Elə bilirdim ki, indiyə qədər mənə məlum olmayan yeni sevincli bir aləmə daxil oluram. Amma Qırmızı Fətiş atamı, babalarımı, «burjuy» adlandırıb mənə qəzəblənəndə, Muzdur Şirinin oğlu da ona dəm tutanda, elə bildim, məni döşümdən vurub, geri itələyib dedilər:
– Sən bizdən deyilsən!
Mənsə geri durmaq istəmirdim. İstəyirdim ki, mən də bu pioner yoldaşlarımla qaynayıb-qarışım... Mən sevincə, dostluq hərarətinə qarşı özümdə bir aclıq hiss edirdim. Ona görə də Qırmızı Fətişin, Muzdur Şirinin oğlu Fərəcin sözlərini yaddan çıxarmağa çalışaraq, pioner dəstəmizdə fəal iştirak edirdim. Dəstəmizdə divar qəzeti çıxarmağa başlamışdıq. Tezliklə məlum oldu ki, mən pioner həyatımız barədə, məktəbdə özümüzü aparmağımız barədə, gözəl məqalələr yazmağı bacarıram. Hətta, Qəza Pioner Təşkilatının sədri Cəbrayılov yoldaş özü məqalələrimi tərifləyib məsləhət gördü ki, məni divar qəzetimizə redaktor seçsinlər. Ancaq dəstə rəhbərimiz komsomol Fətiş etiraz eləyib dedi:
Kitabxana.az · https://kitabxana.az/works/ilyas-efendiyev-men-ve-yeni-heyat
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gecədir. Lisaneviç və Vanya gizli yerdə görüşürlər.*Vanya** (*hərarətlə*)
İyirmi beşinci şəkilGecədir. İbrahim xanın iqamətgahı. İbrahim xan ibadət paltarındadır.*Bu zaman Tubu xanım daxil olur.*
İyirmi altıncı şəkilGecə. İbrahim xan ailə üzvlərilə birlikdə böyük ipək çadırdadır. Xidmətçi həyəcanla daxil olur.*Xidmətçi**
İyirmi yeddinci şəkilAğabəyim ağa qara paltarda kənizləri ilə birgə səhnəyə daxil olur. Saday bəy ilə Əbülfət xan da oradadırlar.*Ağabəyim ağa**
Başqa şairlərin şeirləri
Bülbüllər ötüşüb naz ilə oynar,Yanaqların oxşar gülə, Tükəzban!
Bizdə də var, sizdə də varBir qaç ərbabi-həya sizdə də var, bizdə de var.Hədəfi-tiri-qəza sizdə də var, bizdə də var.
Mə’bədBir yığın daş kömülmüşdür torpaqların qoynundaDün keçərkən həzin bir səs dinləyirdim mən onda.
Hay mədədÇox çalışdım, mətləbimə çatmadımArzu mənim canda qaldı, hay mədəd