Mən və yeni həyat
Səhifə 2 / 2 · 50%
– Yoldaş Cəbrayılov, o, burjuy balasıdır!
Muzdur Şirinin oğlu Fərəc də yerindən təsdiq etdi.
Nazik, cavan, xoşsifət bir oğlan olan Cəbrayılov gülümsəyib dedi:
– Yaxşı, bəs kimi redaktor seçmək istəyirsiniz?
Qırmızı Fətiş məndən bir-iki yaş böyük olan Savalanı göstərib dedi:
– Bax bunu! Atası da kasıb qəssabdı.
Muzdur Şirinin oğlu Fərəc yenə də etiraz eləyib dedi:
– Onun atasının qəssab dükanı var.
Yoldaş Cəbrayılov bu sözə də gülümsəyib dedi:
– Yaxşı! Savalan olsun redaktor, Murad da olsun məsul katib.
Fərəc soruşdu:
– Yoldaş Cəbrayılov, burjuy oğlundan məsul katib olar?
Cəbrayılov eyni xoş sifətlə dedi:
– Olar. Siz çalışın burjuy balalarını öz tərəfinizə çəkin.
Doğrusu, bu anlarda «burjuy» sözü özü əsil mənasından çıxıb mənim təsəvvürümdə az qala əcaib bir divə çevrilmişdi. Muzdur Şirinin oğlu Fərəc də məni çox yandırmışdı. Ona görə də bir gün girəvələyib küçədə o ki var əzişdirib ağzının, burnunun qanını qatdım bir-birinə.
Sonra atası Muzdur Şirin əlində yaba, axşam bizim evə hücum eləyib bağıra-bağıra deyirdi:
– Burjuy köpəkuşağı! Bu da keçmiş vaxtdır?!
Atam pilləkənləri düşüb sakit səslə ona dedi:
– Yaxşı, Muzdur Şirin, uşaqlar dalaşıblar, yenə də barışarlar. Söyüş söymə.
Muzdur Şirin daha bərkdən bağıraraq:
– Qışqıraram da, canınızı da alaram! – deyib yabanı atama endirəndə atam havada yabanı tutub, onun əlindən aldı. (Mən atamın bu qədər qüvvətli olduğunu bilməzdim). Sonra itələyib darvazadan çıxardaraq, yabanı da ardınca tulladı.
Mən fikir elədim ki, Muzdur Şirin yabanı götürüb təzədən atama hücum eləyəcək. Ancaq belə olmadı. Muzdur Şirin yabanı götürüb, iti addımlarla getdi və bir az aralanandan sonra geri dönüb dedi:
– Köhnə iyiniz burnunuzdadı! Qəzəmətdə ağlın başına gələr!
Ancaq Muzdur Şirin şikayət eləmədi. Atam da mənə heç nə demədi. Anam o qədər qəzəblənmişdi ki, üzündə bir damcı qan qalmamışdı. Dalbadal papiros çəkərək atama deyirdi:
– Gərək yabanı alıb soxaydın o köpəkoğlunun qarnına, hücum çəkib evin üstünə gəlir!
Mən aydın dərk edirdim ki, Muzdur Şirin kimi adamlar bizi düşmən hesab edirlər. Bəlkə ona görə də atam hökumət idarələrində qulluq tapa bilmir. Mən onu da fikirləşirdim ki, əgər bizim təqsirimiz atamın bir zaman varlı olmasıdırsa, artıq bu var-dövlət çıxıb gedib işinə. İndi Muzdur Şirinin külfəti bizdən yaxşı dolanır. Qırmızı Fərəc hər gün tənəffüsdə otaylı Rəhimin dükanından alma-armud, qoz alıb yeyir. Amma mənim dəftər almağa da pulum olmur. Evdə də, demək olar ki, həmişə yarıac oluruq. Bir dəfə atam anama dedi:
– O vaxt adam bilsəydi ki, tacirləri də bu cür düşmən hesab eləyəcəklər, cütün dəstəsindən əl çəkməzdi.
Mən görürdüm ki, bu saat atamın çörəkpulu qazanıb bizi babat dolandırmaqdan başqa bir fikri yoxdur. Ona görə də Muzdur Şirinin, komsomol Fətişin bizi düşmən hesab eləmələri məni ağrıdırdı. «Axı bizim nəyimiz «burjuy»dur?!– deyə mən qəzəblə düşünürdüm. Bir dəfə atamgilin kənddəki keçmiş düşmənləri şeytanlıq eləmişdilər ki, guya, bizdə bir pud qızıl var. Bakıdan gəlmiş sarıbəniz, cavan bir çeka işçisi iki nəfərlə gecənin yarısı gəlib mülayim tərzdə anama (atam kəndə getmişdi) dedi:
– Xanım, deyirlər, sizdə çoxlu qızıl var. Xahiş eləyirəm, gətirin görək nədir onlar...
Yəqin məsələdir ki, bizdə «çoxlu qızıl» yox idi. Anam boyunbağılarını, iki-üç üzüyünü, qızıl qol saatını, balaca bir medalyonunu, bir neçə xırda-xuruş arvad zinətini gətirib tökdü çeka işçisinin qabağına.
O, yenə mülayim səslə soruşdu:
– Bəlkə yenə var?
Anam acıqlı cavab verdi:
– Olanı budur! İnanmırsız, axtarın.
Mən fikirləşdim ki, anamın sərt cavabına çeka işçisinin acığı tutacaq.
Ancaq acığı tutmadı. O, eyni mülayim ifadə ilə anama dedi:
– Bu zinətləri nə üçün gizləyirsiniz? Niyə özünüz, qızınız taxmırsınız?
Anam dinmədi. O zaman həmin oğlanla gələn və bizim yerli adamlardan olan Dəllək Əmrah:
– Yoldaş Cəmilov, – dedi, – bu arvad yalan deyir, icazə verin, evi axtaraq.
– Lazım deyil axtarmaq! – deyə çeka işçisi ona sərt cavab verdi. – Özü də qadın barədə bu nə cür danışıqdır?!
Anam bunu gözləyirmiş kimi rəngi qaçmış halda dəlləyə işarə ilə dedi:
– Buna bizlərdə «mərdimazar keçəl Əmrah» deyərlər, peşəsi eyzən ondan-bundan danos verməkdir.
Çeka işçisi bu söhbətin üstündən keçərək anamdan soruşdu:
– Əriniz nə iş görür?
Anam dedi:
– Heç bir iş. Qulluq vermirlər.
– Niyə?
– Niyəsini bundan soruşun, – deyə anam qəzəblə keçəl Əmrahı göstərdi.
Çeka işçisi yenə soruşdu:
– Özünüzün savadınız var?
Anam dedi:
– Bəli, var.
Çeka işçisi ciddi ifadə ilə dedi:
– Əriniz də, siz də işləyə bilərsiniz. Bəs indi nə ilə dolanırsınız?
Anam acıqlı dedi:
– Heç nə ilə. Nəyimiz vardı, hamısı bu hökumət gələndə, kənddə oğurlandı.
– İşləmək lazımdır! – deyə çeka işçisi təkrar etdi. – Bizim dövlətdə hər bir düz adam üçün iş var.
Onlar gedəndən sonra anam papiros çəkib, nə barədə isə xeyli düşündü. Sonra öz-özü ilə danışırmış kimi dedi:
– Görürsünüz, o Bakıdan gələn oğlan necə insaniyyətli adamdı?
O adam mənim də heç bir zaman yadımdan çıxmadı.
Mən keçəl Əmrahın bir zaman dəllək olduğunu bilirdim.
Neçə dəfə atam saçlarımı düzəltdirmək üçün məni onun dükanına aparmışdı. Dəllək Əmrah da həmişə atamı böyük hörmətlə qarşılayardı.
Mən heç başa düşə bilmirdim ki, həmin o Dəllək Əmrah indi şəhər sovetinin üzvü olandan sonra nə üçün bizimlə düşmən kimi rəftar edir? Bizdən nəyin qisasını alır? Niyə birdən-birə belə amansız adam olub?
... Biz ibtidai məktəbin beşinci sinfini bitirəndən sonra Əvəzi atası apardı Bakıya ki, təhsilini orda davam etdirsin. Mən də çox istəyirdim ki, atam məni də Bakıya aparsın, mən də Əvəz kimi orda oxuyum, bizim bu balaca şəhərdə kimin imkanı vardısa, uşağını ibtidai məktəbi bitirəndən sonra aparıb Bakıda oxumağa qoyurdu. Ancaq atam məni aparmadı. Başa düşdüm ki, məni Bakıda oxutmağa atamın gücü çatmır. Ona görə də çox məyus olub dinmədim. Əvəzdən ayrılmağım da mənə yaman təsir elədi. Biz söz verdik ki, bir-birimizə məktub yazaq.
... Mən şəhərimizdəki iki dərəcəli məktəbə daxil oldum.
1980.
Kitabxana.az · https://kitabxana.az/works/ilyas-efendiyev-men-ve-yeni-heyat
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gecədir. Lisaneviç və Vanya gizli yerdə görüşürlər.*Vanya** (*hərarətlə*)
İyirmi beşinci şəkilGecədir. İbrahim xanın iqamətgahı. İbrahim xan ibadət paltarındadır.*Bu zaman Tubu xanım daxil olur.*
İyirmi altıncı şəkilGecə. İbrahim xan ailə üzvlərilə birlikdə böyük ipək çadırdadır. Xidmətçi həyəcanla daxil olur.*Xidmətçi**
İyirmi yeddinci şəkilAğabəyim ağa qara paltarda kənizləri ilə birgə səhnəyə daxil olur. Saday bəy ilə Əbülfət xan da oradadırlar.*Ağabəyim ağa**
Başqa şairlərin şeirləri
Bülbüllər ötüşüb naz ilə oynar,Yanaqların oxşar gülə, Tükəzban!
Bizdə də var, sizdə də varBir qaç ərbabi-həya sizdə də var, bizdə de var.Hədəfi-tiri-qəza sizdə də var, bizdə də var.
Mə’bədBir yığın daş kömülmüşdür torpaqların qoynundaDün keçərkən həzin bir səs dinləyirdim mən onda.
Hay mədədÇox çalışdım, mətləbimə çatmadımArzu mənim canda qaldı, hay mədəd