Səriyyə
Səhifə 7 / 9 · 67%
Gündüz saat on birdə xəstəxanaya getdim və bütün cəsarətimi toplayaraq Cəvahir xanımı tapdım...
O məni görərkən:
– Bilirsinizmi, – dedi, – dünən xəstənin ayağını kəsdilər.
– Kəsdilər? – Mən alacalanmış gözlərimi ona zillədim.
– Bağışlayın... demək istəyirəm ki, professor Möhsünzadə onun ayağının şişini bir neçə yerdən yardı. O qədər zərdab töküldü ki... İndi vəziyyəti yaxşıdır, hərarəti bir dərəcə düşüb. Bu səhər qəhvə içdi.
Mən birdən əllərimlə üzümü qapayaraq ağladım.
– Bay, nə oldu? Nə oldu? – deyə Cəvahir xanım təəccüblə soruşdu...
Donumun cibindən yaylığımı çıxarıb:
– Heç nə... – deyə gözümün yaşını sildim...
Cəvahir xanım mənim əlimdən tutaraq:
– Onu görmək istəyirsinizsə, gedək...
– Axı bu gün görüş vaxtı deyil...
– Eybi yoxdur. Beş dəqiqəliyə olar...
O, arxası üstə uzanıb, əllərini başının altına qoymuşdu. Məni görərkən xəfifcə gülümsədi. Çoxdan idi ki, mən onun üzündə özümə aid mülayim ifadə görməmişdim.
– Hə, necəsiniz, yoldaş buldozerçi?..
– Deyəsən, daha kəsəsi olmadılar.
– Elə deyirlər...
– Amma yaman qaçdıq ha... – deyə o, təkrar gülümsündü.
Ordakı üç xəstə maraq içində mənə baxırdı.
Onlardan yaşlı bir kişi mənə müraciətlə:
– Deyir, Ağsu keçidində az qala sizi sel aparırmış...
– Elə bir şey var idi, – deyə mən zarafatyana cavab verdim, – ancaq qaçıb qurtardıq.
– Bizimki qaçmaqdan gəlib... – Qəribcan eyni təbəssümlə mənə baxırdı.
Həmin yaşlı xəstə:
– Vallah, qoçaq qızsanmış, – dedi.
– Çox tərifləməyin, nəzərlərsiniz...
– Allah eləməsin! Mənim gözümdə elə şey olmaz.
Onunla yanaşı yatan oğlan gülümsədi. Digər xəstə rus olduğundan, görünür, bizim söhbətimizi başa düşmürdü.
Birdən o, yastığa dirsəklənərək, buldozerçidən soruşdu:
– Vaşa jena?
Qəribcan qulaqlarına qədər qızarıb məzəmmətlə rusa baxdı. Mən gülərək:
– Net, – dedim. – Ne jena.
– Prostite, – o, təkrar yerində uzandı.
– İndi ayağınız ağrımır?
– Ağrıyır. Ancaq... dünənki ilə müqayisə eləyəndə babatdır.
Yaşlı xəstə:
– Elə deməyinə baxmayın, – dedi, – o cür yara yaman bərk ağrıyar... Sizə zarafat gəlir...
Mən beş dəqiqə əvəzinə on dəqiqədən artıq oturaraq, palatadan çıxdım.
– Amma yaman oğlanmış, – deyə Cəvahir xanım nağıl edirdi.
– Ayağını bir o qədər doğradılar, bir dəfə «uf» demədi. Bihuşdarı verməyə də qoymadı. Özü də gərək ki, mühəndisdir... Eləmi?
– Xeyr, buldozerçidir.
– Sizin qohumunuzdur?
– Yox! Mənim heç nəyim deyil.
«Qəribədir... Nə üçün hamı bu sualı verir? Nə üçün hamı onu mənim nəyimsə hesab edir?»
Mən Cəvahir xanımdan ayrılandan sonra poçta gedib Adilə belə bir teleqram vurdum:
«Mən sağ və salamatam. Xahiş edirəm Soltanla Kərəmxana deyəsən ki, Qəribin vəziyyəti yaxşıdır. Narahat olmasınlar. Mənim ünvanım beladir...»
Sonra bazara gedib, ət, pomidor, göy-göyərti, meyvə alıb taksidə qızgilə gəldim. O mənə diqqət yetirib:
– Deyəsən, oğlan yaxşıdır?
– Yaxşıdır, – deyə mən çox ürəklə cavab verdim.
Biz yaxşı bir yemək hazırladıq. Buldozerçinin payını çəkib soyuducuya qoyduq və səhər tezdən götürüb xəstəxanaya getdik. Bu gün görüş vaxtı olmadığından, Qəribin yanına buraxmadılar. Dostum Cəvahir xanım da bu gün istirahətdəydi. Apardığımız şeyləri başqa bir şəfqət bacısı ilə göndərdik. O, Qəribdən balaca bir məktub gətirdi. «Nə üçün zəhmət çəkirsiniz... Burada bizə hər şey verirlər. Qılçam yaxşıdır. Sağ olun!»
Mən məktubu bərkdən oxuyub qurtaranda, qız buldozerçiyə müraciət edirmiş kimi, sevinclə səsləndi:
– Siz də sağ olun!
Axşamçağı biz gülüb, danışa-danışa dəniz kənarındakı açıq kinoteatra getdik. «Vaterloo körpüsü...» adlı ingilis filmi göstərilirdi. Filmdə iki gənc bir-birini sevir. Sonra oğlan qızdan ayrılaraq, cəbhəyə gedir və hiss edirsən ki, bu gediş əbədidir. Yəni sevgililər heç vaxt görüşməyəcəklər. Oğlan müharibəyə gedəndən sonra qız tək qalıb onu xatırlayır. Bu an manikürçünün qızı özünü saxlaya bilməyib ağladı. Mən gülümsəyərək:
– Dava vaxtı bundan da dəhşətli şeylər olub.
O, gözünün yaşını silərək:
– Çox acı xatirədir, – dedi, – yazıq qız...
Mən:
– Eybi yoxdur, – dedim, – Jorj Sand deyib ki, xatirə bizim ruhumuzun ətridir.
– Daha indi elə deyil! Əgər Jorj Sand bu dünyada necə xatirələr olduğunu bilsəydi, bəlkə də elə deməzdi.
Qız dərindən nəfəs alıb susdu. Sonra həyəcanla davam etdi:
– Elə xatirələr var ki, onlar ömrümüz boyu bizə əzab verir. Qarşımıza çıxan hər şirin günə bir damcı zəhər qatır. Eh... Jorj Sand...
Mən dinmədim. Doğrusunu söyləsəm, mənim həyatımda «ruhumun ətri» sanacağım elə bir xatirə də yox idi. Mənim indiyə qədər olub keçmiş ömrümdə hər şey lap adi və sadə idi. Lakin, doğrudan da, dünyada çox ağır xatirələr olduğunu eşitmişdim. Və and içmişdim ki, əgər özümdən asılı olsa, həyatımda heç bir acı xatirəyə yol verməyəcəyəm. Mən nənələrim kimi eləməyəcəyəm. Mən tamam ayrı cür yaşayacağam. Mən tamam başqa bir zamanın qızıyam. Mən süni peyk düzəldib səmaya buraxıram və bu peykin sürəti qarşısında zaman-məkan öz hökmünü itirir. Biz gələcəyə körpüsalanlarıq. Biz hələ çox körpülər salacağıq! Mən gələcəyə doğru hərəkət edərkən yaşayıram. Mən bu işin, bu fəaliyyətin bir hissəsiyəm.
Birdən, elə buradaca, mənim qəlbimi hələ səbəbini dərk etmədiyim bir fərəh bürüdü. Sonra buldozerçinin bayaqkı məktubu yadıma düşdü. Daha sonra onun tezliklə sağalacağını və hər ikimizin yenidən körpü salmağa qayıdacağımızı düşündüm.
Mənim xatirələrim başqa planetlərə göndərdiyimiz peyklərin saçdığı işığa bənzəyir...
Səhəri gün Adildən belə bir teleqram aldım:
«Sənin hərəkətlərin çox təəccüblüdür. Maşınla birlikdə dərhal geri qayıtmağını tələb edirəm».
– Kimdəndir? – deyə qız soruşdu.
Mən teleqramı ona verərək, güzgünün qabağına keçib saçlarımı düzəltdim. Mən güzgüdən qızı görürdüm. O, teleqramı nəzərdən keçirəndən sonra onu üsulluca stolun üstünə qoyub mətbəxə getdi və iki stəkan çayla geri qayıdaraq, bu barədə bir kəlmə belə soruşmadı. Ağıllı, həssas adamlara eşq olsun!.. Deyirlər ki, tünd çay əsəbləri müəyyən dərəcədə sakit edir... Mən çayımı isti-isti içdim. Sonra özüm qalxıb birini də tökdüm.
Mən çaydan sonra respublika yollar idarəsinin rəisinə zəng eləyib buldozerçinin başına gələn əhvalatı və mənim onu götürüb Bakıya gəlməyə məcbur olduğumu söylədim.
– Siz çox yaxşı hərəkət eləmisiniz, Səriyyə xanım, – deyə rəis cavab verdi, – mən sizə ayrı nə deyə bilərəm ki... Əgər xəstəyə bir şey-zad lazım isə...
– Xəstəyə heç nə lazım deyil. Bircə mən sizdən onu xahiş etmək istəyirdim ki, bizim idarə maşınında gəlməyimizi üzürlü hesab edəsiniz.
– O barədə sizə kim bir söz deyir ki?
– Heç kim.
– Deməli, işinizi ehtiyatlı tutursunuz... – deyə rəis telefonda güldü. – Mən sizin «QAZ-69»da gəlməyinizi üzürlü hesab edirəm. Bir də ki, maşının sahibi sizin yoldaşınızdır...
– Mən istəyirəm ki, bu işin üstündə Adilə bir söz deyilməsin...
– Deyilməz.
... Sonra dərhal poçta gedərək Adilə bir teleqram vurdum: «Mən buldozerçinin sağalmasını gözləyirəm. Onunla birlikdə gələcəyik. Maşın barədə narahat olma. Körpüsalanlara salam».
... Mən bilirdim ki, Adilin ixtiyarında başqa maşınlar da var... Bizim «QAZ-69»u gətirməyimiz onun işlərinə maneçilik törətməz. Lakin bununla bərabər, Adil kimi işgüzar adamın maşınının burada olması məni sıxırdı. Ona görə də istədim maşını elə lap bu gün qaytarıb aparım. Lakin aparmadım... Buldozerçini bu böyük şəhərdə o cür ağır halda qoyub gedə bilmədim. Bəlkə bu mənim tərəfimdən bir zəiflik idi... Bilmirəm...
Qız özünün və anasının paltarlarını sərib naftalin vuraraq yenidən şifonerə yığdı. Sonra biz birlikdə ev-eşiyi ürəyimiz istəyən kimi təmizlədik. Əyin paltarlarımızı yuyub ütülədik. Axşam xəstəxanaya zəng eləyib dostum Cəvahir xanımı telefona çağırdım. Əvvəlcə onun kefini soruşdum.
– Çox sağ olun! Təşəkkür edirəm, – dedi.
O, mənim ikinci sualımı gözləmədən əsl mətləbə keçdi:
– Xəstənizin kefi lap yaxşıdır. Ayağının şişi tamam yatıb. Bu gün hərarəti normal olub... Daha nə istəyirsiniz!?.
– Sizin sağlığınız!
Cəvahir xanım şaqqıldayıb güldü:
– Qəribcana nə deyim?
Mən zarafatyana:
– Siz onun adını nə yaxşı öyrənmisiniz!
– Mən qəşəng xəstələrin adını çox tez öyrənirəm...
– Doğrudanmı?
– Doğrudan. Yoxsa qısqanırsınız?
– Qısqanmıram.
– Qəribcana deyəcəyəm ki, siz yaman qısqancsınız.
– Sizdən inciyərəm...
Cəvahir xanım təkrar bərkdən gülərək:
Kitabxana.az · https://kitabxana.az/works/ilyas-efendiyev-seriyye-3
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Səhəri gün heç gözlənilmədən Bayram babam Qızılbaşoğlu Alı ilə gəldi. Babam qaçarağı və nəcib cinsdən olmağı ilə məşhur kəhər atını minmişdi. Belində onatılan tapança, ayaqlarında zərif xromdan tikilmiş uzunboğaz çəkmə var idi. Babam həmişə yaxşı geyinərdi, uzun, təpəsi gen papağı ən bahalı dəridən olardı.O, atdan düşən kimi birinci mənim üzümdən öpdü və onun çallaşmış, qumral bığlarından gələn papiros iyi məndə sevincli bir hiss oyatdı. Babam bacım Mahtabı qucağına götürüb üzündən öpdü. Atamın, anamın kefini soruşdu. Ancaq nə Fatma nənəmlə salamlaşdı, nə də dayımla... Babamın gəlişi az qala bütün obada bayram şənliyi əmələ gətirdi, kişilər onun başına toplaşdılar.
Möhnət qocanın söylədikləri. Qızyetərlə çoban Mahmudun əhvalatı necə nağıl oldu?..Möhnət qoca uzun demisindən dərin nəfəs alıb dedi:– Sarıyataqlı Dəlisoy Gülmalının altı qızı olmuşdu. Yeddinci qızı olanda Gülmalı arvadını o ki var kötəkləyib dedi:
Muradın söylədikləriMöhnət qocanın söylədiyi bu misraların «Qızyetərlə çoban Mahmud» nağılına nə dəxli vardı? Nə üçün Möhnət qoca bu misraları heylə ürəkdən, heylə dərdli-dərdli deyirdi? Və bu sözləri söylərkən tamaşa elədiyi dağlarda nə görürdü? Kimləri görürdü? Yoxsa dağlardakı dumanda yox olub gedən cavanlığını, cavan sevgilisini görürdü?Mən birinci dəfə olaraq Möhnət qocanın və dumanlı dağların nisgilini duyurdum, amma anlaya bilmirdim ki, bu nisgil, bu qəribə kədər nədən ibarətdir? Sonralar da bu nisgil, bu kədər həmişə mənimlə idi. Sonralar da mən uzaq dağlara baxanda, aşıqların sazına, xanəndələrin muğamına qulaq asanda o kədəri, o nisgili hiss edirdim, amma mənasını anlaya bilmirdim, doğrusu, heç anlamağa da cəhd eləmirdim. Axşamlar gün batıb çıraqlar yananda da, el bir yurddan o biri yurda köçəndə də mən eyni kədəri, eyni nisgili hiss edirdim.
Gödək Nisə qırx adamı bir-birinə necə qırdırdı...Güney güzdəklilər Qayaburnu bağlarından dördtəkərli öküz arabalarında hey üzüm daşıyırdılar. Qayaburnu bağları uzun yalın o biri üzündə olub, kənddən bir kilometr aralıda idi. Bu bağlarda, demək olardı ki, Güney güzdəklilərin hamısının yeri vardı və bu yerlərin arasında çağ-çəpər qoyulmamışdı. Mən də həmişə təəccüb edirdim ki, meşə kimi qalın olan bu bağlarda hər kəs öz yerini necə tanıyır? Ancaq elə tanıyırlar ki, heç kəs kəsin bir ağacını belə səhv salmırdı. Qocaların danışdığına görə, Güney Güzdəyi də, burdakı bağları da atamgilin ulu babası Əhməd xoca salıb. Ona görə də bağların çoxu Əhməd xocanın törəmələri olan Əfəndi uşağına mənsub idi, yəni bizim tayfaya. Əhməd xoca əslən Ərzurumdan imiş. Necə olub ki, heylə uzaq məmləkətdən gəlib çıxmışdı bura? Heç kəs bilmirdi.Yəqin ki, bu bağlar bu dağdan burun kimi irəli uzanan qayanın qabağında olduğu üçün ona Qayaburnu bağları deyiblər.
Başqa şairlərin şeirləri
Vəh, necə kəc gərdiş eylər cərxi-kəcrəftar kəc!Əsr gəcdir, dovr gəc, dovrani-bədkirdar kəc.
TəcnisQəni Mövlam, budur səndən diləkim,Gələ bir gün bu diyarə sevdiyim,
MüştaqəmEy yar vəfadarım,Didarına müştaqəm,
HarasındadırTərlan quşum itirmişəm, araram,Görüm bu dağların harasındadır