Səriyyə
Səhifə 9 / 9 · 89%
... Mən səhər gedib Qəribcan üçün meyvəylə bərabər iki ağ tor köynək, bir neçə əl yaylığı aldım. Havalar bərk isti keçirdi. Xəstəxana köynəyinə nisbətən tor köynəklər sərin olardı. Buldozerçinin isti ilə arası olmadığını bilirdim.
Görüş növbəsi gözləyirdik. Əyinlərində ağ xalat olan baş həkimlə professor Möhsünzadə otaqların birindən çıxıb yanımızdan keçdikləri zaman baş həkim məni görüb ayaq saxladı. Möhsünzadə də dayanıb bizə baxdı.
Baş həkim:
– Salam, kişi qızı, – deyə bərkdən səsləndi.
Sonra:
– Sizin oğlan yaxşılaşır, – deyə əlavə etdi.
– Çox sağ olun!..
– Professora təşəkkür eləyin, – o, Möhsünzadəni göstərdi, – ancaq professora!
– Professor bizim boynumuza elə bir haqq qoyub ki...
– Doğrudur! Tamamilə doğrudur, – deyə baş həkim təsdiq etdi.
Professor qızarıb uşaq kimi gülümsədi.
Baş həkim soruşdu:
– Usta necədir?
«Yaxşıdır. Sizə salamı var» demək istədim. Yalan satmağa üzüm gəlmədi.
– Atamgili hələ görə bilməmişəm...
– Nə üçün? – Baş həkim təəccüblə üzümə baxdı.
– Bağdadırlar. Xəstəyə başımız qarışdı...
– Xəstənin kefi doxsan doqquzdur. Get atangili gör.
On beş dəqiqədən sonra bizim görüş növbəmiz çatdı. Qəribcan bizi görəndə dikəlib oturdu. Əllərini yanlardan yerə dirəyib qalxarkən üzünün qızarmasından yaralarının hələ ağrıdığını hiss elədim. O biri xəstələrlə də köhnə dost kimi salamlaşdım. Sonra əlimizdəki şeyləri dolabçanın üstünə qoyaraq stul çəkib oturduq.
– Yaman isti keçir, – deyə Qəribcan şikayətləndi.
– Eybi yoxdur, – dedim, – Bakının istisi xeyirlidir.
– Uşaqlardan nə xəbər var?
– Hələlik bir şey yoxdur.
– Yəqin ünvanı bilmirlər.
– Yox. Mən Adilə yazmışam.
– «QAZ-69» buradadır?
– Buradadır.
– Bəlkə siz qayıdasınız...
– Biz bir az gəzmək istəyirik. Mən Bakı sarıdan çox qəribsəmişəm..
– Siz bakılısınızmı? – deyə yaşlı xəstə soruşdu.
– Bəli!
– Qayıtsanız yaxşıdır, – deyə Qəribcan təkrar etdi. – Maşın işdə lazım olar.
– İşdə maşın çoxdur. Mən burada rəisin özündən də icazə almışam. Nə üçün sən bizi Bakıdan qovmaq istəyirsən?.. (Mən birinci dəfə ona «sən» dedim).
– Siz öz evinizə düşmüsünüz?
– Yox! Qızgilə!
Yaşlı xəstə bizim söhbətimizə çox maraqla qulaq asırdı.
– Tələsik gəldiyimiz üçün mən evin açarını götürməmişəm.
O susdu. Üzündəki qayğı və kədər məni darıxdırdı.
– Nə vaxt çıxırsan?
– Məndən olsa, bu gün.
Qız:
– Yox, – dedi, – qoyun yaranız əməlli sağalsın.
– Əlbəttə... Ancaq bura yaman isti olur.
Yaşlı xəstə əlavə etdi:
– Bakı – Bakıdır.
– Bu səhər professor dedi ki, iki gündən sonra ağacla gəzmək olar.
– Xəstəxananın yaxşı bağçası var.
– Bircə tez sağalaq, gedək, – deyə yaşlı xəstə cavab verdi. – Bağçasını-zadını istəmirik.
Qərib soruşdu:
– Bütün günü neyləyirsiniz?
– Gəzirik, – dedim, – istirahət edirik. Dünən axşam Dağüstü parka getmişdik.
Birdən qız gülərək əli ilə ağzını tutdu. Mən də güldüm.
– Nə olub? Deyəsən, sizdə bir iş var...
– Heç bir şey.
– Yenə...
– Mən bir oğlana bir-ikisini çəkmişəm... – deyə ancaq onun eşidəcəyi yavaş səslə cavab verdim.
– Nə üstə?
– Zəhləmizi aparırdı, söz atırdı.
– Nə cür çəkdin? – Qərib birdən-birə mənə «sən» deyə müraciət edərək, maraqla soruşdu.
– Yaxşı qırmızı sifəti var idi. İki sillə tutuzdurdum.
– Dağüstü park sərin olur.
Mən gətirdiyim əl yaylıqlarından birini çıxarıb ona verərək:
– Üzünü sil, – dedim, – tərləmisən.
O, yaylığı alıb alnını, boynunu sildi:
– Dünyada bu tərləməkdən də dilxorçu şey yoxdur.
Yaşlı xəstə:
– Elə demə, oğlum, bu dünyada mənasız şey yoxdur. Tərləmək də lazımdır.
– Elədir, – deyə mən təsdiq etdim.
Sonra qalxıb ayrıca kağız torbada gətirdiyim gilas və gilənarı digər üç xəstənin arasında böldüm.
– Lazım deyil. Nə zəhmət çəkirsiniz... – deyə cavan xəstə etiraz etdi.
– Zəhməti yoxdur! Burada yenə var.
– Çox sağ ol, qızım!
– Papiros çəkəniniz var?.. – deyə yaşlı xəstədən soruşdum.
– Qriqori İvanoviç çəkir.
Mən Qəribcan üçün aldığım «Kazbek»dən üç qutu götürüb ona verdim.
– O, spasibo, – Qriqori İvanoviç gülümsədi və bir papiros çıxarıb ağzına qoyaraq yandırdı. – Siz haradan bildiniz ki, bizim papirosumuz qurtarıb?
– O, sehrkardır, hər şeyi bilir... – deyə Qəribcan da papiros çıxarıb yandırdı.
– Təəssüf ki, – yavaş səslə cavab verdim, – mən çox şeyi bilirəm... Ancaq bilməsəydim, yaxşı olardı.
Onun üzü dərhal ciddi ifadə aldı.
Biz qalxdıq.
– Nə tələsirsiniz... – deyə yaşlı xəstə mənə baxdı.
– On dəqiqəliyə icazə almışıq... Oturduğumuz iyirmi dəqiqədən artıqdır. Sağ olun!
– Siz də sağ olun!
Biz palatadan çıxdıq. Evə gələndə qonşu mənə balaca bir məktub verdi. Adil yazırdı: «Mən bu səhər gəlmişəm. Saat üçə qədər evdə olacağam».
Qızla nə vaxt görüşəcəyimizi şərtləşəndən sonra «QAZ-69»a əyləşib öz evimizə getdim. Maşını həyətdə qoyub yuxarı çıxdım. Əvvəl dediyim kimi, biz təzə tikilmiş binalardan birində olurduq. Öz qapımıza çatıb dayananda mənə anlaşılmaz soyuq bir hiss hakim oldu və səbəbsiz halda hirsləndim. Mən yuxarı mərtəbədən enən yaşlı qadının salamına qaşqabaqla cavab verib düyməni basdım. İçəridə yavaş ayaq səsləri eşidildi. Sonra qapı üsulluca açıldı.
Mən içəri daxil olub eyni soyuq ifadə ilə:
– Salam, Adil, – dedim, – nə vaxt gəlmisən?
– Bu səhər. Sənə yazmışdım ki...
– Hə, yazmışdın.
Mən hansı bir ağır duyğunun təsiri iləsə otaqda heç nəyə nəzər salmırdım. Divanda əyləşib saçlarımı darayır və pəncərədən görünən Dağüstü parka baxırdım. Lakin mən Adilin necə həyəcanla var-gəl elədiyini görürdüm. O, birdən bufetin qabağında ayaq saxlayıb, kəskin hərəkətlə mənə sarı döndü. Mən də nəzərlərimi Dağüstü parkdan çəkib ona baxdım. O, görünür, qəzəbini zorla boğmağa çalışaraq:
– Bu nə işlərdir sən mənim başıma gətirirsən? – dedi.
– Mən onun ayağının kəsilməsinə razı ola bilməzdim, Adil!
– Cəhənnəm olsun onun ayağı da... sən də!
Mən düz onun gözlərinin içinə baxıb, cavab vermədim.
– Nə üçün onu yoldaşlarından biri gətirmirdi, sən gətirirdin?
– Mən də onun yoldaşlarından biri deyiləm?
– Sən, hər şeydən əvvəl, ərli qadınsan! Mən sənin ərinəm! Sən, heç olmazsa, məndən icazə almalı idin!
– Sən yox idin, dedilər axşam qayıdacaqsan.
– Niyə gözləmirdin?
– Gec olardı. Qanqren çox sürətlə artırdı.
– Bəs nə üçün ölmədi?
– Həkimlər və mən qoymadıq.
– Sən əclafların əclafı imişsən.
– Bu sözlər mənasızdır. Adil, mən səni sevmirəm.
O, yemək stolunun üstündəki büllur vazanı qapıb var gücü ilə başıma tolazladı. Əgər başımı bir an gec qaçırsaydım, şübhəsiz, işim bitmişdi. Vaza divara dəyib çilikləndi. Mən qalxıb ona tərəf bir-iki addım ataraq dayandım.
– Bunlar hamısı nahaqdır, Adil! Mən heç bir zaman səni qəhrəman hesab eləməmişəm. «QAZ-69» aşağıdadır. Bu ev-eşikdən isə, öz əyin paltarımdan başqa heç nə istəmirəm.
Sonra tələsmədən yataq otağına keçərək şifoneri açıb paltarlarımı vaxtilə evimizdən gətirdiyim böyük çamadana yığmağa başladım. Mən Adilin divanda oturub iki əli ilə başını tutduğunu güzgüdə görürdüm. Bu paltarları mənə Adil almışdı. Lakin bunların əvəzində mən evimizdən gətirdiyim şeyləri götürmürdüm. Çamadanı və qış paltomu götürüb təkrar yemək otağına keçdim.
– Hələlik, Adil!
O, başını qaldırıb əvvəl mənə, sonra çamadana, sonra yenə də mənə baxdı. Onun gözlərində birdən-birə yaranan qorxmuş, mülayim ifadə məndə ikrah hissi doğurdu.
– Yaxşı, çamadanı yerə qoy. Lazım olsa, sonra gedərsən.
– Yox, Adil, elə indi getmək lazımdır.
– Sən məni camaat içində, təşkilatlar qarşısında biabır elədin! Mən sənə nə eləmişdim?
– Mən səni biabır edəcək heç bir pis iş görməmişəm, Adil!
O, acı-acı gülümsədi.
– Hələ bir danışırsan da...
– Görünür, mən sənin tələb etdiyin kimi hərəkət eləyə bilmirəm. Heç bir zaman da eləyə bilməyəcəm.
– Sən mənə öz xoşunla gəlmişdin... Səni heç kəs məcbur eləməmişdi.
– Doğrudur!
– Sən, hətta özünü elə göstərirdin ki, guya... guya məni sevirsən də...
– Mən özümü elə göstərmirdim, Adil! Mən, doğrudan da, elə güman edirdim.
– Bəs sonra nə oldu? – deyə məzlum bir ifadə ilə soruşdu.
Mən ona uzun və kəskin bir nəzər salaraq:
– Sonra nə olduğunu bilmirəm, Adil! Ancaq mən səni daha istəmirəm.
– Mən sənə nifrət eləməliyəm.
– Ola bilər.
– Sənin bədbəxtliyin orasındadır ki, gələcəyini görə bilmirsən.
– Bizdən hər birimiz gələcəyi ayrı cür görürük. Mən hiss edirəm ki, biz heç bir zaman gələcəyə eyni gözlə baxa bilməyəcəyik.
Bir qədər susaraq əlavə etdim:
– Gələcək isə həyat deməkdir. Ona görə də biz ayrılmalıyıq. Sağol!
Mən çamadanı götürüb qapıdan çıxdım.
Kitabxana.az · https://kitabxana.az/works/ilyas-efendiyev-seriyye-3
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Səhəri gün heç gözlənilmədən Bayram babam Qızılbaşoğlu Alı ilə gəldi. Babam qaçarağı və nəcib cinsdən olmağı ilə məşhur kəhər atını minmişdi. Belində onatılan tapança, ayaqlarında zərif xromdan tikilmiş uzunboğaz çəkmə var idi. Babam həmişə yaxşı geyinərdi, uzun, təpəsi gen papağı ən bahalı dəridən olardı.O, atdan düşən kimi birinci mənim üzümdən öpdü və onun çallaşmış, qumral bığlarından gələn papiros iyi məndə sevincli bir hiss oyatdı. Babam bacım Mahtabı qucağına götürüb üzündən öpdü. Atamın, anamın kefini soruşdu. Ancaq nə Fatma nənəmlə salamlaşdı, nə də dayımla... Babamın gəlişi az qala bütün obada bayram şənliyi əmələ gətirdi, kişilər onun başına toplaşdılar.
Möhnət qocanın söylədikləri. Qızyetərlə çoban Mahmudun əhvalatı necə nağıl oldu?..Möhnət qoca uzun demisindən dərin nəfəs alıb dedi:– Sarıyataqlı Dəlisoy Gülmalının altı qızı olmuşdu. Yeddinci qızı olanda Gülmalı arvadını o ki var kötəkləyib dedi:
Muradın söylədikləriMöhnət qocanın söylədiyi bu misraların «Qızyetərlə çoban Mahmud» nağılına nə dəxli vardı? Nə üçün Möhnət qoca bu misraları heylə ürəkdən, heylə dərdli-dərdli deyirdi? Və bu sözləri söylərkən tamaşa elədiyi dağlarda nə görürdü? Kimləri görürdü? Yoxsa dağlardakı dumanda yox olub gedən cavanlığını, cavan sevgilisini görürdü?Mən birinci dəfə olaraq Möhnət qocanın və dumanlı dağların nisgilini duyurdum, amma anlaya bilmirdim ki, bu nisgil, bu qəribə kədər nədən ibarətdir? Sonralar da bu nisgil, bu kədər həmişə mənimlə idi. Sonralar da mən uzaq dağlara baxanda, aşıqların sazına, xanəndələrin muğamına qulaq asanda o kədəri, o nisgili hiss edirdim, amma mənasını anlaya bilmirdim, doğrusu, heç anlamağa da cəhd eləmirdim. Axşamlar gün batıb çıraqlar yananda da, el bir yurddan o biri yurda köçəndə də mən eyni kədəri, eyni nisgili hiss edirdim.
Gödək Nisə qırx adamı bir-birinə necə qırdırdı...Güney güzdəklilər Qayaburnu bağlarından dördtəkərli öküz arabalarında hey üzüm daşıyırdılar. Qayaburnu bağları uzun yalın o biri üzündə olub, kənddən bir kilometr aralıda idi. Bu bağlarda, demək olardı ki, Güney güzdəklilərin hamısının yeri vardı və bu yerlərin arasında çağ-çəpər qoyulmamışdı. Mən də həmişə təəccüb edirdim ki, meşə kimi qalın olan bu bağlarda hər kəs öz yerini necə tanıyır? Ancaq elə tanıyırlar ki, heç kəs kəsin bir ağacını belə səhv salmırdı. Qocaların danışdığına görə, Güney Güzdəyi də, burdakı bağları da atamgilin ulu babası Əhməd xoca salıb. Ona görə də bağların çoxu Əhməd xocanın törəmələri olan Əfəndi uşağına mənsub idi, yəni bizim tayfaya. Əhməd xoca əslən Ərzurumdan imiş. Necə olub ki, heylə uzaq məmləkətdən gəlib çıxmışdı bura? Heç kəs bilmirdi.Yəqin ki, bu bağlar bu dağdan burun kimi irəli uzanan qayanın qabağında olduğu üçün ona Qayaburnu bağları deyiblər.
Başqa şairlərin şeirləri
Vəh, necə kəc gərdiş eylər cərxi-kəcrəftar kəc!Əsr gəcdir, dovr gəc, dovrani-bədkirdar kəc.
TəcnisQəni Mövlam, budur səndən diləkim,Gələ bir gün bu diyarə sevdiyim,
MüştaqəmEy yar vəfadarım,Didarına müştaqəm,
HarasındadırTərlan quşum itirmişəm, araram,Görüm bu dağların harasındadır