Səhifə 12 / 22 · 50%

Kişmiş oyunundan başın açılsaydı, o günlərdə sən SafAğ Elmindən də xəbər tutardın, Stalinin Cənubda Milli Hökumət kadrlarını topun altına verdiyindən də xəbər tutardın və bu il, min doqquz yüz səksən səkkizinci ilin axırında kütləvi terror planının həyata keçirilməsi üçün topların lülələrinin Azərbaycana yönəldiyini bilərdin, Şüşəliyə “könüllü ölməyə gəlmək” əvəzinə, bir vətəndaş və çekist kimi, bu silahları qabaqcadan sındırmaqla məşğul olardın.

Qısası, bugünkü ölümüyün səbəbi məhz o kişmiş oyunudu, əmi!

Təsəvvürünə gətir ki, İlan hələ o vaxtlar xəbərdardı sənin Varisliyindən, hələ o vaxt “başını otun arasından qaldırıb deyirdi: “Ye, dadlıdı!” Çax-çux Xalıq özü düzəltmişdi o kişmiş oyununu. Ətrafında səni oyundan ayırası insan yoxuydu. Nə əmin Sultan Əmirli insanıydı, nə də atan Mədəd Əmirli! Gözün kəllənə çıxmasın. Çox ağırdı dəstanın bu parçası!

“Gözünü açıb dünyaya baxanda Səməd özünü kandarında çəmənotu və qazayağı bitən, tavanında qaranquşlar uçuşan nəhəng bir otaqda, səhərdən gecə yarıya qədər bu otağa dəstə-dəstə gəlib gedən cəmaat arasında “əziz-ərköyün sədr oğlu” kimi, “şəxsən Sultan Əmirlinin dizinin dibində oturan Əmirli yetirməsi kimi”, “ordenli bolşevik Qılınc Qurbanın atının tərkində gəzən və yetdiyinə yetib, yetmədiyinə bir daş atan dəliqanlı” kimi görmüşdü. Nəsillikcə alverçi olan və var-dövlətlərini qorumaq üçün həyət-bacalarında çoxlu it saxlayan Qudalı məhləsinin itlərini döyərdi; Əmirlilərə açıq-açığına “düşmənlərim” deyən Xəlvət Rəhimin atının quyruğunun altına tikan qoyub soncuqladardı; Gülgəzin atası Məmiş Əlləzoğluna “Göbələk Məmiş” deyib qaçışan Qudalı cavanlarını “deşiklərinəcən qovardı”, əlinə keçənlərin ağızburunlarının qanını bir-birinə qatardı: Qudalı cavanlarının atamanı Qeybalı, Qonaqlının partkomu Cəfər əminin – Lüt Cəfərin özündən iyirmi yaş kiçik arvadı Ayna bacının “ora-burasına baxanda” Qeybalını “Dantes köpəyoğlu” adlandırıb “duelə” çağırardı və dueldə sapandına daş əvəzinə mal peyini yığıb, Dantes Qeybalının üz-gözünü, üst-başını batırardı. Belə dəliqanlılığına görə Qudalı cavanları ona “Dəli Səməd” deyirdilər və yəqin ki, elə haqlı deyirdilər. Daim dingildəyib hökmən nə isə eləmək, hətta gecələr çarpayıda da kişmiş oyunu oynaya-oynaya qaynayıb yorğan-döşəyi, balıncı əzişdirib bir-birinə qatışdırmaq heç də adi, normal adam vəziyyəti deyildi axı, ay əmi!

Mən OdAğÜzdə Bağlarımıza, ƏlAğ EySarının özünə də üsyana qalxmışam: necə yəni “beyinə təsir olar, təzyiq olmaz?!” Bu əbədi qanuna atan Mədəd də qul idi, əmin Sultan da, Xızr Abı da, Çürük Aşıq da. Təzyiq beyinə zərərdir?! İnsan özü öz murdarlığını dərk edə-edə saflaşmalıdır?! Bəs əksinə olanda necə?!

Qısası, adam deyildin, əmi. Ətrafında da heç kəs yoxuydu. İndi görəcəksən.

Dəstan davam edir:

“Bezobraziye Mədəd Əmirlini öldürməyə hazırlaşanda – qırx altıncı ilin dekabrın iyirmi üçündə dünyadan xəbərsiz Dəli hələ də Gülbənizin önlüyündən kişmiş yeyə-yeyə Gülgəzə tamaşa eləyirdi. Ancaq o günü Çax-çuxun o taydakı şeyx qardaşlar barədə cəmaata danışdığı xəbəri qulağı alanda Səməd, nəhayət, əlini Gülbənizin önlüyündən çəkib, idarəyə – atasının kabinetinə yüyürdü və o gün də birinci dəfə eşitdi ki, demə, Sultan əmidən başqa Ağ Əmir, Boz Əmir adlarında şeyx əmiləri də varmış”.

Atan Mədəd Əmirlidən nə eşitdin o günü, yadındadımı, əmi? Xeyr, bütün həyatınla birlikdə sədr Mədədin o günü ölüm ayağında danışdığı “ƏlifLam” sirri də dumana bürünüb. Soruş bu cəmaatdan:” “Əlif” nədi? Nuru müəllim – Çoban Nurunun çobanlarından başlamış, başları norka papaqlı, damaqları “Marlbora”lı əhlikeyf ət torbalarından, şərqşünaslara, farsistlərə, ərəbistlərə qədər, hamısı bir ağızdan cavab verər ki, Kainat Elminin açarıdı “Əlif” – ƏlEv, ƏlAğdı, təhrifi “Allah”dı, “İdeal”dı – OdƏldi. “Allah”ı – ƏlAğ EySarı tanımıyan adam yoxdu burda. Əmma hamısı “Birliy”in əsiridi. Niyə? Çünki sadəcə, biliklərinin özülü yoxdu; “Ye, dadlıdı”. Budur özül! Bunu deyənin göstərdiyi kişmişə bağlıdılar bunlar, ƏlAğın göstərdiyi Kainata yox!

Qırx altıncı, əlli dördüncü illərdə sən necə idinsə, bu “Marlbora” sümürənlər də indi eləcədilər, əmi...

Xəlvətin alnı, sifəti, boyun-boğazı çalın-çarpaz “lekoplastr”la dolmuşdu. Əllərini dodaqlarının qıraqlarındakı qanlı “leykoplastr”ların üstünə qoyub:

– Çərənlə, çərənlə, – dedi, – Səhər saat onacan nə qədər çərənləyirsən çərənlə. Gedən gedəcək, yatan yatacaq, qalanlar sən dəlinin o dəlini nə təhər öldürdüyünü görəcəklər, inşallah! Xızrınız, Çürüyünüz, Səminiz, Şöşünüz-filanınız da maşına basılıb rədd olacaqlar burdan. Rus məhləsiynən bizim “Birliy”in tələbləriynən razılaşıb dillərini dinməzlərinə qoymasalar, Dam direktorunuznan o birilər də rəsmi sürüləcəklər burdan! Erməniyə veriləcək bu torpaqlar! Saz çalanlardan, göylərnən bağlı Bağlardan əsər-əlamət də qalmayacaq! Di danış!

Danış! Sağ-sola sapma! Qəhbəliyinizdən, heyvanlığınızdan danış! Sultanınıznan bir yerdə Qılıncınızın qatilliyindən də danışmalısan!

Doktor Nərimanovu, Lenini, qan çanağı bolşevizmi də ifşa etməlisən!.. Bunu, məncə, böyügün daha yerli-yataqlı danışar. Niyə qoymursan onu danışmağa?!

Mədədin səsində yenə də qəhər hiss olundu:

– Sadəcə, xəstədi. Ağır xəstədi o, ey daş, ey qaya! Demədimmi o hələ otuz dörd il bundan əvvəl, kənddən qovulduğu gündən sarsılıb, pozulub. “Vərəsə” adında dənizdə üzüb, min səhifəlik dissertasiya üstə eşələnib, Elm yayıb EySarın Ününü eşidib. Lakin bədbəxtdi, indi, ey bədbəxt!..

Avqustda sən təkidlə onu çağıranda mən Şövkət Tahiri onun üstünə göndərdim. Şöşünün “Jiquli”si rayondan çıxanda poçta girdim, zəng vurdum, dedim: “Əmi, həbsxanadan qayıdandan sonra Şövkət Tahir içkiyə qurşanıb, özünü məhv eləyir. Mən ona dərs demişəm, sən onu “Vərəsə”yə bağla, tədqiqatla məşğul olsun, maariflənsin, içkini tərgitsin”. Əmim Şöşünü qarşılayıb, cibinə pul qoyub, evin açarını verib, çıxıb gedib İrəvana, səpin haqqında məlumat toplamağa. Qayıdanda görüb Şövkət Tahir kitab şkaflarından tək birindən tək bir cild götürüb. “Sirli dastanlar” cildini. Vərəqləyib, görüb “Dədə Qorqud” dəstanı bizim deyilmiş. Vatikanda yazılıb, izi azdırmaqdan ötrü Drezdenə göndərilib. Almaniyaya. Ordan da buraya, Qoloma – Orta Asiyaya göndərilib, nə qədər mümkündü yayılıb ki, həqiqi tariximizi – Bağdayımızı, Bağlarımızı unudaq... Oturub, tədqiqi materialın şərhi əvəzində bir şeir yazıb Şöşü: “Qorqud Dədəmdən dərs aldım, bir sərbəst şeir yazdım...” – və sairə. Əmim İrəvandan qayıdanda görüb mənzil boş araq, pivə şüşələrilə, boş konserv qutularıyla doludu. “tədqiqatçı” isə çırtıq çala-çala, oynaya-oynaya axmaqlayır: “Bir de görüm, ay Səməd, Azərbaycan kimindi, sənindi, ya bu mənindi? A ninnini, ninnini! A ninnini!” Neyləyib mənim Alim əmim? Bu altmış yaşlı mötəbər şair Şövkət Tahir ikən “pyanska Şöşüyə”, “Ninnini Şöşüyə” dönən axmağıma qoşulub, gedib iki zəmbil dolusu “Skumbriya” konservi, noxud, pivə, araq alıb, gətirib, bütün sentyabr, oktyabr, noyabr aylarını içib, yatıb, qalxıb yenə içib yatıb! Düzdümü, Şöşü?

Şöşü ağır-ağır başını tərpədib xırıldadı:

– Düzdü, a ninnini!

Mədəd üzünü Xəlvətə tutub səsini qaldırdı:

– “Ninnini”, yəni mənasız!.. İnandınmı ki, ağır xəstədi bu?! Döyülməyi, əzilməyi öz yerində. Ruhən, əqlən də xəstədi indi əmim! Ninninidi! Yoxdu!

Xəlvət qəribə suallar verdi:

– Niyə? Niyə ninninidi axı, onu niyə danışmırsan? “Skumbriya”sı, noxudu, pivəsi nəyimizə lazımdı bizim, a qoduq? Səndən tələb olunanı niyə danışmırsan?!

Mədədin səsi batqınlaşdı:

– Sözüm çatmır sənə, ey daş, ey qaya! Deyirəm Elmdən, Həqiqətdən ayrılıb, əmim, daş-qaya mühitinin rəhmsizliyindən kütləşib. Daşlara, qayalara tay olub. Qandın?! Öz yetirməsinin adını da bilmir! Öz adını da bilmir indi! Babası Şeyx Məhəmmədin, atası Mədədin, əmiləri Sultanın, Ağ Əmirin, Boz Əmirin adlarını – Odlarını – rütbələrini – “Əmir” – EvƏrEyliklərini də unudub! İçir! Çalışır dərdlərini unutsun! Mənim öldürməyimə ehtiyac varmı, ay qansız?!

Zal çaxnaşdı, uğuldadı.

– Rəhim kişi! Belə rəhmsizlik olmaz! Kişi can üstədi!

– Əl çək bu işdən!..

Xəlvət, barmaqları dodaqlarının qıraqlarındakı qanlı “lekoplastr”ların üstündə, qaz “peç”inin üstündən qapıya doğru baxdı:

– Soyuq kəsdi bizi! İçəri gəlin, qapını örtün!

Mədəd başını cürənin üstünə endirib, təzənəni simlərə çəkib xırıldadı:

Əzizim, su dayandı,
Arx gəldi, su dayandı...

Xəlvət bərk qəzəblənmişdi:

– “Elə bir ah çəkdim ki, alışdı su yandı!” Mənim yanan ürəyimi daşa döndəribsiniz siz! Bayatı istəmirik! Dəstanını danış!

Ət torbaları da qışqırışdılar:

– Dəstanı de! Bəsdi sağa-sola çəkdiyin! Düz cığırnan apar kotanı!

– Dəstanı danış! Yoxsa kəlləni partdadarıq!

– Anqır! Yaxşı anqırırsan!

Mədəd gözlərini silirdi.

– Danışıram... Deyirəm bir ah çəkdim, alışdı su da yandı, siz yanmadınız!

Danışıram. Qırx altıncı ilin dekabrının iyirmi üçündə, ölümündən bir az əvvəl sədr Mədəd oğlu Səmədə deyirdi:

– “Əmilərin Ağ Əmirnən Boz Əmirin yaxşı oğulları qalıb. Təbrizdə, Əmir bazarının yanındakı mədrəsəmizdə bir yerdə oxumuşuq... Bir dəfə iyirminci ildə, Ənzəlidə, İran Kommunist firqəsinin⁹³ qurultayında görüşdük. Bir dəfə də iyirmi səkkizinci ildə Tehranda, o vaxtkı Azərbaycan Kommunist firqəsinin⁹⁴ gizli yığıncağında. Şeyx əmilərin kimi oğulları da etiqadlıdılar. Gümrahdılar. Çünki biz varıq bu tayda. Bizim başımıza bir iş gəlsə, sınmıyacaqlarmı? Partiyanın proqramından dönmüyəcəklərmi?!”

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Süleyman padşahın xəzinəsi 4

Qocalıqdan kiçilmiş sifətinin qırışları nə qədər qeyri-adi idisə, xirdaca cüssəsinə uyuşmayan uzun qolları, enli, güclü əlləri bir o qədər heyrətli idi. Manqalın on addımlığından, qaranlıqdan peyda olub kələkötür barmaqlarla Səmədin yaxasından yapışmağı ilə xançalı pencəyin altından çıxarıb bağın dərinliyinə firlatmağı bir oldu.– Məqsədin nədi, nadürüst?!. Ağ Əmirnən Boz Əmir elm, həqiqət uğrunda qurban getdilər! Mədəd Əmirli də məhz həqiqət uğrunda getdi! Bu gün-sabah Sultan Əmirli də gedə bilər! Ən ağıllı, istəkli kənd partkomu saydığı “diapazonlu qadını” bir tərəfinə şpik²⁹ qoyublar, öz əmiuşağınız Əziz Mayılovu da o biri tərəfinə! Dilindən nə çıxar Sultan bədbəxtimizin elə günü çatdırılır Mirqəzəbə! Bəs necə?! “Dovşanı arabaynan tutan Şura hökuməti” deyiblər buna! Kimin ümidinə qalacaq Kainat Elmi, ey Elmdən, dünyadan xəbərsiz cahil!.. Bilirsənmi kimsən sən?! Düş qabağıma! Seyidin qapısında, o xəlvətdə sözümü eşit, sonra hansı cəhənnəmə rədd olursan ol, bir də belə divanə sifətində görünmə buralarda!.. Nə baxırsan üzümə, a heyvərə?! Sənin tanıdığın Xızr Abı deyiləm mən, AdıPünhan Əlifbeyəm! AdıPünhan Ələsgərnən Dəli Alıynan³⁰ oturub-durardım, indi gəlib Əmirli yurduna qısılmışam, uşağ-muşağa elm öyrədə-öyrədə sənin təhsildən qayıtmağını gözləyirdim. Çünki məhz səndən ötrü dustağam mən o Əmirli mülkündə!

24 dəq
Süleyman padşahın xəzinəsi 5

Qapını Hənifə arvad açdı.Həyətdəki alçaq çardağın arxasında təkotaqlı çiy kərpic evdə tavanın ortasından sallanan yeddilik lampanın³³ alovu qapının yelindən uzanıb-yaymalanıb, hisli şüşəni daha da hisləndirdi, arvad saçları dağılıb gözlərinin üstünü tutmuş ucaboy adamı əvvəlcə tanıya bilmədi.

28 dəq
Süleyman padşahın xəzinəsi 6

Bircə balanın kəndə getdiyini, orada Əlləzoğlunun başını yarıb şəhərə qayıtdığını eşidəndə Sultan bu xəbəri zahirən sakit qarşıladı. Səhərin alatoranında, papaq əvəzinə başında bir topa çit bozara-bozara özünü yataq otağına salıb, göyünü-kürəkənini dümsüyləyib oyadıb: – Qardaşoğlun dəli-divanədi! Çarə, dərdin alım! – deyəndən sonra Əlləzoğlu pırpız qaşların altında durğun gözlərə baxa-baxa qalıb, bu sakitlikdən heç nə anlamadı.Kürəkəninin çox qapalı adam olduğunu və qayınatasının yüz sözünə bir cavab verdiyini yaxşı bilsə də Əlləzoğlu çarpayının böyrünü kəsdirib tərpənmədi ki, əhvalatın üstündən dörd ay keçəndən sonra, nəhayət, hökmən ətraflı danışsınlar. Əmma Sultan nə orada-çarpayıda bir söz dedi, nə də yuyunub tut ağacının altında, dəyirmi stolun yanında, qarğı kresloda oturandan sonra. Niyə dillənmirdi? Nə fikirləşirdi?

31 dəq
Süleyman padşahın xəzinəsi 7

Nə Sultanla Səməd, nə Xızr Abı ilə Çürük Aşıq, nə Məhərrəm, nə də “mühacirlər” və bütün “Pünhan”lar – hələ heç kəs bilmirdi ki, “çesuyçalılar” adlananlardan, əvvəllər olduğu kimi, hər beş nəfərdən biri yox, indi hər iki nəfərdən biri birbaşa Moskva KeQeBesinin işçisi idi. Hətta Azərbaycan KP MK-dan və respublika KQB-sinin özündən də gizlində, hər cür dünya nemətləri ilə təmin olunan, xalqdan tamam ayrılıb, bu xalqın keçmişi, gələcəyi ilə məşğul olan Muğannaları nəinki addım-addım izləyirdilər, hətta, imkan olanda – şərait yarananda öz şəxsi təşəbbüsləri ilə öldürürdülər. Bu təhlükəni tək bir nəfər, bütün Dövlət Təhlükəsizliyi işçilərinin sadəcə “Saşa” adlandırdıqları bir nəfər polkovnik bilirdi. Bu bəstəboy, son dərəcə məlahətli oğlanı Muğannalardan demək olar ki, hamısı oğul, qardaş, yaxın-əziz qohum kimi sevirdi. “Saşanın üzündə şeytan tükü var” – deyəndə məhəbbətlə gülümsəyirdilər. Bu məhəbbətin, əlbəttə, ciddi səbəbi də vardı: Gürcüstanın ən ucqar guşələrində yaşayan “Muğ” – Bağlardan başlamış, Şimali Azərbaycanın ən ucqar rayonlarından Lerikə qədər, Muğannalardan kim həbs olunurdusa, Saşa, yalnız özünə məlum möcüzə ilə xəbər tutub, cinayət işi-filan yazmamış, istintaq başlanmamış, təkbaşına, türməyə – həbsxanaya gedib, lazım gələndə hətta əlini yarımavtomat naqanın üstünə qoyub, qısaca “Azad edin” və ya “mənim şəxsi işçimdir” deyib buraxdırırdı. Sultan nə qədər kədərli, sarsıntılı olsa da, hətta gecələrin birində o qalın bağın dərinliyindən bəriyə güllə açılacağına heç bir şübhəsi olmasa da, əmin idi ki, Saşanın kor görünməz əli həmişə haralardasa – ətraflarda dolana-dolana onun özünü və Bircə balanı qoruyurdu və sədr Mədədin ölümündən sonra bu iki nəfərin – əmi ilə qardaşoğlunun sağ qalmağının səbəbi də məhz o “əl” idi. Çox təhlükəli hallarda isə o “əl” Saşanın özü idi. Başında Əlləzoğlunun “motal” papağı, çiynində Əlləzoğlunun əlli ildən qalma əprimiş arxalığı, zalın qapısında bir an görünüb, əlindəki uzun kabab şişini dişinə çəkə-çəkə geri qanrılıb yox olan o oğlanı nə aşağıda – həyətdə olan Sultan gördü, nə də Səməd: polkovnik Saşa məlahətlə qımışıb, dabanı üstə dönüb yoxa çıxdı. Səməd onu Sultanın həyət-bacasında qulluq eləyən Seyid kişi kimi adamlardan biri sayıb, heç diqqət də yetirmədi...Hələ heç kəs, o cümlədən Saşa özü də bilmirdi ki, bu ağ daş evin yaxınlığında, bağın çalkeçid budaqları altında daha bir nəfər naməlum adam, kababın ətrini dəf etmək üçün cibindəki balıq konservini bıçaqla açıb, yeyə-yeyə Saşanı daimi “pod kolpakom”⁴⁷ saxlayırdı ki, lap tezliklə qanını axıtsın və beləliklə, qorunduğuna əmin olan Sultanla birlikdə Səmədin həyatını da tükdən asılı qoysun. Hər gecə Moskva vaxtı ilə səhər saat dörddə bağın dal hasarının dibindən o yana keçən, sement döşəməli, dərin, susuz arxdan sürünüb keçib, orada vaxtı ilə Rəhim Qudalının işlədiyi “Rayon yun idarəsi, Alınma, satılma məntəqəsinin künc otağında “priyomnik”in “nauşniklərini” başına keçirəndə o adamın eşitdiyi ilk sözlə “Ya Saşa! Ya Saşa...” olurdu. Yəni, Moskvadan danışan adamın “kliçkası” da “Saşa” idi... Bu gecə o Moskvalı səs, vaxtından xeyli əvvəl, yəni Sultanla Səmədin evə qalxdıqları dəqiqələrdə əmr etdi: “Ya Saşa... Ya Saşa... pora vzyat moyeqo tyozku... pora vzyat moyu tyozku”⁴⁸ çox keçmədi ki, arxadan içəriyə daha iki qaraltı girdi. Saşanın başının dövrəsində, qaranlıqda üç lülə ağzı ağardı...

3 dəq

Başqa şairlərin şeirləri