Ölüm-dirim
Səhifə 11 / 22 · 45%
Görün, xəlvətə çəkilib kişmiş yeyə-yeyə necə şirin-şirin oynayırdılar! Görün nə qəşəngdilər, nə gözəldilər! Necə saf mələkdilər! Çax-çuxum da, Çax-çuxumdan kişmiş almaqdan ötrü növbəyə duran Qonaqlılarım da, hamılıqla göz yumurlar, özlərini görməzliyə vururlar ki, mələk balalarım kişmiş yeyə-yeyə, əl-ələ, saç-saça, diz-dizə verib oynaşsınlar!
Niyə dillənmirsiniz, ay əclaflar?! Niyə hücum çəkmirsiniz, niyə öldürmürsünüz məni?! Qudalı məhləsinə o qədər alverçi Rus qızı hardan, necə, nə üçün dolub, cənab Kapital?! Çax-çux – Çik-çikinizin bir ayağı xaricdədi. Kişmiş daşımır daha! “İmportnı tovar”dan-zaddan da əl çəkib. Kaset daşıyır: “Avropa mədəniyyəti!” kino kasetxanaları açıb Bakının küçə “perexod”larının künc-bucağında! Öpüş! Mini yubka! Anaşa! Nədən ötrüdü bu, cənab Kapital?! Yalnız Dollar yığmaq üçün? Yoxsa, bu bədbəxt, nadan xalqı tamam qəhbələşdirmək üçün?! Cavab ver: o miniyubka oyunu oynayan cavanlar güllə qabağına, vətən qorumağa gedərlərmi?! Budur bax Çax-çux – Çik-çik – casus oyunu! Özü üçün çax-çux eləyir, millət üçün çik-çik!
Kişmişlə başlayan o qəşəng oyun hara gəldi çıxdı?!
Oturun, köpəyuşağı! Yumruq davaları qurtarıb. Sözə qulaq asın.
“Əllərin görüşünə”, “Dizlərin görüşünə”, “Ayaqların görüşünə”, “Saçların görüşünə” göz yumanları çoxdan tanıyırlar fatehlər! Astaca-astaca, “diskoteka”dan-zaddan başladılar, cavanlarınızın beyninə əl uzadıblar! İndi, odur Laçının meşələrin yolublar!
Soruşa bilərsiniz, neyniyək indi, qəfəsəmi salaq balalarımızı?! Oğlanlı-qızlı, saqqala, çadrayamı bürüyək, Xomeyni kimi? İnsan neyləməlidi, hara cəhənnəm olmalıdı ki, göz gözə baxmasın, əl ələ, diz dizə, ayaq ayağa toxunmasın?! Mümkündümü?
Deyəcəksiniz mümkün deyil, “diskoteka”da olmalıdı, o birisi də. Oxumuşlarınızın cavabı daha güclüdü: “Fizioloji ehtiyacın qarşısını almaq olmaz!”
Bəs bu nə söhbətdi mən başlamışam? Əmirlilərin, Qudalıların, Əlləzoğlunun əziz-ərköyün balalarını, sizi, əmimi, anamı, özümü niyə təhqir edirəm?!
Cavabım sadədir.
Qalxın bircəciyiniz başa salın məni görüm insan insana niyə əl verir?..
Sükut oldu. Sonra orda-burda pıqqıldaşdılar:
– Bay! Bu nə deyir, ə?!
– Necə yəni “niyə əl verir?!”
Mədəd təzənəni simlərə çəkdi:
– Səlam, privet, zdrastvuy! Bu, deyək aydındı. Bəs, qızın, gəlinin əlini öpmək nədi, ey Rus? Qəhbəliyə pillə deyilmi qadının əlini ələ almaq?! İsticə, ilıqca, yumşaqca əl! Sonra?! Sən babayın əlini öpərdin, gözüyün üstünə qoyardın, ay Qonaqlı, Tahirli, Qurbanlı. İndi niyə belə dadanmısınız bu Nadyalı, Katyalı Şüşəliyə? İncə bilək, zərif əl öpmək nə böyük qəbahət imiş! Qəbahət deyilsə bəs niyə gizlədiyiniz arvad uşaqlarınızdan?! Həmişə, hər yerdə, hər saat, hər dəqiqə gizlətdiyiniz nədi bu? Zibilə dönən ürəkləriniz deyilmi?!
Hardandı sizdə bu?! Nə vaxtdandı bu dərəcədə aydın ikiüzlülük?! Qədim şeydi? Xeyr! İndi ayrı cür deyirəm: o vaxtdandı ki, “Assuriya” – “Suriya” adlandırılan, qanla qidalanan Təhriflər ölkəsinin ÜnEv ikən “Ninevi”ya”ya çevrilmiş paytaxtından Bağday ərazisinə vəhşilər doluşub sizi Elminizdən, Oddan – həqiqətdən ayırıb özlərinin şüurdan ayrılmış ehtiras vərdişlərinə alışdırdılar, məhz o vaxt ayrıldım mən siz “ins”lərdən. Əbədi ÜnƏs, SafAğ İnsan, Bağ, OdƏr adından danışıram! Dərk eləyirsinizmi ayrılıq bədbəxtliyinizi?! Məndən yox, BağÜndən – “beyin”dən ayrılmısınız, ey BağÜnsüz bədbəxtlər! Odur ki, heç kəsin tanımadığı EyƏr – “Yer” Bağı haray təpir:
“Yan bu Oda, yox ol qurtar, ey Təhrif,
Bəlkə onda “haray” ƏrEyə döndü!”
“Haray”sınız hamınız, ey Təhriflər. Öz haqqınızda həqiqəti bilə-bilə, duya-duya, düz yaşamadığınızı əməlli-başlı dərk edib bətninizdə haray təpirsiniz; zənən budunun tərpənişindəncə titrəşir xəstələndirilmiş hüceyrələriniz, haray təpirlər ki, “neyniyək, nə təhər olaq ki, belə abırsızlıqla fırlanıb zənənin dalına baxmıyaq?!” Bizə niy bu qədər ləyaqətsizik?! Yaxşıca dərk edə-edə ki, belə olmaz, niyə ailələrə soxuluruq, insanın məhəbbət adlanan uca hissini tapdalaya-tapdalaya, evimizə murdar heyvan təki qayıdırıq?! Müqəddəs OdƏr – Həqiqət İşığı irsiyyətini beləcə dərk edə-edə, hələ ana bətnində balalarımızın qanını it qanına çeviririk.
Tərpənişməyin! Çaxnaşmayın! İş-işdən keçib, ay bədbəxtlər!
Fateh gəlir, səninkiləri murdarlayır! Sən də üstəlik murdarlayırsan!
Neyləsin indi, hara cəhənnəm olsun Bağından, Elmindən, şüurundan ayrılan bədbəxt?!
İndiki halda, hələlik “ürək” adlı cəhənnəminizə vasil olmalısınız! Çiyinləri Kalaşnikovlu, cibləri Dollarlı, əlləri əllərdə, dizləri dizlərdə olan bədbəxtlərinizin ehtiraslarını boğmalısınız!
Bəli, şüurlu hasar çəkilməlidir fatehliyə, qəhbəliyə! Çax-çux Xalıqın fateh əskəri olduğunu vaxtında dərk eləyib, qabağına hasar çəkməlisiniz! Bayaq çinarın gövdəsinə döyəclədiyim cənab Kapital da fateh əsgəridir! Bəli! Yəni heç ağlınıza gəlmirmi düşmən niyə bu qədər səxavətli olub, sizi niyə belə varlandırır, cismani mədəniyyətlərinə, əxlaqi səxavətlərinə görə Şimalın o qarlı-çovğunlu Maqadan şəhərinə sürülən “məlakələri” niyə sizin qucağınıza atır?!
Mən məcburam təhqiramiz danışım. Əmma, əslində, ağır təhqirlə yox, özümüz özümüzə sakitcə deməliyik: saçım Gülgəzin saçına toxunanda başa düşdüm ki, Gülgəzi sevirəm, Gülbənizi yox. Buna görə də Çax-çuxun qızına göz vurmamalıyam, Məsimin nişanlısının ətəyindən kişmiş yeməməliyəm... Əlimin, ayağımın, dodağımın, dizimin və sairəmin mənə dediyi sözü qanmıramsa, eşşəklə mənim fərqim nədir?!
Diksinmə, əmi!
Atam sənə söz öyrətməli imiş. Sən saz – ƏsAğÜz sehrindən uzaq olmusan, dərk etməmisən ki, insan Eşqdən yaranır! Murdarlıq olan yerdə Eşq ölür, demək insan da yaşaya-yaşaya, ayaq üstəcə ölür!
Nə Alim Səməd Əmirli var burda, nə də ağsaqqal Qudalı Rəhim. Necə yaşadığını, nə üçün yaşadığını, kimi, necə öldürdüyünü bilmiyən on yeddi yaşlı Bircə bala – Səməd bala var! Kapitalı nə üçün yığdığını, millətinin içinə terrorçu dəstələr doldurub, səni, məni nə üçün öldürdüyünü bilmiyən bir torba ət var! Bir torba ətin qız nəvələrinin altmışca nəfər yoğun-yoğun, kırbıd-kırbıd kürəkən balalar – bəlalar, var ki, “göy” (uca) əvəzinə “kür əkən” – “OdƏr əkən” deyib hırıldaşmaqdan həzz alırlar: “Moskvaya nəyə gedirsən?” “Kür əkməyə!..”
Murdarlıq şəhərində OdƏr əkilmir, ey murdar “əkinçilər!” “Göy” – OdEy sözündəndi, Uca Həqiqət deməkdir. OdEylikdən düşüb, murdarlıq bataqlığında batmısınız, ey “kür”, “torun” – “torum” bədbəxtlər!
Mədəd təzənəni simlərə çəkdi və özü də bilmədən, lap ağır yüklü, dərd-ələmli “Baş divaniyə” qayıtdı:
Təhrifin ehtirası şiri-nər pəncəsidir,
Parçalayar-dağıdar, bir kimsəyə rəhm eləməz!
Xəzinəni gizlin saxla, yoxsa qamarlayar udar,
Sənə qismət qalırmı, belə şeyi fəhm eləməz!
Qəzəbin Od vulkanı oyanıb püskürəndə
Tezcə yazıqlaşar Təhrif, burda da səhv eləməz.
Ey yazıq Saf Gizlinim, bəs deyilmi Saf, Saf dedin,
Demirlərmi Yerdə Saflıq heç bir kəsə nəf eləməz!
Dəstanı dinləyin.
Əmirli yeniyetməsi Səmədin ömrünün ən xoşbəxt günləri idi. Ekspeditor Xalıqın rəsmi “faktura” ilə mal payladığı və qeyri-rəsmi “çax-çux” – alver elədiyi üç-para kənddə, o cümlədən Qonaqlıda heç kəs bilmirdi ki, Arazın bu tayı ilə o tayının, Sovet Azərbaycanı ilə Cənubi Azərbaycanın arasında sərhəddin açıldığı gündən, beş il ərzində bu adamın o taya ayaq döyməyi heç də alver üçün deyil, bu get-gəl agent get-gəlidi, vaxtilə öldürülmüş Bağlarla – Ağ Əmir, Boz Əmir Muğannalarla əlaqədardır. Məlum olan ancaq bu idi ki, palıd kötüyünün üstünə tərəzi daşları düzüləndən sonra Çax-çux yenə “Əmirlilərin şeyx qardaşları Ağ Əmirlə Boz Əmir”dən, ya da onlardan qalan oğul-uşaqdan, mülklərdən, var-dövlətdən danışacaq və cəmaatı asta-asta başa salacaq ki, bu qara, uzunhoqqar Çax-çux, bu daş-tərəzi adamı Mirqəzəbin adamıdı, vaxtı çatanda bu taydakı Əmirliləri də qətlə çatdıracaq.
Kişmiş almağa yığışanlar bax bu söhbəti eşitməyə yığışırdılar, əmi.
Səməd bala isə öz aləmində idi. Hətta o günlərin ən ciddi hadisələri – o tayda Azərbaycan Demokrat firqəsinin məğlubiyyəti, “Şahın bizimkiləri topa tutması” və Azərbaycan Milli Hökumətinin yıxılması da o gur saçlı, möhkəm bədənli, “əziz-ərköyün sədr oğlunun” gur hissiyatla dolu “torum”una mane olmurdu.
Üz-gözünü turşutma, ey əxlaq mücəssəməsi əmi!
On yeddi yaş heç də az yaş deyil. Səni kişmiş oyununa bağlayan mühitdə az-çox ayıq olsaydın, görərdin ki, gecələr çarpayında şirin röyalar içində eşələndiyin vaxtlar oraya – Əmirli mülkünə işıqları söndürülmüş “Emadin” maşınları gəlirdi. Məhərrəm Məhərrəmov, Saşa Babayev, Mir Cəfər Pişəvəri, Sultan Əmirli, Mədəd Əmirli, Xızr Abı, Çürük Aşıq, Ələskər müəllimin və sair bədbəxtlər, onluq lampanın piltəsini aşağı çəkib, samovarın dövrəsində baş-başa verib, planet miqyasında baş verən böyük gizlin bədbəxtliklər barədə danışırdılar: prezident Ruzvelt heç də öz əcəli ilə ölməyib; Amerika, Böyük Britaniya, Sovetlər İttifaqı adlarında bir-birinə düşmən “müttəfiqlər”in Tehran müşavirəsində, Stalinin iqamətgahında zəhər verilib Ruzveltə ki, o tay-bu tay Azərbaycanın birləşdirilməsi – “Midiya”nın bərpası baş tutmasın. Bəli, EvƏrEy OdƏri idi. O nur Ruzvelt və Bağdayı – qədim ana yurdunu təzə yurdu Amerika qədər sevirdi və bilirdi ki, Bağdayın bərpası yalnız EvƏrEyi OdƏrlərin yox, bütün OdƏrlərin – bəşəriyyətin birləşməsi demək idi; Stalin, Tehrandakı Sovet iqamətgahında məhz bu sehrli Bağday tarixini danışa-danışa, Ruzveltin qəhvəsini özü qarışdırıb, sonra qaşığı ofisiant zabitin salfetinin arasına qoyurdu, çünki Vissarion yetirməsinin “dolqodeystvuyuşşaya makstura” adlandırdığı zəhər məhz o balaca qaşığın “mikrodeşik”lərində idi. İlanın hökmü ilə Vatikandan, Moskvadan qızıl seli axıdılıb Cənubumuzun Farsa, Şimalımızın Erməniyə, Qərbimizin Gürcüyə verilməsi üçün hazırlıq görülsün; Bağday adını, Bağ adını, OdƏr adını bütün planet miqyasında həmişəlik məhv etmək üçün “Türk”, “Tat”, “Kürd”, “Yəhudi” adlananların OdƏr – “Dəri” kökünə aid nə qalıbsa, hamısı məhv edilsin, Vatikanla SSRİ Elmlər Akademiyası arasında sıx əlaqə, birgə əməkdaşlıq yolu ilə institutlar yaradıb, adları çəkilən xalqların mütəşəkkil terrorla bir-birini qırması üçün nifaq təbliğatı aparılsın. Diqqət yetir, ey bədbəxt “Milli Birlik”; gör nə vaxtdan səpilirmiş bu nifaq toxumu! “Türk oğlusan, köpəyoğlusan!” – ilk dəfə hansı casus monaxın dilindən çıxıb, necə yayılıb, ey “Birlik”, bilirsənmi?!
Kitabxana.az · https://kitabxana.az/works/isa-huseynov-olum-dirim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qocalıqdan kiçilmiş sifətinin qırışları nə qədər qeyri-adi idisə, xirdaca cüssəsinə uyuşmayan uzun qolları, enli, güclü əlləri bir o qədər heyrətli idi. Manqalın on addımlığından, qaranlıqdan peyda olub kələkötür barmaqlarla Səmədin yaxasından yapışmağı ilə xançalı pencəyin altından çıxarıb bağın dərinliyinə firlatmağı bir oldu.– Məqsədin nədi, nadürüst?!. Ağ Əmirnən Boz Əmir elm, həqiqət uğrunda qurban getdilər! Mədəd Əmirli də məhz həqiqət uğrunda getdi! Bu gün-sabah Sultan Əmirli də gedə bilər! Ən ağıllı, istəkli kənd partkomu saydığı “diapazonlu qadını” bir tərəfinə şpik²⁹ qoyublar, öz əmiuşağınız Əziz Mayılovu da o biri tərəfinə! Dilindən nə çıxar Sultan bədbəxtimizin elə günü çatdırılır Mirqəzəbə! Bəs necə?! “Dovşanı arabaynan tutan Şura hökuməti” deyiblər buna! Kimin ümidinə qalacaq Kainat Elmi, ey Elmdən, dünyadan xəbərsiz cahil!.. Bilirsənmi kimsən sən?! Düş qabağıma! Seyidin qapısında, o xəlvətdə sözümü eşit, sonra hansı cəhənnəmə rədd olursan ol, bir də belə divanə sifətində görünmə buralarda!.. Nə baxırsan üzümə, a heyvərə?! Sənin tanıdığın Xızr Abı deyiləm mən, AdıPünhan Əlifbeyəm! AdıPünhan Ələsgərnən Dəli Alıynan³⁰ oturub-durardım, indi gəlib Əmirli yurduna qısılmışam, uşağ-muşağa elm öyrədə-öyrədə sənin təhsildən qayıtmağını gözləyirdim. Çünki məhz səndən ötrü dustağam mən o Əmirli mülkündə!
Süleyman padşahın xəzinəsi 5Qapını Hənifə arvad açdı.Həyətdəki alçaq çardağın arxasında təkotaqlı çiy kərpic evdə tavanın ortasından sallanan yeddilik lampanın³³ alovu qapının yelindən uzanıb-yaymalanıb, hisli şüşəni daha da hisləndirdi, arvad saçları dağılıb gözlərinin üstünü tutmuş ucaboy adamı əvvəlcə tanıya bilmədi.
Süleyman padşahın xəzinəsi 6Bircə balanın kəndə getdiyini, orada Əlləzoğlunun başını yarıb şəhərə qayıtdığını eşidəndə Sultan bu xəbəri zahirən sakit qarşıladı. Səhərin alatoranında, papaq əvəzinə başında bir topa çit bozara-bozara özünü yataq otağına salıb, göyünü-kürəkənini dümsüyləyib oyadıb: – Qardaşoğlun dəli-divanədi! Çarə, dərdin alım! – deyəndən sonra Əlləzoğlu pırpız qaşların altında durğun gözlərə baxa-baxa qalıb, bu sakitlikdən heç nə anlamadı.Kürəkəninin çox qapalı adam olduğunu və qayınatasının yüz sözünə bir cavab verdiyini yaxşı bilsə də Əlləzoğlu çarpayının böyrünü kəsdirib tərpənmədi ki, əhvalatın üstündən dörd ay keçəndən sonra, nəhayət, hökmən ətraflı danışsınlar. Əmma Sultan nə orada-çarpayıda bir söz dedi, nə də yuyunub tut ağacının altında, dəyirmi stolun yanında, qarğı kresloda oturandan sonra. Niyə dillənmirdi? Nə fikirləşirdi?
Süleyman padşahın xəzinəsi 7Nə Sultanla Səməd, nə Xızr Abı ilə Çürük Aşıq, nə Məhərrəm, nə də “mühacirlər” və bütün “Pünhan”lar – hələ heç kəs bilmirdi ki, “çesuyçalılar” adlananlardan, əvvəllər olduğu kimi, hər beş nəfərdən biri yox, indi hər iki nəfərdən biri birbaşa Moskva KeQeBesinin işçisi idi. Hətta Azərbaycan KP MK-dan və respublika KQB-sinin özündən də gizlində, hər cür dünya nemətləri ilə təmin olunan, xalqdan tamam ayrılıb, bu xalqın keçmişi, gələcəyi ilə məşğul olan Muğannaları nəinki addım-addım izləyirdilər, hətta, imkan olanda – şərait yarananda öz şəxsi təşəbbüsləri ilə öldürürdülər. Bu təhlükəni tək bir nəfər, bütün Dövlət Təhlükəsizliyi işçilərinin sadəcə “Saşa” adlandırdıqları bir nəfər polkovnik bilirdi. Bu bəstəboy, son dərəcə məlahətli oğlanı Muğannalardan demək olar ki, hamısı oğul, qardaş, yaxın-əziz qohum kimi sevirdi. “Saşanın üzündə şeytan tükü var” – deyəndə məhəbbətlə gülümsəyirdilər. Bu məhəbbətin, əlbəttə, ciddi səbəbi də vardı: Gürcüstanın ən ucqar guşələrində yaşayan “Muğ” – Bağlardan başlamış, Şimali Azərbaycanın ən ucqar rayonlarından Lerikə qədər, Muğannalardan kim həbs olunurdusa, Saşa, yalnız özünə məlum möcüzə ilə xəbər tutub, cinayət işi-filan yazmamış, istintaq başlanmamış, təkbaşına, türməyə – həbsxanaya gedib, lazım gələndə hətta əlini yarımavtomat naqanın üstünə qoyub, qısaca “Azad edin” və ya “mənim şəxsi işçimdir” deyib buraxdırırdı. Sultan nə qədər kədərli, sarsıntılı olsa da, hətta gecələrin birində o qalın bağın dərinliyindən bəriyə güllə açılacağına heç bir şübhəsi olmasa da, əmin idi ki, Saşanın kor görünməz əli həmişə haralardasa – ətraflarda dolana-dolana onun özünü və Bircə balanı qoruyurdu və sədr Mədədin ölümündən sonra bu iki nəfərin – əmi ilə qardaşoğlunun sağ qalmağının səbəbi də məhz o “əl” idi. Çox təhlükəli hallarda isə o “əl” Saşanın özü idi. Başında Əlləzoğlunun “motal” papağı, çiynində Əlləzoğlunun əlli ildən qalma əprimiş arxalığı, zalın qapısında bir an görünüb, əlindəki uzun kabab şişini dişinə çəkə-çəkə geri qanrılıb yox olan o oğlanı nə aşağıda – həyətdə olan Sultan gördü, nə də Səməd: polkovnik Saşa məlahətlə qımışıb, dabanı üstə dönüb yoxa çıxdı. Səməd onu Sultanın həyət-bacasında qulluq eləyən Seyid kişi kimi adamlardan biri sayıb, heç diqqət də yetirmədi...Hələ heç kəs, o cümlədən Saşa özü də bilmirdi ki, bu ağ daş evin yaxınlığında, bağın çalkeçid budaqları altında daha bir nəfər naməlum adam, kababın ətrini dəf etmək üçün cibindəki balıq konservini bıçaqla açıb, yeyə-yeyə Saşanı daimi “pod kolpakom”⁴⁷ saxlayırdı ki, lap tezliklə qanını axıtsın və beləliklə, qorunduğuna əmin olan Sultanla birlikdə Səmədin həyatını da tükdən asılı qoysun. Hər gecə Moskva vaxtı ilə səhər saat dörddə bağın dal hasarının dibindən o yana keçən, sement döşəməli, dərin, susuz arxdan sürünüb keçib, orada vaxtı ilə Rəhim Qudalının işlədiyi “Rayon yun idarəsi, Alınma, satılma məntəqəsinin künc otağında “priyomnik”in “nauşniklərini” başına keçirəndə o adamın eşitdiyi ilk sözlə “Ya Saşa! Ya Saşa...” olurdu. Yəni, Moskvadan danışan adamın “kliçkası” da “Saşa” idi... Bu gecə o Moskvalı səs, vaxtından xeyli əvvəl, yəni Sultanla Səmədin evə qalxdıqları dəqiqələrdə əmr etdi: “Ya Saşa... Ya Saşa... pora vzyat moyeqo tyozku... pora vzyat moyu tyozku”⁴⁸ çox keçmədi ki, arxadan içəriyə daha iki qaraltı girdi. Saşanın başının dövrəsində, qaranlıqda üç lülə ağzı ağardı...
Başqa şairlərin şeirləri
شاهد خرگهنشین زلف ز رخ کرد بازنور حقیقت پدید از ظلمات مجاز
QızlarBir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.
Gəraylı: Ey ağalar, bu gözəldənEy ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.