Ölüm-dirim
Səhifə 9 / 22 · 36%
ƏsÜndən xəbərsiz “sion” zəhəri, EvƏrEy OdƏrindən xəbərsiz “Yevrey” “obşinası”, Oddan xəbərsiz “Tat”, GurOddan xəbərsiz “Kürd” “Birliyi” yaratmaq yolu ilə millətin bir qismini o biri qisminə qarşı qoyan KPSS-in üzvlüyündən niyə çıxmırsan, əmi?! Qorbaçovun ikiüzlülüyünü niyə bağışlayırsan?!
Evimiz onda yıxılıb ki, bu otuz dörd ildə rayonları gəzə-gəzə köhnə partiya məktəbi müdavimlərinin köməyi ilə cəmaata ədalət verən... çörək yox, ədalət verən maksimalist Dəli Səməd qorxudan xali SafAğ İnsanların – gizlin Muğannaların Elm mühitində çox az qalıb, qorxudan xali Bağ ikən “KPSS”in siyasət dumanı içində beyni dumanlı siyasətçiyə çevrilib. Axı, SafAğ sevmir siyasəti, ay əmi! Məkri sevmir! İlanın özünə, Erməni katalikoslarına əlin çatmır, bu qara dəri kresloda oturan torbanı “alihəzrət İlan” adlandırırsan “Kapital” adlandırırsan, həm də “kişi” demək ümidindəsən. Məndə dəqiq məlumat var. Bu dövlətin ərazisində on yeddi milyarder var bu saat. Mərkəzi bank pulu dövriyyəyə buraxandan sonra təzə yüzlüklər, əlliliklər dördcə ayda yox olur, əvəzində yenə köhnə yüzlüklər, əlliliklər çıxır ortalığa. “KPSS”in hətta ideyalı-məsləkli sayılan liderləri də “Ulduzlar müharibəsi”ni uduzduqlarını başa düşüb, dövlət kapitalını mənimsəməkdən başqa işləri olmuyan Çax-çuxlara, Xəlvətlərə çevriliblər. Çax-çuxlar, Xəlvətlər isə gündən-günə çoxalan, Atomdan, Kimyadan da qorxunc zəhər bəşəriyyəti törədirlər. Sestranın xəstəxanəsindən narkotikanı Ermənilərə, ordan da xaricə axıdıb xəlvəti gəlirlə “Rus məhləsi” yaranıb, Xəlvətə səcdə eləyir! Yəni kimə? Yəni “Alihəzrət İlana” yox, ilancığaza! Belələri nə qədər olar indi respublikada, bilirsən? Sənin Lerikdən Qazağa qədər məsləkdaşlarıyın da bircə “idealı” var, o da rüşvətdi – qızıl-brilyantdı, ay bədbəxt əmim! Atamın “çesuyçalılar” dediyindəndi indi dostlarıyın hamısı!
Diqqət yetir, cənab kapital necə sakit qulaq asır! Sənin açmadığın sirləri açıram, niyə susur? Çünki cəzasız cinayətkarlar ölkəsinin kadrlarından, KPSS-in çürüməyindən danışa-danışa, əslində bu cəzasız Kapitala bəraət verirəm mən. Dünyamızda ən çox kapitalisti olan Kapital ölkəsi SSRİ-di indi. Kamil insan nəyinə gərəkdi bu çürümüşün?!
İşini görüb qurtarıb bu ilancığaz: “Vərəsə” adında dənizdən qidalanan Səməd Əmirli qanı zəhərə dönüb!
Bayaq məni çağırırdın. “Yaxın gəl, yaxın gəl” deyirdin. Getmədim. Çünki sən məni xilas edəmməzsən, əmi.
“Varisi Varisi öldürəcək”. Belə yazılıb, belə də olacaq.
Yuxarı baxma! Mən sözümü qurtarana qədər heç nə eşitmiyəcəksən OdAğÜzdən.
Başlayıram danışmağa...
Şüşəli sükuta batmışdı. Heç kəs tərpənmirdi, heç kəs dillənmirdi. Cərgə-cərgə “neon” lampalarının, bulud kimi lay-lay tüstülərin altında, ət torbalarının əllərində, damaqlarında “marlbora”lar qızarırdı.
Mədəd çayxana küncünə cumub, Çürüklə Abının qaraltılarının arxasından Çürüyün divara söykəli cürəsini götürüb, ordan – yuxarı başdan zala baxdı.
– Çalacam, oxuyacam və danışacam... Dediyim kimi, tələb olunduğu kimi, “qıyma-qıyma”... Murdarlığınızı sübut eliyəcəm! Etiraz varmı?
“Marlbora”lar qızarırdı. Tüstü laylarının aralarına tüstülər millənirdi. Nə baş verdiyini heç kəs, o cümlədən hətta hələ Səməd də, Abı ilə Çürük də başa düşmürdü.
Mədəd cürəni köklədi. Kresloda, bir əlində “Badamlı” ilə dolu “xrustal” qədəh, o biri əlində siqaret, quruyub qalmış əmisinin başının üstündən Çürüklə Abıya və sərxoşluqdan mürgüləyən Şöşünün tərdən islanıb göyümtül çalan seyrək saçlarına baxıb köksünü ötürdü.
– Zilini zil elədim... bəmini bəm elədim... zil qara saçlı Mədəd Əmirliynən dümağ saçlı Mədəd Əmirlinin saz-söz ustadı Çürük aşığın min doqquz yüz onuncu ildə, Səttar xanla Bağır xanın zülmə qarşı üsyanının süqutundan bir il əvvəl Ərdəbildə düzəltdirdiyi bu qaraca cürəni “Zarıncı”⁹¹ üstə köklədim.
Çalaq, oxuyaq, görək sağ-zarıncılar niyə və necə zarıyırlar.
Cürə inildədi. Gər, cod, güclü səs sıxılıb cürədən betər inildədi:
Təhriflər içində içim yanmaqdan
Özü SafAğ, bəxti qaraya döndüm.
Ağrıları ürəyimə salmaqdan
İçimdə qövr edən yaraya döndüm.
Səməd başını qaldırıb, altdan dik, Varisə – Tədqiqatçıya baxdı, sal ağsümük yanaqlarına iri damlalar süzüldü.
⁹¹ “Zarıncı”, əslində, “bayat”(ı) növü, BağOdudur, el arasında deyildiyi kimi, “daşı da ağladır”.
Mədəd gözləri yumulu oxuyurdu:
Aşkar olammadım, bətnimdə qaldım,
Bətnimdə qocaldım, bətnimdə öldüm,
O gündən də “vəhy” – EvEydən Ün aldım,
“Mən yoxam” qışqıran haraya döndüm!
Mədəd gözlərini açıb, əmisinin göz yaşlarını görüb qəhərləndi:
– Dəli Səməd də ağlıyarmış!..
Mənim şerim deyil bu oxuduğum. “Yoxa çıxan” mən deyiləm, başqa bir bədbəxtdi – Gizlin şair Muğannadı. Əbədilyini bilə-bilə ağlayır! Niyə, əmi?
Qulaq as!
Əmirli mülkündən kənarda, sənin təzə-təzə istəklin olanda öldürülmüş o mələk Torksindən yadigar oğlundan başqa hələ bilən yoxdu ki, toylarda nə veriblərsə, son qəpiyinə qədər qızıla, brilyanta çevirib o mülkün bir də yalnız OdAğÜzə məlum yerində saxlayıram ki, sənin ölümündən sonra oğlun Səminin olsun. Səndən ayrılmıyacam, OdAğÜzə sənnən bir yerdə gedəcəm. Əmma mən də ağlayıram!
İçi yanan, bətnində qocalan, bətnində ölən tək o Gizlindimi, əbədimiz Ulu Bağ ƏsƏlMən BağSar AğEy – “Musa ağa” ilə Şeyx Məhəmməd Əmir, Şeyx Əli ilə, Ələskərdimi, Ağ Əmirlə Boz Əmirdimi?! Mədəd Əmirlidimi, Sultan Əmirlidimi, Xızr Abıdımı, Çürük Aşıqdımı?! “Pyanıska şair” damğalı Şövkət Tahir – Şöşüdümü?!. Saysız-hesabsız, biri-birindən bədbəxt “Muğ”lar, “Muğanna”lar da bətndə qocalıb, bətndə ölürlərsə, axırı əbədiyyət olan bu “ölüm” – ölümsüzlük niyə ağladır bizi?!
Bu sualın cavabında dəstan başlayıram. Elə bir dəstan ki, bu tüstülü-dumanlı, “Badamlı”lı, “Marlbora”lı dünyamızın dumanını dağıdacaq, bir nəfərdən – Xəlvətdən başqa hamını Dəli eləyəcək.
Sən hələ tanımırsan məni, əmi. Ağlım, şüurum, dərrakəm açılıb töküləcək ovcuyun içinə, o əlindəki zəhər kimi yox, o termosdakı “dirilik suyu” kimi yox, sözün həqiqi mənasında dirilik suyu kimi, İskəndər Ruminin tapa bilmədiyi “su” – Elm kimi içəcəksən mənim ağlımı, şüurumu, dərrakəmi... Nəinki sən, yetmiş səkkizinci ilin yayında dəhşətli sənədi oxuduğum gündən bu vaxta qədər hər gün sazıma, sözümə-özümə qulaq asan anam Gülgəz də tanımır məni... Sağ divarında xalça ilə üç sazdan, döşəmədə bir zilidən, üç dəst yorğan-döşəkdən və kitabtərəcələrindən savayı heç bir avadanlığı olmayan mülkümüzdə mənlə oturub-duran sakinləri Çürüklə Xızr Abı da tanımırlar məni.
Dəstanın adı “Sultan və Səməd”di.
Dinlə, əmi!
Adını daşıdığım əmim Mədəd Əmirli də iştirak eliyəcək bu dəstanda, atam Sultan Əmirli ilə birlikdə bədbəxt, əzabkeş arvadı Gülgəz də, Gülgəzin Mədəd adında çağası da. Sənin mələk Torksininlə özün kimi cəngavər oğlunu qatmıram bura. Oğlun Səminin “dəstan”ı ayrıdı. “Gizlin şair” danışacaq Səminin qəm dəstanını. Cavanlığınızda sənə vurğun Gülbəniz Çax-çux qızı bu ağbirçək vaxtında sənlə bərabər sənin oğluna da vurğundu. Onu unutmaq olmaz.
Nə oldu? Niyə diksindin, əmi? İnsan insana vurular, heyvana yox! Gülgəzin istəkli rəfiqəsi – bacılığı Gülbəniz də insan deyilmi? Niyə gizlədim?! “Sultan və Səməd” dəstanında lap iynənin ucu qədər də gizlin şey qalmamalıdı! Tam mənada açıq, çılpaq həqiqət zərbələrilə öldürəcəm səni! Bəs necə?!
Başlayıram.
Burda, Yerdə mən səndən ayrılmışam, əmi. Yetmiş səkkizinci ilin yayında o dəhşətli sənədi oxuduğum gün yox, İskəndər Rumi adlanan vəhşinin basqınları zamanı, BağOdEy, Bağday ikən “Maday”, “Midiya” adlandırılan vətənimiz parçalananda ayrılmışam mən səndən... Bir şey başa düşdünmü bu dediyimdən?.. Sən necə, ey millətindən xəbərsiz “Milli Birlik”, bir şey başa düşdünmü? Səndən də o vəhşinin basqınları zamanı, Bağdayımız parçalananda ayrılmışam. Nə deyirəm bu sözlərlə, ey “Birlik?” Bəlkə OdƏl – həqiqət Əli-filan deyiləm, doğrudan da Dəli Mədədəm? Əlbəttə, belə çıxır. Əmma bir həqiqət də var ki, bu Dəlinin bu qatil əmini bütün varlığı ilə sevən ürəyi var! Və çox qəribədir ki, bu ürək, bu torpağın sakinləri olan insanabənzər torbalar yığını “Birlik” üzvlərini də sevir!
Gah təhrif “Qrek”lə qucaqlaşırsan, gah təhrif “Ərəb”lə, gah təhrif Farsla, gah təhrif “Rus”la! Mənə – özünə qılınc çəkirsən! Əmma yenə sevirəm səni, ey “Birlik”! Niyə? Biləcəksən...
“Marlbora”lar qızarırdı, tüstü laylarının aralarına üfürülən tüstülər millənirdi. Səməddən başqa, çayxana küncündə indi Çürüklə Abı da, Qəlyanlı qocalar da, Şöşü ilə “Pyanıska şairlər” də ağlayırdılar. Xəlvətin kreslosunun arxasında, Sudüşənli ruslar da, Dam direktor da, Nuru müəllim – Çoban Nuru ilə şagirdləri də, qaz “peç”indən sağda, qapının ağzında, divar dibində Qonaqlılar, Tahirlilər, Qurbanlılar da köyrəlmiş, dolmuşdular. Hətta, qaz peçinin dalında papağı bozaran Əlləzoğlu – Göbələk Məmiş də pişik asqırtısı kimi “pi, pi” eləyə-eləyə ağlayırdı.
Cürə inildədi. Mədəd cürədən betər inildədi:
– Kimsən sən, ey “Birlik?!” OdƏrinə niyə “dəri” dedin?! BağOdƏrinə niyə “Məğdur”, “madər”, “pədər” dedin?! Birinci Aleksandrın zamanından indiyə qədər minbir yerə sürülə-sürülə nəhayət gəlib Ağdaş rayonunda məskunlaşanlarımız hətta “Padar” – dağıdan deyirlər. BağOdƏr bəndələri ikən özlərini də “Padar” – dağıdan sayırlar. Bəli, Ağlıqlarını – SafAğlıqlılarını bilə-bilə, dünya nemətlərindən savayı hər şeyə tüpürən “Padar!..” OdƏrini öldürüb, kimlə birləşdin, ey “Padar” “Birlik?!” Bağlarını çarmıxa çəkə-çəkə, EvÜnə “fani” deyə-deyə özün də fani olmursanmı, yoxa çıxmırsanmı, ey “Birlik?!”
Kitabxana.az · https://kitabxana.az/works/isa-huseynov-olum-dirim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qocalıqdan kiçilmiş sifətinin qırışları nə qədər qeyri-adi idisə, xirdaca cüssəsinə uyuşmayan uzun qolları, enli, güclü əlləri bir o qədər heyrətli idi. Manqalın on addımlığından, qaranlıqdan peyda olub kələkötür barmaqlarla Səmədin yaxasından yapışmağı ilə xançalı pencəyin altından çıxarıb bağın dərinliyinə firlatmağı bir oldu.– Məqsədin nədi, nadürüst?!. Ağ Əmirnən Boz Əmir elm, həqiqət uğrunda qurban getdilər! Mədəd Əmirli də məhz həqiqət uğrunda getdi! Bu gün-sabah Sultan Əmirli də gedə bilər! Ən ağıllı, istəkli kənd partkomu saydığı “diapazonlu qadını” bir tərəfinə şpik²⁹ qoyublar, öz əmiuşağınız Əziz Mayılovu da o biri tərəfinə! Dilindən nə çıxar Sultan bədbəxtimizin elə günü çatdırılır Mirqəzəbə! Bəs necə?! “Dovşanı arabaynan tutan Şura hökuməti” deyiblər buna! Kimin ümidinə qalacaq Kainat Elmi, ey Elmdən, dünyadan xəbərsiz cahil!.. Bilirsənmi kimsən sən?! Düş qabağıma! Seyidin qapısında, o xəlvətdə sözümü eşit, sonra hansı cəhənnəmə rədd olursan ol, bir də belə divanə sifətində görünmə buralarda!.. Nə baxırsan üzümə, a heyvərə?! Sənin tanıdığın Xızr Abı deyiləm mən, AdıPünhan Əlifbeyəm! AdıPünhan Ələsgərnən Dəli Alıynan³⁰ oturub-durardım, indi gəlib Əmirli yurduna qısılmışam, uşağ-muşağa elm öyrədə-öyrədə sənin təhsildən qayıtmağını gözləyirdim. Çünki məhz səndən ötrü dustağam mən o Əmirli mülkündə!
Süleyman padşahın xəzinəsi 5Qapını Hənifə arvad açdı.Həyətdəki alçaq çardağın arxasında təkotaqlı çiy kərpic evdə tavanın ortasından sallanan yeddilik lampanın³³ alovu qapının yelindən uzanıb-yaymalanıb, hisli şüşəni daha da hisləndirdi, arvad saçları dağılıb gözlərinin üstünü tutmuş ucaboy adamı əvvəlcə tanıya bilmədi.
Süleyman padşahın xəzinəsi 6Bircə balanın kəndə getdiyini, orada Əlləzoğlunun başını yarıb şəhərə qayıtdığını eşidəndə Sultan bu xəbəri zahirən sakit qarşıladı. Səhərin alatoranında, papaq əvəzinə başında bir topa çit bozara-bozara özünü yataq otağına salıb, göyünü-kürəkənini dümsüyləyib oyadıb: – Qardaşoğlun dəli-divanədi! Çarə, dərdin alım! – deyəndən sonra Əlləzoğlu pırpız qaşların altında durğun gözlərə baxa-baxa qalıb, bu sakitlikdən heç nə anlamadı.Kürəkəninin çox qapalı adam olduğunu və qayınatasının yüz sözünə bir cavab verdiyini yaxşı bilsə də Əlləzoğlu çarpayının böyrünü kəsdirib tərpənmədi ki, əhvalatın üstündən dörd ay keçəndən sonra, nəhayət, hökmən ətraflı danışsınlar. Əmma Sultan nə orada-çarpayıda bir söz dedi, nə də yuyunub tut ağacının altında, dəyirmi stolun yanında, qarğı kresloda oturandan sonra. Niyə dillənmirdi? Nə fikirləşirdi?
Süleyman padşahın xəzinəsi 7Nə Sultanla Səməd, nə Xızr Abı ilə Çürük Aşıq, nə Məhərrəm, nə də “mühacirlər” və bütün “Pünhan”lar – hələ heç kəs bilmirdi ki, “çesuyçalılar” adlananlardan, əvvəllər olduğu kimi, hər beş nəfərdən biri yox, indi hər iki nəfərdən biri birbaşa Moskva KeQeBesinin işçisi idi. Hətta Azərbaycan KP MK-dan və respublika KQB-sinin özündən də gizlində, hər cür dünya nemətləri ilə təmin olunan, xalqdan tamam ayrılıb, bu xalqın keçmişi, gələcəyi ilə məşğul olan Muğannaları nəinki addım-addım izləyirdilər, hətta, imkan olanda – şərait yarananda öz şəxsi təşəbbüsləri ilə öldürürdülər. Bu təhlükəni tək bir nəfər, bütün Dövlət Təhlükəsizliyi işçilərinin sadəcə “Saşa” adlandırdıqları bir nəfər polkovnik bilirdi. Bu bəstəboy, son dərəcə məlahətli oğlanı Muğannalardan demək olar ki, hamısı oğul, qardaş, yaxın-əziz qohum kimi sevirdi. “Saşanın üzündə şeytan tükü var” – deyəndə məhəbbətlə gülümsəyirdilər. Bu məhəbbətin, əlbəttə, ciddi səbəbi də vardı: Gürcüstanın ən ucqar guşələrində yaşayan “Muğ” – Bağlardan başlamış, Şimali Azərbaycanın ən ucqar rayonlarından Lerikə qədər, Muğannalardan kim həbs olunurdusa, Saşa, yalnız özünə məlum möcüzə ilə xəbər tutub, cinayət işi-filan yazmamış, istintaq başlanmamış, təkbaşına, türməyə – həbsxanaya gedib, lazım gələndə hətta əlini yarımavtomat naqanın üstünə qoyub, qısaca “Azad edin” və ya “mənim şəxsi işçimdir” deyib buraxdırırdı. Sultan nə qədər kədərli, sarsıntılı olsa da, hətta gecələrin birində o qalın bağın dərinliyindən bəriyə güllə açılacağına heç bir şübhəsi olmasa da, əmin idi ki, Saşanın kor görünməz əli həmişə haralardasa – ətraflarda dolana-dolana onun özünü və Bircə balanı qoruyurdu və sədr Mədədin ölümündən sonra bu iki nəfərin – əmi ilə qardaşoğlunun sağ qalmağının səbəbi də məhz o “əl” idi. Çox təhlükəli hallarda isə o “əl” Saşanın özü idi. Başında Əlləzoğlunun “motal” papağı, çiynində Əlləzoğlunun əlli ildən qalma əprimiş arxalığı, zalın qapısında bir an görünüb, əlindəki uzun kabab şişini dişinə çəkə-çəkə geri qanrılıb yox olan o oğlanı nə aşağıda – həyətdə olan Sultan gördü, nə də Səməd: polkovnik Saşa məlahətlə qımışıb, dabanı üstə dönüb yoxa çıxdı. Səməd onu Sultanın həyət-bacasında qulluq eləyən Seyid kişi kimi adamlardan biri sayıb, heç diqqət də yetirmədi...Hələ heç kəs, o cümlədən Saşa özü də bilmirdi ki, bu ağ daş evin yaxınlığında, bağın çalkeçid budaqları altında daha bir nəfər naməlum adam, kababın ətrini dəf etmək üçün cibindəki balıq konservini bıçaqla açıb, yeyə-yeyə Saşanı daimi “pod kolpakom”⁴⁷ saxlayırdı ki, lap tezliklə qanını axıtsın və beləliklə, qorunduğuna əmin olan Sultanla birlikdə Səmədin həyatını da tükdən asılı qoysun. Hər gecə Moskva vaxtı ilə səhər saat dörddə bağın dal hasarının dibindən o yana keçən, sement döşəməli, dərin, susuz arxdan sürünüb keçib, orada vaxtı ilə Rəhim Qudalının işlədiyi “Rayon yun idarəsi, Alınma, satılma məntəqəsinin künc otağında “priyomnik”in “nauşniklərini” başına keçirəndə o adamın eşitdiyi ilk sözlə “Ya Saşa! Ya Saşa...” olurdu. Yəni, Moskvadan danışan adamın “kliçkası” da “Saşa” idi... Bu gecə o Moskvalı səs, vaxtından xeyli əvvəl, yəni Sultanla Səmədin evə qalxdıqları dəqiqələrdə əmr etdi: “Ya Saşa... Ya Saşa... pora vzyat moyeqo tyozku... pora vzyat moyu tyozku”⁴⁸ çox keçmədi ki, arxadan içəriyə daha iki qaraltı girdi. Saşanın başının dövrəsində, qaranlıqda üç lülə ağzı ağardı...
Başqa şairlərin şeirləri
شاهد خرگهنشین زلف ز رخ کرد بازنور حقیقت پدید از ظلمات مجاز
QızlarBir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.
Gəraylı: Ey ağalar, bu gözəldənEy ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.