Ölüm-dirim
Səhifə 16 / 22 · 68%
Ver dərməni, ey külli qırğın qatili!.. İkinci dəfə əlim dəysə, səlamət qalmıyacaqsan. İmkan ver, heç olmasa, səhərə qədər yaşasın o! Bayaq niyə qan aldın? İstəmirdinmi bir az yaşasın, danışsın, özü özünü boğsun öldürsün? İndi mən danışıram, mən öldürürəm onu! Nə fərqi var?!.
Xəlvət titrəyə-titrəyə, boğazını çayla yaşlayıb, altdan dik, diqqətlə Mədədə baxırdı.
– Sultanın Gülgəzi maşına basıb aparmağının əvəzində külli qırğın-filan danışırsan!
– Belə lazımdı! Bu bir. İkincisi, Sultan Əmirlinin maşına basıb apardığı Gülgəz deyildi.
– Nə?!
– Deyirəm Gülgəz deyildi.
Xəlvət üşürgələndi.
– Yuxu görürəm mən, nədi, ay cəmaat?! Bu nə danışır?! Min doqquz yüz əlli dördüncü ilin mayında Sultan Əmirlinin bu kənddən maşına basıb apardığı zənən bunun anası Cığalı Gülgəz deyildimi, onun istəklisi deyildimi?!
Bütün pavilyon tüstü içində, dəhşət içində susurdu.
Mədəd siqareti külqabına basıb, gah Səmədin yumulu gözlərinə, gah “dərmən” tələbindən xoflanmış Xəlvətə baxa-baxa gərginləşdi.
Şişmiş zəli dodaqlar titrədi:
– Əlim çatmır. Çıxart... özün.
Mədəd “ampula”ları kitelin qoyun cibindən çıxarıb Sestraya verdi. Sestra, quruyub codlaşmış əlləri titrəyə-titrəyə, “ampula”lardan ikisini dalbadal sındırıb “şpris”ə doldurdu, yüyürüb Səmədin qolunu çirməyib, “vena”ya – şah damara yeritdi.
Mədəd o yan-bu yana gəzinirdi.
– İndi sakit otur, əmi... Gülgəzlə görüşünü də eşitməlisən. Atamın o bədbəxt zənəni necə zorladığını da... Dal otaqda oturanların tələbidi bu, həm də mənim özümün qərarımdı! Danışacam. Dözməlisən!
Əvvəlcə Çax-çuxun çənəsini çaqqıldadacam. Görüşə, zorlamaya dəxli olmuyan çərən-pərən şeylər deyəcək Çax-çux. Sonra görəcəksiniz bir kəlmə də çərən-pərən yoxdu.
Mədəd təzənəni simlərə çəkdi.
– Məclis darıxmasın. Yorulanlar getsinlər. Qalanlar peşiman olmuyacaqlar. Yağır Məmmədəlinin, bu qatillə Çax-çux – çik-çik qatilin o tayda, bu tayda öldürdükləri Elmi necə adi, sadə söz möcüzələri ilə diriltdiyimi eşitmək istəyənlər qalsınlar. Hökmən qalın, ey Qonaqlılar, Tahirlilər, Qurbanlılar, dünyanızı göstərəcəm sizə!
“...Kupedə Çax-çux Səmədə deyirdi:
– Bu günü gözləyirdim mən, qadası. Avqustun iyirmi ikisidi bu gün. Yadında saxla: iyirmi iki avqust, min doqquz yüz əlli dördüncü il, axşam. Stansiyada dayanhadayanda, altıncı vaqonun kupesində Çax-çux Xalıq sənə deyir: “Gözün elə şeylər görəcək ki, bu gün, ömründə görməyibsən. Qulağın elə sözlər eşidəcək ki, ömründə eşitməyibsən.” Falçı sözü deyil bu. Əsasım var mənim. Çətin gündü bu gün səndən ötrü, qadası. Ata gözündə gördüyün əmin düşəcək gözündən, adamlıqdan çıxacaq, murdar heyvana dönəcək nəzərində. Dözümlü olmalısan bu gün. Çox dözümlü!.. Bir dəfə sınıbsan. Qırx altıncı ilin dekabrının iyirmi üçündə – avariya günü. Bir də sınsan düzəlməzsən. Odu ki, unutma məsləhətimi: qabaqca Məsimgilə getməlisən. Gülbəniznən görüşməlisən hökmən. Sonra da, deməli, məni görməlisən. Gözlüyəcəm ha!..”
Trubkanın qətran iyi, qatı tüstü ilə birgə, kupeyə anlaşılmaz, dəhşətli xof dolub, Səmədin sinəsini tutub nəfəsini daraltmışdı: illərlə səndən gizlənən, şəksiz-şübhəsiz qatil, belə birdən-birə, belə sərbəstcə üzə çıxıb, atanın müsibətindən sonra ata əvəzi əmini də böyük müsibətlər gözlədiyini xəbər verib, “gözün elə şeylər görəcək ki, bu gün, ömründə görməyibsən” deyirdisə, “falçı sözü deyil bu, əsasım var mənim” deyirdisə və sən bu adamın nəyəsə əsaslandığını duyurdunsa, bundan necə xoflanmıyasan?!
Çax-çuxu kupedə qoyub düşməyə tələsəndə Səmədə aydın olan bircə bu idi ki, səkkiz il bundan əvvəlki, qəbristandakı üzü palçıqlı adam, o cinayətkar – qatil yoxa çıxmışdı, yaşıl şlyapanın altında qara məxmər üzünün qətiyyəti ilə, dəyirmi fənər gözlərinin cəsarəti ilə tamam başqa hisslər oyadan, “sinəsi sirlə dolu”, çoxbilən bir adam peyda olmuşdu və bu adam, bildiyinin yüzdə birini də açmayıb, hər şeyi nədənsə sonrakı görüşə – Badsəbanın daxmasına saxlayıb, ancaq bunu demişdi ki, Səməd öz doğma, əziz əmisini, ata əvəzi himayədarını heç də yaxşı tanımırdı, əmisinin ətrafında baş verən hadisələrdən xəbərsizdi və bilmirdi ki, “Stalin ölən günü əmisi də ölüb, stolun dalında qaraltısı qalıb”, üstəlik, dörd ay bundan əvvəl – may ayında başına nə gəlibsə, necə sarsılıbsa, “Sultan Əmirli deyiləm mən daha, arşınmalçıyam, gedək bir Gülçöhrə tapaq”, – deyib, əmma “uğuru xeyir olmayıb”, “Gülçöhrə” əvəzinə kiminsə – “başqasının istəklisini” gətirib!.. Qətran iyi ilə, tüstü ilə birgə sinəsini tutub Səmədin nəfəsini daraldan da, əslində, elə bu əcaib evlənmə xəbəri idi ki, onu tamam çaşdırmışdı. Sultan əmini Sultan Əmirli eləyən bu deyildimi ki, özünü fədai sayıb, ailə oğul-uşaq istəməyib, həm gözəllikdə, həm də ağılda-kamalda tayıbərabəri olmayan Qıymatı da ailə səadətindən məhrum eləyib, məhz fədai kimi yaşamışdı! Bu barədə atasından eşitdiyindən əlavə, Səməd özü də yaxşı bilmirdimi ki, əmisinin ailə ilə bərabər şəxsi ev-eşikdən də imtina eləyib, “İnventar RKP” içində qalmağının böyük, ciddi səbəbi vardı: bütün həyatını Kainat Elminə, Bağdaya vermişdi! İndi nə olub, nə baş verib?! Saç-saqqalının ağaran vaxtında birdən-birə bu dərəcədə metamorfozaya uğraması mümkündümü?! Əgər metamorfoza yoxdusa, bəs Sultan Əmirlini “Sultan Əmirli deyiləm mən daha” deməyə vadar edən nədir? Bəlkə heç deməyib? Səməd nəyə görə inanmalıdır ki, Sultan əminin dilinə, təfəkkürünə bu qədər yad-yabançı “arşınmalçı” məhz onun öz dilindən çıxıb? Bu kəlmə ilə birgə bu evlənmə əhvalatının özündən də anekdot iyi gəlmirmi? Və elə anekdot iyindən məlum deyilmi ki, Çax-çuxun dili ilə düşmən danışır?! Belə çıxmırmı ki, Xudiyev rədd olub rayondan getsə də, Xudiyev – Dudiyev dəstəsindəkilərin hərəsinə bir töhmət yapışdırılsa da, Bezobraziye heç də fəaliyyətindən qalmayıb, vaxtilə Əmir məzarıstanından qəbirlərin, başdaşların şəkilləri vasitəsilə “əsasla ittihamnamə” düzəltdiyi kimi, indi də başqa cür bir vasitə ilə – qadın-filanla, “başqasının sevgilisi” ilə ittihamnamə düzəldib?!..”
Diqqət yetir, çalış düşün, dərk elə, gör insana, həyata münasibətin necədi, ey Təhrif! Düşün gör Qudalılar, Gülənovlar da Sultan Əmirli kimi, sədr Mədəd, Qılınc Qurban kimi yaşasaydılar, Mirqəzəb, Pers, Yağır, Çax-çux mühitində necə bir həqiqi birlik yarana bilərdi!
– Saxla... Dayan... – Xəlvət stəkan-nəlbəkini qaz “peç”inin üstünə qoydu. – Sən kimi ifşa eləyirsən?!
Mədəd yorğun-yorğun, başını yana əydi.
– Hələ ki bizi vurursan! Gizlin işləri danışmalısan sən. Görüşü gözləyirik biz!
– Fəallaşma, Rəhim kişi. Gözlənilməz şeylər olacaq. Sakit otur... Görüş bir deyil. Elqızımız Gülgəzlə görüş var. Qəhbə Gülgəzlə görüş var! Qəhbə Sultanla görüş var! Bu nitqimin, sazımın, sözümün lent yazısını hər yerdə yaymaq, Bezobraziye murdarlarına dərs demək, Elm vermək ümidiynən çalıb-çağırıram.
Xəlvət əlini yelləyirdi. – Ay hay! Ay hay! – deyirdi.
Sonra ucadan:
– Mənim Möcüz adında bir nəvəm var. Qarmon çalır, şeir yazır...
– Üzünü sağ tərəfə çevirdi: – Ordan belə çıx, a bala, o şeri oxu, eşitsin bu əbləh.
On yeddi – on səkkiz yaşlarında, qara, gombul bir oğlan pinqvin kimi sağına, soluna basa-basa, farsistlərin, ərəbistlərin arasından çıxıb, Mədədə baxıb, ciddiyyətlə:
– Bir “Gəraylı” çal, – dedi.
Mədəd burda xeyirli bir şey olmayacağını bilsə də, Möcüzə boyun əyib: – Baş üstə, – dedi.
Möcüz oynaq “Gəraylı” ilə o qədər də tutuşmayan, asta, qalınaraq, qəmli səslə, birnəfəsə oxudu:
BağOdƏrə “mehtər” dedi,
“Mehtər”ini kor eylədi,
Kor oğluna qılınc verdi,
At yalına yatan millət.
Qılınc qana bata-bata
Sultanından qisas aldı,
Zənn eylədi xilas oldu,
Gözünü qan tutan millət!
Biləninə sən sus dedi,
Bilməzinə qurdsan dedi,
Dönüb öz-özünü yedi,
Diləyinə çatan millət!
Xəlvət əl çaldı.
– Qurtar! Ye özünü! – dedi.
Şüşəlinin sağ tərəfində də şarappa-şarap əl çaldılar. Möcüz dönüb yerinə getdi.
Mədəd isə “Gəraylı”nın arasını kəsmədən:
– Möcüz ala qarğa kimidi siz quzğun yığnağının içində! – dedi. – Özünün deyil oxuduğu şeir, mənim bu “ab yaşıl”⁹⁸ düşgünü dostumundu. Axırını oxumadı. Qulaq as, oxuyuram.
Bir gün gəldi, geri baxdı,
Gözlərindən sellər axdı,
Şöşünü yandırıb yaxdı,
Al qanına batan millət!
– Bu heç... O Pinqvin Möcüz səndən qat-qat müdrikdi, ey qatil! Mənə yox, öz babasına cavab verdi o!.. Bu heç. Səbr elə... Gülgəzi Sultan Əmirlinin çarpayısında görəcəksən. O Gülgəzi ki, Səmədin ürəyinin parçası idi.
– Sən neynirsən?! – Səməd qışqırıb yumruğunu stola vurdu. – Mədəd! Neynirsən?!
Mədəd təzənəni simlərə çəkdi.
– Döz!.. Əclaf!.. Bax belə əclafam mən, özümdən iyirmi yeddi yaş böyük əmimə əclaf deyirəm. Əmim deyilsən, ata əvəzi deyilsən, doğma atamsan sən mənim. Get güzgüdə özünə bax, sonra gəl mənə bax, gör bir zərrə qədər fərqimiz varmı üz-gözümüzdə, boy-buxunumuzda, yerişimizdə, oturuşumuzda-duruşumuzda! Söz-söhbətimiz, beynimiz, təfəkkürümüz, məhəbbətimiz, nifrətimiz!.. Ha çalışıram kiməsə baxanda başımı yana əyməyim, mümkün olmur. Baxışımız da eynidi! Yığışdır indi xəlvət dilləri, görüm necə yığışdırırsan! Bütün rayon deyir Səməd Əmirlinin oğludu Mədəd, Sultan Əmirlinin yox! Məmiş Əlləzoğlunun qızı Səməd Əmirlinin altında olub, Sultan Əmirlinin yox! Bu ad-sannan, bu şan-şöhrətnən yaşamaq olmaz, əmi! Bu gecə çox şey eləməliyəm mən! Dünya uçub, altında qalmışam. Aylı, ulduzlu dünya yox, bu Xəlvətli, “Badamlı”lı, “Marlbora”lı, ximikatlı, kombinkormlu dünya, çörəyinin dadını da itirmiş, kanalizasiyası suyuna qarışmış murdar dünya bütün çirkabıynan, zir-zibiliynən uçub tökülüb üstümə!.. Döz! Döz! Döz! Öldürəcəm, dirildəcəm! Mən də dözəmmirəm. Başa düşürsən?! Dözəmmirəm! Ya dağıtmalıyam bu dünyanı, özüm də ölməliyəm, ya da düzəltməliyəm bu dünyanı, özüm də dirilməliyəm! Kiməm, nəyəm, doğrudan da qabiləmmi bu dünyanı dağıdıb yenidən qurmağa? Heç kəs bilmir. Sən də bilmirsən! Bu gecə biləcəksən!
Kitabxana.az · https://kitabxana.az/works/isa-huseynov-olum-dirim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qocalıqdan kiçilmiş sifətinin qırışları nə qədər qeyri-adi idisə, xirdaca cüssəsinə uyuşmayan uzun qolları, enli, güclü əlləri bir o qədər heyrətli idi. Manqalın on addımlığından, qaranlıqdan peyda olub kələkötür barmaqlarla Səmədin yaxasından yapışmağı ilə xançalı pencəyin altından çıxarıb bağın dərinliyinə firlatmağı bir oldu.– Məqsədin nədi, nadürüst?!. Ağ Əmirnən Boz Əmir elm, həqiqət uğrunda qurban getdilər! Mədəd Əmirli də məhz həqiqət uğrunda getdi! Bu gün-sabah Sultan Əmirli də gedə bilər! Ən ağıllı, istəkli kənd partkomu saydığı “diapazonlu qadını” bir tərəfinə şpik²⁹ qoyublar, öz əmiuşağınız Əziz Mayılovu da o biri tərəfinə! Dilindən nə çıxar Sultan bədbəxtimizin elə günü çatdırılır Mirqəzəbə! Bəs necə?! “Dovşanı arabaynan tutan Şura hökuməti” deyiblər buna! Kimin ümidinə qalacaq Kainat Elmi, ey Elmdən, dünyadan xəbərsiz cahil!.. Bilirsənmi kimsən sən?! Düş qabağıma! Seyidin qapısında, o xəlvətdə sözümü eşit, sonra hansı cəhənnəmə rədd olursan ol, bir də belə divanə sifətində görünmə buralarda!.. Nə baxırsan üzümə, a heyvərə?! Sənin tanıdığın Xızr Abı deyiləm mən, AdıPünhan Əlifbeyəm! AdıPünhan Ələsgərnən Dəli Alıynan³⁰ oturub-durardım, indi gəlib Əmirli yurduna qısılmışam, uşağ-muşağa elm öyrədə-öyrədə sənin təhsildən qayıtmağını gözləyirdim. Çünki məhz səndən ötrü dustağam mən o Əmirli mülkündə!
Süleyman padşahın xəzinəsi 5Qapını Hənifə arvad açdı.Həyətdəki alçaq çardağın arxasında təkotaqlı çiy kərpic evdə tavanın ortasından sallanan yeddilik lampanın³³ alovu qapının yelindən uzanıb-yaymalanıb, hisli şüşəni daha da hisləndirdi, arvad saçları dağılıb gözlərinin üstünü tutmuş ucaboy adamı əvvəlcə tanıya bilmədi.
Süleyman padşahın xəzinəsi 6Bircə balanın kəndə getdiyini, orada Əlləzoğlunun başını yarıb şəhərə qayıtdığını eşidəndə Sultan bu xəbəri zahirən sakit qarşıladı. Səhərin alatoranında, papaq əvəzinə başında bir topa çit bozara-bozara özünü yataq otağına salıb, göyünü-kürəkənini dümsüyləyib oyadıb: – Qardaşoğlun dəli-divanədi! Çarə, dərdin alım! – deyəndən sonra Əlləzoğlu pırpız qaşların altında durğun gözlərə baxa-baxa qalıb, bu sakitlikdən heç nə anlamadı.Kürəkəninin çox qapalı adam olduğunu və qayınatasının yüz sözünə bir cavab verdiyini yaxşı bilsə də Əlləzoğlu çarpayının böyrünü kəsdirib tərpənmədi ki, əhvalatın üstündən dörd ay keçəndən sonra, nəhayət, hökmən ətraflı danışsınlar. Əmma Sultan nə orada-çarpayıda bir söz dedi, nə də yuyunub tut ağacının altında, dəyirmi stolun yanında, qarğı kresloda oturandan sonra. Niyə dillənmirdi? Nə fikirləşirdi?
Süleyman padşahın xəzinəsi 7Nə Sultanla Səməd, nə Xızr Abı ilə Çürük Aşıq, nə Məhərrəm, nə də “mühacirlər” və bütün “Pünhan”lar – hələ heç kəs bilmirdi ki, “çesuyçalılar” adlananlardan, əvvəllər olduğu kimi, hər beş nəfərdən biri yox, indi hər iki nəfərdən biri birbaşa Moskva KeQeBesinin işçisi idi. Hətta Azərbaycan KP MK-dan və respublika KQB-sinin özündən də gizlində, hər cür dünya nemətləri ilə təmin olunan, xalqdan tamam ayrılıb, bu xalqın keçmişi, gələcəyi ilə məşğul olan Muğannaları nəinki addım-addım izləyirdilər, hətta, imkan olanda – şərait yarananda öz şəxsi təşəbbüsləri ilə öldürürdülər. Bu təhlükəni tək bir nəfər, bütün Dövlət Təhlükəsizliyi işçilərinin sadəcə “Saşa” adlandırdıqları bir nəfər polkovnik bilirdi. Bu bəstəboy, son dərəcə məlahətli oğlanı Muğannalardan demək olar ki, hamısı oğul, qardaş, yaxın-əziz qohum kimi sevirdi. “Saşanın üzündə şeytan tükü var” – deyəndə məhəbbətlə gülümsəyirdilər. Bu məhəbbətin, əlbəttə, ciddi səbəbi də vardı: Gürcüstanın ən ucqar guşələrində yaşayan “Muğ” – Bağlardan başlamış, Şimali Azərbaycanın ən ucqar rayonlarından Lerikə qədər, Muğannalardan kim həbs olunurdusa, Saşa, yalnız özünə məlum möcüzə ilə xəbər tutub, cinayət işi-filan yazmamış, istintaq başlanmamış, təkbaşına, türməyə – həbsxanaya gedib, lazım gələndə hətta əlini yarımavtomat naqanın üstünə qoyub, qısaca “Azad edin” və ya “mənim şəxsi işçimdir” deyib buraxdırırdı. Sultan nə qədər kədərli, sarsıntılı olsa da, hətta gecələrin birində o qalın bağın dərinliyindən bəriyə güllə açılacağına heç bir şübhəsi olmasa da, əmin idi ki, Saşanın kor görünməz əli həmişə haralardasa – ətraflarda dolana-dolana onun özünü və Bircə balanı qoruyurdu və sədr Mədədin ölümündən sonra bu iki nəfərin – əmi ilə qardaşoğlunun sağ qalmağının səbəbi də məhz o “əl” idi. Çox təhlükəli hallarda isə o “əl” Saşanın özü idi. Başında Əlləzoğlunun “motal” papağı, çiynində Əlləzoğlunun əlli ildən qalma əprimiş arxalığı, zalın qapısında bir an görünüb, əlindəki uzun kabab şişini dişinə çəkə-çəkə geri qanrılıb yox olan o oğlanı nə aşağıda – həyətdə olan Sultan gördü, nə də Səməd: polkovnik Saşa məlahətlə qımışıb, dabanı üstə dönüb yoxa çıxdı. Səməd onu Sultanın həyət-bacasında qulluq eləyən Seyid kişi kimi adamlardan biri sayıb, heç diqqət də yetirmədi...Hələ heç kəs, o cümlədən Saşa özü də bilmirdi ki, bu ağ daş evin yaxınlığında, bağın çalkeçid budaqları altında daha bir nəfər naməlum adam, kababın ətrini dəf etmək üçün cibindəki balıq konservini bıçaqla açıb, yeyə-yeyə Saşanı daimi “pod kolpakom”⁴⁷ saxlayırdı ki, lap tezliklə qanını axıtsın və beləliklə, qorunduğuna əmin olan Sultanla birlikdə Səmədin həyatını da tükdən asılı qoysun. Hər gecə Moskva vaxtı ilə səhər saat dörddə bağın dal hasarının dibindən o yana keçən, sement döşəməli, dərin, susuz arxdan sürünüb keçib, orada vaxtı ilə Rəhim Qudalının işlədiyi “Rayon yun idarəsi, Alınma, satılma məntəqəsinin künc otağında “priyomnik”in “nauşniklərini” başına keçirəndə o adamın eşitdiyi ilk sözlə “Ya Saşa! Ya Saşa...” olurdu. Yəni, Moskvadan danışan adamın “kliçkası” da “Saşa” idi... Bu gecə o Moskvalı səs, vaxtından xeyli əvvəl, yəni Sultanla Səmədin evə qalxdıqları dəqiqələrdə əmr etdi: “Ya Saşa... Ya Saşa... pora vzyat moyeqo tyozku... pora vzyat moyu tyozku”⁴⁸ çox keçmədi ki, arxadan içəriyə daha iki qaraltı girdi. Saşanın başının dövrəsində, qaranlıqda üç lülə ağzı ağardı...
Başqa şairlərin şeirləri
شاهد خرگهنشین زلف ز رخ کرد بازنور حقیقت پدید از ظلمات مجاز
QızlarBir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.
Gəraylı: Ey ağalar, bu gözəldənEy ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.