Ölüm-dirim
Səhifə 3 / 22 · 9%
Xəlvət Rəhim gah cəmaatın başı üzərində çinarın sazaqdan titrəşən təkəm-seyrək yarpaqlarına, gah da cəmaatdan xeyli geridə dayanmış boz kostyumlu, arıq adama baxa-baxa, dalbadal dəhşətli suallar verirdi:
– Deyin görüm, bü Qurbanlı sovetliyinin üçpara kəndində neçə dəlimiz var bizim? Qonaqlıda Dam direktor Ələsgər müəllimi kim dama çıxardıb?.. Dünənəcən şapkasının qabağı qırmızı ulduzlu bolşevik fəxrimiz olan Qılınc Qurban, o möhkəmlikdə adam niyə infarkt oldu? Ondan geri qalmıyan fəxrimiz Xızr Abı hər cümə axşamı Tat Seyidin arvadının yasına gedib guya mollalıq eləyir, əmbə həqiqətdə, bilirsiniz, göylərnən əlləşir. Ona da Dəli Abı deyirlər indi. Tahirlidə Nuru müəllim çoban olub, sinifdə dərs demək əvəzinə çöldə “çobanları alim eləyir!” Nuru müəllimin başı bəlalar çəkmiş, türmə məhrumiyyətləri görmüş ağ saçlı şair qardaşı Şövkət Tahiri kim “Pyanıska şair Şöşü” eləyib? Otuzuncu illərdən indiyə qədər, əlli il müddətində Əmirlilərin hökumətdən gizlədə-gizlədə saxladıqları o yeddi yüz əlli cildlik “Vərəsə” kitabxananın tör-töküntüsü əsasında yazılan “Vərəsə” adında dissertasiya deyilmi bu cəmaatı dəli eliyən?!.
Məhərrəmov cənablarının əli uzanıb gedib Təbrizdə, Demokratların vaxtından qalan gizlin mətbəə tapıb, bir Allah bilir nə qədər çap elətdirib tör-töküntü “Vərəsə”sindən, sərhəddən keçirib gətirib, bizim Bakıdakı “Yazıçı” nəşriyyatının adını yazıblar üstünə, basıblar respublikanın rayonlarına, Borçalıya, Başkeçidə sat ki, satasan! Nəçənnik Gülənova xəbər verdilər, milis səpələndi, hər yerdə bütün dükanlardan yığışdırdı. Bundan sonra kim harda görsə o kafir kitabını, ocağa tullasın! Bu içəridəki “Dəli” yenə “Ağ Əmir, Boz Əmir Ağlar” dəstanı başlasa, sazını qırın! Bəsdi daha! Adımız Sovet işçiləri, gözümüzün qabağında antisovet ƏsAğ – “Aşıq!” Nə qədər dözmək olar buna?!.
Ömrüm Qonaqlıda keçsə də, məni tanımırsınız siz, cəmaat! “Agent” nədi?! Başqa adamam mən. Odu ki, xüsusi tapşırılıb mənə, o SafAğ deyilən zibilin kökü kəsilməlidi! Sabaha qoymaq olmaz! Sabah müharibə gözləyir bizi. Yumruq təki bir, möhkəm olmalıyıq. Və, demək, milləti azdıranların dərsini verməliyik bu gün, bax bu Şüşəlidə!.. Biz burda məhv eləsək – bunları hər yerdə məhv eləyəcəyik! Nə təhər olacaq bu, gözünüznən görəcəksiniz!
Heç kəs dillənmirdi. Heç kəs tərpənmirdi.
Şüşə divarın dalında, tüstü içində dörd bədbəxtdən, Mədədlə Şöşünün və Abı ilə Çürüyün qaraltılarından biri “taburetka”dan qalxıb üzü aşağı – qapıya doğru getdi. Abı idi. Eşiyə çıxıb, bir əlində qəlyanı, o biri əlində təsbehi, dirsəkləri ilə cəmaati o yan-bu yana itələyə-itələyə, əsəbi, çılğın, gəlib Xəlvəti dürtmələdi: – Eyy!..
Xəlvətin gözü cəmaatın arasındakı tək adamda idi. O boz kostyumlu, arıq, sakit, susqun adamdan başqa, indi heç kəsə, heç nəyə baxmırdı. Əmma qocanın qurusümük yumruğu necə ağrıtdısa, istər-istəməz dönüb üstdən aşağı, Abıya baxdı.
Abının alt çənəsi burnunun altına sıxıldı, gözləri qara, quru qırışların arasında itdi. Hamı, o cümlədən Xəlvət Rəhim də çoxdan bilirdi ki, sifəti bu kökə düşəndə Xızr Abının “dili qarnına gedib batin olurdu”, əvəzində “dilmancı” Çürük danışmağa başlayıb, öz yüzillik dostunun, balabançısının “batin dilini aşkar eləyirdi”, yəni “Xızrın gizlətdiyi” sözü deyirdi.
Bu dəfə tərsinə oldu. Alt çənə ağır-ağır açılıb sallandı, Abının bir əlcə üzünün qara-quru qırışlarının aralarından dümağ dəri göründü, pələng gözləri pavilyondan düşən “dnevnoy” işıqda ildırım kimi çaxdı və Abı, dilmancsız, öz “batin dilində” hamının lap asanca anladığı, tamamilə aydın sözlər dedi:
– Sənin zırrama alverçi şərqşünaslarından, farsistlərindən başlamış, burda kim bilmir bizim “Dəlilər” necə Dəlilərdi! OdƏllərimizi – Həqiqət Əllərimizi yenidən “Dəli”lərə döndərməkdə qəsdin nədi?! Başa salmamışammı səni ki, Od dövranı gəlir, yalanı yandırır Od – Həqiqət! Az qalıb, ay bədbəxt!.. Qandırmamışammı ki, bəsdi Elmi ayaqladığınız! Sovet olmuyacaq! Ermənilərlə aramızda müharibə qızışdırıb içərimizi zəhərliyəmmiyəcəksiniz, ey İlan agentləri! Əməliniz bax bu ovcumun içindədi. Bu gün “perestroyka” deyə-deyə Soveti, Sosyalizmi dağıdırsınız! Sabah “İslam, İslam” deyə-deyə milləti Farsın ayağının altına atacaqsınız ki, o tayı yeyib qurtaradan sonra bu tayı da yesin! “Fars”san sən, Rəhim Erməniyə “erməniyəm” deyərdin. “Cuhud qarışacağım var” deyərdin. Əmma məlumdu – Farssan, yəni mənasızsan! EvƏrƏs ikən “Pers”, “Pars”, “Fars” – mənasız olan! Qarışdırırsan yenə aranı! Ayıl, məna kəsb elə bu qoca Abıdan! – Abı titrəyirdi.
Xəlvət sakit-sakit, ağır-ağır başını bulayıb, “Qudalı gədələri”nə – hamıya məlum olan “Gizlinlər”ə işarə verdi.
Məhlədə, kənd arasında, xeyirdə-şərdə heç vaxt bir-birindən ayrılmayıb həmişə topa gəzən, yoğun-yoğun “ət torbaları” vətəndaş geyimində OMON⁸⁵-çu Gizlinlər indi də topa yığnaqla, hay-küylə cəmaatın arasından çıxıb, Abını hop götürdülər.
– Bıy, ə, bu nə yüngülüymüş! Çəkisi yoxdu ki, heç. Yedirtmək lazımdı! – deyə-deyə, çiyinlərində çabalada-çabalada, şüşə divar uzunu aşağıya – qapıya doğru apardılar. Əmma qapıya çatmamış yerə atmalı oldular. Çünki Abı, deyilənə görə, Ermənilərlə müharibə üçün silahlanmış bu açıq Gizlinlərin – “ət torbalarının” şubalarının yaxalarını açıb Kalaşnikov avtomatlarını göstərirdi, bahalı “norka” papaqlarını vurub ayaq altına salırdı, can-cürəfəsəsilə uyuşmayan nəhəng əllərilə şapalaqlayırdı.
Yerə düşəndə, əl-qolundan çəkişdirən, – Gəl, a kişi. Yedirtmək lazımdı səni. Gəl! – deyə-deyə gülüşən Gizlinlərə göz gəzdirib, büzüşüb birdən-birə yazıqlaşdı, çayxana küncünə gedib, yenə dörd bədbəxtdən birinə çevrildi.
Cəmaat gah bədbəxtlərə baxırdı, gah da Xəlvətə.
⁸⁵ “OMON” – xüsusi təyinatlı milis.
Çinarın lap dibdən, demək olar ki, kökdən ayrılıb yanlara süzmüş alçaq budaqlarından tək-tək, boz yarpaq düşürdü. Sazaq vurduqca Xəlvətin qırmızı üzü daha da qızarırdı, ağ pəmbə bığı daha da ağarırdı.
– Bu OdƏr deyənlər yaman sırtıqlaşıblar, cəmaat! İnişil o dediyim kitabı Bakıda, Akademiyada cırıb-dağıdıblar, o Pünhan gədənin özünü də, ətrafındakı SafAğ gədə-güdə alimciyəzləri də KQB-yə çəkirmişlər. Heydər Əliyev adam göndərtdirib Akademiklərin partiya iclasına ki, adamdı, yazıb... Heydər qanlarının arasına keçib bunların. Əmbə, siz yaxşı bilirsiniz, Moskva yaxın qoyarmı bunların Bağdayını-filanını! Dəli Səməddən, Dəli Mədəddən savayı bir aləm Dəli! Adları Pünhan, özləri açıq, əllərində “Vərəsə” tör-töküntüsü, milləti dəli eləyib! Açıq deyirəm, bıçaq sümüyə dirənib. Qan tökülǝcək, cəmaat! Xəbərdarlıq eləyirəm, heç kəs əl-ayağa düşməsin... Bir nəfər yoldaş var burda. Kimi nəzərdə tuturam, özü bilər. Qabırğaları sınıb tökülüb, əmbə hələ ayaq üstədi. Ona deyirəm: səsini çıxartmasın! Bu xəbərdarlığı eləməsəm də, özü başa düşür ki, əsirimdi. Ölməyə gəlib öz ayağıynan... Baxışmayın, cəmaat! Dedim əl-ayağa düşməsin heç kəs! Görürsünüz ki, Qudalı cavanlarını! Sultan Əmirlinin zamanında yetirdiyim cavanlar, qocalıblar, dağılışıblar. İndi yetirdiklərim, bilirsiniz ki, şan-şöhrətli adamlardı hamısı. Bu yetirmələrimi bərk bağlamışam Qudalı məhləsinə. On qızımın hərəsindən beş-altı qız nəvəm var. Vermişəm bunlara, hərəsinə ayrıca ev tikdirmişəm öz hesabıma. Sudüşən məhləsinin kəsdiyi başa sorğu yoxdu! Bəli, silahlanmışıq! Rus bu sazlı-sözlülərə açıq deyir: “Mı vas vsex perestrelyayem! Svoix lyudey privedyem v vaş boqatıy kray!”⁸⁶
Bayaq dediyim yoldaş eşidir bu dediyimi, siz də eşidirsiniz. Yetirmələrim özləri də birdəfəlik başa düşməlidilər ki, onlar özləri də əsirdilər. Dalına qulaq asın... Deyin görüm, cəmaat... Veteranlar cəmiyyətinin qəlyanlı qocalarından, bir də bu Çürüknən Abıdan, o Şöşü deyiləndən savayı kim açır sədr Mədədin qapısını. Məmiş qızı Gülgəzdi, bir də o Dəlinin nezakonnı Mariyasıdı. Vəssəlam! Niyə? Səməd Əmirli niyə qadağan eləyib yası? “Yeganə vətənpərvər katib”in ruhuna baş əyən veteranlar cəmiyyəti niyə razılaşıb Səməd Əmirlinin qadağasıynan? Uşaq yetimlik çəkməsin? Yalandı! Hamınız yaxşı bilirsiniz ki, Mədədin kənddən aparılmağı da, Qılınc Qurbanın şəxsi katibi, çekist, aspirant-filan olmağı da bircə məsələynən bağlıdı. Dəli Səməd eşq dəlisi deyildimi?! Əmisi arvadı
⁸⁶ “Hamınızı güllələyəcəyik. Öz adamlarımızı gətirəcəyik sizin varlı ölkənizə!” Cığalı Gülgəzin oynaşı deyildimi?! Doğrudu, Lüt Cəfərin Torksini toysuz-filansız arvad olandan sonra ayağı kəsildi o oynaşın Gülgəz səmtindən. Nolsun?! Kim silə bilər oynaş adını onun üstündən?!
Sultan Əmirli özü də bilirdi bunu. Mən də bilirdim. Siz də bilirdiniz. Köhnə bolşeviklərnən Qılınc Qurban da, Təftiş Abbas da. Cəmaatdan təcrid eləmişdilər uşağı, vəssəlam!
Nə Sultan Əmirlinin otuz dörd il bundan əvvəl elə qəfildən ölməyinin səbəbi gizlindi, nə də oğlunun indi burda içkiyə qurşanıb Dəli Mədəd – Dəli Aşıq olmağının səbəbi: sənəd var əldə! Soruşun o dəlidən, atasının sovxasının cibindən çıxartdığı kağız nə kağızdı?! Atası nə vaxt yazıb onu? Niyə yazıb?
Soruşun. Birinə də cavab verəmməz bu suallarnan. Sualların cavabı bu birisi dəlidədi. – Xəlvət, cəmaatın arxasındakı boz kostyumlu, arıq, sakit, susqun adamı göstərdi. – O böyük dəlinin ovcundadı bu sualların hamısının cavabı! Gəlsin yanaşı dursun Dəli Mədədiynən, baxın görün kimin oğludu Dəli Mədəd?! Sultan Əmirlinin, yoxsa mənim bu sözlərimə bir kəlmə də etiraz eləmiyən o boz kostumlu yoldaşın – Səməd Əmirlinin?! Allah olub, müqəddəs olub hamısı! Xalqımız da bu yaramaz müqəddəslərin elmini oxuyur, müqəddəs Bağday ölkəsi yaranacaq deyir!
Kitabxana.az · https://kitabxana.az/works/isa-huseynov-olum-dirim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qocalıqdan kiçilmiş sifətinin qırışları nə qədər qeyri-adi idisə, xirdaca cüssəsinə uyuşmayan uzun qolları, enli, güclü əlləri bir o qədər heyrətli idi. Manqalın on addımlığından, qaranlıqdan peyda olub kələkötür barmaqlarla Səmədin yaxasından yapışmağı ilə xançalı pencəyin altından çıxarıb bağın dərinliyinə firlatmağı bir oldu.– Məqsədin nədi, nadürüst?!. Ağ Əmirnən Boz Əmir elm, həqiqət uğrunda qurban getdilər! Mədəd Əmirli də məhz həqiqət uğrunda getdi! Bu gün-sabah Sultan Əmirli də gedə bilər! Ən ağıllı, istəkli kənd partkomu saydığı “diapazonlu qadını” bir tərəfinə şpik²⁹ qoyublar, öz əmiuşağınız Əziz Mayılovu da o biri tərəfinə! Dilindən nə çıxar Sultan bədbəxtimizin elə günü çatdırılır Mirqəzəbə! Bəs necə?! “Dovşanı arabaynan tutan Şura hökuməti” deyiblər buna! Kimin ümidinə qalacaq Kainat Elmi, ey Elmdən, dünyadan xəbərsiz cahil!.. Bilirsənmi kimsən sən?! Düş qabağıma! Seyidin qapısında, o xəlvətdə sözümü eşit, sonra hansı cəhənnəmə rədd olursan ol, bir də belə divanə sifətində görünmə buralarda!.. Nə baxırsan üzümə, a heyvərə?! Sənin tanıdığın Xızr Abı deyiləm mən, AdıPünhan Əlifbeyəm! AdıPünhan Ələsgərnən Dəli Alıynan³⁰ oturub-durardım, indi gəlib Əmirli yurduna qısılmışam, uşağ-muşağa elm öyrədə-öyrədə sənin təhsildən qayıtmağını gözləyirdim. Çünki məhz səndən ötrü dustağam mən o Əmirli mülkündə!
Süleyman padşahın xəzinəsi 5Qapını Hənifə arvad açdı.Həyətdəki alçaq çardağın arxasında təkotaqlı çiy kərpic evdə tavanın ortasından sallanan yeddilik lampanın³³ alovu qapının yelindən uzanıb-yaymalanıb, hisli şüşəni daha da hisləndirdi, arvad saçları dağılıb gözlərinin üstünü tutmuş ucaboy adamı əvvəlcə tanıya bilmədi.
Süleyman padşahın xəzinəsi 6Bircə balanın kəndə getdiyini, orada Əlləzoğlunun başını yarıb şəhərə qayıtdığını eşidəndə Sultan bu xəbəri zahirən sakit qarşıladı. Səhərin alatoranında, papaq əvəzinə başında bir topa çit bozara-bozara özünü yataq otağına salıb, göyünü-kürəkənini dümsüyləyib oyadıb: – Qardaşoğlun dəli-divanədi! Çarə, dərdin alım! – deyəndən sonra Əlləzoğlu pırpız qaşların altında durğun gözlərə baxa-baxa qalıb, bu sakitlikdən heç nə anlamadı.Kürəkəninin çox qapalı adam olduğunu və qayınatasının yüz sözünə bir cavab verdiyini yaxşı bilsə də Əlləzoğlu çarpayının böyrünü kəsdirib tərpənmədi ki, əhvalatın üstündən dörd ay keçəndən sonra, nəhayət, hökmən ətraflı danışsınlar. Əmma Sultan nə orada-çarpayıda bir söz dedi, nə də yuyunub tut ağacının altında, dəyirmi stolun yanında, qarğı kresloda oturandan sonra. Niyə dillənmirdi? Nə fikirləşirdi?
Süleyman padşahın xəzinəsi 7Nə Sultanla Səməd, nə Xızr Abı ilə Çürük Aşıq, nə Məhərrəm, nə də “mühacirlər” və bütün “Pünhan”lar – hələ heç kəs bilmirdi ki, “çesuyçalılar” adlananlardan, əvvəllər olduğu kimi, hər beş nəfərdən biri yox, indi hər iki nəfərdən biri birbaşa Moskva KeQeBesinin işçisi idi. Hətta Azərbaycan KP MK-dan və respublika KQB-sinin özündən də gizlində, hər cür dünya nemətləri ilə təmin olunan, xalqdan tamam ayrılıb, bu xalqın keçmişi, gələcəyi ilə məşğul olan Muğannaları nəinki addım-addım izləyirdilər, hətta, imkan olanda – şərait yarananda öz şəxsi təşəbbüsləri ilə öldürürdülər. Bu təhlükəni tək bir nəfər, bütün Dövlət Təhlükəsizliyi işçilərinin sadəcə “Saşa” adlandırdıqları bir nəfər polkovnik bilirdi. Bu bəstəboy, son dərəcə məlahətli oğlanı Muğannalardan demək olar ki, hamısı oğul, qardaş, yaxın-əziz qohum kimi sevirdi. “Saşanın üzündə şeytan tükü var” – deyəndə məhəbbətlə gülümsəyirdilər. Bu məhəbbətin, əlbəttə, ciddi səbəbi də vardı: Gürcüstanın ən ucqar guşələrində yaşayan “Muğ” – Bağlardan başlamış, Şimali Azərbaycanın ən ucqar rayonlarından Lerikə qədər, Muğannalardan kim həbs olunurdusa, Saşa, yalnız özünə məlum möcüzə ilə xəbər tutub, cinayət işi-filan yazmamış, istintaq başlanmamış, təkbaşına, türməyə – həbsxanaya gedib, lazım gələndə hətta əlini yarımavtomat naqanın üstünə qoyub, qısaca “Azad edin” və ya “mənim şəxsi işçimdir” deyib buraxdırırdı. Sultan nə qədər kədərli, sarsıntılı olsa da, hətta gecələrin birində o qalın bağın dərinliyindən bəriyə güllə açılacağına heç bir şübhəsi olmasa da, əmin idi ki, Saşanın kor görünməz əli həmişə haralardasa – ətraflarda dolana-dolana onun özünü və Bircə balanı qoruyurdu və sədr Mədədin ölümündən sonra bu iki nəfərin – əmi ilə qardaşoğlunun sağ qalmağının səbəbi də məhz o “əl” idi. Çox təhlükəli hallarda isə o “əl” Saşanın özü idi. Başında Əlləzoğlunun “motal” papağı, çiynində Əlləzoğlunun əlli ildən qalma əprimiş arxalığı, zalın qapısında bir an görünüb, əlindəki uzun kabab şişini dişinə çəkə-çəkə geri qanrılıb yox olan o oğlanı nə aşağıda – həyətdə olan Sultan gördü, nə də Səməd: polkovnik Saşa məlahətlə qımışıb, dabanı üstə dönüb yoxa çıxdı. Səməd onu Sultanın həyət-bacasında qulluq eləyən Seyid kişi kimi adamlardan biri sayıb, heç diqqət də yetirmədi...Hələ heç kəs, o cümlədən Saşa özü də bilmirdi ki, bu ağ daş evin yaxınlığında, bağın çalkeçid budaqları altında daha bir nəfər naməlum adam, kababın ətrini dəf etmək üçün cibindəki balıq konservini bıçaqla açıb, yeyə-yeyə Saşanı daimi “pod kolpakom”⁴⁷ saxlayırdı ki, lap tezliklə qanını axıtsın və beləliklə, qorunduğuna əmin olan Sultanla birlikdə Səmədin həyatını da tükdən asılı qoysun. Hər gecə Moskva vaxtı ilə səhər saat dörddə bağın dal hasarının dibindən o yana keçən, sement döşəməli, dərin, susuz arxdan sürünüb keçib, orada vaxtı ilə Rəhim Qudalının işlədiyi “Rayon yun idarəsi, Alınma, satılma məntəqəsinin künc otağında “priyomnik”in “nauşniklərini” başına keçirəndə o adamın eşitdiyi ilk sözlə “Ya Saşa! Ya Saşa...” olurdu. Yəni, Moskvadan danışan adamın “kliçkası” da “Saşa” idi... Bu gecə o Moskvalı səs, vaxtından xeyli əvvəl, yəni Sultanla Səmədin evə qalxdıqları dəqiqələrdə əmr etdi: “Ya Saşa... Ya Saşa... pora vzyat moyeqo tyozku... pora vzyat moyu tyozku”⁴⁸ çox keçmədi ki, arxadan içəriyə daha iki qaraltı girdi. Saşanın başının dövrəsində, qaranlıqda üç lülə ağzı ağardı...
Başqa şairlərin şeirləri
شاهد خرگهنشین زلف ز رخ کرد بازنور حقیقت پدید از ظلمات مجاز
QızlarBir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.
Gəraylı: Ey ağalar, bu gözəldənEy ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.