Səhifə 5 / 22 · 18%

Həqiqətimizi bildiklərinə görə qorxurlar, əlavə material yığırlar. Moskva üçün tapşırıq belədi bunlara. Kitab oxuyan yoxdu. Vəzifəlilər gündəlik kağız-kuğaz içində itiblər. Kitablarımızı elə-belə vərəqləyib artırlar, Moskvaya, Qorbaçova dikilib gözləri. Məqsəd bizi ləkələməkdi, xalqın gözündən salmaqdı, öldürməkdi. Xəlvəti xüsusi təlimatlandırıbdır. “Gizlinlər” adlandırdığınız cavanlar dəstəsi xüsusi kurs keçib, “Milli birlik” adında təşkilat təşkil eləyiblər. Guya Muğannalar milliyətcə yabançıdılar. Bu yığnaq, mənim çağrılmağım, “Qudalı ağsaqqalı”nın nitqi, hamısı təlimat əsasındadı. Tələb eləyirlər ki, pencəyin döş cibində gəzdirdiyin kağızı bu üç para kəndin cəmaatının gözünün qabağında cibindən çıxarıb ortalığa qoyasan. Məni məcbur eləyəsən bu sənədin nə vaxt, hansı şəraitdə yazıldığını danışım... Bezobraziyenin fikrincə, bizim hamımızın ifşasıdı bu. Bəs əslində necədi? Əlli dördüncü ilin avqustunun axırında əmimi mənən öldürdüm mən, cismən yox! Əmimi cismən zəhərliyənlər çoxdu... Sən mənə qulaq asmırsan, Mədəd. O qan çanağının bayaq eşikdə üzünü cəmaata tutub mənim başıma yağdırdığı suallardan başqa heç nə yoxdu sənin fikrində: “Kimdi bu danışan? Ata əvəzi əmimdi, yoxsa anamın oynaşıdı?! Öldürübmü?! Öldürməyibmi?! Doxsan illiyə niyə gəlmədi?! Niyə məhz bu gün, məhz bu axşam gəldi?!” Sənin bu suallarına cavab vermək mənim ölümümdü, Mədəd.

Əmma danışacam. Lap açıq.

Qırx altıncı ilin oktyabrının iyirmi üçündə atam Mədəd Əmirli öldürülüb.

⁸⁷ “Məhəmməd Əmir” – BağHəmOd EVƏrEy: Ağ “Əmir” – SafAğ EvƏrEy. “Boz Əmir” – BağƏs EvƏrEy. “Şeyx Əli – “Aşıq Alı” – ƏsAğ Əli. “Ələsgər” – ƏlƏs OdƏr və s.

Əlli dördüncü ilin avqustunun iyirmi səkkizində atan Sultan Əmirli öldürülüb. Demokrat partiyasının rəhbəri Pişəvəri, milli qeyrətli filosof Heydər Hüseynov, Saşa Babayev... hansını deyim?!

Sabah, səksən səkkizinci ilin dekabrının iyirmi üçündə mən də öldürülməliyəm.

Sən öldürəcəksən məni. Daha doğrusu, sənin əlinnən öldürəcəklər.

Sən yaxşı bilirsən Ün eşitmək nə deməkdi. Eşidirsən. Sənin, özümün bütün Muğannaların haqqında ən bəd, ən qorxunc xəbərlər də deyilir mənə. Yalnız ona görə yox ki, ölüm yoxdu bizə. Bir də ona görə ki, Varisim var. Əmma sənin üçün ağır olar mənim ölümüm. Bir də ki, ümumiyyətlə, ayrılmaq istəmirəm səndən... Bəzi şeylərə əməl eləsən, ölmərəm. Bu cür, indiki kimi qapalı qalsan, mən ölməliyəm hökmən. Gəldim ki, sabaha qədər azdan-çoxdan bir şey çatdırım sənə. Başa düşdün? Düz deyir, öz ayağımnan gəlmişəm ölməyə. Səni xilas eləyəcəm. Cibindəki kağızı öz əlinnən cırıb atacaqsan, gedib oturub işləyəcəksən. Hər şey səndən asılıdı...

Duman içində Səməd Abının qaraltısını görürdü.

Abı göz yaşının əlindəki qızarttaq su ilə dolu stəkana töküldüyünü hiss eləmirdi. Arabir eyni sözləri təkrar edirdi:

– İç, ey əzabkeşimiz! Hamanca dirilik suyudu. Bunu iç, sonra danış, – deyirdi.

Abının yalvarışına qışqırtı qarışdı:

– İç, köpəyoğlu! İç onu, sonra danış! Bezobraziye yox, düz deyirsən ki, öz balan öldürəcək səni! Prokuror Sayılov da məhz ona görə gəlib ki, cinayət işi qaldıracaq! Biz üzünü göyə tutan əbləhlərdən deyilik. İşimizi özümüz görürük!.. Özümüz!..

Qaz “peç”inin böyründə, qara dəri kresloda “leş” dirilib, kitelin içində dimdik oturmuşdu: Ələsgər müəllimin arvadının, son vaxtlar Qudalılarla yaxınlıq edən birlik üzvü Sestranın qanlı bintlə dolu əlini ovcunda sıxıb, başının üstündə silkələyə-silkələyə titrəyirdi:

– Bu əl sənin də yaranı sarıyacaq! Öləndən sonra yuyub sarıyacaq ki, kəfənin batmasın!.. İç o kaftarın o “dirilik suyunu”, özünə gəl, cavab ver suallara. “İdeal” əmin Sultan Əmirli sənin istəkli Cığalını niyə zorladı? O murdarın evindən necə qaçdın, necə dəli-divanə oldun?! Sonra niyə qayıtdın onun xarabasına, niyə oturdun onnan qabaq-qabağa, bir süfrədə?! O qəhbənin əliynən bişən kababdan tıxaşdırmağamı getmişdin?! Yoxsa, başqa niyyətin varıydı? Nəydi niyyətin?.. Necə yəni “Məni Varisim öldürdü?” Sən ki əl qaldırmayıbsan Sultana. Bu birisi Varisə yaxşı-yaxşı başa sal sən öz qatilliyini! Mirqəzəbin məhkəməsində oturduğu yerdəcə keçinibsə, keçinənə qədər niyə yazıb o ittihamnaməni? Bloknotdan cırıb, kamal-səliqəynən qatlayıb qoyub kitelin döş cibinə! Niyə?! Mən hardan bilirəm sizin bu sirlərinizi? Bunu da yaxşı-yaxşı, qıyma-qıyma danış, cəmaat bilsin kimdi bu Xəlvət! Çünki Xəlvətin kim olduğunu bilən yoxdu burda!

Məhkəmə qurmuşam. Düz deyirsən ki, bu yaşımda kursa apardılar məni, məlumatlandırdılar ki, millətimizin qəddar düşmənlərisiniz siz Türk deyilənlərin hamısı! Türkiyə dediyiniz yerdə də qırılacaqsınız!.. Niyə? Demərəm, onu sənə. Belə danışmıyacam ey, bala! Əmin gorbagornan bir yerdə cəmi gorbagorlarınızı qəbirdən çıxardıb iççalatlarını göstərəcəm bu cəmaata!

Danış! Qəhbə nəsil hara, Allah, Peyğəmbər hara?! Bütün Azərbaycana yayılacaq sizin əxlaqınız, fırıldaq elminiz!.. Odu bax, istəkli yetirmən Dəli Mədəd bizim afisiantın qarnını gör necə dombaldıb! Tüpürüm sizin namusunuza, qeyrətinizə, adı SafAğ, özü əfsanə elminizə!

Müdafiə elə özünü görək necə eliyəcəksən!

Pavilyona sükut çökmüşdü. Qazla qaynayan samovarın “truba”sından püskürən alovun gurultusu qaz “peç”inin gurultusuna qarışırdı. Cəmaat şüşə divarlar uzunu sıxlaşıb, mat-məəttəl, gah zalın yuxarısına boylanırdı, gah aşağısına.

İki düşməndən biri ayaq üstəcə göz görəsi keçinirdi: gicgahlarının damarları şişib göyərmişdi. İkincisi qan içində, qara dəri kresloda, çırməkli qolunu dizinin üstünə qoymuşdu. Çünki Sestra zorba şprislə Sudüşən cavanlarından qan alıb Xəlvətin venasına yeridirdi.

Düşmənliyin kökləri əsrlərin uzaqlığında, kamillik yolunda SafAğlarla İlan arasında idi, düşmənliyin dəvamı isə, İlanın “konsperativ” – gizlin ordusundan bir qismi ilə SafAğ Elminə dair kitablar, şeirlər yaydıqlarına görə daha heç kəsdən gizlənməyə səy göstərməyən Muğannalardan bir qismi arasında idi; Bakıda, Akademiyada başlanmış, sonra dindarlarla SafAğ ziyalılarının arasında idi və hələlik, “Qudalı gədələri”, “Gizlinlər” adlandırılan, əslində isə həqiqi adı hələ açılmamış “Boz qurd” təşkilatı ilə idarə edilirdi. Üçpara kənddə və rayon mərkəzində bu “konsperativ” mübarizədən xəbəri olanlar “dal otağ”ın qapısını taybatay açıq qoyub, hədsiz maraqla, nəfəslərini qısıb, pavilyonda işin sonrasını gözləyirdilər. Çarpışmanın miqyasını və ümumiyyətlə nə baş verdiyini bilməyənlər isə, heyrət içində boylanırdılar. Qaz gurultularından başqa, bir də Xızr Abının yalvarışı eşidildi:

– İç... iç, gözümün işığı!.. Bu dörd ayda hər gün özümnən gətirib aparmışam dərmənini bu xarabaya. Yolunu gözləmişəm. Bilirdim dözəmmiyəcəksən bu müsibətə. İç, dözümlü ol!.. Qırx altıncı ildə Sultannan Mədədi də bunnan sağaltdım mən. Getdilər Naxçıvanda, Culfa yolunun üstündə KQB-nin dırnağından qopartdılar “Vərəsə”mizi. Bu qansız oğlu qansız Xəlvətin özünü də bunnan saxlamışam. Əbləh oldum, mümkün qədər Elm verdim, dedim bəlkə adam olar ilan. Neynəyim mən bədbəxt?! Elmdən başqa nədi silahımız? Bir vaxt vardı, “Günəş” Pünhanımız⁸⁸ qaçaqlara tüfəng paylatdırdı. O tayda Səttarxan qalxdı, bu tayda Dəli Alı, Nəbi, Kərəm, ƏlƏs qalxdılar. Nə oldu axırı?! “Günəş”imiz az qalırdı başını divara döysün. Çünki OdAğÜzdən Ün döyürdü bədbəxtimizi: “Atlanın, qırılın! Sizdən Elm yayan olmaz! Atlanın, qırılın! Yaramazlar!..” Hər gün belə sözlər eşidirdi, yazırdı, göndərirdi. AdıPünhan Ələskərə, Ələskər göndərirdi Dəli Alıya. Alı da belində patrondaşıynan çiynində tüfənginə, sonra da “Günəş”in kağızına işarə eləyib deyirdi: “Bu nədi, bu nədi?!” Atlandırırdı qaçaqlarını, yəhərdə başını sallayıb ağlayırdı. Beləyik biz. Neyniyək?!

İç, toxta. Otur, dincəl. Söz çoxdu, tələsmə. Təntimə. O mərd Səmədi sal yadına. Sınma! Sınmayıbsan. Sınmazsan sən. İç! Otur! Dincəl, gözümün işığı! Danışacaqsan... Danışacaqsan...

Səməd heç nə görmürdü. Zülmət içində, ağrıdan kütləşmiş beynində üç kəlmə fırlanırdı: “Mədəd, yaxın gəl... Mədəd, yaxın gəl...” Hiss edirdi, anlayırdı ki, Mədəd də xəstədir. O dəhşətli sənədin, o sualların pəncəsində boğulub üzülür. Əgər indi, məhz bu dəqiqələrdə sualların heç olmasa bir qisminə cavab almasa, əmisinə az-çox inanmasa, o ət torbasını elə heybətli nifrətlə ağaca döyəcləməyindən də betər işlər törədəcək və tamam sınıb, sözün əsl mənasında boğulub, babası Şeyx Məhəmməd Əmirdən qalan bu irsi xəstəliyinin qurbanı olacaq... Bir əli Çürüyün, o biri əli Abının çiynindən üzüldüyü, yıxıldığı anda da Səməd “Yaxın gəl, yaxın gəl” deyirdi.

Abının “dirilik suyu” – YemSən ömrünün sonunda Sultan Əmirliyə kömək eləmədiyi kimi, Səmədə də kömək eləmədi: qocalar suyu zorla içirdəndən sonra da “Yaxın gəl” sözləri dillə dişin arasından çıxmadı.

Yıxılanda Səməd boynunun ocaq istiliyində kiminsə soyuq, çirişli əlinin təmasını hiss etdi, qulağının dibində Xəlvətin qışqırtısını eşitdi:

⁸⁸ Keçmiş Qazax qəzasının Padşahlıq kəndində gizlin AdıPünhan Musa Muğannalardan biri, məşhur Musa ağanın oğlu Dəli Hüseyn. Şıxlı kəndinə köçənlər Dəli Hüseynlər adlanırlar.

– Nə qaxılıbsan o tabretkiya, heyvan oğlu heyvan! Mən yox, bu cavab verməlidi o suallara. Ölsə, bunnan qəbirə gedəcək sualların cavabları. O qədər ittihamın altından necə çıxacaqsan?! Qanırsan?! Bir kəlmə də demiyəcəm mən sənə. Ömrün boyu qaynıya-qaynıya qalacaqsan öz içində. Üzü qaralır, qan almalıyıq bundan. Qalx! Bura gəl! Sizin dərdinizi də yaxşı bilirəm mən, dərməninizi də. Al bu bıçağı, mənim qanıma qarışdır əmiyin qanını. Xalıq deyil Mədəd Əmirlinin qatili, Sultan Əmirlidi! Öz dilinnən deyəcək bu. Eşidirsən?! Öz doğmaca qardaşı öldürüb Mədədi! Bu Erməni əhvalatı o vaxtdan qaynayırdı, Sultan katalikosların Türk əleyhinə məktublarını gizlədib “Qardaşıma göndərmişəm” deməsəydi, kimin nə işi olardı Mədədnən?! Sultanı da bax bu öldürüb! Öz dilinnən dedi, genə deyəcək! Al bu bıçağı, əmgəyini cız! Qatılaşıb qanı. Qan almasaq dirilmiyəcək! Qanırsanmı, a heyvan?!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Süleyman padşahın xəzinəsi 4

Qocalıqdan kiçilmiş sifətinin qırışları nə qədər qeyri-adi idisə, xirdaca cüssəsinə uyuşmayan uzun qolları, enli, güclü əlləri bir o qədər heyrətli idi. Manqalın on addımlığından, qaranlıqdan peyda olub kələkötür barmaqlarla Səmədin yaxasından yapışmağı ilə xançalı pencəyin altından çıxarıb bağın dərinliyinə firlatmağı bir oldu.– Məqsədin nədi, nadürüst?!. Ağ Əmirnən Boz Əmir elm, həqiqət uğrunda qurban getdilər! Mədəd Əmirli də məhz həqiqət uğrunda getdi! Bu gün-sabah Sultan Əmirli də gedə bilər! Ən ağıllı, istəkli kənd partkomu saydığı “diapazonlu qadını” bir tərəfinə şpik²⁹ qoyublar, öz əmiuşağınız Əziz Mayılovu da o biri tərəfinə! Dilindən nə çıxar Sultan bədbəxtimizin elə günü çatdırılır Mirqəzəbə! Bəs necə?! “Dovşanı arabaynan tutan Şura hökuməti” deyiblər buna! Kimin ümidinə qalacaq Kainat Elmi, ey Elmdən, dünyadan xəbərsiz cahil!.. Bilirsənmi kimsən sən?! Düş qabağıma! Seyidin qapısında, o xəlvətdə sözümü eşit, sonra hansı cəhənnəmə rədd olursan ol, bir də belə divanə sifətində görünmə buralarda!.. Nə baxırsan üzümə, a heyvərə?! Sənin tanıdığın Xızr Abı deyiləm mən, AdıPünhan Əlifbeyəm! AdıPünhan Ələsgərnən Dəli Alıynan³⁰ oturub-durardım, indi gəlib Əmirli yurduna qısılmışam, uşağ-muşağa elm öyrədə-öyrədə sənin təhsildən qayıtmağını gözləyirdim. Çünki məhz səndən ötrü dustağam mən o Əmirli mülkündə!

24 dəq
Süleyman padşahın xəzinəsi 5

Qapını Hənifə arvad açdı.Həyətdəki alçaq çardağın arxasında təkotaqlı çiy kərpic evdə tavanın ortasından sallanan yeddilik lampanın³³ alovu qapının yelindən uzanıb-yaymalanıb, hisli şüşəni daha da hisləndirdi, arvad saçları dağılıb gözlərinin üstünü tutmuş ucaboy adamı əvvəlcə tanıya bilmədi.

28 dəq
Süleyman padşahın xəzinəsi 6

Bircə balanın kəndə getdiyini, orada Əlləzoğlunun başını yarıb şəhərə qayıtdığını eşidəndə Sultan bu xəbəri zahirən sakit qarşıladı. Səhərin alatoranında, papaq əvəzinə başında bir topa çit bozara-bozara özünü yataq otağına salıb, göyünü-kürəkənini dümsüyləyib oyadıb: – Qardaşoğlun dəli-divanədi! Çarə, dərdin alım! – deyəndən sonra Əlləzoğlu pırpız qaşların altında durğun gözlərə baxa-baxa qalıb, bu sakitlikdən heç nə anlamadı.Kürəkəninin çox qapalı adam olduğunu və qayınatasının yüz sözünə bir cavab verdiyini yaxşı bilsə də Əlləzoğlu çarpayının böyrünü kəsdirib tərpənmədi ki, əhvalatın üstündən dörd ay keçəndən sonra, nəhayət, hökmən ətraflı danışsınlar. Əmma Sultan nə orada-çarpayıda bir söz dedi, nə də yuyunub tut ağacının altında, dəyirmi stolun yanında, qarğı kresloda oturandan sonra. Niyə dillənmirdi? Nə fikirləşirdi?

31 dəq
Süleyman padşahın xəzinəsi 7

Nə Sultanla Səməd, nə Xızr Abı ilə Çürük Aşıq, nə Məhərrəm, nə də “mühacirlər” və bütün “Pünhan”lar – hələ heç kəs bilmirdi ki, “çesuyçalılar” adlananlardan, əvvəllər olduğu kimi, hər beş nəfərdən biri yox, indi hər iki nəfərdən biri birbaşa Moskva KeQeBesinin işçisi idi. Hətta Azərbaycan KP MK-dan və respublika KQB-sinin özündən də gizlində, hər cür dünya nemətləri ilə təmin olunan, xalqdan tamam ayrılıb, bu xalqın keçmişi, gələcəyi ilə məşğul olan Muğannaları nəinki addım-addım izləyirdilər, hətta, imkan olanda – şərait yarananda öz şəxsi təşəbbüsləri ilə öldürürdülər. Bu təhlükəni tək bir nəfər, bütün Dövlət Təhlükəsizliyi işçilərinin sadəcə “Saşa” adlandırdıqları bir nəfər polkovnik bilirdi. Bu bəstəboy, son dərəcə məlahətli oğlanı Muğannalardan demək olar ki, hamısı oğul, qardaş, yaxın-əziz qohum kimi sevirdi. “Saşanın üzündə şeytan tükü var” – deyəndə məhəbbətlə gülümsəyirdilər. Bu məhəbbətin, əlbəttə, ciddi səbəbi də vardı: Gürcüstanın ən ucqar guşələrində yaşayan “Muğ” – Bağlardan başlamış, Şimali Azərbaycanın ən ucqar rayonlarından Lerikə qədər, Muğannalardan kim həbs olunurdusa, Saşa, yalnız özünə məlum möcüzə ilə xəbər tutub, cinayət işi-filan yazmamış, istintaq başlanmamış, təkbaşına, türməyə – həbsxanaya gedib, lazım gələndə hətta əlini yarımavtomat naqanın üstünə qoyub, qısaca “Azad edin” və ya “mənim şəxsi işçimdir” deyib buraxdırırdı. Sultan nə qədər kədərli, sarsıntılı olsa da, hətta gecələrin birində o qalın bağın dərinliyindən bəriyə güllə açılacağına heç bir şübhəsi olmasa da, əmin idi ki, Saşanın kor görünməz əli həmişə haralardasa – ətraflarda dolana-dolana onun özünü və Bircə balanı qoruyurdu və sədr Mədədin ölümündən sonra bu iki nəfərin – əmi ilə qardaşoğlunun sağ qalmağının səbəbi də məhz o “əl” idi. Çox təhlükəli hallarda isə o “əl” Saşanın özü idi. Başında Əlləzoğlunun “motal” papağı, çiynində Əlləzoğlunun əlli ildən qalma əprimiş arxalığı, zalın qapısında bir an görünüb, əlindəki uzun kabab şişini dişinə çəkə-çəkə geri qanrılıb yox olan o oğlanı nə aşağıda – həyətdə olan Sultan gördü, nə də Səməd: polkovnik Saşa məlahətlə qımışıb, dabanı üstə dönüb yoxa çıxdı. Səməd onu Sultanın həyət-bacasında qulluq eləyən Seyid kişi kimi adamlardan biri sayıb, heç diqqət də yetirmədi...Hələ heç kəs, o cümlədən Saşa özü də bilmirdi ki, bu ağ daş evin yaxınlığında, bağın çalkeçid budaqları altında daha bir nəfər naməlum adam, kababın ətrini dəf etmək üçün cibindəki balıq konservini bıçaqla açıb, yeyə-yeyə Saşanı daimi “pod kolpakom”⁴⁷ saxlayırdı ki, lap tezliklə qanını axıtsın və beləliklə, qorunduğuna əmin olan Sultanla birlikdə Səmədin həyatını da tükdən asılı qoysun. Hər gecə Moskva vaxtı ilə səhər saat dörddə bağın dal hasarının dibindən o yana keçən, sement döşəməli, dərin, susuz arxdan sürünüb keçib, orada vaxtı ilə Rəhim Qudalının işlədiyi “Rayon yun idarəsi, Alınma, satılma məntəqəsinin künc otağında “priyomnik”in “nauşniklərini” başına keçirəndə o adamın eşitdiyi ilk sözlə “Ya Saşa! Ya Saşa...” olurdu. Yəni, Moskvadan danışan adamın “kliçkası” da “Saşa” idi... Bu gecə o Moskvalı səs, vaxtından xeyli əvvəl, yəni Sultanla Səmədin evə qalxdıqları dəqiqələrdə əmr etdi: “Ya Saşa... Ya Saşa... pora vzyat moyeqo tyozku... pora vzyat moyu tyozku”⁴⁸ çox keçmədi ki, arxadan içəriyə daha iki qaraltı girdi. Saşanın başının dövrəsində, qaranlıqda üç lülə ağzı ağardı...

3 dəq

Başqa şairlərin şeirləri