Süleyman padşahın xəzinəsi 5
Səhifə 2 / 4 · 25%
Nə Hənifə arvaddan səs çıxırdı, nə də arxasında büzüşmüş Əlləzoğlundan.
Onların əvəzində gözlənilməz bir səs:
– Sənə deyilmədimi ki, heç kəs heç nə bilmir! – deyəndə Səməd diksindi, geri dönüb yenə də Abını gördü.
Hündür, qara çəpərin darvazasında Sultanın boz “Pobeda”sı dayanmışdı. Gur işıqlı faraların qabağından bəriyə doğru şofer quşburun Müslümün nazik, uzun kölgəsi uzanmışdı. Səməd maşının açıq qapısı arxasında, oturacaqdakı adamın qaraltısına baxıb, bir də diksinən kimi oldu. Sultan?! Yox, əmisi deyildi, Çürük Aşıqdı, köynəkli sazını qucağında tutub bu yana boylanırdı.
– Gəl, min gedək! Qapılara düşməyini məsləhət görmür səni böyüdən adam! – Abı əlini Səmədin biləyinə atıb, elə bil hətta zorla aparmaq istədi. Əmma gözü Səmədin gözünə sataşanda birdən-birə süstləşib köksünü ötürdü. – Belə baxma mənə, gözümün işığı! İnan, inan, inan ki, heç kəsdən heç nə eşitmiyəcəksən. İstəyirsən keç içəri, otur. Bir yana baxanda elə yaxşı olar oturasan söhbət eliyəsən bir az. Qırx yeddinci ilin iyununda ikilliyə qəbul imtahanına gedəndə ayrılmısan sən o vaxt “A qaynənə! A qaynata!” – dediyin bu gözəlçələrdən. Dünyanın məndən zəhləsi gedir, mənim də bunlardan. Açığını deyirəm, elə o “A qaynata!” – dediyin vaxtlardan mən istəmirdim qaynatan, qaynənən olsun bunlar. Qırx yeddinin iyunundan bəri dərd içində, yas içində keçib illərin, nə qızla əməlli-başlı ünsiyyətdə olubsan, nə də bunlarla. “Nə var, nə yox? Dolanmanız-zadınız nə təhərdi?” vəssalam! İndi otur bu evdə, indi danış bunlarla! Tutmaz, oğul! Kolxoz qurulanda qardaşları güllələndi, sürüləri, naxırları alındı, Sovetin yalaq itinə döndü bu Məmiş. Yalını verirlər, kimin üstünə qısqırdırlar, ona hürür! İnan mənə, adamlıqdan çıxıb ikisi də!
Açıqdı mənim aram bu Göbələknən. Üzünə deyirəm: “Yal içənsən, materialbaz, böhtançısan, Məmiş!” Deyir: “Görmüşük, elm-savad insanı insan eliyər, əmbə səni tərsinə, qudurdub, ay Abı, hey elə harf eləyirsən tutursan adamı. Bilmək də olmur, azarın nədi, a dərdin alım, niyə qapırsan!..” Deyirəm: “Mənə baxıb sən də qəlyan almısan ağzına. Olmazdımı vaxtında sözümə baxaydın, tək-tənha qalıb rəzilləşəndə gəlib yanımızda balabançıdan, dəfçidən-zaddan olaydın. Əyri yola getməzdin, çalınan, oxunanlardan başına da bir şey qoyardın!” Gülür heyvan, deyir: “Çürüknən işiniz-peşəniz pul yığmaqdı toylarda. Başımda nə işim var, xeyir vermək istəyirsənsə, cibiməcə bir şey qoy!” Zarafat eləyir guya, hırıldayır. Əslində, bir ilan da budu elə. Yazıq Çürüyü də, məni də dilə-ağıza salıb: “Hərəsinin yüz yaşı var. Əmbə pul yığmaqdan doymurlar, aparıb şəhər balnisasında sestraların ətəklərinə tökürlər, masaj elətdirirlər ora-buralarını, cavanlaşdırırlar özlərini!..” Eşidirsən? Boş-boşuna danışmıram bu Göbələyin barəsində. Bir ilan da budu dedim. Tək deyil. Yüzdü, mindi bu! Burda – Qonaqlıda, Tahirlidə, Qurbanlıda, o yanda – Qazağın kəndlərində Göbələk Məmişin papağı qaralar-qaralmaz, dörd-dövrəsi dolur heyvanatla. Pıçha-pıç, pıçha-pıç! Ötən illərdə İrəvan, DərəƏləyəz, Göyçə, Vedi tərəflərdən nə qədər insan seli qovulub, çoxu qırılıb, qalanı qaçır isti, susuz yerlərdən, çalışırlar bizə sığınsınlar. Əmma bax bu, “dərdin alım, dərdin alım” deyə-deyə, astaca-astaca sürünür NKVD Gülənovun, prokuror Sayılovun, RİK Atamalının ara-bərələrində, ordan gedir, dediyim kimi, pıçha-pıç: “Göyçədən sürülənlərin hamısı köhnə EvƏrEy OdƏridi. Çoxunun adı da üstündədi: ƏlƏs, EvƏlƏs, Ələsgər, ElƏsƏl – “Veysəl”, BağSim – “MakSim”, Bağı, Ağı...” – bir sicilləmə siyahı verib, hamısı Sibirin lap qatı yerinə sürülüb, məktub var, qışdan yaza çıxammayıb qırılıb hamısı! Qatildi bu “qaynata” dediyin murdar!.. Əlli birinci ildə Başkeçiddən sürülənlərimiz barədə də yazıb: “Vəli deyil bu adam, EvƏldi, Kərim deyil OdƏrimdi, Zal deyil, ƏsƏldi...” Yer verməyin kənddə-kəsəkdə, kök salmasınlar!” – və sairə və ilaxirə. Bax, belə ilandı bu Göbələk. Soruş: “Dəmiryol vağzalının poçtundan maaş alırsan yetmiş manat hər ay, hardan gəlir o pul?” “Bilmirəm, – deyir, – kimsə, uzaq qohumlarımdandı”. Çax-çux göndərir öz cibindən! Kim oldu indi bu “A qaynata?!” Niyə gəlmisən bu Xudiyev itinin qapısına?
Abının aramsız səsindən beyninə əlavə qılıltı düşsə də, Səməd deyilənin hamısını eşidə-eşidə keçib otağın döründə – yuxarı başında, yorğun-üzgün, taburetkaya – kətilə çökmüşdü. Abı qəlyanına tütün basabasa, sarı samanları işıldaşan boz divar boyunca o yan-bu yana narahat gəzinir, usanmadan deyinirdi:
– Göyçənin beş kəndlərindən biri bizim AğBizən kəndidi. Ulu Babanız Musa ağa tikdirib orda ilk evi. Bir baş kəndimiz də Qazağdan bəridə Padşahlıqdı, onu da Musa ağa tikdirib oğullarına, özü qaçıb qaçaqların arasında Comərd adıyla yaşayıb. Ən gizli şeylərdi bunlar, əmma bu da KQB-dədi. Kim yazıb? Bax bu yaramaz Göbələk!..
Əlləzoğlu lampanın altında-ortalıqda dodaqlarını dodaqlarına yapışdırıb quruyub qalmışdılar.
Səməd Hənifə arvadın “qaynar bulaq gözlərində” vahimə ilə birgə Gülgəzin gözlərindəki vahiməni də gördü. Əgər Hənifə arvadın kirpikləri bir az tozlu kimi boza çalmasaydı, ana ilə balanan gözləri demək olar ki, bir-birindən seçilməzdi. Qalın buz bulağın gözünü necə tutarsa, vahimə də bu gözləri eləcə tutmuşdu.
Səməd əlini üzünə çəkdi, içərisindəki burulğanda çalxanıb-burulub, arvadı silkələməyə, ayıltmağa çalışdı:
– Niyə belə baxırsan mənə, Hənifə xala! Davaya gəlməmişəm mən. Qorxmayın, söz tutsun diliniz, bir söz deyin mənə!
Axır ki, buz sındı:
– Ay belə ağlına-dərrakənə qurban olum sənin! Deyirəm axı, bəd niyyətnən gəlməzsən sən bizim üstümüzə. İzin ver, o ay qabağından öpüm, a dərrakəli oğul!
Abı üzünü divara tutdu:
– Öp, öp! Tfu!..
Arvad başdan-ayağa titrəyə-titrəyə yönəlib Səmədin islaq saçlarını qaldırıb, hətta, ovucları ilə tərini silib “ay qabağından” yəni alnından, sonra o üzündən, bu üzündən öpdü.
Elə öpə-öpə titrəyirdi.
– Səni həməşə öz balamız bilmişik biz. Allah şahiddi... Xızr Abı burda bizim yazıq kişinin barəsində nə qədər yaxşı-yaman desə də, elə kişi də çox istiyir səni... Nolsun yazıb “Avdı döyül, EvOddu!”, “Nağı” döyül, ÜnAğdı, “İrşad” deyil, Ərşaddı. Göyçəynən az-çox gedişgəlişi olanın elə hamısı bilmirmi ki, mollalar qoymurlar orda adamların çoxunun adını! Məmiş yazıq yanı o qədərmi böyük qələt eləyib?! Hamı yazmırmı?!
Bulağın gözü bulanlıqdı: “Sağ söz” əvəzinə, arvad elə hey o yan-bu yan danışırdı:
– Gözümüzün nurusan, a nur, nər oğul!.. Yazıq, nakam Sura dünyadan gedən günü bax bu döşlərimdən süd vermişəm sənə. Qıymat əlimdən almasaydı, özüm saxlıyardım səni, özüm böyüdərdim səni. Sonra da, allah versəydi, qapında qulun, qulluqçun olardım! Biz neyniyək ki, arxlarda sular tərsinə axdı!..
Səməd nə vaxtsa doğma, əziz “qaynana” olan, indi isə qızını xatırlatmaqdan başqa bir doğmalığı qalmayan arvadın bir kəlməsini də ötürmürdü: arvad eyham vurmurdumu, demək istəmirdimi ki, bu bədbəxtlikdə günahsızıq biz? Necə günahsız ola bilərdilər? Gülgəz ata-anasından gizlinmi aparılmışdı?!
Əlləzoğlu da, nəhayət, dirçəlib, səsini arvadının səsinə qatdı:
– Xoş gəlibsən, dərdin alıb. Öz evinə gəlibsən... Deyirdim bizi yad eləməzsən daha. Bu çərxi-fələyin necə fırlandığını, vallah, fələyin özü də bilmir heç. Odu ki, adamı elədən elə tullayır bu çərx, belədən-belə tullayır, axşam yatırsan, bilmirsən sabah nə gələcək başına... Bu Abı qocaldıqca itirir ağlını. Sən fikir vermə bunun çərən-pərəninə, dərdin alım. Deyirəm “Abı”sanmı sən, ay AdıPünhan?! Sabah-biri gün Şura hökuməti sənin özüyün də çarəni qılmıyacaqmı?! Mənim özümə demiyəcəkmi naxır, sürü sahibi Ələs uşağındansan, Əlləzoğlu deyilsən!.. Allahın yolundan çıxıb bu Abı, xəlvəti bədəməl işlərnən məşğuldu. Sizin nəslə qohumluğu çatır bu bayquş gözlünün, odu ki, dərdin aldığım əminə də badalaq qururlar bu Xızrın bədəməlliyindən xoşu gəlmiyənlər. Bu milləti istəmiyənlər deyilənə görə, peyğəmbərdən çox-çox əvvəllər də varıymış. Mən bədbəxtin nəyinə gərəkdi Erməninin, Rusun dediyini deyim? Rus deyilmi məni belə rəzil eliyən?! Bu Xızrın özü də milləti çaxnaşdıran, ayrılıq salan, a dərdin alım! Vallah-billah, bizim bədbəxt balamıznan Sultanın başına nə gəldisə, o da bax bu Xızrdandı! Bu rahat otursa, inan bizi də incitməzlər ordan-burdan, a dərdin alım!.. Adı molla, özü şeytan düşüb ortalığa!.. Novruz bayramında gecələr tonqalların qıraqlarında uşaq-muşaq da bunun sözünü deyir: “Novruz” deyil, ÜnEv ƏrÜzdü. Qurban bayramı da: “İsmeyil qurbanı” deyil, ƏsEvƏli, yəni özünü öldürmək istəyirmiş “İbrahim” – EvƏrim peyğəmbər!.. Dünyamız özü dəyişir nədi, dərdin alım, düz iş yoxdu!
Səməd bunun da hər kəlməsinə diqqət yetirirdi: bu da eyham vurmurdumu, demək istəmirdimi ki, bəla kənardan gəlmişdi? Məhz necə olmuşdu? Abı niyə elə əsəbi gəzinirdi? Bircə balanın dalınca maşın gətirməkdə fikri-məqsədi nə idi? Çürük Aşıq da maşında idisə, o da ağ binaya getməli idisə, demək Sultan Bircə balası üçün hətta saz, söz də hazırlamışdı?!
Kitabxana.az · https://kitabxana.az/works/isa-huseynov-suleyman-padsahin-xezinesi-5
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Toz-torpaq içində son kağız qırıntılarına qədər yığandan sonra Qılınc, Təftiş, Kətyən koması çağrılan başıaşağı, səssiz-ünsüz qəlyanlı ilə elə ona oxşayan Möhsün kişi, hamıdan axırda isə, bir-iki saatda yüz il də qocalmış kimi ikiqat Abı, arası dolu, ağır köynəklərini aparıb, Müslümün açıb təmizlədiyi “baqajnik”ə – yükyerinə, oturacaqların “sideniye”lərin aralarına doldurdular. Sultan necə hiddətli və yarımcan gəlmişdisə, eləcə də yarımcan, xarabalığın qırağında, quyunun dikdirində oturub hərəkətsiz qalmışdı. Bayaqdan bəri azı beş-altı dəfə özözünə: – Kimin işidi?! Kimin işidi?! – deyə-deyə Qılıncı çağırıb sorğusuala tutmuşdu: “Mədəd divardan kitab çıxarmamışdı ki? Bəlkə çıxarıb, görüblər?..”, “Mən Müslümü çox sədaqətli sayıram, sən necə?”, “Bəlkə, deyirəm Bakıdan təcrübəli adamlar çağıraq, elə Xalıqın özünü istintaqa çəksinlər?”, “Vərəsə”nin bu qədər gizli yerini bilən adamı tapmalıyıq, ya yox?!” və sairə.Xarabalıqda heç kəs hiss eləmirdi ki, Sultanın bir gözü Badsəbanın daxması tərəfdə tək dirək kimi duran Bircə balada idi, Səmədin gözü də əmisində idi.
Xəzinə üstündə yatan ilan 1Oturacaqda ağzı açıq bir konvert vardı. Müslüm, yola düşər-düşməz, o konvertə işarə eləyib:– Sənədi. Oxu, – dedi.
Xəzinə üstündə yatan ilan 2Bir nəhəng otaq solda idi, azı iki metr enində, taybatay açıq qapı arxasında – uzaq divar dibində şifonerlərdən və taxtlardan məlumdu ki, ora “spalni” – yataq otağı idi.Bir nəhəng otaq da sağda idi, azı iki metr enində, taybatay açıq qapı arxasında – uzaq divarda uca rəflərdəki kitablardan məlumdu ki, ora kabinetdi.
Xəzinə üstündə yatan ilan 3...Heç yerdə dayanmadan, dincəlmədən qayıtdılar.Səhərə yaxın maşını birbaş Əlləzoğlunun həyətinə sürdülər. Səməd, açıq qapı arasından içəriyə: – Mənəm! – dedi.
Başqa şairlərin şeirləri
Oğlum Anara*Dənizdə ləpə var, dağda bulud var,
QəhvəGörək nə nüsxədi yaran, yüzü qara qəhvə,Nə çox qara yüzü ağ eyləyib qara qəhvə,
Naz et, dedim gözələ, işvələr azdırNaz et, dedim gözələ, işvələr azdır,Baş açmadım oynundan onun, bu nə nazdır?
ƏlifbaƏlif Allah ilə yad etdim mən Allahu əkbəri,Bəqayi-lə-yəzəldir fani olmaqdan bəri,