Səhifə 4 / 4 · 75%

³⁷ Dəmir yoldan keçid.

Səməd boğulurdu. Eyhamlarla dolu, hiyləli sözlərdən başqa, həm də çox pis iylənmiş dəri qoxusundan boğulurdu. Döşəmənin ortasında buğlanan qazanın ətri də bu qoxunu dəf eləmirdi.

Təngnəfəslikdən istər-istəməz dikəldi. Gözləri taxtın ayaq tərəfində cərgə ilə düzülmüş boz taxıl çuvallarının, qədim kirkirə daşlarının üstündə motalın, yağla dolu, ağzı çilikli mal qarnının, qovurma küpünün, bir az o yanda divara söykədilmiş qara sacın, içində qurumuş xəmirdə barmaq izləri görünən teştin və oxlovun üzərində gəzdi. Nəhayət, nəzəri küncə dikilib qaldı. Orda, qapağından yumruq irilikdə qıfıl asılmış dəmir sandıq, sandığın üstündə bir cüt qara xrom çəkmə, bəridə – yerdə isə bir cüt çarıq vardı. Çəkmələrin üstünü toz basmışdı. Çarıqların isə yəqin ki, altı deşildiyinə görə içinə gön parçaları qoyulmuşdu.

Səməd nifrətlə üzünü yana çevirdi, çarıqların üfunətinə təmizlənməyən qəlyanın qətran iyi də qarışmışdı. “Sirlə dolu sinə”nin biri də burda idi, qır kimi qatı nikotinlə dolduğuna görə qoxusundan baş çatlayan qəlyanını sümürə-sümürə, cücən gözlərini qıyıb, tüstünün arxasından Səmədə baxırdı.

Hənifə bir əlində tas, o biri əlində isti su ilə dolu vedrə və mis dolça, tövşüyə-tövşüyə içəri gəldi. Çənəsindən tər tökülürdü.

Əlləzoğlu qəlyanı stolun küncünə söykəyib, tası çəkişdirdi.

– Bəri ver. Sən su tök, özüm yuyacam!

Çömelib, iki bükülüb, qonağın palçıqlı tuflilərindən yapışdı.

– Qaldır ayağını, dərdin alım...

Səməd mat-məəttəl, tutulub qalmışdı. Abı isə daha dözə bilməyib, qalxıb Səmədə açıq qəzəblə baxırdı:

– Bu rəzilləri niyə rəzilləşdirirsən?! Nə qədər oturacaqsan bu heyvanat töyləsində?! Nə eşitmək istəyirsən axı bunlardan?!

Hiddəti coşanda dəyirmilənib doğrudan da “bayquş gözləri”ni xatırladan, əslində isə qeyri-adi işığı, sözün əsil mənasında parıltısı ilə valehlik, səcdə oyadan gözləri yana-yana yeriyib Səmədin üstünə qışqıranda Abının sifətində qan qalmadı, qara qarmon qırışları dümağ ağarıb soyuq tərdən islandı.

– Qalx, cahil! Qalx, min maşına! – Yaşıla çalan bozumtul brezent çəkməsinin burnu ilə Səmədin qıçına necə sərt təpik ilişdirdisə, Səməd, sümüyə işləyən ağrıdan dik atıldı, üfunətlə, alçaqlıq və rəzalətlə dolu evdən tezcə çıxıb qaçmağa, hətta maşının yanında müti əyilib baş əyən köhnə dostu Müslümdən, oturacaqda boynu buruq oturan dərd-ələmli Çürük Aşıqdan da qaçıb uzaqlaşmağa tələsdi. İndi aydın olan bircə bu idi ki, əmisi maşın göndərmişdisə, üstəlik, Müslüm də hadisələrdə iştirak edirdisə, demək, Sultan onu sərbəst buraxmayacaqdı. Buna görə də evdən çıxıb, Ortayolla üzüaşağı gedib, yenə meşə yoluna buruldu.


Əmma çox uzaqlaşa bilmədi. Hələ Sudüşənə çatmamış, Əlləzoğlu arxadan özünü yetirib, pencəyinin ətəyindən yapışdı.

– Belə getmə!.. Aman günüdü, belə getmə, dərdin alım!.. Vay, dağılan çəpərim, yıxılan evim! Azdımı mənim düşmənim, sən də bir yandan düşmən olasan mənə, ay oğul?! Bədbəxt eləmə məni, belə getmə. Məsəl var, gəlin atdandı, gör kimin qapısına düşdü. Başımın tükü sanı belə şeylər görmüşəm bu tərs-avand dünyada, dərdin alım. Sənin, mənim istəyimnən olsaydı hər şey, mən bəxtiqara istərdimmi qapımdan gözü yaşlı getsin övladım?! Mən olmayım, sən ol qız atası, bu dünyanın beş yiyəsindən birinin elçiləri maşın sürsünlər qapına, başlasınlar ki, “Sultan Əmirli vurulub qızına”, “yox” deyə bilərsənmi, a dərdin alım?! Nəkarayam “yox” deyim mən Sultan Əmirliyə?! Özü elə böyük adam, elçiləri özündən də böyük, necə “yox” desin Göbələk Məmiş?! Sən Sarıdan belim bağlı olsaydı, bəlkə də söz tutardı dilim. Mədədin ölümü düşdü araya, elçi göndərmədin, el qaydasıynan, üzükdən-zaddan bir şey tullamadın üstümüzə. Dərdliydin, qanırdıq. Bə sonra?! İki il oxudun, gəldin-getdin bu kəndə, sonra genə iki il oxudun! Niyə özünnən aparmadın, niyə oxutmadın öz yanındaca?! O da məktəb qurtarmışdı. Sən təki oxumasa da, fəməl-yəməl oxumuşdu. Tay-tuşunun hamısı getdi. Gözünün qabağında Çax-çux Xalıqın qızı da getdi, ikiillik qurtardı, diplom aldı əl qalında, sonra gəlinlik paltarı geyindi, xoşbəxt oldu Qudalı Məsimnən. Görmürdünmü sən belə-belə şeyləri, a dərdin alım? Nə qədər gözlüyəcəydi səni mənim balam? Niyə gözlədirdin bu qədər?! Qılınc Qurban özü əbləhdi, bacısını da əbləh elədi, gözlətdi, axırı nə oldu? Qırmızı geyinərdi! Şəstnən gəlib gedərdi Qurbanlıdan bura, burdan Qurbanlıya. İndi yasa batıb, oturub, un çuvalına tay olub qalıb qardaşının evində. Əbləh-əbləh, at sürdü qapıma bu yaz qardaşı, sən təki acı danışdı o da: “Gör neçə adamı bədbəxt eliyibsiniz...” Mənəmmi bədbəxt eliyən?! Nə günahı var bu külbaş Göbələyin, a dərdin alım?! Ağzım allahdaydımı ki, Sultan Əmirli maşın göndərsin qapıma! Sənə “göyüm” demişdim mən, ona yox. Sən özün göylük eləmədin, atan rəhmətə gedəndən sonra yeddicə il gözlətdin qızı, indi niyə düşməntəki açırsan mənim qapımı, dərdin alım, niyə düşməntəki gedirsən?! Niyə xoşbəxt olmasın, niyə saxlamasın mənim qızımı Sultan Əmirli?! Əlin dəyməyib, ayağın toxunmayıb. Namusu üstündə, bu çöl-çəmənin şehli gül-çiçəyi təki, tər-təmiz adnan vermişəm mən uşağımı, niyə xoşbəxt olmasın?! Özü təki gülçiçək balalar qoyacaq o, Sultanın qucağına! Yaşının ötgün vaxtında oğul-uşaq sahibi olacaq sənin əmin! İstəmirsənmi?! Yaxşı oğul tək özünü fikirləşməz, dərdin alım. Əmindi, can-ciyərindi! Boşamaz! Yox! Boşamaz! Söz çatdırsan, yaxın olmuşuq desən, bilirsənmi neylər?! Mədədin mauzerini saxlayır evində, stolunun siyirməsində... Allah göstərməsin!.. Əmini də, özünü də, bizi də qana salma, dərdin alım, aman günüdü! Bir qızdı, elə bil ölüb, öz əlinnən qəbrə sallayıbsan, torpaqlayıbsan üstünü... Çıx get Bakıya, dərdin alım, çıx get. Hənifə xalana da, mənə də yazığın gəlsin. Açığını deyirəm, nə qədər yazığam, bir o qədər də tərs adamam mən. Sultana söz desən, bilirsənmi neylərəm?! Nöyüdü tökərəm, kibriti çəkərəm o boş qalan Əmirli mülkünə, bir kibrit də çəkərəm Əlləz mülkünə, çal-çəpərimnən bir yerdə özümü də yandırram! Sən hədələdin, qorxutdun məni, mən də belə qorxuduram səni, dərdin alım. Yandırram, vallah! Eşidirsənmi? Yandırram! Düşmənləriniz elə bir şey istəyirlər allahdan. Sultan onsuz da dildə-dişdədi. Bu yanğınlar da bu tərəfdən dilə-dişə düşsə, uçmazmı arxan? Malsız-mülksüz, arxasız, köməksiz, tək bir gədə, neylərsən ondan sonra? Sultansız, kim adam sayar səni?! Belədi məsələ, dərdin alım. Odu ki, deyirəm, düşməntəki getmə. Düşmən deyiləm mən sənə. Qohumam! Bə nə?! Qohumam, özü də lap yaxınca! Qohumunu yad eləmə... Əyildim qabağında, ayağını yuyum öz əlimnən, hoppandın qaçdın! Xoşummu gəlir mənim ayaq yumaqdan? “Əyildim” deyirəm. Bu yaşımda kiçildim sənin qabağında, sən də gərək qiymət verəsən mənim kiçilməyimə, hoppanıb qaçmıyasan! Xızr Abı qanmaz adamdı, Allahlıq iddiasındadı kaftar! Səni də özü təki bədbəxt eliyər o, sözünə baxsan. Qaçma məndən, qaçma! Düşmən olma! Sultan oğul bilir səni özünə, “Bircə bala” qoyub adını. Sultan da mənim balamdı. Balamın balasısan sən, nəvəmsən! Göyüm olmalıydın, fələk belə döndərdi, nəvəm oldun. Nəvə də babasına düşmən kəsilərmi, dərdin alım?! Qayıt gedək evə, qulluğunda duraq, başına fırlanaq. Qayıtmırsan, onda sırğa elə, as qulağından dediklərimi, dilin-ağzın özündə, fas-farağat çıx get Bakıya! Əmin elə orda da arxa olar, yaxşı qulluq, ev-eşik, hər şey düzəldər, inşallah. Nə qədər çulu cırıq olsam da, mən də əlimdən gələni elərəm. Mal-qoyun yazdırram adına. Sənin adın olan yerdə Qılınc Qurban heç yaxın da gəlməz çal-çəpərimə. Artırram mal-qoyununu, beşi on elərəm, onu yüz elərəm, o boş qalan mülkdə bir cah-cəlal yaradaram ki, Qudalı Rəhimin cah-cəlalı yalan olar onun yanında! Belə xeyir verrəm mən sənə, dərdin alım. Adam da xeyrindən qaçarmı?! Bir qız nəmənədi belə xeyrin qabağında?!.

Bu yolla gələndə çamadan Səmədi nə hala salmışdısa, Əlləzoğlu da eləcə bir hala saldı. Qaranlıqda təkərək kimi dığırlanıb tövşüyə-tövşüyə, xışıldaya-xışıldaya ətəyindən, əl-qolundan yapışan bu ərdovdan, cindən, şeytandan heç cür yaxa qurtara bilmədiyini hiss edəndə Səməd dayanmağa məcbur oldu, çamadanı ağaca necə çırpmışdısa, yaxasından yapışıb onu da eləcə çırpdı.

Meşənin gecə sükutunda, dəyənək dəymiş it zingiltisisayağı uzunuzadı zingilti eşidildi. Qırxıq başından tökülüb üz-gözünə yayılan isti, çirişli qanı silə-silə, arvadını haraylamaq əvəzinə, əməllicə zingildədiyini başa düşəndə Əlləzoğlu bu it güzəranına dözməyib hönkürdü. Başı gicəlləndikcə yıxıla-yıxıla, dizin-dizin sürünüb, özünü evə salıb, Hənifənin gözlərində dərdinin əlacsızlığını görəndə Əlləzoğlunun hönkürtüsü sızıltıya, göynərtiyə çevrildi. Çallaşmış, durub-toxtamış kişi əvəzin elə bil kimsəsiz, sahibsiz, yetim uşaq, başdan-ayağa qan içində, kandardaca oturub büzüşdü. Gülgəz Sultan Əmirlinin həyətində, mangalın yanında necə çarəsiz sızıldayıb göynəmişdisə, indi atası da eləcə sızıldayıb göynəyirdi...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Süleyman padşahın xəzinəsi 13

Toz-torpaq içində son kağız qırıntılarına qədər yığandan sonra Qılınc, Təftiş, Kətyən koması çağrılan başıaşağı, səssiz-ünsüz qəlyanlı ilə elə ona oxşayan Möhsün kişi, hamıdan axırda isə, bir-iki saatda yüz il də qocalmış kimi ikiqat Abı, arası dolu, ağır köynəklərini aparıb, Müslümün açıb təmizlədiyi “baqajnik”ə – yükyerinə, oturacaqların “sideniye”lərin aralarına doldurdular. Sultan necə hiddətli və yarımcan gəlmişdisə, eləcə də yarımcan, xarabalığın qırağında, quyunun dikdirində oturub hərəkətsiz qalmışdı. Bayaqdan bəri azı beş-altı dəfə özözünə: – Kimin işidi?! Kimin işidi?! – deyə-deyə Qılıncı çağırıb sorğusuala tutmuşdu: “Mədəd divardan kitab çıxarmamışdı ki? Bəlkə çıxarıb, görüblər?..”, “Mən Müslümü çox sədaqətli sayıram, sən necə?”, “Bəlkə, deyirəm Bakıdan təcrübəli adamlar çağıraq, elə Xalıqın özünü istintaqa çəksinlər?”, “Vərəsə”nin bu qədər gizli yerini bilən adamı tapmalıyıq, ya yox?!” və sairə.Xarabalıqda heç kəs hiss eləmirdi ki, Sultanın bir gözü Badsəbanın daxması tərəfdə tək dirək kimi duran Bircə balada idi, Səmədin gözü də əmisində idi.

24 dəq
Xəzinə üstündə yatan ilan 1

Oturacaqda ağzı açıq bir konvert vardı. Müslüm, yola düşər-düşməz, o konvertə işarə eləyib:– Sənədi. Oxu, – dedi.

26 dəq
Xəzinə üstündə yatan ilan 2

Bir nəhəng otaq solda idi, azı iki metr enində, taybatay açıq qapı arxasında – uzaq divar dibində şifonerlərdən və taxtlardan məlumdu ki, ora “spalni” – yataq otağı idi.Bir nəhəng otaq da sağda idi, azı iki metr enində, taybatay açıq qapı arxasında – uzaq divarda uca rəflərdəki kitablardan məlumdu ki, ora kabinetdi.

12 dəq
Xəzinə üstündə yatan ilan 3

...Heç yerdə dayanmadan, dincəlmədən qayıtdılar.Səhərə yaxın maşını birbaş Əlləzoğlunun həyətinə sürdülər. Səməd, açıq qapı arasından içəriyə: – Mənəm! – dedi.

26 dəq

Başqa şairlərin şeirləri