Səhifə 3 / 3 · 67%

Süfrədə qan duzu yedi. Kim isə zalın o baş-bu başındakı çilçıraqlardan əlavə işıq yandırdı, stolun üzərindəki parıldayan çilçırağın altında ləkə açıq qırmızı rəngə düşdü, ordan – ləkədən çıxan səslərdən biri son dəfə “Açma” – dedi. “Açma! Bircə bala, açma!” – dedi və susdu. Səmədə elə gəldi ki, bu axırıncını heç də ordan – ləkədən yox, əmisinin özündən eşitdi. Diksinib, hövl içində başını qaldırıb baxdı. Əmma əmisi yerində deyildi.

Sultan, əlində çaxırla dolu stəkan, əyri-üyrü addımlarla qapı tərəfdən gəlirdi və gələ-gələ zalın yuxarı başında kiməsə üz tutub: – Ağlıyammıram, – deyirdi.

– Düz yeddi il səkkiz aydı yaş düyünlənib qalıb, ağlıyammıram, – deyirdi.

Səməd ancaq indi gördü ki, içəridə tək deyil.

Yuxarı başda döşəməyə xalça salınmışdı, döşəkçə, mütəkkə qoyulmuşdu. Xalçanın bir tərəfində, sinidə Seyid kişinin samovarı buğlanırdı, o biri başda – döşəkçənin üstündə Abı ilə Çürük Aşıq, ayaqlarında qaraqırmızı naxışlarla bəzəkli corablar, bardaş qurub yanaşı oturmuşdular.

Çürük Aşığın qabağında, stəkanının yanında özü kimi qədim, xırda, qonur-qara cürəsi işıldayırdı. Abının çay stəkanının yanında isə, “iç adamının” özü kimi qədim yastıbalabanı qaralırdı.

Vaxtilə Suranı o taydan – Təbrizdən gətirib kəndə özünə toy eləyəndə sədr Mədəd, daha doğrusu, o vaxtkı “Bedkom⁵⁴ Mədəd” öz halal dədə-baba malından bir axça Çürük Aşığa bağışlamışdı, bir axça da Xızr Abıya. Səməd qocaların o axçaları xərcləməyib, birini saza, birini də balabana yapışdırdıqlarını eşitmişdi. Əmma görməmişdi. Çünki Çürüyün haçansa bütün mahalda məşhur aşıqlığı, toylarda, şənliklərdə otuzluq lampanın altında dayanıb öz cəkkiltisi ilə lampanın alovunu oynatması lap çoxdan nağıl kimi, əfsanə kimi bir şey olmuşdu. Xızr Abı isə, Aşıq qardaşı sazı yalnız hərdən qocaların təkidilə üzə çıxardığına görə, “axçalı-pullu” balabanını sandığın dibinə atıb, mollalıq eləyirdi, daha doğrusu, arxalığının ciblərini çərəklərlə doldurub divarlar dibində, qəlyanlı qocaların arasında qəlyanını tüstülədə-tüstülədə oturub, oraya gəlib ƏsƏlim deyənlərin cavabında “ƏlEy ƏsƏlim” deyə-deyə “Təhlə”dən, “Qaraçöpdən, Qarayazıdan⁵⁵ gələn müridlərin⁵⁶ hamısının toplaşmasını gözləyəndən sonra hərəsinə bir Təbriz çapı kitabça paylayıb, “Süleyman padşah”dan, “Xəzinə”dən hədis deməyə başlayır, o yığnağa kənar adam qoşulardısa, o dəqiqə “Qurani Şərif”dən, Şəriətdən söz salırdı. Yad adam gedəndən sonra isə, öz əvvəlki ovqatını təzələmək üçün hökmən Çürüklə baş-başa verib, bəzən hər ikisinin qələmindən çıxan qəzəl, gəraylı, qoşma oxuyurdu:

“...Mən Əlhəm oğluyam Əlvənd⁵⁷ dağında...”

Abıya, Çürüyə aid belə-belə qəribə, anlaşılmaz söz-söhbətləri xatırlayıb, haqqında bu qədər danışılan SafAğ Elmini “boş bir şey” adlandırıb, hətta bundan qəmlənəndə birdən Səməd son dərəcə anlaşılmaz bir aydınlıqla atasını Abı ilə yanaşı gördü, o, üşütmə içində tir-tir əsdi. Eyni anda içərisində qışqırtı titrədi: “Bu nədi, bu nədi?!” Bədbəxt hardan biləydi ki, uzaq OdAğÜz BağOdƏr planetindən SafAğ İşıq içində göndərilən bu canlı insan qədər canlı şəkil tək-tək adamlara nəsib bir xoşbəxtliyin başlanğıcı idi.

⁵⁴ Kasıblar komitəsinin sədri (1930-cu ilə, kolxoz qurulana qədərki rəhbər vəzifə).

⁵⁵ Gürcüstan SSR-nə verilən ərazilərdən.

⁵⁶ Şagirdlərə şərti olaraq “mürid” də deyirdilər.

⁵⁷ “Əlvənd” – ƏlEv Ün dağı (Ulu Bağ ƏsƏlMənin Olam – “Olimp” ərazisində – “saray”ı – SarEyi olan dağ). Hal-hazırda ziyarətgah sayılır.

Görüntü tezcə yox oldu.

Sultanın səsi eşidildi:

– Özünüzə məlumdu hər şey. Çıxardın içimdən bu düyünü!

Çürük dilləndi:

– Abıya çoxdan ayandı sənin düyünün. Hazır gəlmişiz biz, oğul. O əlindəkini bir qırağa qoy. Əyləş, başlayaq.

– Başlayın, başlayın!.. – Sultan stəkanı boş qrafinin yanına qoyub, keçib portretin altında oturdu, qollarını sinəsində çarpazlayıb, başını arxaya – divara söykədi, göz qapaqlarını endirdi. “Açma! Bircə bala, açma!” – deyən o asta, xırıltılı səs hələ də Səmədin beynində idi. Bu səsin təhriki ilə, Səməd gecədən indiyə qədər keçən müddətdə birinci dəfə əmisinin üzünə diqqətlə baxdı. “Açma” – deyən, içərisi düyünlü əminin qapqara yanmış, qurumuş göz qapaqlarında yeddi il səkkiz ayın yuxusuzluğunu gördü. Səməd, əlbəttə, açmayacaq, hər küncündə bir mismar işıldayan qapaq necə əbədi örtülü qalıbsa, bu açıq sirri də elə qalacaq.

Qarayanıq göz qapaqları titrədi, çal, pırpız qaşlar düyünlənib daha da pırpızlaşdı. Həmin bu anda da yastıbalabanın bəmi cürənin cingiltili zilinə qarışıb qarmon səsinə çevrildi. İllərin uzaqlığından bir sehr gəldi, Səmədin ürəyini ovcuna alıb apardı. Bu sehr “Zarıncı” idi. O “Zarıncı” ki, hamının, o cümlədən Səmədin də pislədiyi Gəzəyən Şənbənin barmaqlarından çıxmışdı, qara geyimli, göy örtüklü gəlinləri ağlatmışdı. O “Zarıncı” indi Çürük Aşıqla Xızr Abının barmaqlarından çıxırdı.

Aşxana, kababxana künclərində “lotu-potu üçün çalan”, “gündə bir kişinin altında uzanan”, o bədnam Gəzəyən bu sehri hardan alırdı?!

Bu quru-taqqanaq qocalar bu sehri hardan alırdılar?!

Səməd əmisini də unutmuşdu, özünü də.

Birdən balaban susdu. Çürüyün quru, uzun barmaqları ən bəm-baş pərdədə, “Baş Divani” üstündə ağır-ağır tərpənib, “Zarıncı” göynərtisindəki sehri ciddiləşdirdi. Eyni vaxtda qocaların başları əsə-əsə bir-birinə doğru əyildi. Zəif, üzgün-heysiz, əmma bulaq suyu kimi tərtəmiz zil Abının məxmər bəmi ilə qoşalaşdı, iki səs bir-birinə elə qovuşdu ki, daha üçüncü səs-cürə lazım olmadı; Çürük əlini saxladı ki, sözlər aydın eşidilsin:

Əhvalımı soruşursan, nə təhər deyim, ey qardaş,
Azərbaycan nə təhərdi, mən o təhərəm, ey qardaş.
Şimaldan bir səmum əsir, Cənubumuzdan başqası,
Səhralaşan yurdumuzda tozdan betərəm, ey qardaş!

Səməd yenə əmisinə baxırdı. Pırpız qaşlar necə çatılmışdısa, eləcə qalmışdı. Yeddi il səkkiz ayın yuxusuz gözləri necə qapanmışdısa, eləcə qalmışdı. Yox, düyün açılmırdı. Bunu, deyəsən, qocalar da gördülər. Oxumaq əvəzinə elə bil hönkürməyə başladılar:

Farsın içində dilsizəm, Rusun içində elsizəm,
Ağlamaq da qadağandı, boğuq qəhərəm, ey qardaş!
“Qəhər” sözü “qəhr”dəndi, “qəhr” – “ki ər” – OdƏrdəndi,
Odu, Əri də qəhr olan məzlum OdƏrəm, ey qardaş!

Qarayanıq göz qapaqlarının tökülüb seyrəlmiş kirpiklərini bu fəryaddan sonra da qupquru görəndə Səməd başa düşdü ki, düyün açılmayacaq. Çünki Sultan əmi yatmışdı. Özü də hələ bayaq qollarını sinəsində çarpazlayıb başını divara söykəyəndəcə yuxuya gedib, nə “Zarıncı”nı eşitmişdi, nə də “Divani”ni.

Qocalar birdən-birə qəzəblənmiş kimi, heç birinə yaraşmayan heyrətli, uca, hönkürtülü səslə bayatı çəkdilər:

Eheeeey, oyan dağlar!
Nə yatmısan, oyan, dağlar!
Bu yanın zülmətxanədi,
Necədi o yan, dağlar?! A dağlar! Od Ağlar,⁵⁸ dağlar!

Qocalar susar-susmaz, bayaqkı görüntünü Səməd bu dəfə əmisinin böyründə – divanda gördü; Sultanın o cür bayatıdan da oyanmadığına elə bil Mədəd də heyrətlənib, üzündə heyrəti, oğluna baxıb yoxa çıxdı.

Qocalar kor-peşman, Sultana tamaşa eləyirdilər.

Səməd isə daha nə əmisinə baxa bildi, nə də qocalara.

⁵⁸ SafAğlar həqiqəti: El şairlərinin ustad Aşıq – ƏsAğların şeirlərində “dağlar” motivinin çoxluğu “Od Ağla” və “sinəsi dağlar” olan ölkə ilə – Bağdayla bağlıdır.

Yeddi il səkkiz ay öz “cəhənnəm kürəsi”ndə yanıb qovrulandan sonra burda, əmisinin süfrəsinin başında atası ilə əmisinin “məzlum OdƏr” talelərinə yana-yana ilk dəfə doyunca, demək olar ki, lap boşalınca ağladı. Üzünü biləyinə söykəyib, elə burda da yatdı və gecənin bir vaxtı oyandığı anda röya gördü. Bu röya həm şirindi, həm də acı. Şirinliyi bunda idi ki, Gülgəzlə üz-üzə oturmuşdu. Gülgəzin gözlərinə, cıqalarına baxa-baxa, Gülbənizin önlüyünün ətəyindən kişmiş yeyirdi. Acılığı isə bunda idi ki, kişmiş acı idi. Dilinə-damağına çökən zəqqutun dadını duyduqca, Səməd tez-tez Gülgəzin biləyindən yapışırdı. “Yemə, yemə! Kiflənib kişmiş! Zəhərlənərsən!” – deyirdi. Əmma Gülgəz qulaq asmırdı. “Sənnən zəhər də xoşdu!” – deyib gülə-gülə kişmişi ağzına basırdı və acılıqdan, elə gülə-gülə inildəyirdi.

Oyanıb qaranlıq zalda, yığışdırılmamış süfrədə qabların soyuq işıltılarına baxa-baxa, həmin iniltini yenidən eşidəndə Səməd röya ilə reallıq arasında, anlaşılmaz və anlaşılmaz olduğu qədər də əzablı bir aləmdə bir müddət hərəkətsiz qaldı. Sonra dik atılıb inilti gələn tərəfə cumdu.

Qapıları, pəncərələri taybatay açıq yataq otağında, stolüstü lampanın işığında, arxası üstə uzanıqlı Gülgəzin elə bil son nəfəsdə “qamətə” dikilmiş, işgəncə ilə dolu gözləri parıldayırdı. Sultanın zil qara hörüklərə qarışmış çal saçı işıldayırdı. Səsi xırıldayırdı:

– Qalmalısan!.. Sən bu evdə qalmalısan!

Səməd əllərini üzünə basdı. Yataq otağına tərəf cumduğunun, orda gördüyünün, eşitdiyinin də röyada baş verdiyini hiss etmədən, burdan qaçmağa, uzaqlaşmağa çalışıb, səndələyə-səndələyə geri çəkildi. Taleyin dönüklüyündən, təhqirin ağırlığından, bədbəxtliyin sonsuzluğundan boğulurdu. Ani bir nəzər, ani bir mənzərə qəlbində hər şeyi alt-üst eləmişdi, bütün həyatını, varlığını qurban verməyə hazır olduğu əmisinə – “uca şəxsiyyətə, gözəl insana” məhəbbət əvəzinə, ürəyinə ikrah doldurmuşdu.

O balıncın üstündə dəbərə qalan, işgəncə ilə dolu gözləri, o qara saçların arasında işıldayan çal tükləri xəyalından uzaqlaşdırmağa, eşitdiyi inilti ilə xırıltını qulağından çıxarmağa çalışdı, mümkün olmadı. O gözlər daha da böyüdü, dəhşət dünyanı tutdu və Səmədin Qaraçı gözəli adında Qaratikanlı-Gurtikənli, Qaraağaclı-Gurağaclı dünyası ilə birgə Sultan Əmirli adında möhtəşəm dünyası da o dəhşətə qarışıb yoxa çıxdı və Səməd bu yoxluq, heçlik içində əmisinin evinin pillələrindən axırıncı dəfə düşüb, eynilə dünənki kimi, haraya və nə üçün getdiyini bilmədi...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Ön söz

Fəlakətin həlledici mərhələsi onda başlandı ki, Qrek-Latın quldarlıq qanunları əsasında qurulmuş Vizantiya imperiyası 604-802-ci illərin dünya müharibəsində hərbi qələbələrini daha güclü fatehlik silahı olan Xristianlığın qələbəsinə çevirib, bu dini iki yüz il müddətində öyrənilən müxtəlif dillərin köməyi ilə müxtəlif ölkələrdə müxtəlif variantlarda yaya-yaya, o vaxta qədər planetin əsas – gur yaşayış yerlərində bəşəriyyətin vahid Elm – həqiqət dili kimi mövcud olan OdƏr dilini bir daha rəsmi qadağan etdi; hələ birinci əlliminillik tarixdə, sonra isə Yeni tarixdə (Xristianlığın yayıldığı əsrlərdə) hər cəhətdən təhrifə uğradılan, Kainat həqiqətlərindən uzaqlaşdırılan planetimizdə OdƏr dilində Bağ (insanı insana və bəşəriyyətimizi Kainatın OdƏr bəşəriyyətinə bağlayan Bağ) kəlməsi Qrek-Latın dilində təhrif “Boq” sözü ilə əvəz olundu, SafAğ İnsanın (Bağın) Əli – Oğlu mənasında işlənən ƏlAğ kəlməsi Ərəbin təhrif “Əllah” (“Allah”) sözü ilə (təkallahlığla), BağhəmOd (vahid həqiqət Bağı) rütbəsi “Mühəmməd” adı ilə əvəz edildi. Bəşəriyyətimizin yalnız az bir qisminə (təhrif “Muğ”, “Mağ” kəlmələrilə adlandırılan, “atəşpərəst” sayılan gizlin Bağlara) məlumdur ki, dinlərin əsasındakı kitablar, o cümlədən “Bibliya” (“Tövrat” – “Tora”), “Yevangeliya” (“Novıy zavet” – “İncil”) “Quran”da, vizantiyalıların özlərinin məcburən etiraf etdikləri kimi, “Bağ dilində” – “na bojyem yazıke” (yəni OdƏr dili ilə bu dil əsasında yaranmış Tərik – “Türk” dilində) verilmiş kitabların son dərəcə təhrif tərcümələrindən, uydurmalardan, əfsanələrdən ibarətdir. Həqiqətin nə dərəcədə təhrif edildiyi və təhriflərdən necə qlobal – ümumbəşəri fəlakət törədiyi barədə bu müqəddimənin özündə də az-çox təsəvvür vermək üçün bütün açıqlığı ilə deyilməlidir ki, zahirdə biri-birinə düşmən rolu oynayan dinlər, kökü vahid OdƏr bəşəriyyəti olan xalqları dil-şüur və mənəviyyatca ayırmaq, parça-parça ərazilər, sərhədlər daxilində məhdudlaşdırmaq, bəsitləşdirmək, nəticədə vahid Din mərkəzi Vatikanın – gizlin quldarlıq dövlətinin tələblərini təmin etmək məqsədi güdür. Planetimizdə əsrlərdən bəri hökm sürən dini, siyasi qadağalar, saysız-hesabsız “elmi” (“tarixi”, “etnik”) arakəsmələr (süni psixoloji düşmənliklər) mühitində Kainatdan xəbərsizlik, açıq deyirəm, “sivilizasiya” altında cahillik o dərəcədə qatılaşıb ki, bu cahilliyin yaratdığı labüd “katastrofa” qarşısında indi Vatikan dövlətinin özü də qorxuya düşüb, nisbi proqressiv dairələrin planetdə “bütün dinləri birləşdirmək” təklifini, “həqqi təhrif edən xristianlıq”, “fundamental İslam”, “təriqətlər İslamı”, “Bəhayilik”, “Yəhudilik”, “Buddizm” və sair “dini”, “elmi” “izmlər” əvəzində, mövcud Vahid həqiqəti yaymaq ehtiyacını rədd edə bilmir. Mən sözün əsil mənasında ürək ağrısı ilə, faciə içində bildirirəm ki, əsrlər boyunca Vatikan casuslarının təlimatları əsasında (“öz əlimizlə”) gah açıq, gah da gizlin məhv edilən “Muğ” – Bağ nəslinin təhrif adı (“Muğanna” – “Bizim Muğlar”) altında çap etdirdiyim ƏsƏrlərdəki Bağ həqiqəti – SafAğ Elmi hələ də təhrif “izm”lərin müqavimət səddi arxasındadır. Yeni Zaman – 2000-ci il ərəfəsində sədd dağılmalıdır, təhrif insan məhz SafAğ Elmi sayəsində maariflənməli, saflaşmalı, hər cəhətdən ucalıb OdƏr bəşəriyyətinə – əbədi həyat planetlərinə qovuşmalı, yəni “Yer” – EyƏr (Uca İşıq) planetinə gizlin gəlib gedən İşıq gəmilərinin düşdükləri guşələrə buraxılası halda olmalıdır. Əks halda fəlakət baş verəcək.Yaxın və uzaq keçmişimizdən tarixi hadisələr, bədii süjetlər içində verilmiş SafAğ həqiqətlərinin qavranılmasını asanlaşdırmaq məqsədilə mən Əsərlərin hamısını yenidən işlədim. “İdeal”, “Ölüm-dirim” Əsərlərində və bir səhifəlik “Peyğəmbərin möhürü”ndə Elmin əsası verilib; bu üç Əsərlə tanış olmayan oxucu dördüncü, beşinci, altıncı, yeddinci Əsərləri – “qəbristan” – “Gur Ünü”, “İsahəq, Musahəq”, “Məhşər”i (“ƏnŞər-MənŞər”i) dərk edə bilməz. Təkrar edirəm; Əsərlər yalnız burada göstərdiyim xronoloji ardıcıllıqla oxunmalıdır ki, fayda versin.

3 dəq
Süleyman padşahın xəzinəsi 1

Zaman o zamandı ki, bir hissəsi Cənubi Azərbaycan, ikinci hissəsi Şimali Azərbaycan və sair adlandırılan ölkənin bir qismi “super dövlət” SSRİ-nin tərkibində, müharibədən təzəcə çıxıb, yoxsulluq, aclıq pəncəsində sıxılırdı. Amerikadan alınan, cəmaatın rişxəndlə “tısbağa yumurtası” adlandırıb, ancaq əlacsızlıqdan yediyi kiflənmiş yumurta tozu – “yaiçnıy paraşok” da nemət sayılırdı: taxılı, ətlik heyvanı, yağı, pendiri silib-süpürüb aparmış dördillik ağır müharibədən sonra bu “paraşok” demək olar ki, hər şeyi əvəz edirdi. İran kişmişi isə qənd və ümumiyyətlə şirniyyat yerinə işlənirdi. Buna görə də, Kür boyundakı ucqar rayonların ən ucqar kəndlərindən tez-tez Bakıya gedib-gəlib kisə-kisə “yaiçnıy paraşok” gətirən, o biri tərəfdən Arazın o tayına ayaq açıb, ordan hər dəfə bir at yükü kişmişlə qayıdan Çax-çux Xalıqın Qonaqlıdakı həyəti bütün həyətlərdən yığnaqlı olmuşdu.Söyüd şivindən hörülüb, mal peyini ilə suvanıb, əhənglə ağardılmış yöndəmsiz daxmanın qabağındakı hamar palıd kötüyünün üstündə daş-tərəzi görünən kimi bütün kənd oraya axışırdı və bu vaxt Əmirli nəslinin əziz-ərköyün yeniyetməsi Səməd də, əmisi Sultanın, yəni rayon partiya komitəsinin birinci katibi Sultan Əmirlinin “payoku¹”ndan hər cür nemət dadıb özünü “kişmiş acı” saymadığına baxmayaraq, dərhal o yığnağa tələsirdi ki, yığnağın içində – qarışıqlıqda Xalıqın qızı Gülbənizə göz vursun, Gülbəniz də öz bacılığı Gülgəzə göz vursun, sonra daxmanın xəlvət bir küncündə çöməlib, önlüyünün ətəyini açıb, atasından “çırpışdırdığı” kişmişi Səmədlə Gülgəzin qabağına tutsun ki, Səmədlə Gülgəz onun – Gülbənizin ətəyindən kişmiş yeyə-yeyə, doyunca bir-birinin üzlərinə tamaşa eləsinlər və pıçıldaşa-pıçıldaşa eşiyə, Çax-çuxun nəhəng əllərlə ciblərinə basışdırdığı rəngli pula – göy əlliliklərə, qırmızı otuzluqlara baxa-baxa, “Çax-çux özünə gün ağlasın, biz də özümüzə” – deyib gülüşsünlər.

31 dəq
Süleyman padşahın xəzinəsi 2

Bu illərdə iyirminci-otuzuncu illərin yadigarı “şinel” və müharibənin yadigarı “teloqreyka”¹⁹ yavaş-yavaş sıradan çıxırdı. Kənddə yaxşı maaş alan müəllimlərin, qulluqçuların hamısı, ticarətdə, fermalarda, taxıl, yun, yağ tədarükündə gizlin varlanan adamların isə əksəriyyəti “kitayski makentoş” – plaş geyinirdi və hamı bilirdi ki, makentoşları Çax-çux gətirir... Axşamlar idarəyə gedən, idarədən qayıdan briqadirlərin, manqabaşıların,²⁰ xeyir-şər yığnaqlarından dağılışan ahıl adamların, hətta həyətlərdə tərpənişən qocaların, qarıların əllərində güclü “mil” işığı uzağı vuran Çin fənəri parıldayırdı. Elektrik işığından məhrum, zülmət küçələrdə, cığırlarda hamı Çin fənəri ilə gəzirdi və hamı bilirdi ki, fənərləri də Çax-çux gətirir, köhnə arvadı Badsəbanın öhdəsinə verib gedir, Badsəba isə hökumət adamı sayılan göyü, yəni kürəkəni Məsimin narazılığına, deyintisinə baxmayaraq malı açıq-açığına ortalığa töküb satır, hətta Qurbanlı sovetliyinin²¹ üç para kəndində, o cümlədən burda, Qonaqlıqda da alverçilərə qılınc çəkən Qılınc Qurbandan da ehtiyatlanmayıb, alverindən qalmırdı.²² Qurbanlı sovetliyi raykomun təlimatçılarından təkcə “Məsimin zonası” – ərazisi olsa da, Sultan əmi bu sakit, qaraqabaq oğlanı “əfəl” saydığına görə hərdən Səmədə “Get o əfələ kömək elə”, – deyirdi və bu vaxt Məsimə qoşulub Qonaqlıya gedəndə Səməd, Badsəbanın makentoşları cərgə ilə kəndirdən asıb, fənərləri kilimin üstünə düzüb, həyətdə əməlli-başlı dükan açdığını öz gözləri ilə görürdü, o uzun, qara adamın özünün də hardasa hərlənib-fırlandığını və bu şəxsi dükanı nə isə anlaşılmaz bir sehrlə qoruduğunu sövqitəbii duyurdu, əmma o həyətə nə qədər göz yetirsə də, bir vaxtkı “yaiçni paraşok”, kişmiş alverçisini, təzə makentoş möhtəkirini görə bilmirdi. Müəllimlərin, qulluqçuların və rüşvət-filanla gizlin varlanan adamların əyinlərində makentoşları görəndə də Səməd dərhal o qara üzü görürdü, yollarda, cığırlarda, həyətlərdə Çin fənərlərinin projektorsayağı “mil” işıqlarını görəndə də dərhal o qara üzü görürdü, makentoşlar, fənərlər çoxaldıqca o qara üz də çoxalıb, yayılıb aləmi tuturdu, Çax-çux Xalıqın özü isə, o il qəbristandan gedəndi ki, hələ də gözə dəymirdi. Kənddə, rayonda, hər yerdə hamı ilə əlaqədə, ünsiyyətdə idi. Səmədin ayağı dəyən yerlərdə isə, elə bil havadan iy çəkib yoxa çıxırdı, bəd üzü bədəndən ayrılıb, qapağının hər küncündə bir mismar işıldayan tabutun yanında qarala-qarala qalırdı. Odur ki, hətta son iki ildə – Bakıda da Səməd onu unutmamışdı.¹⁹ Əsgərlər üçün qalın üst geyimləri.

22 dəq
Süleyman padşahın xəzinəsi 3

Ürəyinin çırpıntısı necə idisə, addımlarının sürəti də elə idi.Vağzal meydançasından küçəyə çıxıb, şəhərin dəmiryolla paralel uzanan bu yeganə geniş küçəsində kazarmasayağı alçaq, boz binaların – rayon idarələrinin səkilərində dəstə-dəstə dayanmış çesuyça²⁷ kostyumlu, “səbət” şlyapalı adamlardan birinin də üzünə baxmayıb, tutqun qaşqabaqla, ağızucu salam verə-verə keçdi.

30 dəq

Başqa şairlərin şeirləri