Dədə palıd
Səhifə 9 / 15 · 53%
Nurcabbar, deyəsən, ürəyində danışırdı. Hərdən onun batıq dodaqları tərpənirdi, qaramtıl üzündəki qırışlar nazılıb-enlənirdi.
Bağır cınqırını çıxartmağa, Nurcabbarın fikrini dağıtmağa cəsarət eləmirdi.
Handan-hana Nurcabbar özü dilləndi:
– Sən burda nə gəzirsən? – dedi. – Sən ki, suyun dilini başa düşmürsən.
Başqa vaxt olsaydı Bağır deyərdi, suyun dili yoxdu, qardaş, özündən hoqqa çıxartma. İndi Nurcabbarın sualını qulaqardına vurdu, səsi tutula-tutula:
– Möcüzə görmüşəm, – dedi. – Dədə palıdın quru budağı...
Nurcabbar Bağırın sözünü ağzında qoydu – o budağı mən kəsmişəm, – dedi və təzədən gözlərini suyun üzündəki narıncı haləyə zillədi.
Bağır çaşqın-çaşqın gülümsədi. Bayaqkından da bir az batıq səslə soruşdu:
– Necə yəni... kəsmişəm?
Bu sualdan xoşu gəlmirmiş təkin Nurcabbar qaş-qabağını salladı.
– Sən yuxuda olanda balaca mişarı götürüb, dırmaşdım Dədə palıdın kəlləsinə. Quru budağı dibindən kəsdim. Elə kəsmişəm ki, nişanəsi də qalmayıb, gennən yüz göz baxsa da görməz.
Bu Nurcabbarın qarnının sirrindən fələk də baş aça bilməz. Nə hoqqa desən, çıxardar özündən. Budağı kəsmək kimin ağlına gələrdi? İndi də deyir suyun dili var.
Bağır da Nurcabbarın baxdığı səmtə baxdı: gözlərini suyun üzündəki haləyə zilləyib qulaq verdi. Kür səssiz-səmirsiz axırdı, heç nə demirdi Bağıra.
Arxadan səs eşidəndə Bağırın kürəyi gizildədi...
– Sabahınız xeyir... Su üstəsiz, aydınlığa çıxasız.
Piti Namaz idi. Meşədən bura gəlib çatanacan pörtmüşdü. Qalın qaşlarının üstündə şehə oxşayan tər damcılarını iri yaylıqla silə-silə:
– Bağır dayı, bura niyə qaçmısan? – dedi. – Elə bilirdin genə səni işlədəcəm? Ürəyimə dammışdı ki, büyün yaxanı ələ verməyəcəksən. Özümnən iki nərçə gətirmişəm, dirrikdə doldururlar maşını... mənnən qaçma, Bağır dayı. Qorxma. Niyə qorxursan?
Nurcabbar suya baxa-baxa Bağırın əvəzinə cavab verdi:
– Sənnən qorxan-zad yoxdu. Əzrayıl döyülsən ha.
Piti Namaz eynini də pozmadı. Yaylığı bürmələyib alnında gəzdirə-gəzdirə:
– Bilirəm, əşi, – dedi, zəhlən gedir mənnən, bilirəm. Təkcə onu bilmirəm ki, nə pisliyim keçib sənə?
Sanki Nurcabbar bu suala bənd imiş və Namazla deyişməyə, ürəyini boşaltmağa məqam gəzirmiş. Üzünü Piti Namaza tutub:
– Sən mənə pislik eləyə bilməzsən! – dedi. Bunu elə acıqlı dedi ki, uzun boğazının gömgöy damarları burum-burum şişib çeçələ barmaq yoğunluğunda oldu. – Neyləyəcəksən mənə?! Sənin o zibilli kababxanana da getmirəm ki, üç tikə ət verib, pulumu əlimdən alasan! Deyəsən, Namaz hirsləndi.
– Əkşi, mən camaatın cibinə girmirəm! – dedi. – Heç kimin pulunu əlindən zornan almıram! Camaatın yaxasından tutub kababxanaya dartmıram mən. Gəlirlər, qarınlarını doyuzdururam. Yamanlıq eləyirəm? İstəmirlər, gəlməsinlər! – Cərə gəlsinlər, cəhənnəmə gəlsinlər. – Danışığına ara verib, enli, qabarıq sinəsi az qala çənəsinə dəyə-dəyə nəfəsini dərdi. Sonra elə bil birdən-birə yazıqlaşdı, iri, qara gözlərini, pörtmüş üzünü məsum bir ifadə bürüdü. Səsini aşağı salıb: – Əkşi, ay Nurcabbar, – dedi, – bilsən ki, o pulu nə zülümnən qazanıram, qanımı it qanına döndərməzsən. Qəpeyi qəpeyin üstünə qoyanacan dəridən-qabıqdan çıxıram. Gendən baxana hasand gəlir. Kababxananın min dərdi, min əngəli var. Bircə saat işləyə bilməzsən orda, əkşi. İnandığımız haqqı, qara fəhləlik onnan min pay yaxşıdı. Dolanmağın çatısını salmışam boğazıma, dözürəm.
Nurcabbar dinmədi. İndi suya da baxmırdı. Kürün o tayındakı yulğun kollarına baxırdı. Daha əvvəlki təkin qəzəbli, fikirli görünmürdü. Xırda gözlərində, qaramtıl sifətində, batıq dodaqlarının yanlarında güclə seziləcək istehzalı bir təbəssüm dolanırdı. Bu təbəssüm Piti Namazın nəzərindən yayınmadı. Piti Namaz da başladı istehzayla gülümsəməyə:
– Bilirəm, niyə mənnən zəhlən gedir, – dedi. – Mənim pulum çoxdu. Çox zəhmət çəkirəm, çox qazanıram, amma sən bu dünyada bir şeyin yiyəsi döyülsən, xətrinə dəyməsin, əlin heç yana çatmayıb, ona görə də paxıllığın tutur mənə. Qaldı sənin yazdıqların, incimə, onlara bir qara qəpey verən yoxdu. Heç kim Nizamini, Füzulini qoyub, sənin cızma-qaranı oxumayacaq, ondan xatircəm ol, əkşi.
Namaz güman eləyirdi ki, Nurcabbarın yaralı yerinə toxunub və şübhəsiz, Nurcabbar onu cavabsız qoymayacaq. Namaz, doğrudan da, Nurcabbarın yarasının gözünün qopartmışdı, ancaq Nurcabbar bu ağrıya dözə-dözə dururdu. Nurcabbar onsuz da, ürəyini boşaldıb, Namazdan acığı gəldiyini deyib ona. Kifayətdi.
Meşədən “Moskviç”in uzun-uzadı siqnalı eşidildi. Deyəsən “nərçələr” işlərini qurtarmışdılar.
Namaz başını bulaya-bulaya geri döndü, iki-üç addım gedib dayandı. Çevrilib, bu dəfə Bağıra zəndlə baxdı. Nəsə demək istəyirdi ki, amma elə bil tərəddüd eləyirdi: “Deyim, deməyim?” Axırı ki, dedi. Səsi elə yumşaq, elə kövrək çıxdı ki, Bağır az qaldı qəhərlənsin, çünki Piti Namazın belə mülayim, belə məhrəm danışdığını ömründə birinci dəfə eşidirdi.
– Mənnən nahaq qaçırsan, Bağır dayı. Gor qonşuyusuq, bir-birimizə lazımıq biz. Allah eləməmiş, sənin başına bir iş gəlsə, hayına birinci mən çatacam... Dilim-ağzım qurusun, mənnən qabaq ölsən, sənin meyidini yerdən mən götürəcəm. Vallah, səninkilər özlərini Bakıdan bura çatdıranacan meyidin ortalıqda qalar, əkşi. Onların əli sənə vaxtında yetməyəcək, Bağır dayı, nə zəhmətin olsa, bu qonşun çəkəcək. – Yumruğunu sinəsinə vurdu. – Mən namərd adam döyüləm.
Namaz köks ötürüb susdu. Bağır gözlədi ki, bu dəqiqə Piti Namaz deyəcək: “Dünən verdiyim kabab burnunun iki deşiyindən gəlsin”, amma Namaz yaylığı tərli boynuna basıb, ayaqlarını sürüyə-sürüyə uzaqlaşdı və nədənsə, Bağır inandı ki, Namaz ağlaya-ağlaya gedir.
Piti Namazın sözlərini, şübhəsiz, Nurcabbar da eşitmişdi. Nurcabbar Bağırla yanaşı dayanmışdı, ola bilməzdi ki, Piti Namazın kövrələ-kövrələ dediklərini eşitməsin. Bağır gözləyə-gözləyə qaldı ki, görsün Nurcabbar bu barədə nə fikir söyləyəcək. Nurcabbar heç qımıldanmadı da. Nurcabbar bu aləmdən, deyəsən, çox uzaqda idi, deyəsən, Piti Namazın kəlamlarını qulağı çalmamışdı. Nurcabbarın qulaqlarında ancaq özünün eşidə biləcəyi səs vardı. Ürəyində ancaq özünün duya biləcəyi hisslər, beynində ancaq özünün dərk edə biləcəyi fikirlər dolanırdı. Bu an, o, bəlkə, Bağırın bir addımlıqda dayandığını yadından çıxartmışdı. Bəlkə qarşısında ahəstə-ahəstə axan Kürü yerli-dibli görmürdü. Nurcabbar əllərini arxasına qoyub, qıyıq nəzərlərini Kürün o tayındakı yulğunluğa dikmişdi.
Bağır da əllərini, Nurcabbar kimi, arxasına qoydu, gözlərini Kürün o tayındakı yulğunluğa zilləyib Nurcabbar kimi fikrə getdi. Əvvəlcə fikirləşdi ki, görəsən Nurcabbar nəyin xiffətini çəkir, nə nisgili, nə yarası var onun? Əgər Nurcabbar təkliyi, kimsəsizliyi özünə dərd eləyirsə – nahaq yerə. Bu məlum dərddi, Nurcabbar bununla çoxdan barışıb sakitləşməliydi. Bir dərdin ki, çarəsi olmaya, o dərdi gəzdirməyin nə faydası? Yox, əgər Nurcabbarın ayrı dərdi, ayrı ağrısı varsa, niyə bir adama ürəyini boşaldıb yüngülləşmir? Üç ildi gecəbəgündüz bir yerdəyik, hələ içindən xəbərim yoxdu onun. Ürəyinin qapısından yekə bir qıfıl asıb. Haçarını da qoyub cibinə. Sağolmuş, suya pənah gətirir, ürək qızdırır, mənə yox. Elə səhər-axşam Kürün qırağında dayanıb nəsə pıçıldayır. Nə deyir Kürə bu? Bəs Kür buna nə deyir, nə cavab verir? Vallah, çox fikirləşməkdən bu yazığın başına hava gələcək. Elə çox fikirləşməkdən bu kökə düşüb də. Altmış iki yaşı var – məndən cəmi-cümlətanı üç yaş kiçikdi – amma buna bax, deyirsən bəs, yüzü çoxdan addıyıb. Saçı-saqqalı dümağdı, üzü qırış-qırışdı, ağzında vur-tut beş-altı dişi qalıb. Yox, qardaş, dünyanın dərdini çox götür-qoy eləmək lazım döyül. Çox götür-qoy eləyərsən, çox dərinə gedərsən, Nurcabbarın kökünə düşərsən.
Sonra Piti Namazın sözlərini xatırladı Bağır, bilmədi hirslənsin, ya kövrəlsin. “Mənim meyidimi yerdən Namaz niyə götürməlidi? Nazlı gəlib, özü də həmişəlik gəlib. Nazlı olan yerdə Namaz kimdi? Nazlını yüz oğula dəyişmərəm. Sözünə bax bunun “gor qonşusuyuq, bir-birimizə lazımıq”. Yox, Namaz, gözün var mənim ev-eşiyimdə, nəyə desən and içərəm, gözün var. Mənim ölməyimə bəndsən. Bəlkə sən məndən tez öldün, ay düdəmə! Fələyin gərdişini nə bilmək olar. Qırx yaşın ola-olmaya, amma on addım yol gedən təkin tər basır səni. Yəqin ürəyin piy bağlayıb sənin, Namaz, bala, piyli ürəyə etibar yoxdur. Heç piysizə də etibar yoxdu, vallah. Dayandı, dayandı də, neynəmək olar?.. İpi əlimizdə döyül ki, tutub çəkək”.
Bağır Kürün qırağında nə qədər dayandığını deyə bilməzdi, ancaq qıçlarının ağrımağından başa düşdü ki, çox dayanıb burda. Uzaqdakı yulğunluğa baxmaqdan gözlərinin toyşu getmişdi. Kürə nəzər saldı, su gözlərinə yulğun rəngində göründü. Kürü qara-qırmızıya çalırdı, şırıltısız-gürültüsüz axırdı, Bağırın baxışlarını da, kəməndinə salıb, ahəstə-ahəstə axıdırdı. Bağırın gözlərindəki ala-toran pərdə bir azdan yavaş-yavaş çəkildi və Bağır Kürü öz donunda gördü. Bulanır, narın ləpələr bir-birini itələyə-itələyə, bir-birində əriyə-əriyə gedirdi. Bu endə, bu uzunluqda çay səsini içinə salmışdı, təkcə nəfəsi, həniri duyulurdu çayın. Kür boyunu da qısmışdı. Sahilin qat-qat, dilim-dilim, oyuq-oyuq sarımtıl divarından bilmək olurdu ki, Kür vaxtilə sahillə dodaqbadodaq axıb, bir yerdə qərar tutmayan soyuq diliylə yalayıb, yaralayıb sahili... O tayda – Kürün lap qırağında böyürtkən kolları, tikanlıq, yulğunluq görünürdü. Bu tayda da Kürün sahili eynən elə idi. Və çox baxanda bu eynilik adamı darıxdırırdı, yorurdu, adama qüssə gətirirdi.
Kitabxana.az · https://kitabxana.az/works/isi-melikzade-dede-palid
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Seymur paltosunu geyinib qapının ağzında dayandı. Anası balaca qara çamadanı və içi dolu həsir zənbili gətirib onun qarşısına qoydu. Oğlan şeylərə tərəf baxmadı. Gözlərini anasının yanına sallanmış damarlı, quru əllərinə zillədi. Sonra onu umacaqlı baxışla süzdü. Firuzə oğlunun fikrini anlayıb gülümsədi. Əlini dirsəkdən ilməsi qaçmış sarımtıl, nimdaş jaketinin cibinə saldı.– Al, hələlik bunu xərclə...
TalismanAğarəhim Borçalıda cəmi-cümlətani bircə gecə qaldı. Bu da işdir sən allah, dünən gəl, bu gün qayıt. Gərək, heç olmasa, üç-dörd gün gəzəydi burda, üç-dörd gün Bakının basabasından səs-küyündən uzaq olaydı. Borcalının “qaymaq” havasından udaydı, “bal” suyundan içəydi. Ağarəhim könülsüz-könülsüz “Jiquli”yə oturanda qayınanası yalvardı ki, “qal, getmə”. Ağarəhimin əvəzinə arvadı Pərvanə cavab verdi: “Getməlidi, – dedi, gərək ponidelnik işdə olsun”. Ağarəhim ürəyində: “Tüpürüm ponidelnikə”, – deyib maşını tərpətdi, amma başa düşdü ki, “ponidelnikə” tüpürə bilməz, çünki “ponidelnik” institutda olmalıdı, axşam şöbəsinin tələbələrindən imtahan götürməlidi...Sağ-solunda yastı, bomboz təpələr görəndə Ağarəhim anladı ki, maşında tək-tənha uzaq yol getmək müsibətdir. Gələndə arvad-uşağı yanında idi və onda elə bil buralar belə bozumtul, belə qərib deyildi, yol belə əyri-üyrü, dolanbac deyildi, asfalt adamın gözünün toyşunu aparmırdı. Gələndə təkərlərin səsi eşidilmirdi, amma indi şırıltıya qulaq as; elə bil şəlalə şırıltısıdı, adama layla çalır, mürgü gətirir. Ağarəhim fikirləşəndə ki, hələ qabaqda dörd yüz kilometrdən çox yol var, başladı darıxmağa, təntiməyə və o dəqiqə də başa düşdü ki, bu qədər yolu darıxa-darıxa getmək olmaz – adamın bağrı partlayar, vallah. Özünə ürək-dirək verdi, toxtaq olmağa çalışdı. Cəhənnəm olsun yolun ağlığı da, uzaqlığı da. Təptəzə “Jiquli”nin əlində dörd yüz kilometr yol nədir ki? Qaldı təklik məsələsi – onun da çarəsi var. Radioqəbuledicini aç, səsi gəlsin, ya da maqnitofonu işə sal, kefin nə qədər istəyir, oxusun səninçün. Bəs maqnitofonu nədən ötrü almısan, atam-qardaşım, Yapon maqnitofonu üçün alverçiyə min manatı niyə vermisən?
QatardaDostum Həsənağa Turabova ithaf*Gecə qatarla yol getməkdən Sabitin zəndələn-zəhləsi gedirdi, çünki qaranlıq, dar kupedə uzananda iri bir qəbir gəlib dururdu gözlərinin qabağında və Sabit səhərəcən çimir eləyə bilmirdi.
Şehli çəmənlərin işığıAltmış yaşı tamam olan günü Mirzə evdən çölə çıxmadı; həm qardan-borandan qorxurdu, həm də bazarlıq eləməyə ehtiyac yox idi, onsuz da Mirzənin ad gününə heç kəs gəlməyəcəkdi: arvadı öləndən bəri – beş il idi ki, Mirzə ad gününü keçirmirdi. Əlbəttə, Mirzənin oğlu, gəlini, nəvələri gələcəkdilər – onlarçün yeməyə bir şey tapılar: kolbasa var, pendir var, quru balıq var... peçenye də var – çay içərlər.Mirzə mətbəxdə bir loğma çörəyi güclə yedi, elə bil boğazı tikilmişdi. Yatağından durandan ovqatı korlanmışdı, fikirləşirdi ki, ömür kitabından altmışıncı vərəq də düşdü – səssiz-səmirsiz düşən bu vərəqə heyfsilənirdi – görəsən axırıncı vərəq deyil ki, bu?
Başqa şairlərin şeirləri
Görkəmli filosof, professor Camal Mustafayev kübar qadın Sara xanıma universitetdən aldığı maaşdan yardım əli uzatmış, bunun üstündə təqib edilmişdir.*Müəllif*
Nə qəmim var cahan icrə bənim, yar bənimNə qəmim var cahan icrə bənim, yar bənim,Nəyim əksikdi bənim, yar bənim, var bənim.
OynamasınGeyinib-kecinib toya gedənlər,Amanat, amanat qız oynamasın.
SonaNə yandırdın eşq əhlinin canını,Sənsən bu dünyanın maralı, Sona.