Qağayılar yorulanda
Qırçın-qırçın göy ləpələr,Nə xəfifdir, nə incədir.Onu şerə çəkmək olmaz,O, ən zərif düşüncədir.
Şüy balıqlar su altdadır,Quba qazlar, qular üstə.Qağayılar parıl-parıl,Qanad çalır sular üstə.
Ağ ulduzlar göy Xəzərə,Düşür gümüş damcı kimi......Birdən xəzri baş qaldırıbŞaqqıldadı qamçı kimi.
Yürüş etdi boranlı qış,Dondu bədən, dondu ilik.Göy dənizin saf aynasıParçalandı çilik-çilik.
Qağayılar ha istədiFırtınaya sinə gərə;Dəniz döndü top dağıtmış,Çala-çuxur bir səngərə.
Elə bu vaxt qadir insan,Cilovlayıb dalğaları –Dəmir dirək qaldırırdı,Sərt sulardan göyə sarı.
Xəzri hürkdü, dəniz susdu,Mancanaqlar çəkdikcə car.Dənizin sərt dodaqları,Parçalandı cadar-cadar.
Baş qaldırdı polad ada,Qara qızıl selə döndü.Göy Xəzərin ortasında,Bir əbədi nur göründü.
– Sığınacaq tapdıq! – deyə,Qağayılar birər-birər.Dənizdə də insanlara,Uçub pənah gətirdilər.
...İndi Xəzər bulananda,İndi... Xəzər durulanda,Uçub gəlir bu adayaQağayılar yorulanda...
Kitabxana.az · https://kitabxana.az/works/islam-seferli-qagayilar-yorulanda
← → düymələri ilə keçid, R — təsadüfi şeir