Səhifə 2 / 2 · 50%

Cahandar ağa zəmilərin arasından keçib birbaş xır yoluna endi və orada atın başını qanırıb evə gəldi. Burada da iş qaynayırdı. İki yerdə vəl qoşmuşdular. Samanlıq tərəfdə isə yenicə xırman salmışdılar. Nökərlər dərzlərin bəndini qırıb sünbülləri xırmana tökmüşdülər.

Cahandar ağa atdan endi. Bu dəfə nökərləri yaxına qoymadı. Özü atın yəhərini alıb çardağın altına, kölgəyə çəkildi, əli ilə Qəmərin yalını sığalladı, döşünün tərini sildi. Onun qabağına bir qucaq göy ot tökdükdən sonra dərz tayalarına yaxınlaşdı. O, nədənsə, bu gün işləməyə həvəs göstərdiyindən, burada da sakit dayanmadı. Yeni salınmış xırmana dərz daşıyan nökərlərə kömək etdi. Öküzləri qoşdular vəli xırmana saldılar. Cahandar ağa özü atılıb vəlin üstünə çıxdı. Çubuğu havada yellədib öküzləri səslədi. Heyvanlar dizə qedər kövşənə batdılar. Vəl kələ-kötür dərzlərin üstündə ləngərləndi. Ləpələrin atıb-tutduğu qayıq kimi gah çökəyə endi, gah da yuxarı, dərzlərin üstünə qalxdı. Sünbüllər xışıltı ilə ovxalandı, kövşən əzitməyə başladı. Ca-handar ağa böyük bir zövqlə öküzləri hayladı. Vəl beş-on dəfə xırman boyu fırlandı və dərzlər yapıxdı. Xırman boyu dairəvi cığırlar düşdü Cahandar ağa hər dəfə vəli yeni yerdən sürdü və xırman tamanı yapıxana qədər vəlin üstündən düşmədi.

Nəhayət, çubuğu onun əlindən aldılar. Cahandar ağa sıçrayıb kənara çıxdı və samanlığın üstündə dayanıb, işləyənlərə xeyli tamaşa etdi. Dəsmalını çıxardıb tərini sildikdən sonra talvarın altına, ata yaxınlaşdı. Qəmər quyruğu ilə çibinləri qova-qova xımırt-xımırt göy ot yeyirdi. İsti atı da təntitmişdi. Onun sinəsi köpüklənmişdi. At tərin içində idi. Qəmər sahibini görəndə başını tərpədib oxrandı və gözünü zilləyib sahibinin üzünə baxdı. Sanki "bizi bu istidə niyə öldürürsən? – demək istədi. Cahandar ağa onun yalını sığalladı, boynunu qaşıdı, başını sinəsinə sıxıb gözünü oxşadı. At sahibinin nəvazişini duydu və nazlı gəlinlər kimi cilvələndi. Cahandar ağa az qaldı Qəməri köksünə basıb üz-gözündən öpsün. Onların arasındakı ünsiyyət bir heyvanla insan arasında olan dostluqdan daha çox iki sirdaşın, ağır gündə bir-birinə kömək durub haraya çatan iki adamın mehribanlığına bənzəyirdi. Məhz buna görə də Cahandar ağa özü atına qulluq edir, onun otunu, suyunu özü verir, hörüyünü özü dəyişir, yəhərini, yüyənini özü alırdı. Kişi sanki bununla atın ona elədiyi yaxşılıqların əvəzini geri qaytarmaq istəyirdi.

İndi o, atın çim tərə batmasına dözmədi. Heç kəsə heç nə demədi. Ata buruntaq verib yalından yapışdı və sıçrayıb belinə qalxdı. Qəmər sahibinin fikrini başa düşdü və birbaşa cığırla sahilə endi. At suvadağa çatan kimi özünü Kürün dayaz yerinə saldı. Daşları şaqqıldada-şaqqıldada su yuxarı irəlilədi. Ayağının altından qalxan su ətrafa sıçradı. Cahandar ağanın paltarı islandı, kişi bundan daha da xoşhallandı. Nəhayət, bir az sərniyəndən sonra dayandı, Cahandar ağa yerə düşdü, üst paltarını soyunub atı çimizdirməyə başladı. Qəmər sakit dayandı. Sinəsi, qulaqlarının dibi qaşındıqca xoşhallandı və arabir astadan sahibini qoxuladı.

Cahandar ağa atı tərtəmiz yuduqdan sonra evə qayıtdı. Atı yenə talvarın altına bağlayıb qabağına ot qoydu. Bir xeyli Qəmərin iştahla ot yeməsinə tamaşa etdi. Bir az dincini almaq üçün otağa girib taxtın üstünə uzandı. Qulluqçulardan biri onun dirsəyinin altına mütəkkə qoydu, qabağına süfrə saldı, bir şey yemək istəyib-istəmədiyini soruşdu. Cahandar ağa çay içəcəyini bildirdi. Ona dalbadal bir neçə stəkan çay gətirdilər. Kişi onları birnəfəsə içib, dincəlməyi qərara aldı. Bərkdən gərnəşib uzandı. Heç beşcə dəqiqə keçməmiş onu yuxu apardı. Qulluqçunun süfrəni yığışdırdığını görmədi, gün düşməsin deyə pəncərənin taxtalarını örtməsindən xəbəri olmadı. Otaq sərin olsa da tər onu basdı. Nəfəs alması belə çətinləşdi. Sinəsi qalxıb endi. Otağa tövşüyə bənzər bir səs yayıldı. Kişi qəribə bir yuxu gördü.

O gördü ki, qapı astadan aralandı. Şahnigar səs salmadan içəri girdi. Astanada dayanıb ayaqqabısını soyundu və barmaqlarının ucunda taxta yaxınlaşdı. Bir xeyli qardaşının yastığının yanını kəsdirib, onun necə nəfəs almasına qulaq asdı. Cahandar ağa bacısının ona necə həsrət və məzəmmətlə baxdığını gördü. Şahnigar əlini qoynuna qoyub, başını azacıq yana əymişdi. Sinəsi astadan titrəyirdi. Burun pərələri güclə seziləcək dərəcədə səyriyirdi, elə bil için-için ağlayırdı. Cahandar ağa ayağa durub bacısından nə üçün ağladığını soruşmaq istədi. Onun qolundan yapışıb taxtın üstündə oturtmağa çalışdı. Ancaq yerindən tərpənə bilmədi.

Şahnigar bir müddət beləcə dayandı, sonra önlüyünün ətəyi ilə gözünü qurdaladı və aşağı əyilib qardaşının yastığını düzəltdi. Elə bu vaxt onun əli Cahandar ağanın alnına toxundu. Kişi tərpəndi. Şahnigar dalı-dalı geri çəkilib qapının ağzına getdi. Cahandar ağa durub oturdu. Bacısını yanına çağırdı. O gəlmədi. "Dərdin alım gedəcəm, tələsirəm, işim var, burda çox qala bilmərəm, – deyə cavab verdi. – Gəldim sənə deyim ki, onda taqsır yoxdur. Xasiyyətini bilirəm, eşidən kimi dəli olacaqsan. Ancaq, Allah haqqı, düz sözümdür, sənin qızın tərtəmizdir, onda günah yoxdur. Salatın gül parçası kimi bir uşaqdır. Onu da mənim kimi bədbəxt eləmə, ay qardaş, özünü də, balanı da odsuz-ocaqsız yandırma, atam balası, eşitdinmi? Di salamat qal, gözünə qurban olum, görürəm yaman dərd çəkirsən, ancaq fikir eləmə, olan-olub, keçən-keçib. Özünü üzmə".

Şahnigar ayaqqabısını əlinə götürdü. Donunun ətəyini yuxarı qaldırdı, gəldiyi kimi də sakitcə qapını aralayıb otaqdan çıxdı. Cahandar ağa onu saxlamaq, geri qaytarıb yanında oturtmaq, göz-gözə dayanıb doyunca söhbət etmək istədi. Nə qədər qışqırdısa da, səsi çıxmadı. Elə bil sinəsinin üstünə ağır bir qaya yıxmışdılar. Kişi boğulmuş kimi xırıldadı...

Cahandar ağa hövlnak ayıldı. Harada olduğunu bir xeyli aydınlaşdıra bilmədi. Gözünü döyüb maddım-maddım boylandı. Gözü otağın qaranlığa alışdıqdan sonra yuxuya getdiyini anladı. "Lənət şeytana" – deyə öz-özünə söyləndi və taxtın üstündən düşdü. Ağır addımlarla qapıya yaxınlaşdı. O bir az bundan əvvəl Şahnigarın dayandığı küncdən gözünü çəkə bilmirdi. Kişiyə elə gəlirdi ki, bacısı orada dayanmışdır. Bu saat tərpənəcək, bəlkə də atılıb qardaşının boynuna sarılacaqdır. Günün günorta vaxtı kişini elə bil qara basırdı. Bu boyda adamı vahimə götürmüşdü.

O özünü topladı. Əlini cəftəyə uzatdı və qapını açıb cəld eyvana çıxdı. Orada da dayanmadı, birbaşa xırman yerinə gəldi və bir xeyli gəzindikdən sonra toxtadı.

Artıq sərin düşmüşdü. Xırmanların çoxunda vəli açmışdılar. Hətta lap tezdən xırman döyənlərdən indi taxıl sovuranlar da var idi. Cahandar ağanın xırmanlarından ikisi hazır idi. Nökərlər taxılı yığıb, xırmanın ortasına toparlaşmışdılar.

Cahandar ağa fikrini dağıtmaq məqsədi ilə nökərlərdən qabaq şananı əlinə aldı, tığın bir yanında dayanıb taxılı sovurmağa başladı. İri sarı buğdalar bir yana töküldü, saman qırıntılarını külək xeyli uzağa apardı. Nökərlər də ona qoşuldular. Gün batana qədər xırmandakı taxılları sovurdular. Arvadlar sarı buğdanı xəlbirdən keçirdilər. İri çuvallar doldurulub yan-yana düzüldü. Cahandar ağa axıra qədər işlədi. Nökərlər samanı yığıb samanlığa tökəndə isə üstünün tozunu çırpıb bir tərəfə çəkildi və hündür bir yerdə sallağı oturub papiros eşdi.

Doqqazda at kişnədi. Kim isə Cahandar ağanı səslədi. Kişi ayağa qalxıb üst-başını düzəltdi və asta addımlarla çağıran adamın qabağına çıxdı.

– Ə, xoş gördük, yaylaqdan nə vaxt gəlibsən?

– Elə indi.

– Bizim uşaqları görmədin ki?

– Gördüm. Yaxşıdırlar... Amma yaylağa qayıtsan, pis olmaz.

Cahandar ağanın qaşları çatıldı. O, gözünü atlının üzünə zilləyib dayandı. Kişi hiss etdi ki, əlləri titrəyir. Özünü ələ almaq və keçirdiyi həyəcanı qarşısındakına bildirməmək üçün papirosunu sümürdü.

– Nə olub, xeyirdimi?

– Elə bir şey yoxdur, amma deyəsən sizin binələrə basqın eləmişdilər.

– Kim? Nə vaxt?

– Dünən gecə.

– Bədbəxtlik-zad olmayıb ki?

– Vallah, düzünü bilmirəm.

– Məndən söz gizlətmə, ürəyimə damıb.

– Elə bir şey yoxdur, bilsəm deyərdim.

Cahandar ağa papirosunu kötüyünə qədər sümürdü. Kəhrəba müştük çatırdadı və az qaldı ki, alışıb yansın. Atlı papirosun işığında kişinin ağarmış sifətini gördü. Onun yanağında bir damcı qan qalmamışdı. Gicgahlarındakı damarlar vururdu. Barmağının arasındakı müştük titrəyirdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Birinci hissə, 4

Ay doğandan sonra ulduzlar solğunlaşıb titrəşdi. Asta, olduqca mülayim bir bahar küləyi əsdi. Şamxalın burnunu çəmən çiçəklərinin qoxusu qıcıqlandırdı.Çərkəzin xorultusu mışıltıya çevrilmişdi. Şamxal qibtə ilə ona baxırdı. Ay doğanda onu oyatmalı olduğunu belə unutmuşdu.

19576 dəq
Birinci hissə, 5

Qaranlıq qarışıb əl-ayaq yığışandan sonra Zərnigar xanım yan otağa çəkildi. Səhərdən dilinə bir şey dəyməsə də qulluqçuların gətir-diyi çay-çörəyə əl vurmadı. Anası ilə bərabər, göz yaşı axıdan Salatın nə qədər yalvardısa da, arvad inadından dönmədi. Evə qaranlıq çökdü. Qızının lampanı yandırmaq istədiyini görəndə acıqlandı:– Yıxıl, öl bir yerdə! Mənim çırağımı fələk özü söndürüb.

195713 dəq
Birinci hissə, 6

Mələyin yoxa çıxması xəbərini eşidəndən yarımca saat sonra Allahyar yola hazırlaşdı. Qumar yoldaşlarının və karvansara sahibini duyuq salmamaq üçün əhvalatı açmadı. Onların sualına "daha bəsdir, evdə işim-gücüm tökülüb qalıb", - deyə təmkinlə cavab verdi.Onun atını gətirdilər. Bu neçə gündə arpa yeyib kökələn ot yüyənini çeynəyir, həndəvərinə hərlənən adamları dişləyib gəmirmək istəyirdi. Allahyar kəhərin qoltuqaltısını yoxladı, qarın qayışını çəkib bərkitdi Sonra gümüş döşlüyünü sahmana saldı. Ayağını üzəngiyə qoyub, atın belinə qalxmazdan əvvəl mehtərin haqqını verdi.

195714 dəq
Birinci hissə, 7

Əlləri qoynunda, eyvanın dirəyinə söykənib selləmə bahar yağışına tamaşa edən Salatını fıkir götürmüşdü. Şamxal evə qayıtmamışdı. Onun hara getdiyini dəqiq bilən yox idi. Atasının qorxusundan, bir də söz-söhbətdən xoşu gəlib ara qızışdıran arvadların üzünü görmək istəmədiyindən evdən eşiyə çıxmamışdı. Anası da o gündən bəri ağzı üstə döşənib qalmışdı. Ev suyu soğulmuş dəyirmana dönmüşdü.Cahandar ağa ailəsini o taya, meşəyə, binəyə göndərmək istəmişdisə də, Zərnigar xanım: "Bircə onu görməyəcəksən, - deyə kişisinə cavab vermişdi.

195710 dəq

Başqa şairlərin şeirləri