Səhifə 1 / 3

Zərnigar xanım ərinə nə qədər nifrət etsə də, onun əlindən yanıqlı, ürəyi dağlı olsa da, kişini unuda bilmirdi. Hərdənbir xəlvətə çəkilib gizlincə ağlayır, Cahandar ağanın halını düşünürdü. O, hiss edirdi kişi sınıqdır, daha əvvəlki hay-harayı yoxdur. Şamxalın ayrılıb getməsi, bacısının ölümü onun belini bükübdür. Zərnigar xanım bəzən onu görmək istədiyini, heç olmazsa uzaqdan boyuna baxmaq arzusunun ürəyindən keçdiyini hiss edirdi. Arvad qəlbinin ən ucqar bir guşəsində gizlənib cücərməyə çalışan bu duyğudan qorxsa da, onun qol-qanad açıb güclənə biləcəyi ehtimalından dəhşətə gəlsədə, özü ilə mübarizə aparmağı bacarmırdı. Bəzən ərinin paltarının qoxusu burnuna dəyirdi, səsi qulaqlarında canlanırdı. Cod barmaqların təmasını çiynində, saçında, sinəsində hiss edirdi. Belə hallarda az qalırdı ki, durub birbaş qayıtsın. Arvad hiss edirdi ki, oğlunun yanında onun günü nə qədər xoş keçsə də, gəlini iki qızı başına dolanıb onun əlini isti sudan soyuq suya vurmağa qoymasalar da, nə isə bir şey çatışmır. O, ərinin xiffətini edirdi. Bir qadın kimi kişi hərarətinin, kişi nəfəsinin həsrətini çəkirdi. Axı, o hələ o qədər də yaşlı deyildi!

Əşrəf gələndən sonra arvadın xəyalı daha da qarışdı. Oğlu məktəbdən qayıdanda onu Cahandar ağanın yanına buraxmayacağını qərara almış olsa da, ürəyi yumşaldı. O gördü ki, Əşrəf iki suyun arasında qalıb, nə atasından keçə bilir, nə də anasından. Bir də o, bu oğlunun da sınıq dolanmasını, atası ola-ola yetimlik çəkməsini istəmirdi. Ürəyindəki bütün kin və qəzəbə, qadın izzət-nəfsinin tapdalanmasına belə analıq hissi üstün gəlirdi. Zərnigar xanım hətta qəsdlənmişdi ki, oğlunu da götürüb geri, ərinin yanına, öz evinə qayıtsın. "Mən baş götürüb evdən çıxanda kimə nə eləyirəm? Günümün bundan ürəyimi ağrıyacaq? Bəlkə onlara da elə bu lazımdır? Əl-ayaqlarına heç kəs dolaşmaz. Zəhmət çəkib ev-eşik tikib cah-cəlal düzəldən mən, hazıra çıxan onlar? Ay Allah, sənin nə insafsız işlərin var! Mənim balalarımı niyə gül kimi soldurub ürəklərinə çal-çarpaz dağ çəkirsən? Mən nə günah sahibiyəm? Yox, gedəcəm. Kişi məni evdən qovmayıb ki? Özüm çıxıb gəlmişəm. İndi də qayıdacam. Balalarımı başıma yığacağam... Bəs ona necə dözəcəm? Gözüm baxa-baxa nər kimi kişini əlimdən o qoynuna salan o həyasızla necə bir damın altında yaşayacam? Allah, sən özün mənə rəhm elə!"

Əşrəf heç nə soruşmasa da, anasının ürəyindən keçənləri duyurdu. Oğlunun atasının hərəkətlərindən razı qalmadığını Zərnigar xanım da hiss edirdi. Ancaq istəmirdi ki, ata ilə kiçik oğlunun da arası açılsın, üz-göz olsunlar. Şamxal da, Güləsər də dinmirdi. Salatın heç nəyə qarışmırdı...

İndi onlar yanaşı uzanmışdılar. Düz üç gün idi ki, Əşrəf anasından ayrılmır, gecələr həyətdə, çardağın altında yer salıb onunla yanaşı yatırdı.

Onlar susurdular. Əşrəf kəndə gələndən sonra evlərində baş verən hadisələri öyrənməyə çalışırdısa da, müəyyən bir aydınlıq şəkildə əldə edə bilmirdi. Qəribə burası idi ki, heç kəs onunla açıq danışmaq istəmirdi. Gözlərdəki ürkək baxışlarda, dodaqlardakı ifadalərdə nə isə sirli, bir şey gizlənirdi. Onu ən çox maraqlandıran bibisinin qəfil ölümü idi.

Əşrəf anasının yatmadığını hiss etdi. Dönüb üzünə baxdı. Zərnigar xanım arxası üstə uzanmışdı. Gözlərini göyün üzünə zilləmişdi. Sonsuz ənginliklərdəki ulduzlar sayrışırdı.

– Ana, bibim nədən öldü?

Zərnigar xanım bu sakit sualdan diksindi. O dəhşətli gün gözünün qabığına gəldi. Cahandar ağanın adam göndərib otııı çağırtdırtj Şahnigann mcyitinin yuyulmasım ona etibar etdiyitıi xatırladı. Arv baldızmın qanh sifətini görondə dəhşətə gəldi, giillə yarusına baxabil mədi. Onu titrətmə götürdü vo hər şeyi başa düşdü. Onu da anladı kj Cahandar ağa bu sirrin açılmasını istəmir. Elə ona goro da köhnə ar-vadım çağırtdınb, ona etibar edib.

Zərnigar xanım cəsədi özü yudu, özü kəfənlədi. Yalnız bundan sonra qohum əqrəbanı meyitə yaxın buraxdılar. "Günahdır", – deyə kəfəni açmağa qoymadılar...

Zərnigar xanım bütün bu həqiqətləri açıb oğluna söyləyə bilməzdi.

– Taqsır özündə oldu, bala, müridlərə qoşuldu, axırda da özünü bədbəxt elədi.

Əşrəf anasının səsinin titrədiyini hiss etdi. Sezdirmədən onun gözlərinə baxdı. Arvadın kirpikləri islanmışdı. Yanağında yaş gilələnmişdi.

– Deyəsən, atam mənim bildiyimdən də zalım adamdır.

– Yox, yox, dərdin alım, onda nə taqsır var? – arvadın səsi titrədi və çevrilib oğlunun üzünə baxdı. Onun bir şey duyub-duymadığını yəqinləşdirməyə çalışdı. – Özü öz suçunu başa düşdü. Görünür, bibinin qisməti buymuş.

Əşrəf dinmədi. Qəlbindəki şübhələr daha da çoxaldı. Aralığa yenidən ağır sükut çökdü...

– Bəs atam bu məsələyə neçə baxır, Qoca kişi ilə barışıbsınız?

– Yox. Nə danışdığındır, ay bala, kişi Şamxalın əlindən zəncir gəmirir, heç barışar?

– Atam Şamxalla barışmasa, mən də o evə ayaq basmayacam.

– Elə söz danışma, dərdin alım, Şamxal ayrı, sən ayrı. Atan da yazıqdır. Tək qalıb.

Əşrəf yerin içində dirsəkləndi. Təəccüblə anasına baxdı:

– Bəs sənə elədiyi pislik?

– Qismətdən artıq yemək olmaz, bala, görünür, Allahın əmri beləymiş. Olacağa çarə yoxdur.

Arvad köksünü ötürdü. Əşrəf onun acizlikdənmi, mütilikdənmi, əlacsızlıqdanmı, yoxsa böyük bir qəlbə malik olub, hər şeyi bağışlamaq istədiyindənmi belə danışdığını ayırd edə bilmədi. O, anası ilə atasını müqayisə etdi. Arvad öz mətanət və alicənablığı ilə onun nəzərində bir daha da böyüdü. Ona elə gəldi ki, anası hər şeyi Allaha, taleyə bağlamaqla özünü sakitləşdirir, sarsıntılara qalib gəlmək üçün mənəvi təskinlik axtarır.

– Bəndə yoldan çıxanda Allah nə eləsin, ana?

– Elə demə, bala, hər şey Yaradanın əlindədir. Bir də sən belə şeylərə çox fikir vermə. Cahandar ağa sənin atandır, onu tək qoyma.

– Deyirsən, yanına qayıdım?

– Qayit bala. Salatına da deyəcəm getsin.

– Yox.

– Sözümdən çıxsan, üzünə baxmaram.

Əşrəf dinmədi. Anasını qucaqlayıb, başını onun sinəsinə söykədi. Zərnigar xanım oğlunun qıvrım saçlarını sığalladı.

Külək şiddətləndi. İri damlalı yağış xırdalanıb çisəyə çevrildi. Otlar ağırlaşıb boynunu əydi. Buğumlanmış çiçəklərin, sünbülləşmiş taxılların yarpaqlarında damlalar gilələndi. Cığırların tapdalanmış sarı torpaği sürüşkənləşdi. Əşrəf başıaçıq, düşüncələr içində haraya getdiyini özü də bilmədən xır yolu ilə irəlilədi. Onun ayağının altındakı xırdaca daşlar xırçıldadı, pırpızlanmış saçına narın çiskin qondu. O fikirli idi... Yolun ağımsov daşları yuyulmuşdu. Göyün üzündəki buludlar seyrəlsə hava tutqun idi. Axşam qaranlığının yaxınlaşması bu tutqunluğu daha da gücləndirirdi. Əşrəf üşürgələndiyindənmi, yoxsa islaq qanadlarını qurutmaq istədiklərindənmi, nədənsə tüklərini pırpızlandırıb çırpınan boz quşcuğazlara, çəmənlikdə dolaşan heyvanlara fikir vermədi. Yoldan burulub cığıra düşdü və asta addımlarla sahilə doğru endi.

Kürün yaxası boyu uzanan çəmənlikdəki ot adamın qurşağına çıxırdı. Cığırlar güclə seçilirdi. Suyun üstünü də duman bürümüşdü. Əşrəf yeridikcə şehə batmış otlar, toxumlamış sarı çiçəklər dizinə qonur, onu isladırdı. Şalvarı müşəmbələnmiş kimi xışıldayırdı. Lakin onları sezmirdi. Əşrəf iki suyun arasında qalmışdı. O, anasına haqq versə də atası ilə necə rəftar edəcəyini, ona nə deyəcəyini, evə təzə gətirilmiş analığı ilə necə oturub-duracağını aydınlaşdıra bilmirdi.

Quşlar pırıltı ilə onun ayağının altından qalxır, beş-on addım uçub yenə cığırın ortasına qonurdular. Taxılların arasında turac oxuyurdu. Dumana bürünmüş Kür isə uğultu ilə axırdı. Sahilboyu fikirli-fikirli xeyli dolaşan Əşrəf, nəhayət, dikdirə qalxdı.

Qarşı tərəfdən bir atlı gəlirdi. Əşrəf bunu görüb evlərinin qənşərindəki dikdirdə ayaq saxladı. Dayanıb gələnin yaxinlaşmasını gözlədi. Əhməd ona çatan kimi atın cilovunu çəkdi. Elə yəhərin qaşından əyilib Əşrəfin boynunu qucaqladı.

– Xoş gördük, Əşrəf koxa, nə var, nə yox, son buralara xoş gəlmisən!

– Çox sağ olun, Əhməd lələ.

– Maşallah, yekə oğlan olmusan, deyəsən, oxumaq sənə düşüb?

Əşrəf dinmədi. Dodaqucu gülümsünüb başını aşağı saldı. Əhməd atdan endi. Onlar cığırla yanaşı addımladılar. Sahibinin yedəyində gedən at arabir ağzını uzadıb cığırın kənarındakı otlardan qoparırdı.

– Haçan gəlmisən?

– Beş-altı gündür. Dünən "Zayej"ə getmişdim. Yox idiniz.

– Mən də beş-altı gündür şəhərdəyəm. Elə oradan gəlirəm.

– Xeyirdimi?

– Xeyirdir, Əşrəf koxa, icazə verdilər.

– Nəyə?

– Məktəb açmağa.

– Yəni əməlli-başlı məktəb?

– Bəli. Lap əməlli-başlı. Bilirsənmi, Əşrəf, – o birdən dayandı. Diqqətlə Əşrəfin üzünə baxdı. – Axı sənin müəllimin bizim kəndə gəlib çıxmışdı. Sənə bir şey demədi?

– Dedi. Hər şeyi söylədi.

– Aleksey Osipoviç deyəsən sözünə düz adamdır, – deyə Əhməd söhbətinə davam etdi. – Gəlib bizim kənddən Tiflisə keçəndə "Zayej"də qaldı. Mənim işimi çox bəyəndi. Gedəndə söz verdi ki, mütləq Tiflisdə maarif müvəkkilinin yanına döyəcək və Göytəpədə məktəb açılmasına kömək edəcək. Sənin xəbərin yoxdur. Düz iki il idi ki, hər yerə ərizə yazırdım, ancaq cavab verən yox idi. Nəhayət, indi çağırıb dedilər ki, icazə veririk. Daha bundan sonra gizlində yox, açıq-aşkar dərs keçəcəyik. Sən seminariyanı qurtarıb gələnəcən əməlli-başlı bir məktəb düzəldəcəm. Gərək kəndin ortasında təzə məktəb tikək. Axı təzə müəllim köhnə binada dərs deyə bilməz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Üçüncü hissə, 15

Cahandar ağa ayağının ikisini də yəhərin üstündən sağ tərəfə aşırıb, atın belində yanaşı oturmuşdu. O, papirosunu sümürür və qırçın-qırçın olub dalğalanan zəmilərə tamaşa edirdi. Dəmyədəki taxıllar kəhrəba kimi saralmışdı. Sünbüllər ağırlaşıb boynunu əymişdi. Üfüqlərə qədər uzanıb gedən zəmiləri arabir Kür tərəfdən əsən meh yerindən oynadıb dəniz kimi ləpələndirirdi. Çöllərə ahəngdar bir xışıltı yayılırdı. Qərb tərəfdəki dağların sinəsi belə saralmışdı. "Buranı da biçdirib, dərzləri qapıya daşıtdırsam, atın başını qanırıb yaylağa qayıdaram, – deyə Cahandar ağa düşünməyə başladı. – Oralar da yiyəsiz qalıb, aranda çox ləngimək olmaz, zamana əlləm-qəlləm zamanasıdır, sonra nə olar, nə olmaz. Şamxal zənnimi itirdi, Əşrəfdən isə ağlım bir şey kəsmir onlara arvad-uşaq tapşırmaq olmaz".Kişi axır vaxtlar baş verən hadisələri xatırladı, nəhayət, maralın öldürülməsini yadına saldı. Bunların hamısı düşmənçilik idi. Onu izləyir hər addımbaşı sataşırdılar. Cahandar ağa əvvəllər buna o qədər də əhəmiyyət vermək istəmirdi. Hər gəda-güdəyə baş qoşmağı şəninə sığışdırmırdı. Belə olmasaydı, düşmənin qapısına atını sürər, onu bayıra çağırar və gülləni sinəsinə sıxardı. Bir də, o, heç ağlına gətirmirdi ki cəsarət edib onun həndəvərinə hərlənən olar. Ancaq, görünür, zaman dəyişmişdi. Hər başına papaq qoyan özünü kişi hesab eləyir, əlinə tüfəng alıb camaat arasına çıxır. "Yox, bu işi belə qoymaq olmaz. Elə dağdan arana enən kimi o köpəkoğlunun izini itirmək lazımdır. Belə eləməsəm, bundan sonra da əl-ayağıma çox dolaşacaq".

195713 dəq
Üçüncü hissə, 16

Salatın xeyli özünə gələ bilmədi. Yəmən xanım dəyənin ortasında huşsuz uzanan qıza təlaşla baxdı. Onun əlini, ayağını açdı. Ağzına tıxanmış dəsmalı açdı. Üzünə, sinəsinə su çilədi. Qızın paltarı didik-didik olmuşdu. Bədəni qıpqırmızı idi. Bəzi yerlərinə qan sağılmışdı. Saçına pıtraq dolmuşdu. Sifəti şişmişdi. Yəmən xanım əlində çıraq, bir müddət qızın tərpənməsini gözlədi. Arvadın ürəyi kövrəldi. Kəlağayının ucu ilə yaşarmış gözünü sildi. Qızın salamat yeri yox idi. Tikan onun bədənini deşik-deşik etmişdi. Arvad çırağı kənara qoydu. "İnsafsızlar, gör yazığı nə kökə salıblar,– deyə öz-özünə deyindi.

19579 dəq
Üçüncü hissə, 17

Cahandar ağa bütün gecəni at belində yol gəldi. Qalın meşələrdən necə keçdiyini, köpüklü çayları nə vaxt adladığını, dolama cığırlarla bələnləri haçan aşdığını bilmədi. Qəmər arada addımlarını yavaşıdanda onu mahmızladı, atın yorulmasına fikir vermədi. Bütün yolu çaparaq gəldi. O, mənzilə yaxınlaşdıqca daha da həyəcanlanırdı. Ürəyi yumaq kimi bükülür, nəfəsi darıxırdı. Kişi qorxurdu. Yaylağa yetişən kimi binədə bədbəxt bir hadisə ilə qarşılaşa biləcəyini xəyalına gətirdikcə bədəni buz kimi soyuyur, alnına tor gətirdi. O, evdəkilərin birinin ölümünə, mal-qaranın oğurlanınasına dözə bilərdi. Ancaq arvad-uşağın namusuna sataşılmış olsaydı... Aman Allah, sən belə bir rüsvayçılıq eləmə!!!Cahandar ağa istəyirdi ki, lap tezdən binələr yuxudan ayılmamış özünü yaylağa yetirsin, heç kəsin gözünə görünmədən alaçığa girsin, əhvalatın nə yerdə olduğunu öyrənsin. Əgər bir bədbəxtlik üz veribsə, onun keçirdiyi iztirabları heç kəs görməsin. Camaatın gözü qabağında zərbə almaq və qovşurulub-qıvrılmaqdan dəhşətli nə ola bilərdi?

19578 dəq
Üçüncü hissə, 18

Cahandar ağa səhər tezdən atın örüyünü dəyişdirmək üçün dəyədən çıxdı. Tüfəngini əlinə alıb, binələrin aşağı tərəfindəki çəmənliyə getdi. Çisəkləyirdi. Hər yeri duman bürümüşdü. Beş-on addımlıqdakı qaraltılar güclə seçilirdi. Otlar yuyulub sürüşkənləşmişdi. Havanın soyuqluğunu adam nəfəs aldıqca ciyərlərində hiss edirdi. Dəyələrin ətrafında dolaşan itlər tənbəl-tənbəl hürürdü, xalxaldakı dana-buzov mələşirdi. Binə mürgüləyirdi.Cahandar ağa səksəkəli idi. Axşam, əl-ayaq yığışdırılandan sonra itlərin arasına çaxnaşma düşmüşdü. Sığırçılar kimi isə qıya basmışdılar. İtlər binələrin üstündəki yola qədər getmişdi. Nökərlər hər yeri, arxacı, xalxalı dönə-dönə yoxlamış, atın örüyünü dəyişmiş, hər şeyin yerində olduğunu söyləmişdilər. "Yəqin yol adamları imiş", – deyə kişini sakit etmişdilər.

19578 dəq

Başqa şairlərin şeirləri