Üçüncü hissə, 6
Səhifə 2 / 3 · 33%
Əhməd həm sevinir, həm də Əşrəfin fikrini dağıtmaq istəyirdi. Ona görə söhbətini şirinləşdirir, arabir zarafata salıb Əşrəfə göz vurur, onun kürəyinə döyürdü:
– Hə, nə deyirsən, razısan?
– Siz olan yerdə mən dərs deyə bilmərəm.
– Deyəcəksən. Əsl müəllim sən olacaqsan. Mən kiməm? Poçt Əhməd, vəssalam. Amma sən Qori seminariyasını bitirmiş bir müəllim olacaqsan. Yox, sənin qabağında dayanmaq olmaz. Əşrəf koxa, yaxşı, bəs, yaylağa haçan gedirsən?
– Sabahda, biri gündə yola düşərlər. Ancaq mən getməyəcəyəm.
– Niyə?
– Qalıb sizə kömək eləyəcəm.
– Nə kömək, Əşrəf koxa?
– Uşaqları hazırlamağa. Bilirsinizmi, Əhməd lələ, Aleksey Osipoviç tapşırdı ki, Osmanı, Səlimi, bir də Həsəni mütləq hazırlayıb seminariyaya aparmaq lazımdır. Mən də söz vermişəm.
– Lap yaxşı eləmisən. Bu işi mən də bəyənirəm. Amma sən yaylağa gedəcəksən.
– Axı onlar aranda qalırlar.
– Bunun eybi yoxdur. Mən burdayam.
– Əhməd lələ...
– Sözümə qulaq as. Onları özüm hazırlayaram. Ancaq sən gərək başqa bir məsələdə mənə kömək eləyəsən.
– O nədi?
– Məktəb tikmək məsələsi. Əgər atan bu işə qol qoymasa, çətin başa gələn işdir.
Əşrəf susdu. Əhməd onun fikrə getdiyini görüb dinmədi. O başa düşdü ki, uşağın ürəyi atasından sınıqdır. Əvvəlki kimi ərkəsöyün deyil.
– Yaxşı, çox fikrə getmə. Sonra görüşüb danışarıq. Salamat qal.
– Yox, yox, gedək bizə.
– Sonra. İndi tələsirəm. Bir-iki məktub var, onları yazıb təcili yola salasıyam.
Əhməd atını minib xır yoluna doğru çapdı. Əşrəf onu gözü ilə xeyli müşayiət etdi və evlərinə sarı yollandı.
Cahandar ağa eyvanda oturmuşdu. Məhəccərə dirsəklənərək, həyətdə, talvarın altında, arabaların qolunu, tarını, taxtalarını yoxlayıb oxunu mazutlayan, dəyə tikmək üçün meşədən kəsib gətirdikləri çubuqların düyünlərini arıtlayan nökərlərə göz qoyurdu. Onun məqsədi iki gündən sonra köçmək idi. Ancaq Əşrəfin susması onu çaşdırırdı. Oğlunun kimin yanında qalmaq istədiyini bilmədiyindən, köçü iki günə də təxirə salmışdı. Cahandar ağa Əşrəfi yanından heç yana buraxmayacağını qət etmiş olsa da, hələ bir şey demir, oğlunun özünün söz açmasını gözləyirdi. Bir də o, Əşrəfi gözündən qoymağa qorxurdu. Axır vaxtlar kişi hər şeydən ehtiyat edirdi. Salatının səhənginə güllə dəyməsi, gecə ot tayalarına od vurulması boş-boşuna deyildi. Burada Allahyardan başqa da kiminsə əli var idi. Kim isə bu kənddə ona yol göstərir, hər şeyi nişan verirdi. Cahandar ağa ən çox Çərkəzdən şübhələnirdi. Şamxalla olan dalaşdan sonra bu beyni qan oğlan nə desən eləyə bilərdi. Onu aradan götürmək olmazdımı? Qabağını kəsib suya atmaq, ya da gecənin birində qara damın qapısına bir yaba ot basıb od vurmaq, onu diri-diri yandırmaq nə çətin iş idi? Bəs onda camaat nə deyərdi? Bu heç Cahandar ağaya yaraşardımı? Hamı onu daş-qalaq edib deməzdimi ki, gör kimə qoşulub, kimlə düşmənçilik aparır? Yox, bu, kişilikdən olmazdı. Bir də ki Şamxal... Axı biz onlarla qohum olmuşuq, kişi mənim qudamdır.
Cahandar ağa cığırla evə yaxınlaşan oğlunu gördü. Uzaqdan onun boy-buxununa həsrət və məftunluqla baxdı. Əşrəfin xeyli böyüdüyünün fərqinə indi vardı. Onun ağır, təmkinlə yeriməsindən xoşu gəldi. Ata ona doyunca baxa bilməmişdi. Onunla qabaq-qabağa oturub işıq gözünə söhbət etməmişdi. Qərib yerdə necə dolandığını soruşmamışdı. Oğlu da ona heç nə deməmişdi.
Əşrəf gəldi. Ayağına yapışmış palçığı divara söykədilmiş belin ağzı ilə silib təmizlədi. Pilləkənlə yuxarı qalxdı. Astaca salam verib bir kənarda, küncdəki dirəyə söykənərək dayandı. Cahandar ağa tərpənmədi. Əşrəf də dinmədi. Gözünü Kürün aşağısına, göydəki qara buludların qurtarıb havanın işıqlaşdığı səmtə, meşə ilə maviyə çalan ağımsov səmanın birləşdiyi yerə zillədi.
Qulluqçulardan biri samovardan çay süzüb, məhəccərin üstünə qoydu. Yaşmağını burnunun üstünə qədər qaldırıb Əşrəfin üzünə baxdı. İşarə ilə çay istəyib-istəmədiyini soruşdu. Əşrəf başını buladı. Cahandar ağa bu him-cimdən əsəbiləşib stəkanı götürdü. İkicə hortumda boşaltdı. Nəlbəkiyə qoyub geri, dirəyə doğru itələdi. Oğlunun nəfəsini arxa tərəfdə hiss etsə də dönüb baxmadı. Gümüş tütün qutusunu çıxartdı. Adəti üzrə tələsmədən papiros eşib müştüyə keçirdi. Yandırıb sümürdü. Ağ tüstü lay-lay havaya qalxıb, onun başının ətrafında dolandı. O, oğlu ilə söhbət etmək istəyirdi. Ancaq sözü necə, nədən başlayacağını bilmirdi. Onun fikri də papirosundan çıxan tüstü kimi bir-birinə qarımışdı. Hamı ilə açıq söhbət edən Cahandar ağa indi Əşrəflə, bir parça uşaqla dil tapa bilmirdi. O elə zənn edirdi ki, Əşrəf Qoridən qayıdandan sonra yenə evdə qalmaqal olacaqdır. Ancaq onun gözlədiyinin əksinə, Əşrəf atasından heç nə soruşmadı. Anasının yanında üç gün qaldıqdan sonra evə qayıtdı. Sakitcə hərlənməyə başladı, Onun fikrindən nələr keçdiyini bilmək çox çətin idi. Cahandar ağanı da narahat edən elə bu idi. Baxışı ilə hamını titrədən bu zəhmli kişi bığ yeri yenicə tərləmiş bu uşağın lal sükutundan qorxurdu. Cahandar ağa papirosunu tüstülədib sussa da, həyəcan keçirirdi. O bu saat geri yanında da, bir cüt gözünün olmasını, oğlunun hər bir balaca hərəkətini nəzərdən qaçırmamağı arzu edirdi. Nəhayət, o bu sükuta dözə bilmədi. Oğluna tərəf üzünü belə çevirmədən astadan, lakin qəti tələbkarlıqla soruşdu:
– Hara getmişdin?
– Qəbristanlığa.
Cahandar ağanın altındakı stul cırıldadı. Kişi yıxılacağından qorxurmuş kimi dirsəklərini məhəccərə söykədi və yumruqlarını gicgahlarına dayadı. Onun sol yumruğundakı müştüyün ucunda yanan papirosun tüstüsü laylanıb papağının qıvrım tükləri arasına doldu. Əşrəf atasının daxili bir ağrıdan qovrulan adamlar kimi sinəsini məhəccərə söykəyib, bir az da büzüşdüyünü hiss etdi. Korun-koruna yanan papirosun külü uzandı. Od müştüyə çatdısa da, Cahandar ağa bunun fərqinə varmadı. Kül ovxalanıb onun çiyninə töküldü. Kişi yerindən tərpənmədi. Bunlara diqqətlə göz qoyan Əşrəf atasının gicgahlarındakı ağ tüklərin çoxaldığını gördü. Bir neçə ay əvvəl, qış tətili zamanı bunlar yox idi. Əşrəf atasının geri dönüb daha nə isə soruşacağını gözlədi. Ancaq Cahandar ağa dinmədi.
– Müştuyün yanır.
– Nə?..Hə...
Cahandar ağa müştüyü qeyri-ixtiyari ağzına alıb sümürdü və bundan sonra başa düşdü ki, papiros çoxdan külə dönüb. O, kötüyü üfürüb çıxartdı. Müştüyü məxmər köynəyinin döş cibində gizlətdi. Əşrəf, cibinin düyməsini açanda da, bağlayanda da atasının barmaqlarının xəfifcə titrədiyini gördü. Kişi dönüb oğlunun üzünə baxdı. Əşrəf onun qallı qaşları altındakı qan sağılmış gözlərində zəhmdən başqa nə isə bir ürkəkliyin də olduğunu duydu. Cahandar ağa keçirdiyi iztirabla gözlərindən oxuna biləcəyini başa düşüb, nəzərlərini Əşrəfin üzündən yayındırdı və ani şaşqınlığa son qoyub, özünü toxtatdı. Bacısını yada salmamaq və bir daha bu söhbətə qayıtmamaq üçün ayağa durdu:
– Gedək arabalara baxaq.
Əşrəf dinməz-söyləməz atasının arxasınca həyətə endi.
Arabalar talvarın altında yan-yana düzülmüşdü. Tapdıq gah taxta yonan dülgərlərə, gah təkərləri yoxlayıb mazutlayanlara, gah da dəvə çubuğu seçib təmizləyənlərə göstəriş verirdi. Balta taqqıltıları, rəndə səsləri bir-birinə qarışmışdı. Arabir dəmir cingiltiləri də eşidilirdi.
Cahandar ağa işləyənlərə yaxınlaşdı. Onlara "yorulmayasınız" dedi. Təzə bağlanmış dördtəkərli arabanın yanında dayandı, ayağı ilə təkərlərin topunu, şinini yoxladı. Boyunduruğa, samıya, samı bağına belə diqqət yetirdi. Tapdığı yanına çağırdı:
– Şini boşalan təkər varmı?
– Var, ağa.
– Hamısını bir də yoxla. Sabah tezdən arabanı qoş, təkərləri dəmirçiyə apar, qoy təzə şin səksinlər. Sonra da get usta Müxəyin yanına, iki cüt təzə təkər bağlayıb, al gətir.
– Baş üstə, ağa, bu saat dörd araba hazırdı. Onları da düzəldərəm.
Tapdıq ondan aralanmaq istədi, ancaq Cahandar ağa nökəri saxladı:
– Bu təzə arabanın üstünün dəyəsini tikin. Səhər tezdən bir cüt saz kəl seç, hörüklü-zadlı apar ver onlara.
– Bəlkə götürmədi, ağa...
Cahandar ağa dönüb onun üzünə elə baxdı ki, Tapdıq dindiyinə peşman oldu. Kişi asta addımlarla samanlığa doğru gedənə qədər yerindən tərpənə bilmədi.
Onlar xırman yerində dayandılar. Cahandar ağa göyün üzünə baxdı. Narazılıqla başını buladı. Sonra saymazyana oğlundan soruşdu:
– Nə qərara gəldin?
– Nə barədə?
– Dağa kiminlə gedəcəksən, mənimlə, yoxsa ananla?
– Heç birinizlə.
– Niyə?
– İşim var.
Cahandar ağa oğlunu altdan-altdan süzdü. Onun belə şax və sərt danışması xoşuna gəlsə də, gülməyi tutdu. Hələ ağzının sarısı getməyən bu uşağın ona cavab qaytarmağına qəribə baxdı. O da səsinin ahəngini dəyişdi. Yarızarafat, yarıkinayə ilə soruşdu: Damlara qarovul çəkəcəksən? Əşrəf atasının gözünün içinə baxdı:
Kitabxana.az · https://kitabxana.az/works/ismayil-sixli-deli-kur-ucuncu-hisse-6
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Cahandar ağa ayağının ikisini də yəhərin üstündən sağ tərəfə aşırıb, atın belində yanaşı oturmuşdu. O, papirosunu sümürür və qırçın-qırçın olub dalğalanan zəmilərə tamaşa edirdi. Dəmyədəki taxıllar kəhrəba kimi saralmışdı. Sünbüllər ağırlaşıb boynunu əymişdi. Üfüqlərə qədər uzanıb gedən zəmiləri arabir Kür tərəfdən əsən meh yerindən oynadıb dəniz kimi ləpələndirirdi. Çöllərə ahəngdar bir xışıltı yayılırdı. Qərb tərəfdəki dağların sinəsi belə saralmışdı. "Buranı da biçdirib, dərzləri qapıya daşıtdırsam, atın başını qanırıb yaylağa qayıdaram, – deyə Cahandar ağa düşünməyə başladı. – Oralar da yiyəsiz qalıb, aranda çox ləngimək olmaz, zamana əlləm-qəlləm zamanasıdır, sonra nə olar, nə olmaz. Şamxal zənnimi itirdi, Əşrəfdən isə ağlım bir şey kəsmir onlara arvad-uşaq tapşırmaq olmaz".Kişi axır vaxtlar baş verən hadisələri xatırladı, nəhayət, maralın öldürülməsini yadına saldı. Bunların hamısı düşmənçilik idi. Onu izləyir hər addımbaşı sataşırdılar. Cahandar ağa əvvəllər buna o qədər də əhəmiyyət vermək istəmirdi. Hər gəda-güdəyə baş qoşmağı şəninə sığışdırmırdı. Belə olmasaydı, düşmənin qapısına atını sürər, onu bayıra çağırar və gülləni sinəsinə sıxardı. Bir də, o, heç ağlına gətirmirdi ki cəsarət edib onun həndəvərinə hərlənən olar. Ancaq, görünür, zaman dəyişmişdi. Hər başına papaq qoyan özünü kişi hesab eləyir, əlinə tüfəng alıb camaat arasına çıxır. "Yox, bu işi belə qoymaq olmaz. Elə dağdan arana enən kimi o köpəkoğlunun izini itirmək lazımdır. Belə eləməsəm, bundan sonra da əl-ayağıma çox dolaşacaq".
Üçüncü hissə, 16Salatın xeyli özünə gələ bilmədi. Yəmən xanım dəyənin ortasında huşsuz uzanan qıza təlaşla baxdı. Onun əlini, ayağını açdı. Ağzına tıxanmış dəsmalı açdı. Üzünə, sinəsinə su çilədi. Qızın paltarı didik-didik olmuşdu. Bədəni qıpqırmızı idi. Bəzi yerlərinə qan sağılmışdı. Saçına pıtraq dolmuşdu. Sifəti şişmişdi. Yəmən xanım əlində çıraq, bir müddət qızın tərpənməsini gözlədi. Arvadın ürəyi kövrəldi. Kəlağayının ucu ilə yaşarmış gözünü sildi. Qızın salamat yeri yox idi. Tikan onun bədənini deşik-deşik etmişdi. Arvad çırağı kənara qoydu. "İnsafsızlar, gör yazığı nə kökə salıblar,– deyə öz-özünə deyindi.
Üçüncü hissə, 17Cahandar ağa bütün gecəni at belində yol gəldi. Qalın meşələrdən necə keçdiyini, köpüklü çayları nə vaxt adladığını, dolama cığırlarla bələnləri haçan aşdığını bilmədi. Qəmər arada addımlarını yavaşıdanda onu mahmızladı, atın yorulmasına fikir vermədi. Bütün yolu çaparaq gəldi. O, mənzilə yaxınlaşdıqca daha da həyəcanlanırdı. Ürəyi yumaq kimi bükülür, nəfəsi darıxırdı. Kişi qorxurdu. Yaylağa yetişən kimi binədə bədbəxt bir hadisə ilə qarşılaşa biləcəyini xəyalına gətirdikcə bədəni buz kimi soyuyur, alnına tor gətirdi. O, evdəkilərin birinin ölümünə, mal-qaranın oğurlanınasına dözə bilərdi. Ancaq arvad-uşağın namusuna sataşılmış olsaydı... Aman Allah, sən belə bir rüsvayçılıq eləmə!!!Cahandar ağa istəyirdi ki, lap tezdən binələr yuxudan ayılmamış özünü yaylağa yetirsin, heç kəsin gözünə görünmədən alaçığa girsin, əhvalatın nə yerdə olduğunu öyrənsin. Əgər bir bədbəxtlik üz veribsə, onun keçirdiyi iztirabları heç kəs görməsin. Camaatın gözü qabağında zərbə almaq və qovşurulub-qıvrılmaqdan dəhşətli nə ola bilərdi?
Üçüncü hissə, 18Cahandar ağa səhər tezdən atın örüyünü dəyişdirmək üçün dəyədən çıxdı. Tüfəngini əlinə alıb, binələrin aşağı tərəfindəki çəmənliyə getdi. Çisəkləyirdi. Hər yeri duman bürümüşdü. Beş-on addımlıqdakı qaraltılar güclə seçilirdi. Otlar yuyulub sürüşkənləşmişdi. Havanın soyuqluğunu adam nəfəs aldıqca ciyərlərində hiss edirdi. Dəyələrin ətrafında dolaşan itlər tənbəl-tənbəl hürürdü, xalxaldakı dana-buzov mələşirdi. Binə mürgüləyirdi.Cahandar ağa səksəkəli idi. Axşam, əl-ayaq yığışdırılandan sonra itlərin arasına çaxnaşma düşmüşdü. Sığırçılar kimi isə qıya basmışdılar. İtlər binələrin üstündəki yola qədər getmişdi. Nökərlər hər yeri, arxacı, xalxalı dönə-dönə yoxlamış, atın örüyünü dəyişmiş, hər şeyin yerində olduğunu söyləmişdilər. "Yəqin yol adamları imiş", – deyə kişini sakit etmişdilər.
Başqa şairlərin şeirləri
Əzm eylə diyar-ı ŞirvanıQət eylə rəh-i Azərbaycanı
İrvanən və şərurəBir qulaq ver mənə, ey sahibi-əqla və şüura,Gözün aç, seyr elə bu aləmi dəhra və dühura,
Taprmışam könlümü mən, türreyi-cananda imişTaprmışam könlümü mən, türreyi-cananda imiş,Ah, cəmiyyəti-dil zülfü-pərişanda imiş.
Məhəmməd bəy Arifə cavabMən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.