Könlüm istər
Könlüm istər bir yol salam,Yenə ellərdən-ellərə.Salam verəm, salam alam,Şirin dillərdən-dillərdən.
Tər çiçəklər yada düşə,Sinəm bir də oda düşə.Çöllərə səs-səda düşə,Coşan sellərdən-sellərdən.
Sönməz olsun kaş bu odum,Çəmənlərdə şehə batım.Çələng hörüm, dəstə tutum,Əlvan güllərdən-güllərdən.
Çadır-çadır dağlar gülsün,Üstümüzə nur tökülsün.Nəğmə-nəğmə səsim gəlsinMənim illərdən-illərdən.
Dinsin cavanlaşan könlüm,Haldan-hala düşən könlüm.İlham alsın coşan könlümGülən çöllərdən-çöllərdən,Şirin dillərdən-dillərdən.
Kitabxana.az · https://kitabxana.az/works/medine-gulgun-konlum-ister
← → düymələri ilə keçid, R — təsadüfi şeir