Eyvanım Bakıya açılır mənim,Eyvanım bir görüş yerinə bənzər.Bakı söz aləmim, şeir aləmim,Hər an bu görüşə könlüm tələsir.

Səhərlər şəfəqlər oyadır məni,Axşamlar ulduzlar qonar köksümə.Bakı o füsunkar nəğmələriniƏlvan güllər kimi səpir üzümə.

Alar salamımı geniş küçələr,Gəzər saçlarımda səhər nəsimi.Qızılı bir dona girmiş küçələr,Coşar, dalğalanar ümmanlar kimi.

Yenə Qız qalası o, vüqar rəmzi,Başlar kərpic-kərpic öz söhbətini.İllər arxasından ucalan səsi,Danışar bir əsrin həqiqətini...

Xəzər quş qanadlı ləpələriniSahil daşlarına səpər zər kimi.O şıltaq, inadlı ləpələrini,Yazar sahillərə nəğmələr kimi.

Milyon addımların milyon sədası,Bakının ahəngdar nəbzinə dönər.Güldükcə insanın arzu dünyası,Ürəyim sevinər, gözüm sevinər.

Bakı – özümüzün daş kitabəsi,Andımız, sözümüz, hünərimizdir.Bakı – əsrimizin qurtuluş səsi,Bakı – beynəlmiləl şəhərimizdir.

Dəmir gövdəlidir, polad ayaqlı,Şərqin ilkin doğan səhəridir o.Bir bahar nəfəsli, qızıl bayraqlı,Nəğmələr, nəğmələr şəhəridir o.

Mənim gözlərimlə baxın Bakıya,Çırpınan qəlbimin ahəngidir o.Eşitsin səsimi qoy bütün dünya,Qəşəng şəhərlərin qəşəngidir o...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən